Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ermənistanda siyasi vəziyyət gərginləşir: hakimiyyət erkən seçkilərə gedəcəkmi?

Ermənistanda siyasi vəziyyət gərginləşir: hakimiyyət erkən seçkilərə gedəcəkmi?

31.10.2025 [10:16]

Paşinyan əlinə düşən fürsətdən yararlanmağa çalışır

Son aylarda Ermənistanda siyasi proseslər yeni gərginlik mərhələsinə daxil olub. Hökumət daxilində yaranan ziddiyyətlər, müxalifətin küçələrdə aktivləşməsi, cəmiyyətin sosial narazılığı və beynəlxalq təzyiqlərin artması ölkədə siyasi sabitliyin getdikcə pozulduğunu göstərir. Paşinyan hakimiyyəti faktiki olaraq həm daxili, həm də xarici təcrid vəziyyətinə düşüb.

Paralel olaraq Ermənistanda iqtisadi göstəricilərin zəifləməsi, sosial rifahın aşağı düşməsi və Qarabağdakı reallıqlarla barışmaq istəməyən revanşist qüvvələrin təzyiqi qarşıdan gələn parlament seçkiləri ilə bağlı ortaya bir çox suallar çıxarıb. Bir çox analitik mərkəzlər hətta Paşinyan hakimiyyətinə olan etimadın əvvəlki illərlə müqayisədə kəskin azaldığını iddia edirlər. Xüsusilə seperatizm meyllərini əlində bayrağa çevirməyə çalışan revanşist qrupun fəallaşması, din xadimlərinin və bəzi keçmiş hərbçilərin proseslərə müdaxiləsi vəziyyəti daha da mürəkkəbləşdirir. Müxalifət Paşinyanı “milli maraqları satmaqda” ittiham edir, hökumət isə onları “xarici qüvvələrin əlində alət” adlandırır.

Risk nə qədərdir?

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 2026-cı ilin iyun ayında keçiriləcək. Seçkilərdə iştirakla bağlı artıq Ermənistanın ikinci prezidenti Robert Köçəryan, yeni yaratdığı “Birlik Qanadları” təşəbbüsü vasitəsilə keçmiş ombudsman Arman Tatoyan və iş adamı, iyunun 18-dən həbsdə saxlanılan Samvel Karapetyanın rəhbərlik etdiyi “Po-Naşemu” hərəkatı bəyanat verib.

Müşahidəçilərin fikrincə, Paşinyan üçün real siyasi manevr imkanları azalır. O, ya hakimiyyəti itirmək riski ilə üz-üzə qalacaq, ya da vəziyyəti idarə etmək üçün erkən parlament seçkilərinə gedəcək. Bunun həm daxili gərginliyi azaltmaq, həm də beynəlxalq aləmdə “demokratik imic”ini qorumaq baxımından onun üçün daha münasib variant sayıla biləcəyi ehtimal edilir.

Lakin seçkilərin keçirilməsi də Paşinyan üçün risklidir: reytinqi aşağı olan “Vətəndaş Müqaviləsi” partiyasının əvvəlki çoxluğu qoruyacağına inam yoxdur. Müxalif blokların birləşməsi halında parlament balansı dəyişə bilər.

Hər bir halda, artıq seçkiyə hazırlıq prosesi start götürüb. 7 iyun 2026-cı ilə təyin edilən seçkilərə hələ səkkiz ay qalsa da, artıq hakim partiyada seçki kampaniyası meneceri təyin edilib. Məhz bu səbəbdən də komanda Paşinyanın erkən seçkilərlə bağlı niyyətindən şübhələnib. Baş nazirin bu tələskənliyi də hakim partiyanın əksər üzvlərinin şübhələnməsinə səbəb olub. Ehtimal edilir ki, erkən seçkilərlə bağlı artıq qərar verilib və bu, sadəcə partiya elitası arasında müzakirə edilir. Məlum olub ki, seçki kampaniyasına Baş nazirin aparat rəhbəri Arayik Harutyunyan rəhbərlik edəcək.

Tələsmədən hazırlıq...

Amma hakimiyyət bu hazırlığını erkən seçki ilə bağlamır - Harutyunyan oktyabrın 29-da jurnalistlərə bildirib ki, Ermənistanda erkən parlament seçkilərinin keçirilməsinə ehtiyac yoxdur. Onun sözlərinə görə, bu ilin avqust və sentyabr aylarında hakim partiyanın bəzi nümayəndələri erkən seçkilərin keçirilməsi ehtimalını müzakirə ediblər, lakin bu gün ölkə növbəti seçkilərə doğru irəlilədiyindən buna ehtiyac olmadığı aydındır.

