Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Avropa İttifaqında ciddi fikir ayrılığı...

Avropa İttifaqında ciddi fikir ayrılığı...

22.07.2026 [12:42]

6 üzv ölkə Rusiyaya qarşı yeni sanksiyalarla razılaşmır

Avropa İttifaqında (Aİ) Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı ciddi fikir ayrılığı yaranıb. “Financial Times” qəzetinin məlumatına görə, Avropa ölkələri başqa bir dövlətə görə maliyyə itkiləri vermək istəmir və sanksiya siyasəti böhran keçirir. Aİ-nin 6 üzv ölkəsi - Yunanıstan, Fransa, İtaliya, Almaniya, Avstriya və Portuqaliya Brüsselin təklif etdiyi bəzi sanksiyaların ya yumşaldılmasını, ya da tamamilə paketdən çıxarılmasını tələb edir. Qəzetə məlumat verən Avropa diplomatlarının sözlərinə görə, üzv dövlətlərin yeni sanksiyalara bu miqyasda etiraz etməsi son illərdə görünməmiş haldır.

21-ci paketlə bağlı müxtəlif tələblər irəli sürülür

Xatırladaq ki, iyulun 13-də XİN başçılarının görüşündən sonra Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzrə razılığa gələ bilmədiklərini, lakin danışıqların yekun mərhələdə olduğunu bəyan edib: “Təəssüf edirəm ki, 21-ci paketlə bağlı razılıq əldə edə bilmədik, baxmayaraq ki, biz ona kifayət qədər yaxınıq”. Onun sözlərinə görə, yeni paket üzrə razılaşmanın olmamasına baxmayaraq, nazirlər Aİ-nin müxtəlif sanksiya rejimləri çərçivəsində 250-dən çox fərdi sanksiyanın daxil edilməsini razılaşdırıblar. O, bunu Rusiya-Ukrayna müharibəsi başlayandan bəri fərdi sanksiyaların ən böyük raundu adlandırıb.

Kallas etiraf edib ki, üzv dövlətlər paketlə bağlı müxtəlif tələblər və etirazlar irəli sürürlər, çünki müharibə artıq bir neçə ildir davam edir və bütün Aİ ölkələrinin iqtisadiyyatlarına təsir göstərir. Lakin, onun sözlərinə görə, Avropa iqtisadiyyatı üçün ən yaxşı həll yolu müharibənin dayandırılmasıdır, bu isə Moskvaya təzyiqin saxlanılmasını tələb edir. O, sanksiyalar paketindən məhz hansı müddəaların çıxarıla biləcəyini açıqlamaqdan imtina edib. Bununla yanaşı, Aİ diplomatiyasının rəhbəri Avropa Komissiyası tərəfindən ilkin olaraq təklif edilən paketin danışıqlar zamanı dəyişikliklərə məruz qaldığını təsdiqləyib: “Təkliflərin başlanğıcda maksimum dərəcədə güclü olması həmişə yaxşıdır. Anlayırıq ki, danışıqlar gedişində bəzi müddəalar çıxarılacaq, lakin yekunda paket öz gücünü qorumalıdır”.

Xatırladaq ki, iyunun 9-da Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen əsasən Rusiyanın neft ixracı və bank sisteminə qarşı yönələn 21-ci sanksiyalar paketini təqdim etmişdi. Onun sözlərinə görə, yeni paket Rusiyanın enerji daşıyıcılarının ixracından əldə etdiyi gəlirlərə təzyiqin saxlanmasına yönəlib. Avropa Komissiyası qlobal neft bazarındakı dəyişkənlik fonunda mövcud məhdudiyyətləri qorumaq üçün Rusiya neftinin qiymət tavanının korreksiya mexanizminin gələn ilin yanvarına qədər dayandırılmasını təklif edib. Aİ enerji sektorunda Rusiya neftinin daşınması ilə əlaqəli daha 30 gəmini sanksiya siyahısına daxil etməyi təklif edib. İlk dəfə olaraq məhdudiyyətlər “kölgə donanması”na yardımçı xidmətlər göstərən gəmilərə və şirkətlərə şamil ediləcək.

27 üzv ölkənin razılığı tələb olunur

Qeyd edək ki, Avropa İttifaqında Rusiyaya qarşı sanksiyalar yalnız 27 üzv ölkənin yekdil razılığı ilə qəbul oluna bilər. Məhz bu səbəbdən Brüsseldə danışıqlar dörd gün davam etsə də, tərəflər ortaq mövqeyə gələ bilməyiblər. Həmin ölkələr öz şirkətlərinin maraqlarını qorumaq üçün məhdudiyyətlərin yumşaldılmasını, hətta Rusiyanın dondurulmuş bəzi aktivlərinin azad edilməsini tələb edir. İyulun 13-də Aİ xarici işlər nazirləri banklar, müdafiə sənayesi və energetika sektorunu hədəf alan 21-ci sanksiya paketini razılaşdıra bilməyiblər. Xüsusilə Yunanıstan, yerli gəmiçilik biznesinə zərbə vuracağı əsası ilə Rusiya neftinə qiymət həddinin tətbiq olunması mexanizminə qarşı çıxıb. Rəsmi Afina Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) üçüncü ölkələrə daşınmasına icazə verilməyəcəyi təqdirdə bütöv sanksiyalar paketini dəstəkləməyəcəyini açıqlayıb. Diplomatların sözlərinə görə, bəyanatlarda həmrəylik ifadə edilsə də, danışıqlar masası arxasında ölkələr öz biznes maraqlarını müdafiə edir. Hər kəsin istisnalar tələb etməsi sanksiyalar paketini effektsiz və mənasız hala gətirir.

