Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Səssiz, amma güclü ünsiyyət

Səssiz, amma güclü ünsiyyət

07.10.2026 [08:30]

Bəzən bir təbəssüm hər şeyə yetər...

Bəzən bir insanın gününü dəyişmək üçün böyük sözlərə, bahalı hədiyyələrə və möhtəşəm jestlərə ehtiyac yoxdur. Çox zaman adi bir təbəssüm də kifayətdir. Küçədə tanımadığımız bir insanın üzündə gördüyümüz səmimi təbəssüm, yaxınlarımızdan aldığımız isti bir gülüş, hətta çətin bir anda özümüzə verdiyimiz kiçik bir təbəssüm belə dünyaya baxışımızı bir anlıq dəyişə bilər. Çünki təbəssüm səssizdir, amma çox şey deyir. Onun dili yoxdur, amma hər kəs tərəfindən başa düşülür.

Məhz bu kiçik, lakin böyük gücə malik jestin əhəmiyyətinə diqqət çəkmək üçün hər il oktyabr 7-si Ümumdünya Təbəssüm Günü kimi qeyd olunur. Bu gün insanları daha çox gülümsəməyə, pozitivlik yaymağa və ətrafındakı insanların həyatına kiçik də olsa, sevinc qatmağa çağırır.

Bu bayrama görə XX əsrin ortalarında ABŞ-da yaşamış rəssam Harvi Bolla borcluyuq. Rəssamın yaradıcılığı bir o qədər də diqqətəlayiq olmayıb. Tənqidçilər onun yaradıcılığından çox vaxt yan keçiblər. Onun tabloları çətin ki zamanın sınağına davam gətirə bilərdi. Amma bir gün “State Mutual Life Assurance Company of America” sığorta şirkətinin nümayəndələri şirkətin vizit kartı kimi hər hansı yaddaqalan parlaq bir rəmz düşünüb tapmaq xahişi ilə rəssama müraciət edirlər. Harvi Boll çox düşünmədən hazırda internet istifadəçilərinin bir nəfər kimi “smaylik” adlandırdıqları gülümsəyən sarı sifəti sifarişçilərə təklif edir. Bu hadisə 1963-cü ildə baş verib. İşi qəbul edən sifarişçilər H.Bolla 50 dollar ödəyir və gülümsəyən sifət şəklində döş nişanı hazırlayaraq şirkətin heyətinə paylayırlar. Bu cür vizit kartının qazandığı uğur bütün gözləntiləri kölgədə qoyur. Şirkətin müştəriləri yenilikdən vəcdə gəlirlər. Cəmi bir neçə ay ərzində 10 mindən çox belə nişan hazırlanır. Gülümsəyən sifət tezliklə futbolka, beysbolka, zərf, açıqca və kibrit qutuları üzərində görünməyə başlayır. Hətta ABŞ-ın poçt idarəsi üzərində bu simvol olan marka buraxır.

Dünya Təbəssüm Günü ilk dəfə 1999-cu ildə qeyd olunub. Rəssam hesab edirdi ki, bu gün xoş ovqata həsr olunmalıdır. Günün devizi olan “Do an act of kindness. Help one person smile” sözləri təqribən belə tərcümə olunur: “Xeyirxah iş gör. Heç olmazsa, bir təbəssümün yaranmasına kömək et”. O vaxtdan könüllülər bu bayramı müxtəlif aksiya və fleşmoblarla qeyd edirlər.

Gülüşün insan sağlamlığına təsirləri

ABŞ-da aparılan tədqiqatlar nəticəsində gülüşün insan sağlamlığına olan faydaları müəyyənləşdirilib:

-antidepressant olaraq dəyərləndirilən gülüş stressin orqanizmə təsirinin qarşısını alaraq sinir sistemini rahatladır;

-ağrıları yüngülləşdirir;

-yaddaşı möhkəmləndirir;

-immunitetin yüksəlməsinə yardım edən hormonların düzgün işləməsinə səbəb olur;

-fiziki və zehni yorğunluğu aradan qaldırır;

-gərginliyi azaldır və depressiyanı sağalda bilir;

-orqanizmin müdafiə qüvvələrini artırır;

-ürək-damar sisteminin vəziyyətini yaxşılaşdırır;

-qan təzyiqini aşağı salır;

-qanda şəkərin səviyyəsinin normallaşmasına yardım edir və s.

Təbəssüm ailədən başlayır

Məlumdur ki, insan üçün ən təhlükəsiz məkan ailədir. Evdəki münasibət, insanların bir-birinə yanaşması, istifadə etdiyi sözlər və mimikalar ailə atmosferinə birbaşa təsir göstərir. Səhər evdən çıxarkən “Günün yaxşı keçsin” demək, axşam yorğun gələn ailə üzvünü gülümsəyərək qarşılamaq, uşağın kiçik uğurunu təbəssümlə qiymətləndirmək - bunların hər biri ailə daxilində emosional bağları gücləndirə bilər. Bəzən insanlar yaxınlarına sevgilərini böyük sözlərlə ifadə etməyə çalışırlar. Halbuki səmimi bir baxış və təbəssüm həmin sevgini daha sadə və təbii şəkildə çatdıra bilər.

Uşaqlar üçün təbəssümün əhəmiyyəti

Uşağın emosional inkişafında valideynlərin üz ifadəsi mühüm rol oynayır. Körpə dünyanı ilk növbədə yaxınlarının münasibəti vasitəsilə tanıyır. Valideynin isti baxışı, gülümsəməsi və sakit səsi uşağa təhlükəsizlik hissi verir. Sonrakı yaşlarda da uşağın davranışına verilən müsbət emosional reaksiya onun özünəinamının formalaşmasına təsir göstərə bilər. Bu səbəbdən uşağın hər səhvinə sərt münasibət göstərmək əvəzinə, düzgün davranışını görmək və onu müsbət şəkildə qiymətləndirmək daha sağlam ünsiyyət yaradır.

Təbii ki, təbəssüm həyatdakı bütün çətinlikləri həll etmir. Lakin çətinliklərə münasibətimizi, insanlarla qurduğumuz əlaqəni və gündəlik ünsiyyətimizin ab-havasını dəyişə bilər. Ən əsası isə təbəssüm insandan çox şey tələb etmir. Bəzən bir insanın üzündə yaranan kiçik təbəssüm başqa bir insanın yaddaşında böyük yaxşılıq kimi qala bilir. Viktor Hüqonun dediyi kimi, gülüş bir günəşdir, insanın üzündən qışı qovub baharı gətirir. Ömrümüz daim bahar olsun!

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 30 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Britaniya geri dönür?

06 Oktyabr 09:40

Analitik

Sosial

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31