Vahid əqidəsi olmayan Əhmədov
26.04.2023 [10:22]
Siyasətin bir çox tərifi var, lakin bütün yanaşmalar siyasətin maraqları təmin etmək vasitəsi olduğunu ifadə edir. Maraqlar isə fərdi, qrup və milli olmaq etibarilə müxtəlif kateqoriyalarda təsnif olunur. Siyasi arenada söz və nüfuz sahibi olmaq istəyənlər, yaxud buna nail olanlar bütün maraqları uzlaşdıra bilir və fərdi mənafelərə paralel olaraq milli məqsədlərin reallaşdırılmasına töhfə verirlər. Bu baxımdan, Tomas Hobbsun “siyasət ciddi və məqsədyönlü fəaliyyət növüdür” fikri özünü doğruldur.
Təbii ki, ciddi fəaliyyət növü olan siyasət rasionallıq və peşəkarlıqla yanaşı, fərdi və ictimai məsuliyyət, vicdan və səmimiyyət tələb edir. Şüurlu yanaşma, vicdanlı baxış və peşəkar fəaliyyət siyasətçinin imicini və ona münasibəti formalaşdırır. Əks halda, həmin persona uğursuzluq simvoluna, lağ obyektinə, hətta ikrah və qəzəb ünvanına çevrilir. 30 ildən artıq müstəqillik tarixinə malik olsa da, olduqca mürəkkəb və müxtəlif siyasi proseslərlə üzləşən Azərbaycan cəmiyyəti də belə “nümunə”lərin bilavasitə canlı şahididir. Sözün mənfi mənasında “örnək”lər çoxdur... Eynilə, siyasət meydanında Vahid siması və əqidəsi olmayan Əhmədov kimi.
Bəli, söhbət müstəqillik tariximizdə bütün siyasi düşərgələrdə təmsil olunmağı “bacaran”, artıq 18 ildir ki, parlament tribunasından və deputat mandatından istifadə edərək yalnız fərdi maraqlarını təmin etməyə çalışan, ictimai ajiotaj yaratmaq üçün “iqtisadi mülahizə”lərini vaxtaşırı ictimai rəyə sırımağa cəhd göstərən ideoloji sahənin iqtisadi diversantı Vahid Əhmədovdan gedir.
V.Əhmədov son olaraq “youtube” platforması üzərində özü kimi bütün məsələlərə qeyri-ciddi prizmadan baxan bloqerlərdən birinə “sensasion müsahibə”si, yaxud “şok açıqlama”ları ilə gündəmə gəlib.
Onun səsləndirdiyi fikirlərə diqqəti cəlb etməmişdən öncə Əhmədovun fərdi obrazı, ictimai siması və siyasi əqidəsi barədə bəzi vacib məqamları xatırlatmaq yerinə düşər:
- Əvvəla, bu şəxsin adı ilə siyasi əqidəsinin bir-birinə antomin olduğunu söyləmək gərəkdir. İsmi Vahid olsa da, Əhmədovun heç vaxt vahid mövqeyi olmayıb. O, özünü bütün düşərgələrə aid - mənsub hiss edə bilən azsaylı siyasi canlılardandır. Ötən əsrin 90-cı illərinin əvvəlində Vəzirovun komandasında təmsil olunan V.