Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Şuşa Forumu informasiya diplomatiyasının mühüm vasitəsinə çevrilib

Şuşa Forumu informasiya diplomatiyasının mühüm vasitəsinə çevrilib

15.07.2026 [12:33]

Meydanəli Yolçiyev

​​​YAP Daşkəsən rayon təşkilatının sədri

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda çıxışı dövlətimizin xarici siyasətinin, enerji strategiyasının və beynəlxalq iqtisadi əməkdaşlıq modelinin əsas istiqamətlərini əks etdirən mühüm siyasi mesajlarla yadda qalıb. Azərbaycan təkcə Cənubi Qafqazın deyil, Avrasiya məkanının enerji təhlükəsizliyinin təmin olunmasında, nəqliyyat dəhlizlərinin inkişafında və qlobal əməkdaşlığın genişlənməsində mühüm rol oynayan etibarlı tərəfdaşa çevrilib.

Şuşa Forumu artıq qlobal informasiya məkanında özünəməxsus yer tutan nüfuzlu beynəlxalq platformaya çevrilib. Bu il 53 ölkədən 160 nümayəndənin, o cümlədən 30 xəbər agentliyinin, 60-dan çox media qurumunun, 10 beynəlxalq təşkilat və təsisatın iştirak etməsi Forumun beynəlxalq nüfuzunun ildən-ilə artdığını nümayiş etdirir. Son dörd ildə 81 ölkədən 600-ə yaxın media nümayəndəsinin Şuşada bir araya gəlməsi Azərbaycanın yaratdığı bu platformanın beynəlxalq dialoq baxımından xüsusi əhəmiyyət daşıdığını təsdiqləyir.

Forum yalnız media nümayəndələrinin fikir mübadiləsi apardığı məkan deyil. Bu platforma Qarabağda həyata keçirilən bərpa və yenidənqurma işlərinin, Böyük Qayıdış Proqramının nəticələrinin və Azərbaycanın postmünaqişə dövründə qazandığı uğurların beynəlxalq ictimaiyyətə nümayiş etdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlər Qarabağda baş verən dəyişiklikləri öz gözləri ilə görərək obyektiv informasiya əldə etmək imkanı qazanırlar.

Prezident İlham Əliyevin çıxışında enerji təhlükəsizliyi məsələləri xüsusi yer tutur. Dövlət başçısı bu ildən etibarən Azərbaycanın Almaniya və Avstriyaya da təbii qaz ixracına başladığını diqqətə çatdırıb. Bununla Azərbaycanın boru kəmərləri vasitəsilə qaz ixrac etdiyi ölkələrin sayı 16-ya çatıb və ölkəmiz qaz ixracının coğrafi əhatəsinə görə dünyada lider mövqedə qərarlaşıb. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun davamlı şəkildə artdığının göstəricisidir.

Azərbaycanın enerji siyasəti yalnız mövcud bazarların qorunmasına deyil, eyni zamanda yeni bazarlara çıxışın təmin edilməsinə hesablanıb. Hazırda Avropa İttifaqının bir sıra üzv dövlətləri ilə həm yeni qaz tədarükü, həm də mövcud həcmlərin artırılması istiqamətində danışıqlar aparılır. Dünyada enerji təhlükəsizliyinin strateji əhəmiyyət qazandığı bir dövrdə Azərbaycanın etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş kimi mövqeyi daha da güclənir.

Prezident İlham Əliyev çıxışında bərpaolunan enerji sahəsində həyata keçirilən layihələrin strateji əhəmiyyətini vurğulayıb. Ölkəmiz 2032-ci ilədək 8 giqavat bərpaolunan enerji gücü yaratmağı qarşıya məqsəd qoyub. Bu layihələr elektrik enerjisi istehsalında istifadə olunan milyardlarla kubmetr təbii qaza qənaət etməyə imkan verəcək və həmin həcmlərin ixraca yönəldilməsi üçün əlavə imkanlar yaradacaq. Beləliklə, ənənəvi enerji ilə yaşıl enerji siyasəti bir-birini tamamlayan vahid inkişaf modelinə çevrilir. Enerji strategiyasının mühüm hissəsini nəqliyyat infrastrukturunun genişləndirilməsi təşkil edir.

