Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / WUF13: Azərbaycanın multikulturalizmə verdiyi daha bir mühüm töhfə

WUF13: Azərbaycanın multikulturalizmə verdiyi daha bir mühüm töhfə

26.05.2026 [11:26]

Azərbaycan paytaxtında BMT-nin Ümundünya Şəhərsalma Forumunun  13 sessiyası (WUF13) uğurla yekunlaşdı. Ölkəmizdə 2024-cü ilin noyabr ayında keçirilən və qlobal iqlim  məsələlərinə həsr olunan COP29 -da olduğu kimi,  WUF13-də də Azərbaycan ev sahibi ölkəsi olaraq yeni çağırışlar dönəmində beynəlxalq birliklə həmrəyliyini ortaya qoydu və böyük səylər göstərməklə bir sıra mühüm  substantiv nəticələr qazanılmasına nail oldu.

Respublikamızda Ümumdünya Şəhərsalmaa Forummunun 13-cü sessiyasının keçirilməsi və burada aktual müzakirələr əsnasında əldə olunan nəticələr Azərbaycanın beynəlxalq birliyin şəhərsalma ilə bağlı kollektiv fəaliyyətinə sanballı töhfəsidir. Forumla bağlı bu və digər mühüm məqamlara Azərbaycan  Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) başa çatması ilə bağlı edilən paylaşımda  məmnunluq hissi ilə diqqət çəkilib.

Qlobal şəhərsalma gündəliyinə verilən güclü siyasi impuls

Paylaşımda vurğulandığı kimi, Azərbaycan COP29-dan sonra ölkədə keçirilən ikinci ən böyük beynəlxalq tədbir olan WUF13 kimi daha bir mühüm qlobal tədbirə ev sahibliyi etmək şərəfinə nail oldu. Yeni çağırışların yarandığı indiki həssas dönəmdə Ümumdünya Şəhərsalma  Forumunun 13-cü sessiyasının  paytaxtımızda keçirilməsinə qərar verilməsi beynəlxalq birliyin ölkəmizə olan böyük inamının daha bir ifadəsidir. Bu inam bir sıra amillərlə şərtlənir.

Əvvəla, Azərbaycan ardıcıllıqla həyata keçirlən siyasətin nəticəsi olaraq BMT tərəfindən bəyan olunan Dayanıqlı İnkişaf Məqsədlərinə çatılması yolunda ciddi uğurlara imza atıb. Dinamik templərlə inkişaf edən respublikamızın təcrübəsi bütün dünya üçün nümunə sayıla bilər.

Digər tərəfdən, Azərbaycanın Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən multiregional xarici siyasət kursu xoş mərama əsaslanır. Yaranan qlobal çağırışlar qarşısında beynəlxalq həmrəyliyin gücləndirilməsi təşəbbüsləri bu siyasətin mühüm istiqamətini təşkil edir. Yeni növ koronavirus pandemiyası dönəmində dünya Azərbaycanın beynəlxalq həmrəyliyə necə böyük töhfələr verdiyinin şahidi oldu. Həmin kritik dönəmdə respublikamız Ümumdünya Səhiyyə Təşkilatını,  imkanları məhdud olan dövlətləri həm siyasi, həm də maddi cəhətdən dəstəklədi. Azərbaycan həmçinin 2024-cü ilin noyabrında iqlim sammitinə böyük uğurla ev sahibliyi etməklə qlobal çağırışlara həssas yanaşmasını və beynəlxalq birliyin kollektiv fəaliyyətlərində yaxından iştirak etməkdə israrlı mövqedə olduğunu ortaya qoydu.

Azərbaycanın qlobal həmrəyliyə verdiyi töhfələr beynəlxalq birlik tərəfindən yüksək dəyərləndirilir. Bu gün dünyada Azərbaycana böyük inam və hörmət bəslənilir. Öz növbəsində respublikamız beynəlxalq birliyin etimadını yüksək məsuliyyət kimi qəbul edir və onu doğrultmağa çalışır. Bunun növbəti təsdiqi isə WUF13 oldu. “Təxminən 60 min iştirakçının rekord sayı ilə WUF13 tarixə ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi düşdü. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə təşkil olunan Liderlər Seqmenti qlobal şəhərsalma gündəliyinə daha böyük siyasi impuls vermiş oldu”, - deyə paylaşımda vurğulanır.

