Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / MƏTBUAT TARİXİMİZDƏ “SOVET ERMƏNİSTANI” QƏZETİ

MƏTBUAT TARİXİMİZDƏ “SOVET ERMƏNİSTANI” QƏZETİ

20.07.2024 [09:40]

Qərbi Azərbaycanda milli dildə mərkəzi mətbuat orqanı olan “Kommunist” qəzeti 221-ci - sonuncu nömrəsindən sonra 1939-cu ilin sentyabrın 26-da “Sovet Ermənistanı” qəzeti adı altında nəşr olunmağa başlamışdır. 1939-cu ildə cəmi 79 nömrəsi işıq üzü görən qəzet gündəlik 4 səhifədən ibarət böyük formatda çap olunurdu. Qəzetin redaktoru isə tanınmış ictimai xadim, təcrübəli jurnalist Cəfər Vəlibəyov təyin edilmişdir. 50 ilə yaxın “Sovet Ermənistanı” adı altında nəşr olunan qəzet müxtəlif vaxtlarda mövcud olan siyasi-ideoloji maneələrə baxmayaraq, 1989-cu ilə kimi uğurla fəaliyyət göstərmiş, Qərbi Azərbaycanda milli mətbuatımızın əsl salnaməsinə çevrilmişdir. Qərbi Azərbaycanda milli mətbuat tariximizdə mühüm mərhələ təşkil edən “Sovet Ermənistanı” qəzeti 1940-cı ilin iyun ayından kiril əlifbası ilə çap olunmuşdur. Həmin illərdə digər mətbuat orqanları kimi “Sovet Ermənistanı” qəzeti də repressiya dövrünü ört-basdır edir, kolxoz quruluşunun üstünlüklərini təbliğ edirdi. Amma bütün bunlara baxmayaraq, Qərbi Azərbaycanda milli mətbuatın zəngin ənənələrini yaşadıb inkişaf etdirməkdə “Sovet Ermənistanı” qəzetinin böyük xidmətləri olmuşdur.        

1940-cı ildə Nəcəf Məmmədov, Adil Axundov, Abdulla Mirzəyev, Hüseyn Nəcəfov, Yusif Abbasov, Salman Rəhimov, Mirəli Seyidov, Əkbər İrəvanlı, Lətif Hüseynov, Cəfər Misgərov, Məmməd Xəlilov və başqa gənclərin qəzetin redaksiyasında müxtəlif şöbələrdə işə cəlb edilməsi bu mətbu orqanın fəaliyyətinin daha da canlandırılmasına, öz ətrafına geniş oxucu kütləsinin və onlarla fəal müxbirin toplanmasına stimul vermişdir. 

1941-ci ilə kimi qəzet öz ətrafında ən aktiv fəhlə-kəndli müxbirlərini cəm etmiş və onlarla işgüzar təmasını daha da möhkəmlətmişdir. Regionlarda qəzetin ən aktiv xüsusi müxbirləri İrəvanda - Etibar Rəcəbli, Tahir Abbasov, Cəfər Misgərov, Zəngibasarda - Sadıq Əliyev, Hüseyn Nəcəfov, Vedidə - Mirzə Bəşirov, Fərman İsmayılov, Amasiyada - Məmməd Rəhim Xəlilov, Lətif Hüseynov, Gümrüdə - Məmməd Əliyev, Əştərəkdə - Əli Babayev, Qafanda - Əsəd Əsədov, Cəmil Əliyev, Dilicanda - Salman Həsənov, Çəmbərəkdə - Hüseyn Mustafayev, Haqverdi Tağıyev, Həsən Tağıyev, Rəis Məmmədov təmsil edirdilər. 

