Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Rusiya-Ermənistan münasibətləri “redaktə” olunur

Rusiya-Ermənistan münasibətləri “redaktə” olunur

23.05.2025 [09:38]

Lavrovun İrəvan səfəri...

Yeni dövrdə region dövlətləri arasındakı münasibətlər ümumən qlobal proseslərin əsas lokomotivi kimi çıxış etməkdədir. Başqa sözlə, artıq qlobal əlaqələndirmənin ən əsas ünsürlərindən biri məhz qonşu region ölkələri arasındakı əlaqələrin səviyyəsi sayılır. Azərbaycanın bu mənada həm üzərinə götürdüyü vəzifə, həm də gördüyü işlər genişmiqyaslıdır. Avrasiyanın mərkəzində mühüm təhlükəsizlik arxitekturası formalaşdıran Bakı irəli sürdüyü təşəbbüslər ilə yerləşdiyimiz coğrafiyanın daha çox diqqət mərkəzinə düşməsini təmin edir - Azərbaycan özünün qonşu dövlətlərlə fərdi münasibətləri fonunda həm də çoxtərəfli əlaqələr konsorsiumunu yaratmağa çalışır. Beləliklə, yürütdüyü müstəqil, milli maraqlara əsaslanan siyasət ilə bölgənin yeni inkişaf mərhələsində regional faktorun ön plana çıxmasını təmin edir.

Eyni fikirləri, Ermənistanla bağlı demək mümkün deyil - artıq illərdir ki, fərqli qlobal güclərin aləti qismində çıxış edən İrəvan dağıdıcı mahiyyət nümayiş etdirməkdədir. Sülhdən boyun qaçırmaqla, fərqli maraqlara sığınaraq üçüncü tərəfin mənafeyinə xidmət etməklə regionun inkişaf tempini də tormozlayır. Gah “qərbyönümlü”, gah da “şimalyönümlü” siyasətə üstünlük verməklə özünün maraqlar müstəvisini formalaşdıra bilmir. Bu isə bütövlükdə region üçün mənfi tendensiya yaradır.

Azərbaycanın təşəbbüsü ilə...

Vurğulandığı kimi, Cənubi Qafqazın gələcək inkişafının əsas yol strategiyasının müəllifi olan Azərbaycan özünün mühüm təşəbbüsləri ilə coğrafiyamızın geostrateji əhəmiyyətini artırıb. Bu təşəbbüslər regiondakı indiyə qədər formalaşan əməkdaşlıq platformalarını daha da təkmilləşdirir - bugünədək bölgədə formalaşdırılan Azərbaycan - Gürcüstan - Türkiyə, Rusiya - İran - Azərbaycan və bu kimi üçlü, Azərbaycan - İran - Türkiyə - Rusiya kimi dördlü əməkdaşlıq platformaları həm miqyasına, həm də hədəfələrinə görə genişlənir. “3+3” formatı kimi müəyyənləşdirilən və Azərbaycan ilə Türkiyənin təşəbbüsü ilə həyata keçiçrilən platforma isə əsasən region problemlərinin regiondan kənar ölkələrin iştirakı olmadan və bölgə ölkələrinin iştirakı ilə həll olunmasını, regional əməkdaşlıqların möhkəmləndirilməsini özündə ehtiva edir. Qeyd edək ki, “3+3” formatında ilk iclas Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsindən 2021-ci il 10 dekabr tarixində Moskvada keçirilmişdi. İkinci tədbir isə 2023-cü ilin oktyabrında XİN başçılarının iştirakı ilə Tehranda reallaşdı. Bu formatda hələlik son görüş isə ötən il oktyabrın 19-da İstanbulda baş tutub.

Rusiya 3+3-ü dəstəkləyir...

Yeri gəlmişkən, Azərbaycanın bu uğurlu təşəbbüsü Rusiyanın XİN başçısı Sergey Lavrovun Ermənistan səfəri zamanı da aktuallıq kəsb edib. Belə ki, Lavrov 3+3 regional əməkdaşlıq platformasının nazirlərin növbəti görüşlərinin Azərbaycan və Ermənistan paytaxtlarında keçirilməsi təşəbbüsü ilə çıxış edib. O, erməni həmkarı Mirzoyanla danışıqların yekunu üzrə Ermənistan və Azərbaycanın öz aralarında üçüncü forumun keçirilməsi ilə bağlı razılığa gələ biləcəyini bəyan edib və Rusiya tərəfinin təşkilata kömək göstərməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Cənubi Qafqazın üç ölkəsinin və üç qonşu dövlətin - Rusiya, İran və Türkiyənin daxil olduğu “3+3” formatı regionda sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi üçün mühüm potensiala malikdir. “Biz növbəti iki tədbirin Ermənistan və Azərbaycanın paytaxtlarında keçirilməsinin tərəfdarıyıq”, - deyə rusiyalı nazir bildirib.