Dünya üçün dəyərli nümunə - Azərbaycanın unikal təcrübəsi

WUF13 sessiyasına ev sahibliyi hüququnun Azərbaycana verilməsini şərtləndirən digər bir vacib amil isə, heç şübhəsiz ki, ölkəmizin şəhərsalma sahəsində qazandığı unikal təcrübədir. Çox doğru olaraq WUF13 ölkənin beynəlxalq urban siyasəti və qlobal əməkdaşlıq proseslərində artan rolunun göstəricisi kimi qiymətləndirilir. Tədbirə Bakı şəhərinin ev sahibliyi etməsi yalnız təşkilati məsuliyyət deyildi, həm də şəhərsalma sahəsində əldə edilən təcrübənin dünyaya təqdim olunması üçün əlverişli imkanın yaranması demək idi. Respublikamızda şəhərsalmanın qədim tarixi var. Prezident İlham Əliyevin bildirdiyi kimi, nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər. Dövlətimizin başçısı WUF13-ün açılış mərasimindəki çıxışında böyük məmnunluq hissi ilə Azərbaycanın bir neçə tarixi şəhəri və zaman-zaman yaradılan memarlıq abidələri barədə qonaqlara məlumat verib.  Vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olan və XIV əsrdə yazıb-yaratmış dahi Azərbaycan şairi Nəsiminin doğulduğu yerdə - Şamaxıda 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən biri var. Bir vaxtlar Atabəylər dövlətinin paytaxtı olan, dahi memar Əcəmi Naxçıvaninin vətəni Naxçıvanda onun tikdiyi XII əsrə aid Möminə xatun türbəsi var. Dünyanın ən qədim şəhərlərindən biri olan, XII əsrdə yaşayıb-yaratmış digər dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni Gəncə bu gün Bakı kimi inkişaf edir və tarixi simasını qoruyur. Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı tarixi abidələr var.

Paytaxt Bakı həm Şərq, həm də Qərb şəhər inkişaf modellərinin kəsişməsində yerləşən dinamik urban mərkəzi kimi çıxış edir. Bu gün biz paytaxt Bakının timsalında qədimliklə müasirliyin unikal vəhdətini görə bilərik. Tarixin daş möhürləri olan İçərişəhər, Qız Qalası, Şirvanşahlar Sarayı keçmişdə də əcdadlarımızın memarlıq təxəyyüllərinin nə qədər geniş olduğunu göstərir. Eyni zamanda, bu gün Azərbaycanın gur inkişafını təcəssüm etdiurən müasir,  əzəmətli Bakı formalaşır. Heydər Əliyev Mərkəzinin unikal memarlıq həllinə malik binası, Üç Alov qüllələri və digər tikililər paytaxtımızın yeni gözəllik rənmzlərinə çevrilib. 2024-cü ilin əvvəlində təqdim olunan Bakı şəhərinin Baş Planı ölkəmizin müasir şəhərsalma çağırışlarına yanaşmasını aydın şəkildə nümayiş etdirir.

Bu gün həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə reallaşdırdığı bərpa modelini fəxrlə təqdim etmək mümkündür. Bu model dayanıqlılıq, ərazi reinteqrasiyası və insanyönümlü inkişaf prinsiplərinə əsaslanır. Qarabağ və Şərqi Zəngəzurdakı şəhər və kənd icmaları üçün kompleks Baş planlar hazırlanıb və həyata keçirilir.  Bu forum vasitəsilə Azərbaycan şəhər mühitində əlçatanlıq, inklüzivlik və dayanıqlılıq prinsiplərinin tətbiqinə dair real təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşmək imkanı əldə edib. Ölkəmizin şəhərsalma təcrübəsinin dünya üçün nümunə kimi səciyyələndirildiyi paylaşımda oxuyuruq: “Urbisid, kultursid və ekosidin qurbanı olmuş ölkə kimi Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan yenidən qurur. Buna görə də beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın münaqişədənsonrakı bərpa səylərinin yüksək qiymətləndirilməsindən qürur duyuruq; bu səylər dünyanın digər postmünaqişə bölgələri üçün dəyərli nümunə kimi vurğulanır.”