Qəzet özünün 20 illiyinə xüsusi nömrə buraxmasa da, 1941-ci il 105-ci sayının 3-cü səhifəsini bu əlamətdar hadisəyə həsr etmişdir. EK (b) P Vedi rayon komitəsinin katibi Məmməd Məmmədov, Basarkeçər rayon icraiyyə komitəsinin katibi Talıb Musayev, Kalinino rayon icraiyyə komitəsinin katibi Əli Qurbanov, Amasiya rayon icraiyyə komitəsinin təşkilat şöbəsinin müdiri Həsən Hüseynovun qəzetdə birgə dərc etdirdikləri məqalədə azərbaycanlılar yaşayan bölgələrdə bir sıra problemlərin aradan qaldırılması və müxtəlif sahələrdə uğurlu inkişafın əldə olunmasına böyük diqqət göstərilməsində, gənc azərbaycanlı kadrların hazırlanmasında onlara əməli köməkliklərin göstərilməsi istiqamətində geniş tədbirlərin həyata keçirilməsində “Sovet Ermənistanı” qəzetinin böyük rol oynadığı barədə məlumat verilir. Yuxarıda adlarını qeyd etdiyimiz şəxslər mütəmadi olaraq qəzetlə əməkdaşlıq edir və vaxtaşırı onun səhifələrində çıxış edirdilər.

“Sovet Ermənistanı” qəzetinin 20 illiyi münasibəti ilə “Həyatımızın təcrübə məktəbi” başlıqlı məqalədə vaxtilə gənc yaşlarında qəzetlə əməkdaşlıq edən müxbirlərindən Ələmdar Haşımov, Əli Heydərov, Mamed Əsədov və başqalarının ilk dəfə bu mətbu orqanda fəaliyyətə başladıqlarından bəhs edilir.  

Mətbuatın sürətli inkişafına onun işinin tərkibinin dərinləşməsinə kütləvi fəhlə-kəndli hərəkatı çox böyük köməklik göstərmişdir. Araşdırmalardan aydın olur ki, 1941-ci ilin may ayına kimi qəzetlə daim əməkdaşlıq edən fəhlə-kəndli müxbirlərinin sayı 800-dən artıq olmuşdur. Bütün bölgələrdə fəhlə-kəndli müxbirlərinin sayı ilbəil getdikcə daha da artırdı. Redaksiya kəndli müxbirlərindən hər gün 35-40 məktub alırdı. Bu da hər ay orta hesabla 800-850 məktub edirdi. Redaksiya təkcə 1940-cı ildə 6167 müxbir məktubu almışdır ki, bunlardan da 4924 məktub qəzetin səhifələrində çap olunmuşdur. “Sovet Ermənistanı” qəzetinin redaksiyası təkcə Qərbi Azərbaycanın müxtəlif bölgələrindən deyil, eyni zamanda keçmiş İttifaqın müxtəlif şəhərlərindən, xüsusilə də Azərbaycandan il ərzində minlərlə məktub alırdı. Redaksiyanın məktublar şöbəsi onları çeşidləyib, ayda bir neçə dəfə “Bizə yazırlar” rubrikası altında qəzetin səhifələrində dərc edirdilər. Yerlərdən redaksiyaya məktub axınının belə çox olması Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların bu qəzetə olan inamının göstəricisi idi. Qəzetin səhifələrində dərc olunmuş həmin məktubları nəzərdən keçirdikdə onların böyük əksəriyyəti yerlərdəki haqsızlıqlardan, soydaşlarımızın üzləşdiyi problemlərdən, pozulmuş hüquqlarından və digər sahələrdə baş verən neqativ hallardan bəhs edildiyi məlum olur. Soydaşlarımızın pozulmuş hüquqları öz həllini tapmadığı təqdirdə, şikayətçinin əli hər yerdən üzüləndən sonra, məktubla axırıncı ümid yeri kimi inandıqları-güvəndikləri “Sovet Ermənistanı” qəzetinə üz tuturdular. “Sovet Ermənistanı” qəzetinin redaksiyasında müraciətlərə diqqət çox güclü idi. Yazılara “soydaşlarımızın ümid və güvən yeri” amalı ilə yanaşılırdı. Həllini tapan bütün məktublar “Sovet Ermənistanı”nın köməyi ilə” rubrikası adı altında qəzetdə dərc edilirdi.

Lakin qəzet əldə edilən bu uğurlarla kifayətlənmirdi. Qəzet və onun müxbirləri mətbuatın ən gözəl nümunələrini yaratmaqla üzərilərinə düşən missiyanı şərəflə yerinə yetirməyə çalışırdılar. 

