Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Türk birliyi: Ortaq tarixdən ortaq gələcəyə...

Türk birliyi: Ortaq tarixdən ortaq gələcəyə...

03.04.2026 [08:14]

Son vaxtlarda Türk Dövlətləri Təşkilatının  (TDT) institusional əsaslarının daha da möhkəmləndirilməsi istiqammətində mühüm addımlar atılır.  Bu baxımdan TDT-na üzv dövlətlərin Hökumət başçıları/Vitse-prezidenti formatında görüşlərin keçirilməsi böyük aktuallıq daşıyır. Bu formatda növbəti görüş aprelin 2-də Bakıda baş tutub. Tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədov, Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Qırğızıstan Nazirlər Kabinetinin sədri Adilbek Kasımalıyev, Özbəkistanın Baş naziri Abdulla Aripov, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel, Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Nökərqulu Ataqulıyev və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak edib. Görüş çərçivəsində birgə bəyanat qəbul edilib.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ilk görüşü ötən ilin sentyabr ayında Bişkekdə keçirilib. Bakıda baş tutan tədbirdə vurğulandığı kimi, Bişkek görüşü, qarşılıqlı əlaqələrimizin gücləndirilməsi baxımından çox səmərəli olub. İlk görüşdə formalaşan müsbət dinamika və işgüzar mühit Bakıda davam etdirilib.

Mühüm beynəlxalq platforma

TDT-nin yaranmasına aparan yol Naxçıvandan başlayıb. 2009-cu ilin oktyabr ayında Naxçıvanda keçirilmiş Zirvə Görüşündə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”i imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib. 2021 ci il noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə qurumun adı dəyişdirlərək Türk Dövlətləri Təşkilatı adlandırılıb.

Hazırda TDT yüksək funksionallığa malik bir təsisatdır. Qısa müddətdə mühüm beynəlxalq platformaya çevrilən bu qurum Türkdilli ölkələrin ortaq gələcəyi anlamında qəbul olunur.

“Türk Dövlətləri Təşkilatının bugünkü inkişaf səviyyəsi üzv ölkələrin dövlət başçılarının məqsədyönlü siyasətinin və qətiyyətli iradəsinin nəticəsidir”. Bunu Azərbaycanın Baş naziri Əli Əsədov Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemi bu gün mürəkkəb sınaqlarla üz-üzədir. Belə bir şəraitdə TDT-nin fəaliyyətinin tamam fərqli baxış bucağından diqqət çəkdiyini bildirən Baş nazir vurğulayıb: “Dünyanın müxtəlif bölgələrində münaqişələrin dərinləşməsi, təhlükəsizlik risklərinin artması, logistika zəncirlərində pozuntular, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı çağırışlar dövlətlərarası əməkdaşlığın aktuallığını daha da artırır. Xüsusilə son zamanlar regionda müşahidə olunan gərginlik və artan eskalasiya şəraitində qarşılıqlı həmrəylik və koordinasiya olduqca böyük əhəmiyyət kəsb edir. Belə mürəkkəb şəraitdə Türk Dövlətləri Təşkilatı geniş coğrafiyada sülhün, sabitliyin, inkişafın və qarşılıqlı faydalı əməkdaşlığın təşviqinə töhfə verən mühüm beynəlxalq platformadır”.

Bütövlükdə, Türk dünyası 11,2 milyon kvadratkilometrdan artıq ərazini və 200 milyonadək əhalini əhatə edir. Türk coğrafiyasının sərhədləri Qərbdə Adriatik dənizi sahillərindən başlayır, Şərqdə Çin səddinə və Sibirədək uzanır. Türk xalqları tarixən bu coğrafiyada böyük imperatorluqlar (Hun, Göytürk, Avar, Xəzər, Uyğur, Qaraxanlı, Qəznəvi, Böyük Səlcuq, Xarəzmşahlar, Böyük Moğol, Qızıl Orda, Osmanlı, Teymurilər, Səfəvilər, Babur, Əfşarlar) və müxtəlif ölçülü dövlətlər qurmağa nail olublar. Müasir dövrdə isə 7 müstəqil türk dövləti var - Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və de-jure hələlik yalnız Türkiyə tərəfindən tanınan Şimali Kipr Türk Cumhuriyyəti. Bunlar hazırda türk dünyasının ümumi ərazisinin 44 faizini əhatə edir, qalan 56 faizi isə hələ ki, müstəqil deyildir.