Əhmədov daha sonra Ayaz Mütəllibov iqtidarının “iqtisadi başbilən”lərindən birinə çevrilib. Siyasi böhranın tüğyan etdiyi və Azərbaycanın iqtisadi tənəzzül meydanına çevrildiyi bir şəraitdə - post-Mütəllibov dönəmində də Vahid Əhmədov “sevimli kadr” kimi özünə yer edə bilib. O, 1992-ci ilin aprel ayının 23-də Baş nazirin müavini vəzifəsinə təyin edilib. Bir neçə ay sonra AXC- “Müsavat” cütlüyünün hakimiyyəti qəsb etməsinin ardınca Vahid Əhmədov nəinki vəzifədən uzaqlaşdırılıb, hətta hakimiyyət eşalonunda mövqeyini möhkəmləndirə bilib - Baş nazirin birinci müavini təyin olunub. Həmin dövrün reallıqlarına bələd olanlar yaxşı bilirlər ki, Xalq cəbhəsi hakimiyyəti bütün strukturlardan keçmiş kadrların təmizlənməsi əməliyyatına start vermişdi. Məktəb direktorlarının belə vəzifəsindən uzaqlaşdırıldığı dövrdə V.Əhmədova etimad göstərilməsi, təbii ki, təsadüf ola, yaxud onun hansısa fitri-istedadından, “iqtisadi düha”sından qaynaqlana bilməzdi. Əhmədovun həmin dövrdə yeni siyasi isteblişment qarşısında hansı xidmətlər göstərdiyini o zamankı düşərgədaşları ifadə ediblər. Siyasəti iqtisadiyyatın “alqı-satqı qanunu” kimi dərk edən bu şəxsin köhnə və yeni komandalar arasında hansı “siyasi maklerlik”lə məşğul olduğunu özü və ətrafı yaxşı bilir. Təfərrüata hələ ki, gərək yoxdur;
- Əhmədovun əqidəsi kimi yanaşması və fikirləri də vahid standarta söykənmir. Sadə bir nümunə: o qeyd edir ki, Xalq cəbhəsi 1992-1993-cü illərdə Azərbaycan iqtisadiyyatını çökdürüb, ölkənin sənaye potensialını yerlə yeksan edib, rayonlarda fəaliyyət göstərən zavod və fabriklər öz işini dayandırmaq məcburiyyətində qalıb, cihazlar və onilliklər ərzində quraşdırılmış dəzgahlar xaricə daşınaraq satılıb. Bəli, dediyi həqiqətdir, amma bu reallıqda onun da öz xüsusi rolu - müstəsna payı var. Gözardı etmək olmaz ki, Vahid Əhmədov birinci müavini olduğu Baş nazirlərin dövründə iqtisadi məsələlərə cavabdeh şəxs kimi baş verənlərdə birbaşa məsuliyyət daşıyıb. Yəni, Azərbaycan iqtisadiyyatının talanmasında, zavod və fabriklərin, müəssisələrin dağıdılmasında, qurğuların və dəzgahların xarici ölkələrə daşınaraq satılmasında V.Əhmədov ya şəxsən iştirak edib, ya da prosesə göz yumub. Necə deyərlər, Vahid Əhmədov hər kəsin bildiyi sadə bir həqiqəti ifadə etməklə yaxasını kənara çəkə, ictimai-siyasi məsuliyyətdən yayına bilməz;
- Rəhim Hüseynovun, Pənah Hüseynovun, Əli Məsimovun və Surət Hüseynovun Baş nazirliyi dövründə, 1993-cü ilin dekabr ayına qədər Baş nazirin birinci müavini vəzifəsini daşıyan V.Əhmədov Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1993-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsindən azad edildikdən sonra müəyyən müddət “taym-aut” götürdü. 12 illik siyasi pauzadan sonra 2005-ci ildə meydana YES (“Yeni Siyasət”) adlı seçki bloku ilə qədəm qoyan V.Əhmədov deputat mandatı qazandıqdan sonra yenidən siyasi düşərgədaşları ilə yaşadığı konfliktlərlə gündəmə gəldi. Beləliklə, ironik şəkildə “YES(t)” (“oldu, baş üstünə”) adlandırılan “Yeni Siyasət” adlı seçki bloku dağılarkən yenidən Vahid Əhmədovun qarışıq və qeyri-müəyyən əqidəsi siyasi uçqunlar və dağıntılar altında qaldı. Bu reallıqlar fonunda “YES” “no”ya çevrildi;
