Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İrəvan ziyalılarından: Əkbər Rzayev

İrəvan ziyalılarından: Əkbər Rzayev

01.04.2026 [09:54]

XX əsrin əvvəllərində İrəvanda fəaliyyət göstərmiş və burada Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi mühitinin inkişafında xidmətləri olmuş ziyalılardan, görkəmli şəxsiyyətlərdən biri də Əkbər Rzayevdir. Xalqımızın bir çox şəxsiyyətlərinin həyatı, yaradıcılığı öyrənilmədiyi kimi onun da ictimai-siyasi və maarifçilik fəaliyyəti demək olar ki, öyrənilməmişdir. Mövcud dövrün ideologiyası bir çox ziyalılarımız kimi onun da ictimai, elmi, maarifçilik irsini araşdırmalardan kənarda saxlamışdır. Bu baxımdan Əkbər Rzayev və onun kimi şəxsiyyətlərin həyat və fəaliyyətinin öyrənilməsi ictimai fikir tariximizdə onların yerinin müəyyənlədirilməsi vacib və aktualdır. Çünki ictimai-mədəni tariximizin çağdaş mərhələsi həm də özündən əvvəlki dövrlərdən bəhrələnərək inkişaf edir. 

Əkbər Rzayevin ictimai-siyasi portretini bir məqalə ilə təsvir etmək qeyri-mümkündür. Bu gün arxiv materialları əlçatmaz olduğundan bu məqalədə yalnız onun ictimai-siyasi portretinin bəzi cizgilərini təsvir etməyə çalışmışıq. 

Əkbər Rzayev 1898-ci ildə İrəvan şəhərində anadan olmuşdur. Sonrakı təhsilini İrəvandakı pansionda almışdır. O, ərəb dilini də mükəmməl öyrənmişdir. Pansion təhsilini başa vurduqdan sonra İrəvan oğlanlar gimnaziyasına daxil olmuş və oranı uğurla bitirmişdir. Gimnaziyada təhsil aldığı dövrdə “Könülsüz nikah” adlı pyes yazmışdır. Əsər İrəvanda həvəskar aktyorlar tərəfindən tamaşaya qoyulmuşdur. 1918-ci ildə ermənilərin Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törətdikləri total qırğınlar zamanı Əkbər müəllim də ailəsi ilə birlikdə Naxçıvana köçmüş və bir müddət burada yaşamışdır. O, burada da ictimai-siyası fəaliyyətini davam etdirmişdir. 1921-ci il mart ayının 27-də Naxçıvanda yaradılmış Kommunist Gənclər İttifaqı Qəza Komitəsinin təşkilat bürosuna seçilmiş üç nəfərdən biri Əkbər Rzayev olmuşdur. Bir müddət Naxçıvanda qaldıqdan sonra 1922-ci ilin əvvəllərində yenidən öz doğma yurduna geri dönmüsdür.

O, Qərbi Azərbaycanda milli mədəniyyətimizin, maarifimizin inkişafında və formalasmasında çox böyük rol oynamışdır. Əkbər Rzayev İrəvanda və azərbaycanlılar yaşayan bir sıra bölgələrdə maarif, mədəniyyət ocaqlarının yaradılmasının təşkilatçısı olmuşdur. Nadir istedada və dərin biliyə malik olan Əkbər Rzayev 1920-1930-cu illərdə azərbaycanlı əhali arasında çox böyük maarifçilik işləri aparmısdı. Əkbər Rzayev İrəvanda fəaliyyət göstərdiyi illər ərzində özünü istedadlı jurnalist kimi tanıdır. O, dövrünün ən mühüm və aktual mövzularını qələmə alaraq müxtəlif qəzet və jurnallarda dərc etdirmişdir. Əkbər Rzayevin inqilabdan əvvəl Bakıda və Tiflisdə nəşr olunan “Tuti”, “İqdam”, “İqbal”, “Molla Nəsrəddin” və s. mətbuat orqanlarında xeyli sayda məqalələri çap olunmuşdur. Dövrün tanınmış ictimai-maarifçi xadimlərindən olan Əkbər Rzayev xalqımızın tarixinə, mədəniyyətinə yaxından bələd olduğu üçün maddi və mənəvi mədəniyyətimizin bir çox sahələri onun istər çap olunmuş məqalələrində, istərsə də əlyazmalarında bu və ya digər dərəcədə öz əksini tapmışdır. Gənc və tərəqqipərvər ziyalı öz fikirlərini, marrifçilik ideyalarını, elmi baxışlarını məhz mətbuat vasitəsilə xalqa çatdırdı. Bütün bunlar ilk növbədə Əkbər Rzayevin xalqa sevgisindən, onun keçmişinin və müasir mədəni durumunu öyrənmək istəyindən, Qərbi Azərbaycandakı soydaşlarımızı maarifləndirmək yolu ilə yüksək tərəqqiyə çatdırmaq arzularından irəli gəlirdi. O, jurnalist, mədəniyyət işçisi, maarifçi, ictimai fəaliyyəti ilə yanaşı, həm də nadir istedadı ilə çoxlarını heyran qoyurdu. O, Azərbaycan dilinin təmizliyi uğrunda aparılan mübarizənin əsas ağırlığını, demək olar ki, öz çiyinlərində daşıyırdı. Əkbər Rzayev həm də Qərbi Azərbaycanda latın əlifbası hərəkatına öz töhfəsini vermiş ziyalılarımızdandır. Onun fəaliyyəti təkcə Qərbi Azərbaycanla məhdudlaşmayıb, bütövlükdə regionda maarifçilik, ana dili siyasəti və əlifba islahatlarının həyata keçirilməsində mühüm rol oynayıb.  