Geniş türk coğrafiyası, eyni zamanda, böyük iqtisadiyyatdır. Burada zəngin təbii sərvətlər çəmləşib. Həmçinin türk dövlətləri kifayət qədər əlverişi coğrafi yerləşməyə malikdirlər. Avrasiyada Şərq-Qərb, Şimal-Cənub, eləcə də Transxəzər (Orta Dəhliz) kimi nəqliyyat bağlantıları məhz bu ərazilərdən keçir. Bütün bunlar türk dünyasının beynəlxalq birliyə yeni güc mərkəzi kimi təqdim ediməsinə real əsaslar yaradır.

Azərbaycanın artan rolu

Biz yuxarıda TDT-nin təməlinin Naxçıvanda qoyulduğunu qeyd etdik. Sonrakı mərhələlərdə də türk birliyinin möhkəmlənməsində hər zaman Azərbaycanın artan rolu diqqət çəkib. İndiyədək Prezident İlham Əliyev Türkdilli ölkələr arasında siyasi, iqtisadi, mədəni inteqrasiyanın daha da dərinləşməsini hədəfləyən çoxsaylı təşəbbüslər irəli sürüb və həmin təşəbbüslər TDT-na üzv dövlətlər tərfindən böyük məmnunluqla qarşılanıb. Dövlətimizin başçısı türk dünyasını vahid bir ailə kimi səciyyələndirib və bildirib ki, bizi başqa yerdə gözləmirlər.

Belə həssas yanaşmanın təzahürü olaraq Azərbaycan mütəmadi qaydada TDT-nin müxtəlif tədbirlərinə məmnuniyyətlə ev sahibliyi edir.  Xatırladaq ki, 2024-cü il iyulun 6-da ilk dəfə Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Ötən il oktyabrın 7-də isə Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü baş tutub. Tarixi şəhərimiz olan Qəbələnin ev sahibliyi ilə keçirilən Zirvə Görüşü TDT-nin inkişafında starteji bir addım kimi dəyərləndirlir. Tədbir çərçivəsində qəbul olunan qərarlar və birgə Bəyanat qarşıdakı strateji mərhələdə Türk dünyasının əsas hədəflərini müəyyənləşdirib.

Qəbələ Zirvə Görüşündə TDT-yə sərlik dost Qırğızıstandan Azərbaycana keçib. Məlumdur ki, respublikamızın TDT-na bundan əvvəlki sədrliyi qlobal pandemiya dövrünə təsadüf edib. Azərbaycan əvvəlcədən məsuliyyətli bir gündəlik müəyyənləşdirmişdi. Ancaq qlobal pandemiyanın yaratdığı çağırışlar  fərqli idi və buna görə də respublikamız gündəliyini yeni tələblərə uyğunlaşdırmaq məcburiyyətində qaldı. Həmin çətin günlərdə Prezident İlham Əliyev o mövqedən çıxış etdi ki, qlobal çağırışlara ancaq beynəlxalq həmrəyliyi gücləndirməklə cavab vermək mümkündür. Beləliklə, dövlətimizin başçısının təşəbbüsü ilə Türkdilli ölkələrin dövlət başçılarının onlayn formatda çox mühüm Zirvə Görüşü təşkil olundu. Bu, qlobal pandemiya dövründə beynəlxalq səviyyədə təşkil olunan ilk belə tədbir idi.

Həmin təcrübəyə istinad edərək belə bir qənaəti əminliklə ifadə edə bilərik: Azərbaycan bu dəfə də liderlik keyfiyyətləri nümayiş etdirməklə uğurlu sədrlik həyata keçirəcək. Baş nazir Əli Əsədov çıxışında bildirib ki, Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının fəaliyyətinə fəal töhfə verməyə, üzv dövlətlərlə çoxtərəfli və ikitərəfli əsasda əməkdaşlığı daha da inkişaf etdirməyə hazırdır. O qeyd edib ki, cari ildə Azərbaycanın sədrliyi çərçivəsində təşkilat daxilində həmrəyliyin möhkəmləndirilməsi, praktiki əməkdaşlığın genişləndirilməsi və ortaq təşəbbüslərin irəli aparılması istiqamətində məqsədyönlü səylər davam etdiriləcək.

