İntiqam Quliyev
YAP Ağdam rayon təşkilatının sədr müavini
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan region dövlətləri ilə qarşılıqlı faydalı tərəfdaşlığını gücləndirir və ortaq inkişaf hədəflərinin reallaşdırılmasına mühüm töhfə verir.
Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə Prezident İlham Əliyevin çıxışı ölkəmizin regional əməkdaşlığa verdiyi töhfələri və gələcək tərəfdaşlığın əsas istiqamətlərini əks etdirib. Dövlət başçısı Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi dialoqun, iqtisadi əlaqələrin və qarşılıqlı etimadın daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycanın 2025-ci ildə Məşvərət formatına tamhüquqlu üzv kimi qoşulması ölkəmizin regiondakı mövqeyinin güclənməsinin və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin inkişafının mühüm göstəricisidir. Bu əməkdaşlıq dövlətlər arasında iqtisadi, siyasi və humanitar münasibətlərin genişləndirilməsi üçün yeni imkanlar yaradır. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin uğurlu və ardıcıl regional siyasəti nəticəsində 2027-ci ildə Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə sədrlik edəcək. Ölkəmiz Mərkəzi Asiya dövlətləri üçün etibarlı siyasi tərəfdaş, beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirən tranzit ölkə kimi mövqeyini gücləndirib. Bu gün Mərkəzi Asiya və Azərbaycanı vahid geosiyasi və geoiqtisadi məkan kimi qiymətləndirmək üçün kifayət qədər əsas mövcuddur. Xüsusilə qlobal ticarət marşrutlarının dəyişdiyi, enerji təhlükəsizliyi məsələlərinin aktuallaşdığı və yeni nəqliyyat dəhlizlərinə tələbatın artdığı bir dövrdə C6 formatı daha geniş strateji əhəmiyyət qazanır. Bundan başqa, türk dövlətləri arasında əməkdaşlığın güclənməsi enerji, nəqliyyat, ticarət, rəqəmsal bağlantılar, təhsil, mədəniyyət və humanitar sahələrdə yeni perspektivlər açır. Bu baxımdan C6 formatı ilə Türk Dövlətləri Təşkilatı arasında mövcud olan əməkdaşlıq potensialı da xüsusi diqqətə layiqdir. Hər iki platforma fərqli institusional xüsusiyyətlərə malik olsa da, onların iqtisadi və nəqliyyat gündəliyində mühüm ortaq maraqlar mövcuddur. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, praqmatik və çoxvektorlu xarici siyasətin mühüm nəticələrindən biridir. Ölkəmiz son illərdə regional əməkdaşlıq təşəbbüslərində fəal iştirak etməklə, beynəlxalq nəqliyyat və enerji layihələrinin həyata keçirilməsində mühüm rol oynamaqla öz geosiyasi mövqeyini daha da gücləndirib. Azərbaycan Mərkəzi Asiya ilə əlaqələrini uzunmüddətli strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdirməkdə maraqlıdır. İmzalanmış sənədlər və səsləndirilən təşəbbüslər əməkdaşlığın siyasi bəyanatlardan konkret layihələrə keçməsinin vacibliyini ortaya qoyur. Qarşıdakı dövrdə investisiya, nəqliyyat, enerji, rəqəmsal infrastruktur və sənaye sahələrində birgə fəaliyyətin genişləndirilməsi bütün tərəflər üçün yeni imkanlar yarada bilər. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin yaradılması istiqamətində aparılan işlər regionun enerji potensialından daha səmərəli istifadə olunmasına xidmət edir. Bu təşəbbüs gələcəkdə elektrik enerjisinin ötürülməsi imkanlarının genişləndirilməsi, enerji sistemlərinin əlaqələndirilməsi və təmiz enerji mənbələrinin inkişafı baxımından yeni perspektivlər aça bilər.
Energetika sahəsində əməkdaşlığın genişlənməsi həm də Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfəni artırır.