Harutyunyan seçki kampaniyasına rəhbərlik etməsi məsələsinə də aydınlıq gətirib. O, partiyanın qərarında hər hansı bir intriqa axtarmağa ehtiyac olmadığını önə çəkib: “Hökumət siyasi qüvvələrə tələsmədən, sakit bir mühitdə hazırlaşaraq və işi düzgün təşkil edərək seçki kampaniyasına start verməyə imkan yaradıb. Ümumiyyətlə, istənilən siyasi qüvvə vaxtında baş tutan və ya erkən seçkilərdən sonra dərhal seçki qərargahı yarada və yeni prosesə hazırlaşa bilər”. Baş nazirin aparat rəhbəri fors-major hallar yaranarsa, erkən seçkilərin keçirilməsi ehtimalını da  istisna etməyib. “Amma biz 7 iyunda keçiriləcək növbəti seçkilərə hazırlaşırıq”, - deyə Harutyunyan bildirib. Müxalifət üzvlərinin saxlanılması və həbsi ilə bağlı ölkədəki vəziyyətdən danışan Araik Harutyunyan Ermənistanı qanunun aliliyi ilə idarə olunan dövlət adlandırıb. “Cinayət törətmiş bütün şəxslər, istər hökumət, istərsə də müxalifət nümayəndələri olsun, məsuliyyətə cəlb olunur və ya məhkəmə prosesi başlayır”, - deyə o bildirib.

Vaşinqton danışıqları Paşinyanın “əlini möhkəmləndirdi”...

Müxalifət isə erkən seçiklərdən nə isə əldə edə biləcəyinə inanmır. Son 1 ildə situasiya dəyişib - əgər ötən il Ermənistan müxalifəti Paşinyanın baş nazir vəzifəsini icra etməyəcəyi qarşılığında erkən seçkilərə getməyə hazır olduqlarını deyirdilərsə, artıq proses fərqli yön alıb. Bu ilin avqustunda Vaşinqtonda keçirilən danışıqlar, sülh prosesinin irəliləməsi, Azərbaycanın Ermənistana yük qadağasını aradan qaldırması cəmiyyəti sülhə daha meylli edib - əhalinin mühüm bir hissəsi Azərbaycanla münasibətlərin normallaşmasını və regionda kommunikasiyaların açılmasını zəruri hesab edir. Revanşits əhval-ruhiyyəli müxaltfəti və kilsəni dəstəkləyən azlıq isə hələ də 2020-ci ilin reallıqları ilə barışmaq istəmir və “qisas” şüarları altında revanşist mövqe tutur. Birinci qrupun sayının günü-gündən artması Paşinyanın siyasi manevr imkanlarını genişləndirir. Xüsusilə sülh danışıqlarının və Zəngəzur dəhlizinin (TRİPP) açılması ilə bağlı müzakirənin Vaşinqtonda baş tutması hazırki baş nazirin “əlini möhkəmləndirir”. Bu səbəbdən də siyasi analitiklər Paşinyanın həm də yaranan münbit vəziyyətdən istifadə edərək erkən parlament seçkilərinə gedə biləcəyi ehtimalını irəli sürür. Atılacaq bu addım həm beynəlxalq imic baxımından onun üçün “demokratik manevr” ola bilər, həm də daxildə legitimliyi daha da möhkəmləndirər. Başqa sözlə, siyasi şərhçilər Azərbaycanla sülh danışıqlarını Paşinyan hökuməti üçün həm də vətəndaşlara müraciət üçün ən mühüm əsas sayırlar - sülh sazişin imzalanması Ermənistanın regional təcriddən çıxması, iqtisadi əlaqələrin bərpası və kommunikasiya xətlərinin açılması üçün tarixi fürsət yaradır. Paşinyan bu amili özünün təbliğat vasitəsinə də çevirə bilər. Sülhü inkar edən müxalifətin Ermənistana hara sürüklədiyini cəmiyyətə bütün konturları ilə çatdıra bilsə, Paşinyan və partiyası yenə də parlament çoxluğunu əlində saxlayacaq.

Paşinyan seçim qarşısında...

Nəhayət, Ermənistanın qarşısında duran əsas dilemma xarici vektorlarla bağlıdır. Hazırki şəraitdə Rusiya ilə münasibətlər tarixi minimuma enib, Qərb isə Paşinyandan islahatlar və regional əməkdaşlıq tələb edir. Qərb dairələri üçün Paşinyan hələlik “idarəolunan tərəfdaş”statusunu qorusa da, onun zəifləməsi yeni siyasi fiqurların önə çıxmasına şərait yaradır.

Hazırkı reallıqlar göstərir ki, Ermənistan siyasi sabitlik əldə etmək üçün yolunu düz seçməli, spekulyaisyaya cəhd etməməlidir. Çünki vaxt keçdikcə hökumət üəçün vəziyyət gərginləşə bilər - revanşist müxalifət prosesləri küçə mitinqləri və sosial narazılıqlar fonunda yönləndirməyə çalışacaq. Bu isə Paşinyan üçün ciddi siqnaldır və qarşıya mühüm bir seçim qoyur - ya erkən seçkilərə gedərək vəziyyəti nəzarətə almaq, ya da siyasi təcrid vəziyyətində istefaya məcbur olmaq...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 73 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31