58 sahəni əhatə edən əməkdaşlıq

Bakının ev sahibliyi etdiyi tədbirdə Türkdilli ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişlənməsindən böyük məmnunluq ifadə olunub. Bu xüsusda fikirlərini ifadə edən Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev deyib: “Türk Dövlətləri Təşkilatı əməkdaşlığın gücləndirilməsində və hökumətlər arasında daha yaxşı əlaqənin təmin edilməsində öz rolunu göstərib. Son illər ərzində təşkilat öz fəaliyyətinin miqyasını genişləndirib. Hal-hazırda 58 müxtəlif sahədə biz əməkdaşlıq mexanizmləri tətbiq edirik”.

“Hazırda regionumuzda və dünyada ciddi çağırışlar müşahidə olunur. Biz isə yaranan qeyri-sabitlik səbəbindən dövlət başçılarımızın təlimatlarına əsasən siyasi və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndiririk. Həmçinin nəqliyyat bağlantıları da əməkdaşlığın ən perspektivli sahələrindən biridir və Orta Dəhliz bu gün cari geosiyasi mühitdə ən vacibidir. Belə ki, 2025-ci ildə Orta Dəhlizlə yükdaşıma həcmi 4,7 milyon tona çatıb və bu rəqəmin 2027-ci ilə qədər 10 milyon tona çatacağı gözlənir”, - deyə Kubanıçbek Ömüralıyev vurğulayıb.

Qarşılıqlı ticarət dövriyyəsi də getdikcə artır. Baş nazir Əli Əsədovun sözlərinə görə, ötən il Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ümumi ticarət dövriyyəsi 5 faizdən çox artıb. Azərbaycanın üzv dövlətlərə yatırdığı sərmayələrin ümumi həcmi isə 21 milyard ABŞ dollarıdır. Eyni zamanda, bir sıra tərəfdaş ölkələrlə yaradılmış birgə investisiya fondları prioritet sahələr üzrə qarşılıqlı sərmayə qoyuluşunun genişlənməsinə və iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.

Qarşılıqlı ticarətin payının 10 faizə çatdırılması hədəflənir

TDT-də təmsil olunan ölkələr arasında qarşılıqlı ticarəti genişləndirmək imkanları kifayət qədər böyükdür. Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz bildirib ki, 2024-cü ildə TDT-yə üzv və müşahidəçi ölkələrin öz aralarındakı ixracının ümumi həcmi 35,3 milyard dollara çatıb. Bu rəqəm, ölkələrimizin dünya üzrə ümumi ixracının 6,1 faizinə bərabərdir.

O vurğulayıb ki, eyni dövrdə ölkələrimiz bütün dünya ilə ticarətdə təxminən 1,2 trilyon dollarlıq dövriyyəyə nail olaraq, qlobal miqyasda çəkisini bir daha sübut edib.

“Təşkilat daxilində ticarət həcminin daha yüksək səviyyəyə çatdırılması üçün liderlərimiz tərəfindən konkret hədəfin müəyyənləşdirilməsinin faydalı olacağını düşünürəm. Bu çərçivədə qarşılıqlı ixracın ümumi ixracdakı payını yaxın dövrdə ən azı 10 faizə çatdıra biləcəyimizə inanıram. Düşünürəm ki, ikitərəfli və regional iqtisadi münasibətlərimizi gücləndirən digər mühüm sahə investisiyalardır. Bu baxımdan, TDT-yə üzv ölkələrin investisiyalarını prioritet istiqamətlərə yönəldəcək konkret təşəbbüslərə fokuslanmaq artıq seçim deyil, strateji zərurətdir. İkitərəfli səviyyədə İnvestisiyaların Qarşılıqlı Təşviqi və Qorunması haqqında sazişlərin müasir tələblərə uyğun şəkildə yenilənməsi investorlar üçün daha etibarlı mühit yaradacaq və qərarların daha sürətli qəbuluna təkan verəcək”, - deyə Türkiyənin Vitse-prezidenti bildirib.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 122 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Növbəti qurban...

03 Aprel 10:35

Gündəm

MEDİA

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30