WUF13-ün heyrətamiz nəticələri

Dövlət başçısının sosial şəbəkə hesabında edilən paylaşımda, həmçinin Azərbaycan paytaxtının ev sahibliyi etdiyi tədbirin beynəlxalq birliyin kollektiv fəaliyyəti üçün dəyərli töhfə olan heyrətamiz nəticələrinə diqqət çəkilib. “WUF13 çərçivəsində aparılan zəngin və hərtərəfli müzakirələr iki mühüm yekun sənədin - Sədrin Xülasəsi və “Bakı Fəaliyyətə Çağırış” sənədinin qəbul olunması ilə nəticələndi”, - deyə paylaşımda bildirilir.

Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası  rekord nəticələr və diqqətçəkən məqamlarla yekunlaşıb. Qlobal şəhərsalma gündəliyinin inkişafı, tərəfdaşlıqların genişlənməsi və gələcək əməkdaşlıq imkanlarının gücləndirilməsi baxımından Forum mühüm platforma rolunu oynayıb. WUF13-də ümumi iştirakçı sayı 176 ölkədən (o cümlədən ən azı 3 000 onlayn iştirakçı olmaqla) 58 000 nəfəri ötüb. Bu göstəricilər Forumun 24 illik tarixində WUF13-ün ən böyük sessiya kimi yadda qalmasına səbəb olub. Forum gender bərabərliyi baxımından da mühüm nəticə əldə edib - iştirakçıların 55 faizdən çoxunu qadınlar və qızlar təşkil edib.

Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə olaraq, ev sahibi ölkənin təşəbbüsü ilə təşkil edilən Liderlər Sammitində 27 dövlət və hökumət başçısı iştirak edib. Forum çərçivəsində 150-dən çox nazir, 130-dan artıq şəhər başçısı, BMT Baş katibinin müavini və bir sıra yüksək səviyyəli rəsmilər təmsil olunub. WUF13-ün əsas yenilikləri sırasında Bakı Urban Mükafatı, Biznes və İnnovasiya Hub-ı, WUF Akademiyası kampusu və Təcrübələr Hub-ı xüsusi yer tutub.

Forumun əsas nəticəsi isə, heç şübhəsiz ki, “Bakı Fəaliyyətə Çağırış” (Baku Call to Action) sənədinin qəbul edilməsi olub. Sözügedən sənəd qlobal mənzil böhranının aradan qaldırılması və Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi istiqamətində dövlətlərin, beynəlxalq təşkilatların, şəhərlərin, vətəndaş cəmiyyətinin və ekspertlərin ortaq baxışını əks etdirir.

Forumun yekunları üzrə qəbul edilən və mühüm irs sənədlərindən biri hesab olunan “Sədrin Xülasəsi” (Chair Summary) şəhərsalma və dayanıqlı inkişaf sahəsində beynəlxalq əməkdaşlığın əsas istiqamətlərini özündə əks etdirib. Sənəddə şəhərlərin dayanıqlılığı, əlçatan mənzil siyasəti, iqlim dayanıqlılığı və inklüziv şəhərsalma sahəsində praktiki həllərin birgə hazırlanmasının vacibliyi vurğulanır, eyni zamanda qlobal mənzil böhranının aradan qaldırılması istiqamətində beynəlxalq gündəliyin təşviqi ön plana çəkilir. Sənədlərdə Prezident İlham Əliyevin dayanıqlı inkişaf, müasir şəhərsalma, post-münaqişə bərpası və qlobal əməkdaşlıq sahələrində həyata keçirdiyi uzaqgörən siyasət və strateji liderlik xüsusi vurğulanıb. “Forumdan irəli gələn və yekun sənədlərdə öz əksini tapan ideyalar - təmiz hava və dayanıqlı şəhər inkişafından tutmuş mədəni irsin qorunması və inkişaf etməkdə olan kiçik ada dövlətlərin ehtiyaclarınadək - qlobal şəhərsalma gündəliyini daha da zənginləşdirəcək və istiqamətləndirəcək”, - deyə paylaşımda bildirilib.

