Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bosniya və Herseqovinada seçkilər...

Bosniya və Herseqovinada seçkilər...

07.10.2026 [09:17]

Ölkənin Avropa İttifaqına üzvlüyünə təsir edəcəkmi?

Bosniya və Herseqovinada oktyabrın 4-də keçirilən ümumi seçkilərin ilkin nəticələri açıqlanıb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, qeydiyyata alınmış 3,4 milyondan çox seçicidən təxminən 1 milyon 100 min nəfəri səs verib. Seçici fəallığı 32,20 faiz təşkil edib, bununla belə Serb Respublikasında (Bosniya və Herseqovinanın iki özünüidarəetmə qurumundan biri) bu rəqəm 37,28 faizə çatıb.

Qeyd edək ki, seçkilərdə 3,4 milyondan çox seçici səsvermə hüququna malik olub. Vətəndaşlar Bosniya və Herseqovina Rəyasət Heyətinin 3 üzvünü, parlamentin müxtəlif səviyyələrinə deputatları, həmçinin Serb Respublikası Prezidentini və digər yerli nümayəndələri seçirlər. Ölkədə ümumilikdə 518 mandat uğrunda mübarizə aparılıb.

Səsvermənin nəticələrinə əsasən, Bosniya və Herseqovina Rəyasət Heyəti ilə yanaşı, ölkənin Nümayəndələr Palatasının (parlamentin aşağı palatasının) və onun iki özünüidarəetmə qurumunun qanunverici orqanlarının yeni tərkibi müəyyənləşməlidir. Müxtəlif səviyyəli hakimiyyət orqanlarında yerlər uğrunda 75 siyasi partiya, 29 koalisiya və 4 müstəqil namizəd arasında mübarizə gedib.

Serb Respublikasının prezidenti seçkilərində əsas rəqiblər hökumətin fəaliyyətdə olan başçısı, Milorad Dodikin hakim Müstəqil Sosial-Demokratlar İttifaqı tərəfindən irəli sürülmüş Savo Miniç və müxalifətçi Serb Demokratik Partiyasının namizədi Branko Blanuşa olub.

Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən, Rəyasət Heyəti üzvü uğrunda bosniyalı namizədlər arasında Denis Beçiroviç, xorvat namizədlər arasında Dariyana Filipoviç, serb namizədlər arasında isə Jeljka Tsvi­yanoviç liderdir.

Bosniyalı nümayəndə üzrə mübarizədə Denis Beçiroviç 164 369 səslə birinci yerdədir. Bakir İzetbeqoviç 148 036, Semir Efendiç 110 530, Fahrudin Radonçiç isə 9 320 səs toplayıb. Xorvat nümayəndə uğrunda mübarizədə Dariyana Filipoviç 92 854 səslə liderdir. Slaven Kovaçeviç 55 475, Zdenko Luçiç isə 44 345 səs əldə edib.

Serb nümayəndə üzrə seçkilərdə isə hazırda Rəyasət Heyətinin üzvü olan Jelyka Tsvi­yanoviç 213 812 səslə öndədir. Marinko Bojoviç 102 877, Neboyşa Vukanoviç isə 67 707 səs toplayıb. Nəticələrin hələ ilkin olduğu və qalan seçki məntəqələrinin hesablanmasından sonra dəyişə biləcəyi bildirilir.

Onu da bildirək ki, Milorad Dodik rəhbərlik etdiyi Müstəqil Sosial-Demokratlar Alyansının seçkilərdə qələbə qazandığını elan edib. O, partiyasının həm Bosniya və Herseqovina Rəyasət Heyətində serb nümayəndə postu uğrunda, həm də Serb Respublikası prezidentliyi uğrunda seçkilərdə qalib gəldiyini deyib.

Xatırladaq ki, seçkilər ölkədə iqtisadi artımın zəifləməsi, Avropa İttifaqına inteqrasiya prosesinin ləngiməsi və uzun müddət davam edən siyasi böhran fonunda keçirilib. Bosniya və Herseqovina 2022-ci ildə Aİ-yə namizəd statusu alıb, 2024-cü ildə isə üzvlüklə bağlı danışıqların başlanmasına razılıq verilib. Lakin məhkəmə sisteminə nəzarətin gücləndirilməsi və korrupsiyaya qarşı qanunların qəbulu kimi əsas tələblərin yerinə yetirilməməsi səbəbindən faktiki danışıqlar hələ başlamayıb.

“Reuters” agentliyi beynəlxalq ekspertlərin təhlillərinə əsasən qeyd edib ki, bu seçkinin nəticələri təkcə Bosniyanın Aİ-yə inteqrasiyasına deyil, ABŞ və Rusiyanın ölkədəki təsir imkanlarına da təsir göstərə bilər. Çünki seçki uğrunda mübarizə aparan tərəflər müxtəlif beynəlxalq qütblərin tərəfdarlarıdır. Əgər yeni formalaşan hakimiyyət, parlament və digər strukturlar Brüsselin tələblərinə uyğun addımlar atmazsa, onda ölkənin Aİ-yə üzvlüyü dalana dirənəcək.

Təsadüfi deyil ki, “Politico” nəşri Avropa İttifaqının  dörd namizəd ölkənin üzvlük prosesini sürətləndirmək üçün mərhələli yol xəritələri hazırlaması barədə məlumat yayıb. Söhbət Albaniya, Moldova, Ukrayna və Monteneqrodan gedir. Avropa Komissiyası tərəfindən hazırlanacaq yol xəritələrində hər bir ölkənin yerinə yetirməli olduğu tələblər və üzvlük danışıqlarının başa çatdırılması üçün mərhələlər müəyyənləşdiriləcək. Həmin namizədlər sırasında Bosniya və Herseqovinanın olmaması bu ölkə üçün heç də müsbət hal deyil. Əgər yeni formalaşan hakimiyyət Aİ-nin tələblərini yerinə yetirməzsə, həmin bloka üzv olması perspektivləri  aradan qalxacaq.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 28 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Britaniya geri dönür?

06 Oktyabr 09:40

Analitik

Sosial

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31