Bununla yanaşı, dövrün sosial həyatda yaratdığı çətinlik və problemlər qəzetin çapının zəifliyi və kağız qıtlığında da özünü göstərirdi. 1941-ci illərdə qəzetin həcmində və bəzi nömrələrində səhifələrin sayı fərqli göstərilir. 1941-ci ilin sonlarından başlayaraq qəzet həftədə 4 dəfə iki səhifə həcmində çıxmışdır. 12 aprel 1942-ci il 87-ci nömrəsindən etibarən isə qəzet həftədə 5 dəfə iki səhifədən ibarət çap olunmuşdur. Qəzet 1944-1945-ci illərdə həftədə 4 dəfə iki səhifə həcmində çıxmışdı. Həmin illərdə həftədə 4 dəfə nəşr olunan qəzetin üç nömrəsi iki, bir nömrəsi isə 4 səhifə həcmində çap olunurdu. 1946-cı illərdə qəzetin həftədə 4 dəfə iki səhifə həcmində çap olunmasına da rast gəlirik.

Müharibə ərəfəsində Qərbi Azərbaycanda yaşayan ziyalıların bir qismi repressiya qurbanı olmuş, bir qismi isə o cümlədən qəzetin əməkdaşları Lətif Hüseynov, Yusif Abbasov, İbrahim Əliyev, Cəlal Sərdar və başqaları döyüşən ordu sıralarına çağrılmışdı. İrəvanda Azərbaycan ictimai, ədəbi mühitində bir qədər sönüklük yaranmışdır. Həmin vaxtlarda “Sovet Ermənistanı” qəzetində diqqəti cəlb edən məqamlardan biri qələm sahiblərinin insanları döyüşə ruhlandıran, sabaha inamla baxmağa və nikbin olmnağa səsləyən poetik nümunələridir. “Sovet Ermənistanı” qəzeti çox vaxt yerli şair və yazıçılarla yanaşı Bakıda yaşayıb-yaradan şairlərin də şeirlərini, bədii nümunələrini dərc edirdi. 

1945-ci ildə müharibə qurtardıqdan sonra müharibənin vurduğu ağır yaraları sürətlə sağaltmaq, dağılmış xalq təsərrüfatını sürətlə bərpa etmək, şəhər və kəndləri yenidən qurmaq, müharibədən sonrakı beşillikləri müvəffəqiyyətlə yerinə yetirmək uğrunda səfərbərliyə almaqda partiyanın genişləndirdiyi təşkilatçılıq işinin və kütləvi izahat işinin ayrılmaz hissəsi idi.

Böyük Vətən Müharibəsindən sonra əvvəlki illərlə müqayisədə “Sovet Ermənistanı” qəzetində də dönüş nöqtəsi yaranmışdır. Müharibədən sonrakı quruculuq dövrü mətbuatın inkişafını stimullaşdıran qüvvəyə çevrilmişdir. Həmin dövrdə “Sovet Ermənistanı” qəzeti xalq təsərrüfatının ayrı-ayrı sahələrindən müntəzəm təsirli yazılar verməklə yanaşı, ədəbi-mədəni mühitlə bağlı yazılar da vermişdir. Həmin dövrdə qəzetin əsas heyətini fəhlə-kəndli müxbirlər təşkil etsə də, qəzet öz səviyyəsini və operativliyini qoruyub saxlaya bilmişdir.

1946-cı ildə qəzetin ən fəal bölgə müxbirləri sırasında özünə yer almış Ağa Ağayev, Əli Dünyamalıyev (Keşişkənd), Səməd Novruzov (Amasiya), Nurəli Qurbanov (Qafan), Əli Həsənov (Qarabağlar), Elman Məmmədov (Noyemberyan), Oktay Məmmədov (Kalinino) və başqaları öz üzərilərinə düşən missiyanı şərəflə yerinə yetirmişdilər. Qəzetin müxbirləri yerlərdə aparılan abadlıq, inşaat, kolxoz quruluşunun inkişafı və s. əlaqədar olan mühüm işlərə dair ən kiçik məlumatı belə mətbuat vasitəsi ilə oxuculara çatdırmağa çalışırdılar. Həmin illərdə Allahverdi rayonu üzrə qəzetin ən fəal bölgə müxbirlərindən biri Tapdıq Novruzov olmuşdur. Gənc müxbir Tapdıq Novruzov hər gün kəndləri, mis mədənlərini pay-piyada dolaşıb əsasən fəhlə əməyi, kolxozun işi haqqında yazır, eləcə də qəzetin xüsusi müxbiri kimi iqtisadi mövzularda məqalələr qəzetə göndərirdi. Tapdıq müəllim “Sovet Ermənistanı” qəzetinin Allahverdi rayonu üzrə bölgə müxbiri işlədiyi dövrdə irili-xırdalı 300-ə kimi məqaləsi qəzet səhifələrində çap olunmuşdur. O, 1946-cı ilin sonlarından 1963-cü ilin ortalarına kimi qəzetin bölgə üzrə müxbiri vəzifəsini uğurla yerinə yetirmiş, milli maraqlarımızın ifadəçisi kimi çıxış etmişdir. Tapdıq müəllimin bir sıra dövri mətbuat orqanlarında çap olunmuş məqalələri bu gün də öz aktuallığını qoruyub saxlayır. 