- Azərbaycan ictimaiyyəti Əhmədovun qeyri-Vahid mövqeyini Ramiz Mehdiyevlə bağlı səsləndirdiyi fikirlərdə bir daha gördü. Onun 2017-ci ildə R.Mehdiyevlə əlaqədar söylədiklərini olduğu kimi təqdim edirik: “Müstəqil Azərbaycanın həyatında Heydər Əliyevin dönəmindən indiyə qədər Ramiz müəllimin ölkə siyasətində rolu çox böyükdür. Mən açığını deyim ki, Ramiz Mehdiyevi Azərbaycan dövlətinin onurğa sütunu hesab edirəm. Bunu hər yerdə deyirəm. Çünki idarəetmə mexanizmini, dövlət strukturlarını, siyasəti mükəmməl bilən yeganə şəxslərdən biridir... Yaşa baxmayaraq bu gün çox yüksək səviyyədə, enerji ilə çalışır. Düzdür, indi gəncləri də vəzifələrə gətiririk, amma idarəçiliyi dərindən bilən köhnə kişilərin təcrübəsi dövlət idarə edilməsində önəmli məsələdir. Ramiz Mehdiyev kimi təcrübəli, dünya görmüş adamlara həmişə Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanması üçün ehtiyac var”. Maraqlıdır, məlum blogerə müsahibəsində özünü “dürüstlük abidəsi” kimi qələmə verən Vahid müəllim nə üçün uzun illər “dövrümüzün mahir tədqiqatçısı - görkəmli filosofu, nüfuzlu elm xadimi” kimi özünü cəmiyyətə təqdim etməyə çalışan, amma nəinki “elmi missiya”sını, heç adi məmur funksiyasını da layiqincə yerinə yetirə bilməyən Ramiz Mehdiyevi belə mübaliğəli, fantaziya və fantastikaya sığmayan cümlələrlə təsvir edirdi? Axı təriflədiyi, “dövlətin onurğa sütunu” adlandırdığı həmin Mehdiyevə bir neçə il sonra qəzəb və tənqid oxlarını tuşlayacaqdı. Bəli, söhbət V.Əhmədovun R.Mehdiyev haqqında söylədiyi bu fikirlərdən gedir: “Azərbaycan elminin məbədi sayılan akademiya son 3 ildə, yəni, Ramiz Mehdiyevin rəhbərliyi dönəmində siyasi intriqa və şəxsi maraqların qarşıdurma poliqonuna çevrilib... AMEA-nın faydalı iş əmsalı sıfıra bərabərdir, akademiyanın Azərbaycan iqtisadiyyatına töhfəsi sıfırdır. Azərbaycan dövlətçiliyinin inkişafında Milli Elmlər Akademiyasının təsirini hiss etmirəm... Mən Ramiz Mehdiyevin yerinə olsam, yaxşılıqla istefa verib gedərəm... O yaşda olan insanların öz nəvələri, öz ailələri ilə həyatlarını yaşamaları vacibdir. Lazım olsa, yeni kadr təyin edilər, müasir tələblərə cavab verən islahatlar həyata keçirilər”.