Beləliklə, Azərbaycanın irəli sürdüyü təşəbbüsün gələcək regional inkişaf üçün düstur olması bir daha təsdiqlənir. Artıq region ölkələri dərk edirlər ki, indiki həssas məqamda bütün problemlərin həllində aparıcı predmet bərabərhüquqlu əməkdaşlığın daha da irəliyə aparılmasıdır. Azərbaycan isə bu irəliləyiş üçün olduqca münbit bir müstəvi yaradıb...

Kremldən İrəvana xəbərdarlıq...

Qeyd edək ki, səfər zamanı Lavrov həm Ermənistanın prezidenti Vaaqn Xaçaturyan, həm baş nazir Nikol Paşinyan, həm də XİN başçısı Ararat Mirzoyanla görüşüb. Görüşlərdə əsas prioritetlərdən biri də artıq illərdir ki, eniş yaşayan Rusiya - Ermənistan münasibətləri olub. Rusiya-Ermənistan Universitetində tələbələr qarşısında çıxış edən Lavrov etiraf edib ki, iki ölkə arasında münasibətlər gərginləşib, lakin onun erməni həmkarının yanvarda Moskvaya səfərindən sonra münasibətlərin bərpası tendensiyası yaranıb. Danışıqların yekununda Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iqtisadiyyat, təhlükəsizlik, mədəniyyət və qarşılıqlı diplomatik mövcudluğun genişləndirilməsi sahəsində yüksək səviyyəli sazişlərin həyata keçirilməsi, xüsusilə Ermənistanın Qafan şəhərində Rusiyanın baş konsulluğunun açılması ilə bağlı məsləhətləşmələr cədvəlini imzalayıblar. Lavrov Rusiya və Ermənistan regionları arasında əlaqələrin gücləndirilməsi istiqamətində görülən işləri də xatırladıb. “Bu, bizim müttəfiqlik münasibətlərimizdə, strateji tərəfdaşlıq münasibətlərimizdə qoymaq istədiyimiz maddi təməli daha da möhkəmləndirəcək”, - deyə rusiyalı nazir bildirib.

Görünən budur ki, münasibətlərin yeni mərhələyə daşınması üçün Ermənistan özünün “qərbyönümlü” siyasətindən əl çəkməli, yenidən Rusiya “orbitinə” qayıtmalıdır. Xüsusilə, ötən illər ərzində Fransanın bölgəyə aktiv müdaxiləsini təmin etmək üçün canfəşanlıq göstərən İrəvana yenidən Kreml tərəfindən “xəbərdarlıq” edilir. Sitat: “Rusiya Qafqazda üçüncü ölkələrlə əməkdaşlığın inkişaf etdirilməsinin əleyhinə deyil. Ancaq bu əməkdaşlıq regionda gərginlik yaratmağa yönəlməməlidir. Biz əminik ki, burada yaranan məsələləri, ilk növbədə, regionda yerləşən ölkələr və onların ən yaxın qonşuları həll etməlidir. Bizim qeyri-regional dövlətlərə, hazırkı dünya praktikasında nəzərdə tutulduğu kimi, onların burada yerləşən ölkələrlə əlaqələrini inkişaf etdirməsinə qarşı heç bir fikrimiz yoxdur. Bizim mövqeyimiz heç bir gizli gündəm olmadan bunu vicdanla etməyə hazır olan hər kəslə əməkdaşlığa açıq olmaqdır”.

Göründüyü kimi, bu fikirlərin mahiyyəti Paşinyanın Fransa “əlaltılığından” çıxması və yenidən rusiyayönümlü siyasətə geri qaytarılmasıdır. Lavrov özünün fikirləri ilə həm də hazırkı hakimiyyətə gələn il keçiriləcək parlament seçkiləri ilə bağlı Kremlin “mövqeyini” açıqladı - əgər, Paşinyan Qərb - xəttindən əl çəkməsə... Nəticəni söyləməyə ehtiyac yoxdur...

Sülh üçün ən perspektivli yol...

Nəhayət, səfər zamanı səsləndirilən fikirlərdən maraq kəsb edən nüanslardan biri də Ermənistan - Azərbaycan münasibətləri, sülhlə bağlı mövqe oldu. Belə ki, Lavrov Rusiyanın İrəvan və Bakıya sülh müqaviləsinin bağlanması, iqtisadi və nəqliyyat kommunikasiyalarının geniş şəkildə blokdan çıxarılması, habelə dövlət sərhədinin delimitasiyası və demarkasiyası yolu ilə tam sülh və razılaşmaya nail olmaq istiqamətində irəliləyişdə kömək etməyə hazır olduğunu bildirib. O xatırladıb ki, 2020-2022-ci illərdə ən yüksək səviyyədə əldə olunmuş üçtərəfli razılaşmalar Bakı ilə İrəvan arasında sülh prosesinin irəliləyişinin əsası olaraq qalır.

