Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Yaşıl Enerji Dəhlizi” genişlənir...

“Yaşıl Enerji Dəhlizi” genişlənir...

26.05.2026 [08:50]

Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan yeni birgə şirkət təsis edib

İstanbulda Təbii Sərvətlər Zirvəsi çərçivəsində “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə nazirlərin 3-cü görüşü keçirilib. Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Gürcüstanın iqtisadiyyat naziri Mariam Kvrivişvili və Bolqarıstanın energetika nazirinin müavini Kirill Temelkovun iştirak etdiyi görüşdə “Şərq-Qərb Yaşıl Enerji Dəhlizi”nin yaradılması təşəbbüsü çərçivəsində hazırlanan “Texniki Tapşırıq” sənədi (ToR) layihəsi müzakirə olunub. “Yaşıl Elektrik Enerjisinin Ötürülməsi və Ticarəti” layihəsi çərçivəsində 4 ölkənin ötürmə sistemi operatorları (TSO) tərəfindən birgə şirkətin yaradılması barədə qərar qəbul edilib. Şirkət Azərbaycan və Gürcüstandan elektrik enerjisinin Türkiyə elektrik şəbəkəsi vasitəsilə Türkiyə və Bolqarıstana, daha sonra isə digər Avropa bazarlarına ötürülməsi ilə bağlı texniki-hüquqi məsələləri idarə edəcək.

2022-ci ildə təməli qoyulmuş enerji layihəsi

Qeyd edək ki, “Yaşıl Enerji Dəhlizi” layihəsi 2022-ci ildə Rumıniyada Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması ilə ərsəyə gəlib. Dörd ölkənin imzaladığı sazişin icrasını təmin etmək məqsədilə 2024-cü ilin may ayında tərəflər arasında yeni enerji ənəkdaşlığı üzrə birgə müəssisənin yaradılmasına dair memorandum imzalanıb və “yaşıl enerji”nin ixracında tranzitlərin birləşdirilməsi və vahid kabelin yaradılması üçün hüquqi çərçivə formalaşıb. Birgə müəssisənin yaradılmasından sonra “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin (“Qara dəniz” kabeli) icrasını təmin etmək üçün Rumıniyanın “Transelectrica”, Azərbaycanın “Azərenerji” ASC, Gürcüstanın “Elektrik Şəbəkəsi” və Macarıstanın “MVM” şirkəti arasında da saziş imzalanıb.

“Yaşıl enerji” həmrəyliyi halqası sonrakı dövrdə daha da genişlənib və Türkiyə də bu sistemə qoşulub. Dəhlizin ayrıca seqmenti kimi Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan xətti təsis olunub. Belə ki, ötən il Bakıda keçirilən Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində “Azərbaycan Respublikasının Energetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi və Bolqarıstan Respublikasının Energetika Nazirliyi arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalayıb. Bu sənəd “yaşıl enerji” proqramı üzrə tərəfdaş ölkələri bir araya gətirməklə “yaşıl koalisiyanı” daha da genişləndirib.

Türk və ərəb dövlətləri arasında vahid əlaqələndirmə

Digər türk dövlətləri - Qazaxıstan və Özbəkistan da dəhlizdə yer almaq niyyətlərini bəyan edib və enerji koalisiyası daha da böyüyüb. 2024-cü il noyabrın 13-də Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri İlham Əliyev, Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyevin üçtərəfli görüşü zamanı “Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sənəd Mərkəzi Asiyanın günəş və külək elektrik stansiyalarından alınan “təmiz” elektrik enerjisinin Azərbaycan ərazisindən keçməklə Avropaya nəqli perspektivlərini nəzərdə tutur.

Yeri gəlmişkən, ərəb dövlətləri də “yaşıl enerji” koalisiyasına qoşulmağı planlaşdırır. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri artıq xeyli müddətdir ki, Mərkəzi Asiya və Azərbaycanda “yaşıl layihələr”də təmsil olunur.

“Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq üzrə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanı Krallığının energetika nazirlikləri arasında İcra Proqramı”nın imzalanması, habelə Birləşmiş Ərəb Əmirliklərinin bərpaolunan layihələrdə təmsil olunması gələcəkdə Qara dəniz-Xəzər kabeli layihəsinin Yaxın Şərq və Körfəz regionunu əhatə edəcəyini istisna etmir.

Cənub Qaz Dəhlizinin “yaşıl tranziti”...

Hazırda dünyada sürətli enerji keçidi həyata keçirilir. Müxtəlif regionlarda artan geosiyasi risklər və logistika dəhlizlərində qırılmalar dayanıqlı enerji təchizatında da problemlər yaradır. Bu konteksdə qitə dövlətləri ənənəvi enerjidən alternativ enerjiyə keçid üçün strateji kurs üzrə fəallığı artırmaqdadır. Bir müddət əvvəl Avropa Komissiyası təmiz enerjiyə keçid üçün yol xəritəsini elan edib və ittifaq ölkələrini təcili addımlar atmağa çağırıb. Məhz bu baxımdan alternativ enerji marşrutu kimi əsas diqqət Mərkəzi Asiya və Xəzər bölgəsinə yönəlib.

Azərbaycan Mərkəzi Asiya-Xəzər-Avropa və yaxud “Qara dəniz kabeli” adlandırılan layihəni həm də Cənub Qaz Dəhlizində yer alan bütün ölkələrin ortaq ailəsi kimi görür və siyasəti də bu istiqamətdə irəlilədir. Bir müddət əvvəl Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərinin və Yaşıl Enerji Məşvərət Şurasının iclaslarında “yaşıl enerji” vacib əməkdaşlığın ən nəhəng platforması kimi dəyərləndirilib. Bu layihə çərçivəsində “yaşıl hidrogen”lə bağlı ölkələrarası dialoqun artırılması qərara alınıb. Eyni zamanda, Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 8 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb.

Qarabağ və Naxçıvanı birləşdirən “yaşıl hədəflər”

“Yaşıl Enerji Dəhlizi”nin digər mühüm prioriteti işğaldan azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının bərpaolunan güclərinin bu nəql xəttinə cəlb edilməsidir. Həmin ssenariyə əsasən, azad ərazilərdə günəş enerjisi layihəsinin icrasına dair anlaşma əldə edilib. Azərbaycan hökuməti və “Enerso Cəbrayıl” MMC, “Clean Energy Jabrayil” MMC arasında imzalanmış sazişlərə əsasən, Cəbrayıl rayonunda 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası və 50 MVt gücündə “Şəms” Günəş Elektrik Stansiyası inşa olunacaq. Azərbaycan Energetika Nazirliyi və “Nobel Energy Limited” şirkəti arasında imzalanmış digər saziş isə Naxçıvan şəhərində 30 MVt gücündə Günəş Elektrik Stansiyasının tikintisini nəzərdə tutur. Sazişlərin icrası “Yaşıl enerji zona”sı elan edilmiş azad ərazilərdə və Naxçıvanda mövcud bərpaolunan enerjinin Xəzər-Qara dəniz kabelinə qoşulmasını təmin edəcək.

Beləliklə, təmiz enerjiyə keçidin ən etibarlı qollarından biri olan “Yaşıl Enerji Dəhlizi” böyük bir bölgəni əhatə etməklə təmiz enerjiyə keçid strategiyasının prinsiplərinə uyğun olaraq rəqabətqabiliyyətli bazarın formalaşmasına və bərpaolunan mənbələrdən elektrik enerjisinin çoxşaxəli mübadiləsini təmin edəcək. Bu baxımdan layihənin Cənubi Qafqaz-Avropa platformasından çıxaraq digər regionları da qovuşduracağı istisna deyil.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 9 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31