Analitiklər hesab edirlər ki, enerji təhlükəsizliyi, iqtisadi maraqlar və milli prioritetlər Aİ daxilində Rusiyaya qarşı vahid mövqenin qorunmasını getdikcə çətinləşdirir.

31 Rusiya bankı Aİ-nin hədəfindədir

Maliyyə sektorunda daha 31 Rusiya bankı üçün əməliyyat qadağasının genişləndirilməsi təklif olunur. Məhdudiyyətlər sanksiyaya məruz qalmış Rusiya strukturlarına xidmət göstərən və ya məhdudlaşdırıcı tədbirlərdən yayınmağa kömək edən üçüncü ölkələrin 20 bankı, kriptovalyuta şirkəti, platforması və neft treyderlərini əhatə edəcək. Fon der Lyayenin sözlərinə görə, Avropa Komissiyası ilk dəfə olaraq Rusiyaya qarşı sanksiya rejimindən yayınmağa kömək edən üçüncü ölkələrin ayrı-ayrı platformaları tərəfindən kriptoxidmətlərin göstərilməsinə tam qadağa mexanizminin tətbiqini təklif edir. Eyni zamanda, ümumi dəyəri təxminən 60 milyon avro olan malların, o cümlədən ayrı-ayrı metal növləri, metal filizləri və avtomobil komponentlərinin idxalına məhdudiyyətlər təklif olunur.

Bütün bunlara baxmayaraq, Avropa İttifaqı Rusiyada dörd fiziki şəxs və beş hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. Yeni sanksiyalar Rusiyada söz azadlığının, məlumat əldə etmək və birləşmək hüququnun məhdudlaşdırılması məqsədilə istifadə olunan texnoloji nəzarət vasitələrini və onları hazırlayan şirkətləri hədəf alır. Sanksiya siyahısına Rusiyanın “VK Company” (VKontakte) şirkəti və onun törəmə müəssisəsi olan “Communication Platform” daxil edilib. Aİ bu şirkətləri Federal Təhlükəsizlik Xidmətinin (FSB) nəzarəti altında fəaliyyət göstərən və “Max App” mobil tətbiqini hazırlayıb idarə etməkdə ittiham edir. Həmçinin internet və mobil rabitənin izlənməsi üçün istifadə olunan SORM nəzarət sistemi ilə bağlı avadanlıq və proqram təminatı hazırlayan “Citadel”, “VAS Experts” və “Norsi-Trans” şirkətlərinə də sanksiyalar tətbiq olunub. Bundan əlavə, həmin şirkətlərdə rəhbər vəzifələr tutan dörd şəxs də sanksiya siyahısına salınıb. Bununla Aİ-nin qlobal insan hüquqları sanksiyaları rejimi çərçivəsində siyahıya daxil edilən şəxslərin sayı 98-ə, hüquqi şəxslərin sayı isə 7-yə çatıb. Sanksiyalar aktivlərin dondurulmasını, Aİ vətəndaşları və şirkətləri tərəfindən onlara maliyyə vəsaitinin ayrılmasının qadağan edilməsini, həmçinin Aİ ərazisinə giriş və tranzit məhdudiyyətlərini nəzərdə tutur.

Xatırladaq ki, Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiyalar paketi bu ilin aprelində qəbul olunmuşdu.  20-ci sanksiyalar paketi Moskvaya təzyiqi artırmaq və onun Ukraynaya qarşı hərbi əməliyyatları davam etdirmək imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır. Sanksiyalar məhdudiyyətlərdən yayınmaya qarşı mübarizəyə aydın şəkildə istiqamətlənib və enerji sektorunu, maliyyə xidmətlərini, ticarəti, eləcə də informasiya məkanını əhatə edir. İlk dəfə olaraq sanksiyalardan yayınmağa qarşı xüsusi mübarizə mexanizmi aktivləşdirilib. Belə ki, paket çərçivəsində Rusiyanın enerji sektorunun 36 şirkətinə, o cümlədən neftin kəşfiyyatı, hasilatı, emalı və nəqlində iştirak edən müəssisələrə qarşı məhdudiyyətlər tətbiq edilib. Aİ həmçinin “kölgə donanması” adlandırılan donanmaya qarşı tədbirləri genişləndirib: sanksiya siyahısına daha 46 gəmi daxil edilib, bununla da onların ümumi sayı 632-yə çatıb. Əlavə olaraq, Aİ-dən Rusiyaya tanker satışına məhdudiyyətlər tətbiq edilib və müqavilələrə onların Moskvanın maraqları naminə istifadəsinin yolverilməzliyini nəzərdə tutan şərtin daxil edilməsi məcburi edilib. Murmansk və Tuapsedəki Rusiya limanları, eləcə də İndoneziyadakı Karimun neft terminalı da sanksiyalara məruz qalıb. Perspektivdə G7 tərəfdaşları ilə razılaşdırıldıqdan sonra Rusiya nefti və neft məhsullarının daşınması üçün dəniz xidmətlərinin göstərilməsinə qadağa qoyulması planlaşdırılır. Ümumilikdə, 20-ci paketə 120 fiziki və hüquqi şəxs daxil edilib. Onlara qarşı aktivlərin dondurulması və maliyyə resurslarının təqdim edilməsinə qadağa, fiziki şəxslər üçün isə həmçinin ölkəyə giriş qadağası tətbiq edilir.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 67 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

YAP xəbərləri

Xəbər lenti

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31