Qlobal qeyri-müəyyənlik şəraitində Azərbaycanın fərqli mümunəsi

Nümunəvi tolerantlıq mühitinə malik olması Azərbaycanı fərqləndirən çox mühüm bir cəhətdir və bu, dünyada mədəniyyətlərarası dialoqun kritik dönəmdən keçdiyi indiki dövrdə xüsusi nəzərə çarpır. Açıq deyək ki, dünyada müşahidə edilən mənzərə heç də ürəkaçan deyil. Bir sıra hallarda sivilizasiyalararası qarşıdurmaların müşahidə edilməsi son dərəcə kədərli təəssüratlar oyadır. Bəşəriyyət sanki geridönüş edir və ayrı-ayrı məkanlarda dinlər, etiqadlar, irqlər arasında qarşıdurmalar açıq müstəviyə keçir. Ən qorxulu cəhət ondan ibarətdir ki, mədəniyyətlərarası dözümsüzlük əksər hallarda müəyyən qüvvələr, hətta dövlətlər səviyyəsində təşviq edilərək qızışdırılır.

Dünyadakı belə kədərli mənzərə ilə müqayisədə respublikamızın reallıqları tamam fərqlidir. Başqa dinlərə, mədəniyyətlərə sayğılı münasibət bəslənilməsi Azərbaycanda oturuşmuş bir ənənədir. Tarix boyunca respublikamızın ərazisində müxtəlif inanclara məxsus insanlar əmin-amanlıq şəraitində yaşayaraq öz gələcəklərini qurublar. Tarixdən gələn ənənələr bu gün də yaşayır. Azərbaycan çoxkonfessiyalı dövlətdir. Hazırda  ölkə əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Lakin belə fərqlilik ölkəmizdə əsla ayırıcı xətlər yaratmır, əksinə, biz bununla qürur duyuruq.

Azərbaycan malik olduğu multikultural dəyərləri müxtəlif yollarla, o cümlədən paytaxtımızda ənənəvi olaraq keçirilən mədəniyyətlərarası dialoq forumları, ölkəmizdə əsası qoyulan Bakı prosesi vasitəsilə dünyada təşviq etməyə ardıcıl səylər göstərir. Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu istiqamətdə dövlət siyasətinə güclü dəstək verir. Fondun uğurla reallaşdırdığı multikultural çağırışları özündə ehtiva edən tədbirləri artıq bütün dünyada məşhurdur.

Həmçinin WUF13 tədbirində də beynəlxalq birlik Azərbaycanın multikultural muhitinə və bu istiqamətdəki niyyətlərinə bir daha şahidlik etdi. Qeyd edək ki, WUF13 çərçivəsində yerli xalqların hüquqları ilə bağlı tədbir keçirilib. “Yerli xalqların hüquqları üzrə dəyirmi masa”da  bildirilib ki, yerli xalqlar bəşəriyyətin mədəni yaddaşını və tarixi irsini yaşadan əsas daşıyıcılardır. Onların hüquqlarının müdafiəsi təkcə hüquqi və siyasi deyil, həm də mənəvi və humanitar bir öhdəlikdir. Urbanizasiya prosesləri heç bir halda yerli xalqların və etnik icmaların öz kimliyini, dilini və mədəni yaddaşını itirməsinə səbəb olmamalıdır, əksinə, şəhərlər müxtəlif etnik və dini icmaların özlərini təhlükəsiz və bərabərhüquqlu hiss etdikləri inklüziv məkana çevrilməlidir. “Qlobal qeyri-müəyyənliyin artdığı bir dövrdə WUF13 Azərbaycanın daha yaxşı gələcək naminə multikulturalizmə və kollektiv fəaliyyətə verdiyi daha bir mühüm töhfədir”, - deyə paylaşımda vurğulanıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 4 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31