Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Barını çürüdən ağac

Barını çürüdən ağac

31.10.2025 [09:34]

Onore de Balzakın “Yevgeniya Qrande” romanı haqqında

Əvvəli ötən sayımızda...

Balzak bu romanında da saf gənclik duyğularını, ülvi sevgini şeytani ehtirasların, var-dövlət hərisliyinin sınağından keçirir. Şeytan bu savaşdan da qalib çıxır, insanın guya mülkiyyəti, gücü-təpəri, sadiq qulu, nökəri sayılan qızıl, sərvət sahibinin qəniminə çevrilir, onun təkcə özünün yox, övladının da bədbəxtliyinə bais olur. Qrande ata qanı qanından, canı canından olan gənc qohumuna belə qəndi sayla verir, artıq tikəni onun qabağından götürür, soyuq payız günlərində oduna qənaət olunsun deyə buxarının qalanmasına icazə vermir, külfəti bir yana, heç özü də qarın dolusu çörək yemir, Yevgeniyanın öz pullarını əmisi oğluna verdiyini eşidəndə hikkəsindən çatlamaq dərəcəsinə çatır, cürbəcür ticari hiylələr, maxinasiyalarla var-dövlətini qat-qat artırır, fəqət həmin sərvəti, indiki dillə desək, insan kapitalına döndərə bilmir. Azğın ehtiras, tamah, hərislik pulun-qızılın məqsəddən vasitəyə çevrilməsinə imkan vermir, bu səbəbdən var-dövlət xoşbəxtlik yox, bədbəxtlik gətirir.

Atadan qalma bütün sərvətini, cer-cehizini öz canı qarışıq sözsüz-sovsuz ərinə təhvil vermiş, həftədə-ayda ondan yalnız dilənçi payı alsa da, narazılığını bircə yol dilə gətirməmiş arvadının üzünə ölüm sarısı çökəndə Qrande ata bir balaca xərc çəkib onu müalicə elətmək əvəzinə arsız-arsız irişib sarı (yəni qızılı) rəngdən xoşlandığını söyləyir, onun ölümündənsə yalnız buna görə narahat olur ki, qızı atasına qarşı mal-mülk iddiasına düşə bilər. Gözünün ağı-qarası tək övladını al dillə yola gətirib halalca haqqından imtina eləməyə razı salır.

Naneta yaxın qohumunun gəlişi münasibətiylə ağasına qəssabdan ət alıb bulyon hazırlamaq təklifini verəndə qoca simic qulluqçuya təpinir:

“- Qətiyyən ehtiyac yoxdur, sən bulyonu quş ətindən hazırlayarsan. Fermerlərə tapşırmışam, bizə bir neçə qarğa vurub göndərəcəklər. Qarğa bulyonundan yaxşı dünyada bulyon tapılmaz.

- Ağa, axı deyirlər qarğa leş, meyit yeyir?

- Səfeh Naneta! Qarğa da bütün canlılar kimi nə tapsa, onunla qidalanır. Məgər biz özümüz də ölənlərimizin ətini yemirikmi? Bəs onda miras nədir?..”

Yaxşı, əgər milyonçunun övladı qarğa ətiylə bəslənəcəksə, o milyonlar kimdən, nədən ötrüdür? Şübhəsiz, iblisin məntiqi olmur, şeytan sağlam məntiqə uymur, odur ki, bu sualı səsləndirəndə taxt-tac uğrunda doğmaca övladlarını dara çəkdirən kralları, sultanları yada salmaya bilmirsən. Belə çıxır ki, Qrande ata nə qədər usta, hiyləgər kommersant olsa da, o öz sərvətini yox, sərvəti onu idarə eləyir. Nəticədə kor instinkt onu gülünc, yazıq, yesir günə salır, hamıdan bic, ağıllı olduğunu düşünən Qrande hamıdan axmaq, hamıdan səfeh çıxır; əks təqdirdə boyunu sevdiyi, üstündə əsdiyi qızını özünə ömürlük bağlayıb bu dünyada öz kökünü qurutmazdı, öz barını çürütməzdi.