Prezident İlham Əliyevin çıxışında regional əməkdaşlıq və nəqliyyat dəhlizlərinin inkişafı da qeyd olunub. Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması yeni iqtisadi imkanlar yaradır, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək TRIPP layihəsi regionun nəqliyyat xəritəsini əhəmiyyətli dərəcədə dəyişəcəkdir. Bu layihə yalnız nəqliyyat əlaqələrinin genişlənməsinə deyil, eyni zamanda Cənubi Qafqazda qarşılıqlı etimadın möhkəmlənməsinə, iqtisadi inteqrasiyanın sürətlənməsinə və regional təhlükəsizliyin güclənməsinə xidmət edəcək. Yeni kommunikasiya xətlərinin açılması bütövlükdə regionun iqtisadi inkişafına əlavə töhfələr verəcək.

Dövlət başçısının çıxışında mühüm istiqamətlərdən biri də Azərbaycan–Çin münasibətlərinin dinamik inkişafı olub. Prezident İlham Əliyev qeyd edib: “Mənim keçən il Çin Xalq Respublikasına dövlət səfərimdən və hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanmasından sonra bütün sahələrin, - siyasi, iqtisadi, nəqliyyat, - hamısında qarşılıqlı fəaliyyətin əhəmiyyətli dərəcədə fəallaşması müşahidə olunub”. Bu gün Azərbaycanda fəaliyyət göstərən Çin şirkətlərinin sayı artır, onların bir qismi artıq iri investisiya layihələrini həyata keçirir. Azərbaycan ilə Çin arasında əməkdaşlıq yalnız iqtisadi sahə ilə məhdudlaşmır. Müdafiə sənayesi sahəsində yeni əməkdaşlıq istiqamətlərinin açılması, hərbi-texniki əlaqələrin inkişaf etdirilməsi və müasir texnologiyaların tətbiqi iki ölkə arasında strateji münasibətlərin yeni mərhələyə yüksəldiyini nümayiş etdirir.

Orta Dəhlizin inkişafı da bu əməkdaşlığın mühüm istiqamətlərindəndir. Çin ilə Avropa arasında yükdaşımalarının artması fonunda Azərbaycanın tranzit imkanları daha da genişlənir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının artırılması və logistika infrastrukturunun modernləşdirilməsi ölkəmizin Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə çevrilməsini sürətləndirir.

Yaşıl enerji sahəsində Azərbaycan–Çin əməkdaşlığı xüsusi diqqət çəkir. Günəş elektrik stansiyalarında istifadə olunan avadanlıqların böyük hissəsinin Çin istehsalı olması, ölkəmizdə Günəş paneli istehsalı zavodunun yaradılması istiqamətində həyata keçirilən investisiya layihələri və BYD elektrik avtobuslarının birgə istehsalı Azərbaycanın yaşıl iqtisadiyyata keçid strategiyasının mühüm elementləridir.

Azərbaycanın xarici siyasəti qarşılıqlı faydalı əməkdaşlığa, iqtisadi tərəfdaşlığın genişləndirilməsinə, enerji təhlükəsizliyinin təmin edilməsinə və regional sabitliyin möhkəmləndirilməsinə əsaslanır. Müxtəlif istiqamətlərdə həyata keçirilən layihələr ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirir, Avrasiyanın mühüm enerji, nəqliyyat və logistika mərkəzlərindən birinə çevirir. IV Şuşa Qlobal Media Forumu isə dövlətimizin bu uğurlarını, strateji baxışını və gələcək inkişaf hədəflərini beynəlxalq ictimaiyyətə çatdıran nüfuzlu platforma kimi öz əhəmiyyətini ildən-ilə artırır. Azərbaycan sülhə, əməkdaşlığa, dayanıqlı inkişafa və qarşılıqlı etimada əsaslanan siyasətini bundan sonra da qətiyyətlə davam etdirəcəkdir.

Paylaş:
Baxılıb: 144 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Mədəniyyət

Sənətkar ömrü...

16 İyul 09:27  

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31