Əkbər Rzayevin həyat yoldaşı Firəngiz xanım da ictimai işlərdə fəallıq göstərmiş, İrəvanda azərbaycanlı qadınlar klubunun təşkilində və mədəni quruculuq prosesində aktiv iştirak etmişdir.

1924-cü ildə İrəvanda Azərbaycan teatrının səhnəsində “Dəmirçi gavə”, “Ölülər”, “İblis”, “Pəri cadu” və s. kimi məşhur pyeslər tamaşaya qoyulmuşdur ki, həmin pyeslərdə bir sıra rolları Əkbər Rzayev ifa etmişdir. Göründüyü kimi, İrəvanda Azərbaycan teatr sənətinin inkişafında da mühüm rol oynamışdır.

O, 1930-cu illərdə İrəvanda Azərbaycan teatrının siyasi-bədii şurasının sədri olmuşdur.

Əkbər Rzayev 1924-cü ildə İrəvanda yaradılmış Yeni Türk Əlifba Komitəsinin ən fəal büro üzvlərindən biri olub. Yeni əlıfba islahatı, onun təbliği və tətbiqi ilə bağlı böyük fəaliyyət göstərmiş, bununla bağlı dövrü mətbuatda bir sıra məqalələri çap olunmuşdur. O, 1924-1925-ci illərdə Ermənistan Mərkəzi Komitəsinin nəzdində yaradılmış “Azsaylı xalqlar” şöbəsinin müdiri vəzifəsində çalısmısdır. 1926-cı ildə Vedibasar Nahiyyəsi Firqə Komitəsinin katibi vəzifəsində işləmişdir.

“Zəngi” (1924), sonralar isə “Qızıl şəfəq” (1929) qəzeti adı ilə çıxan milli mətbuat orqanlarının səhifələrində onun xeyli sayda məqalələri dərc olunmuşdur ki, bunlar da milli maarifimiz, mədəniyyətimiz üçün olduqca böyük əhəmiyyət kəsb edir. Əkbər Rzayev qəzetlərin ən fəal müxbirlərindən biri olub. O 1937-ci ildə “Qızıl şəfəq”, sonralar isə “Komminist” (Azərbaycan dilində) adı ilə nəşr olunan  qəzetin məsul redaktoru olmuşdur. Onun fəaliyyətini təhlil edərkən Qərbi Azərbaycanda milli mətbuatın inkişafındakı əvəzsiz xidmətləri də aydın formada özünü göstərir.

1939-cu ildə Qərbi Azərbaycanın azərbaycanlı əhalisi arasında yeni əlifba islahatı həyata keçirmək üzrə Respublika Komitəsinin sədri olmuşdur.

O, II Dünya müharibəsi illərində Moskvada “İnostrannaya literatura” nəşriyyatında “Türk ədəbiyyatı” redaksiyasının müdiri olmuşdur. Həyatının demək olar ki, böyük bir qismini İrəvanda yaşamış və burada Azərbaycan ədəbi-mədəni, ictimai mühitinin zənginləşməsinə önəmli töhfələr vermiş Əkbər Rzayev bu gün də böyük xidmətləri ilə yadda qalmışdır. Onun oğlu, sənətşünaslıq elmləri doktoru Sabir Rzayev incəsənət sahəsində tanınmış görkəmli ziyalılardan biri olmuşdur. İctimai-mədəni fikir tariximizdə silinməz iz qoymuş Əkbər Rzayev 1957-ci ildə vəfat etmişdir.

Cəlal Zəngi,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Paylaş:
Baxılıb: 206 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Növbəti qurban...

03 Aprel 10:35

Gündəm

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30