Qeyd olunmalıdır ki, Ermənistan ilə Azərbaycan arasında başlanan sülh prosesi artıq son mərhələdədir - 17 bənddən ibarət sülh sənədinin bütün müddəaları razılaşdırılıb. Ermənistan öznünün Konstitusiyasında dəyişiklik etməklə (qondarma ərazi iddialarından əl çəkməklə) və ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı müraciəti reallaşdırmaqla sülh üçün zəmin formalaşdıracaq. Xüsusi vurğulanmalıdır ki, bu mühüm irəliləyiş Azərbaycanın iradəsinə əsasən baş tutan ikitərəfli təmaslar nəticəsində ortaya çıxıb. Keçirilən ikitərəfli görüşlər onu göstərir ki, məsələnin qarşılıqlı təmas formatında real həlli mövcuddur.

Təbii ki, bu kimi vacib bir məsələnin regional gündəmdə müzakirə predmeti olması anlaşılandır - Azərbaycanın bölgədə formalaşdırmağa çalışdığı əbədi sülh, sabitlik həm də Rusiya üçün olduqca vacib iqtisadi perspektiv daşıyır. Bölgədə reallaşacaq ticari-iqtisadi əməkdaşlıq platformaları bütün dövlətlər üçün böyük maraq kəsb edir - o cümlədən, Rusiya üçün. Kremlin prosesin uğurlu inkişafını dəstəkləməsi isə alqışalayiqdir.

Rusiya silahı ilə Azərbaycan torpaqlarını işğalda saxlayan...

Lavrov səfər zamanı jurnalistlərə açıqlamasında bir incə nüansa da toxunub - o bildirib ki, Ermənistanın işğal etdiyi Azərbaycan rayonlarında tikdiyi istehkamların xarakteri bu əraziləri uzun müddət nəzarət altında saxlamaq niyyətindən xəbər verirdi. Lavrov analitiklərin qiymətləndirmələrinə istinad edərək deyib ki, Ermənistanın işğalı altında olan Azərbaycanın yeddi rayonunda mühəndis istehkamları bu əraziləri qaytarmaq niyyətinin olmadığını göstərirdi.

“Rusiya silahlarından Ermənistanın heç vaxt rəsmi olaraq iddia etmədiyi yeddi mübahisəsiz Azərbaycan rayonunu işğal etmək üçün istifadə edilib. Orada istehkamlar və döyüş xətləri yaradılıb, bu da açıq şəkildə göstərirdi ki, həmin mövqeləri çox uzun müddət əldə saxlamaq planı var idi”, - deyə rusiyalı nazir vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Moskva ilə İrəvan arasında hərbi-texniki əməkdaşlıq mövzusuna da toxunub. O bildirib ki, tərəflər bu gün İrəvanda əvvəllər müqavilə bağlanılmış, lakin sonralar uğursuz olan silah tədarükü üzrə ödəniş məsələsini həll ediblər. “Bu ödənişlər başqa məqsədlər üçün hesablanıb və burada heç bir ziddiyyət yoxdur”, -deyə o qeyd edib. Buna baxmayaraq, nazir əmin edib ki, Ermənistanın müqavilə bağladığı bəzi sistemlər hələ də tədarük edilir. Lavrov vurğulayıb: “Biz bu təcrübəni davam etdirəcəyik”.

Göründüyü kimi, Lavrovun fikirlərində xüsusi nüanslar yer alır - ən maraqlı detal isə, Ermənistanın məhz Rusiya silahları ilə Azərbaycan torpaqlarını işğal altında saxladığını bildirməsidir. Beləliklə, Kremlin nümayəndəsi dolayısı yolla bildirib ki,  İrəvan heç də sülh fikrində olmayıb - o işğalçılıq iddiasını davam etdirmək niyyətində olub. Lavrov KTMT-dən məhz “Rusiyadan dəstək  almaması” səbəbilə üz döndərən İrəvana izah edir ki, 30 il ərzində onun bölgədə işğalçı siyasəti davam etdirməsi “müttəfiqinin kölgəsinə” əsaslanıb. Rusiyanın verdiyi havayı silahlar olmasaydı, Ermənistan bu qədər müddətdə bölgədə destruktivlik nümayiş etdirə bilməzdi...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 210 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Sosial

100 dollarlıq "akademik"…

30 Oktyabr 00:16  

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31