Zavallı Yevgeniya qoca Qrandenin ölümündən sonra belə atasının əsarətindən çıxa bilmir. Atası onu özünün dişi klonuna çevirib, qızının iradəsini büsbütün mənimsəyib. Ölüm ayağında deyir ki, Yevgeniyanın fəaliyyətini o dünyadan da izləyəcək (hərçənd Balzak yazır ki, xəsislər əbədi həyata inanmırlar, hər şeyi bu dünyadaykən, elə indi, bu dəqiqə qamarlamağa çalışırlar, onlar üçün indiki zamandan qıraq bir zaman yoxdur), gecə-gündüz qızını nəzarətdə saxlayacaq, əgər atasının cızdığı yoldan çıxarsa, əli onun yaxasında olacaq. Bu, nəinki insani, heç heyvani bağlılıq da deyil, çünki heyvanlar, quşlar, böcəklər də vaxtı çatanda balasını özündən ayırıb sərbəst həyata buraxır. Yalnız insan övladını çox istəmək adıyla əsarətdə saxlayır, onun arzularının ağzına daş tıxayıb balasını fəlakətə düçar eləyir. Yalnız insan başqalarını özünə qurban verməkdən şeytani bir zövq alır, çünki iblisin yer üzündəki baş qərargahı bədnam insan vücududur.

***

Sarı dəmirin parıltısını övladının xoşbəxtlikdən par-par yanan gözlərinin işığından üstün tutan bir məxluq - istər yetmiş yeddi dəfə ata, doxsan doqquz dəfə də ana olsun - bu dünyada hansı hörmətə layiqdir? Romanın başlanğıcından sonuna doğru irəlilədikcə Qrande atanın surəti Yevgeniyadan ötrü yavaş-yavaş atalıqdan çıxıb bədheybət, qaramat, qorxunc ibtidai tanrı surətinə, amansız, fəndgir, qəddar Zevs obrazına çevrilir. Ata-bala məhrəmliyi oxucunun gözü qarşısında allah-bəndə asılılığına dönür, zaman keçdikcə Yevgeniya atasından qorxmağa, ona taleyinin şəriksiz yiyəsi kimi baxmağa, onun qarşısında özünü suçlu sanmağa, fikirlərini ondan gizləməyə başlayır. Beləcə, qızın canında yenicə pardaqlanan həyat tumurcuqları bürüşüb-qırışıb soluxur, bar vermək, meyvə yetirmək mərhələsinə çatmır.

Nə qədər ki Qrande ata həyatdaydı, hələ onunla mübarizəyə girişmək, sevginin gücünə onun əsarətindən qurtulmaq olardı; ancaq elə ki bu dünyanın nemətlərini özünə haram bilən, malını canına yox, canını malına qurban verən, asketik ömür sürən xəsis qoca dünyasını dəyişdi, onunla mübarizənin də bir mənası qalmadı. Bundan sonra atası Yevgeniyadan ötrü hər şeyi görən, bilən, eşidən, amma bilmərrə dinməyən Allahı əvəz eləməyə başladı. Yevgeniya monastıra daşınıb xristian tanrısının xidmətçisi olmağa can atırdı, iş elə gətirdi ki, atasından qalma qaramat evdə - Qrande atanın xaraba məbədində atasına ibadətə başlayıb atasının rahibəsi oldu.

Bundan sonra atası onun hər addımını izləyəcək, yuxularında ona əmrlər, buyruqlar göndərəcək. Yevgeniya hər əməlində atasına genəşib, hər gün onun hüzuruna hesabatla çıxacaq. Atasından qalma üzüm tənəkləri salxım-salxım daşıb töküləcək, bağlarında ağacların budaqları yerə dəyəcək, bostanları bərəkət püskürəcək...

Bircə özü bar verməyəcək. Qrande atanın nəslini heç kim kəsə bilməzdi, əgər bu işə şəxsən özü qol qoymasaydı. Kişi özünü dünyada hamıdan ağıllı, hamıdan çox bilən sayırdı, axırda məlum oldu ki, kar-kor ehtirasların, qanmaz instinktlərin çapıb yorub çərlətdiyi bir ələngə cıdır atının bu dünyada bildiyi bir şey yoxmuş. Çox yaxşı deyiblər ki, adamın özünə elədiyi pisliyi, el yığılsa, onun başına gətirə bilməz.

F.Uğurlu

Paylaş:
Baxılıb: 210 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31