Müxbirlərin sayını artırmaq, onların bilik səviyyəsini yüksəltmək, tarixi qərarların həyata keçirilməsini təmin etmək üçün müntəzəm olaraq tədbirlər həyata keçirilirdi. Bu mənada, müxbir konfrans və müşavirələrinin keçirilməsi ənənəyə çevrilmişdi. Bu cür tədbirlərdə müvafiq qurumların nümayəndələri kəndli-fəhlə müxbirləri qarşısında çıxış edirdilər. Məsələn, qəzet 1947-ci ilin iyul ayının əvvəlində fəal oxucu və fəhlə-kolxozçu müxbirlərinin respublika müşavirəsi keçirildiyini bildirir. “Sovet Ermənistanı” qəzetinin 1947-ci il 153-cü nömrəsində həmin müşavirənin çağrılması və gedişinə dair ətraflı məlumat verən “Müxbir və oxucularımızın respublika müşavirəsi” sərlövhəli yazıdan aydın olur ki, iyul ayının 27-də keçirilən müşavirədə İrəvan Qiyabi Pedaqoji İnstitutunun, Qiyabi Pedaqoji məktəbinin və İrəvan Azərbaycanlı Kənd təsərrüfatı texnikumunun müəllim və tələbələrindən, o cümlədən şəhər və rayon təşkilatlarından 400-ə qədər müxbir və oxucu iştirak etmişdir. Müşavirədə “Oxucu və müxbirlərin ümdə vəzifələri haqqında” məruzə edilmişdir. Məruzə ətrafında fəal müxbirlərdən Hüseyn Nəcəfov (Zəngibasar), Ağa Ağayev (Keşişkənd), Yusif Süleymanov (Bağçalar), İrəvan Dövlət Pedaqoji İnstitutundan Zaman Vəliyev, Allahverdi rayonundan Tapdıq Novruzov və Eyvaz Eyvazov çıxış edərək qəzetin işindəki uğur və nöqsanlardan ətraflı bəhs etmiş, bu mətbu orqanın ahəngdar fəaliyyətinin təmin edilməsinə, əldə edilən nailiyyətlərin daha da artırılmasına dair bir sıra əməli təkliflər irəli sürmüşdülər. Bu baxımdan qəzetin Allahverdi rayonu üzrə müxbiri Tapdıq Novruzovun çıxışı və bu mətbu orqanla bağlı günün ən aktual problemini önə çəkməsi daha çox diqqəti cəlb edir. O, əvvəlcə bu qəzetin əhəmiyyətindən və təsir gücündən bəhs edir, sonra isə “Sovet Ermənistanı” qəzetinin gündəlik nəşr edilməsini zəruri hesab edərək bildirir: “Demək lazımdır ki, istər bizim rayonda və istərsə də respublikamızın başqa rayonlarında əldə edilən müvəffəqiyyətlərin qat-qat artırılmasında, habelə baş verən nöqsanların aradan qaldırılmasında “Sovet Ermənistanı” qəzetinin köməyi çox olmuşdur. “Sovet Ermənistanı” qəzeti zalqımızın gündən-günə artan tələbini heç də tamamilə ödəyə bilmir. Gündəlik məlumatların çoxu qəzet səhifələrində işıqlandırılmır. Mən qəzetin tirajının artırılmasını və gündəlik olması zərurətini irəli sürürəm” (92).      

Cəlal Allahverdiyev,  

filologiya üzrə fəlsəfə doktoru, dosent

Davamı növbəti sayımızda...

Paylaş:
Baxılıb: 496 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31