O ki qaldı Vahid Əhmədovun bloger qarşısında “Bomba söhbət” etməsinə (proqramın adı belədir - red.):
- Onun təxribat xarakterli “iqtisadi mülahizələri” əvvəlkilərdən heç nə ilə fərqlənmir, yeni, faydalı və məzmunlu heç nə demir. Amma ciddi siyasi səhvlərə yol verdiyi bəllidir. Sadə bir məqama toxunaq: qeyd edir ki, “Azərbaycanda bu gün bir neçə partiya var ki, sabah seçkiyə buraxsan, o səviyyədə səsləri yığacaq. Yeni Azərbaycan Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası...”. V.Əhmədov, yəqin ki, “o səviyyədə səs yığmaq” dedikdə seçkidə qalib gəlməyi nəzərdə tutur. Yeni Azərbaycan Partiyasının adını çəkməsi təbii və qanunauyğun haldır, çünki YAP indiyə qədər qatıldığı bütün seçkilərdə qələbə qazanaraq mühüm uğurlara imza atıb və bu gün də siyasi sistemin aparıcı güc mərkəzidir. Amma Vahid müəllimin AXCP və Müsavat partiyasını bu sıraya aid etməsi anlaşılan - başadüşülən deyil. Məgər V.Əhmədov bilmir ki, bu iki partiya xalqın dəstəyini qazana bilmədiyinə görə parlamentdə təmsil olunmur və heç bir siyasi marafonda uğur əldə etməyib? Yaxud onun AXCP və Müsavata keçmişdən qalma siyasi simpatiyası varsa, bu, ictimai rəyi və ya siyasi reallığı ifadə etmir axı! Vahid Əhmədov bəhs olunan müsahibədə özünü “camaatın sözünü deyən siyasətçi” kimi təqdim etməyə çalışsa da, AXCP və Müsavatı “göyə qaldırmaqla” cəmiyyətin mövqeyinə zidd yanaşma ortaya qoyaraq ictimai sayğısızlıq nümayiş etdirir;
- V.Əhmədov təxribatçı xarakterə - provokativ düşüncələrə malik olduğunu da gizlətmir və öz aləmində (öz ağlınca-red.) mətnaltı mesaj verməyə çalışır. O, parlament seçkilərini nəzərdə tutaraq seçildiyi dairədən bəhs edərkən nəzərdə tutaraq “Sədərək Yusif seçilsəydi, qubalılar ayağa qalxacaqdı” deyərək özünü həmin regionda “sabitlik amili, rəğbət ünvanı” kimi təqdim etməyə çalışır və dövlətin ictimai-siyasi əsaslarını gözardı edir. “Qubada mənəm, Bağdadda kor xəlifə” düşüncəsi V.Əhmədov üçün dövlət və dövlətçilik anlayışının heç bir məna və dəyər kəsb etmədiyini göstərir;
- Bloqerin “Milli Məclisdə 3 deputat deyin ki, özü seçilib...” təxribatçı sualının təsirinə qapılan parlamentari dərhal siyasi xislətini nümayiş etdirərək AXC- “Müsavat” cütlüyünün hakimiyyəti dövründə baş nazir olmuş və rəhbərliyi altında çalışdığı şəxsin adını çəkərək “... özü də cəbhəçi olub” vurğusunu xüsusi intonasiya ilə səsləndirir. Görəsən, “cəbhəçi” sözü hansı səbəbdən Vahid müəllimin dilindən düşmür? Bəlkə, nostaljik notların təsiri altında müsahibə verən və oliqarxiyadan danışan V.Əhmədov baş nazirin müavini olduğu Xalq cəbhəsi dövründə vəzifə imkanlarından gen-bol yararlanmağın həsrətini və xiffətini çəkir?
- Maraqlıdır ki, o, blo?əgerlə söhbətində özünü bütün zəruri məsələlərə münasibət bildirən siyasətçi kimi təqdim edir, “lal deputat” deyə xarakterizə etdiyi bir sıra parlamentariləri tənqid atəşinə tutur. Amma özünün 1993-2005-ci illərdə (vəzifədə olmadığı, hansısa ictimai status daşımadığı dövrdə) heç bir məsələdən danışmamasını, cəmiyyət və dövlət üçün vacib məsələlərə toxunmamasını necə izah edə bilər? Məgər siyasətçinin dili deputat olanda açılır?
- Nəhayət, V.Əhmədov “Milli Məclis danışmaq məkanıdır, orada gərək danışasan” deyə bildirir. Amma görünən odur ki, 76 yaşlı parlamentari harada nəyi və necə danışmaq lazım olduğunu, “youtube” kanalının Milli Məclis platforması olmadığını, dünən qanunverici orqanda dediklərini bu gün virtual məkanda inkar etdiyini unudub. Cəmiyyət isə heç nəyi - həm dünəni, həm də bu günü unutmur. Necə deyərlər, ictimai yaddaş VAHİDDİR!
“Yeni Azərbaycan”
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46

