Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Əczaçılıq sənayesinin inkişafına töhfə

Əczaçılıq sənayesinin inkişafına töhfə

07.10.2026 [11:19]

“Gen Pharma Caucasus Manufacturing Operations” MMC ölkəmizin dərman idxalından asılılığını azaldacaq

Prezident İlham Əliyevin Pirallahı Sənaye Parkında açılışını etdiyi “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsi ölkəmizdə innovasiyönümlü sənaye istehsalı zəncirinin bir hissəsi kimi mühüm əhəmiyyət daşıyır. Bu sənaye obyekti qeyri-neft bölməsində yeni istehsalın bir qolu olmaqla, əczaçılıq sənayesinin inkişafına töhfə verəcək strukturlardan biri hesab oluna bilər.

Qeyd edək ki, Pirallahı Sənaye Parkı Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı fərmanla yaradılıb. Əsas məqsəd əczaçılıq sənayesini inkişaf etdirmək və dəstəkləmək, əczaçılıq məhsulları üzrə idxaldan asılılığı azaltmaq, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində məşğulluğu artırmaqdır. Pirallahı Sənaye Parkında 6 rezident qeydiyyatdan keçib. Parkın yeni rezidentlərdindən olan “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-yə 2023-cü ildə rezident statusu verilib. Təsisçilər Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi A.Ş.” şirkəti (66 faiz), İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) (29 faiz) və Türkiyənin “SİA Pharmaceuticals” şirkətidir (5 faiz). Ümumi dəyəri 113,9 milyon manat olan layihənin maliyyələşdirilməsində özəl investisiya ilə yanaşı, Azərbaycan Biznesinin İnkişafı Fondunun 13,2 milyon manat investisiyasından, 10 milyon manat isə güzəştli kredit vəsaitindən istifadə edilib. Sənaye Parkının rezidenti kimi müəssisə 7 milyon manatdan çox ƏDV və gömrük rüsumlarından azad olunub.

ABŞ, Yaponiya, Almaniya texnologiyaları əsasında...

Ərazisi 5,2 hektar olan müəssisənin illik istehsal gücü 60 milyon qutu dərman, o cümlədən 2,5 milyard tablet və kapsul təşkil edir. Burada kardiologiya, nevrologiya, urologiya, diabetologiya, qastroenterologiya, ağrıkəsici, antibiotiklər və digər dərmanlar istehsal olunacaq. Müəssisənin inkişaf perspektivlərinə istehsalın artırılması, 5 il ərzində 500-dən artıq preparatın istehsalının lokallaşdırılması, daxili tələbatın maksimum dərəcədə qarşılanması və ixrac coğrafiyasının genişləndirilməsi daxildir. Zavodda ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Çin, Danimarka, İsveç və Türkiyənin aparıcı şirkətlərinin istehsalı olan avadanlıq quraşdırılıb ki, bu da yüksək beynəlxalq standartlara uyğun dərman vasitələrinin istehsalına imkan verir. Məhsulların daxili bazara satılması ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər xarici ölkələrə ixracı da nəzərdə tutulur.

Müəssisənin fəaliyyətə başlaması Azərbaycanın əczaçılıq sənayesində yeni inkişaf mərhələsi kimi qiymətləndirilməklə, əczaçılıq sənayesinin inkişafına və yerli istehsalın güclənməsinə töhfə verəcək. Gələcəkdə rəqabətqabiliyyətli məhsulların istehsalı ölkəmizin ixrac imkanlarını da genişləndirəcək. Müəssisə, eyni zamanda, əczaçılıq sahəsində peşəkar kadrların hazırlanması və əməli bacarıqların inkişafı üçün baza rolunu oynayacaq. Belə ki, Qarabağ Universiteti və Azərbaycan Tibb Universiteti üçün rəsmi tədris bazası yaradılıb ki, elmtutumlu innovasiya sektorunun inkişafında mühüm rol oynayacaq.

Pirallahı Sənaye Parkı dərman sənayesində payını artırır

Qeyd edək ki, Pirallahı Sənaye Parkında son illərdə yaradılan müəssisələrin fəaliyyəti mühüm əhəmiyyət daşımaqdadır. Xüsusilə də, bu parkda dərman istehsalı üzrə ixtisaslaşmış müəssisələlərin sayı durmadan artır. Parkda ən mühüm rezidentlərdən biri olan “Hayat Pharm” əczaçılıq şirkəti 2020-ci ildən fəaliyyətə başlamaqla dərman sənayesinin inkişafında və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynamaqdadır. Müəssisələrdə birdəfəlik şprislər, sterilləşdirilmiş damardaxili kateterlər, infuziya dəsti, lateks steril cərrahi əlcək, diabeton MR və digər məhsulların istehsalı həyata keçirilir. Hazırda qanda şəkəri təyin edən cihaz (qlukometr) və striplərin, qan depolama və test qablarının, birdəfəlik üçkomponentli şprislərin, bioloji aktiv qida əlavələrinin, tablet, kapsul, jelatin kapsul, toz suspenziya, sirop və digər dərman məhsullarının istehsalı üzərində iş gedir. Sənaye Parkının rezidenti “R-Pharm” zavodunda üç növ insulinin - “RinGlar”, “RinFast” və “RinFast Mix” lokallaşdırılması və eyni zamanda bu preparatların ölkə daxilində satışa çıxarılması nəzərdə tutulur.

Yeni müəssisənin -  “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin fəaliyyətə başlaması isə dərman vasitələrinin istehsalında parkın xüsusi payını artıracaq.

Hədəf yerli istehsal hesabına tələbatı təmin etməkdir

Ölkəmizdə müasir, yüksəkkeyfiyyətli və rəqabətqabiliyyətli məhsullar istehsal edən sənaye zonaları fəaliyyət göstərir ki, bu da aparılan sənayeləşmə siyasətinə uyğun olaraq qeyri-neft iqtisadiyyatının inkişafına xidmət edir. Həmin sənaye zonalarının tərkib hissəsi olan əczaçılıq sənayesi Azərbaycanda qeyri-neft iqtisadiyyatının əsas bölməsi olmaqla, ümumilikdə sənayedə əlavə dəyərin artmasına mühüm töhfə verən amillərdəndir. Bu sahə, eyni zamanda sənaye sahəsində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsinə səbəb olur.

Qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılmasını təmin edir. Əczaçılıq məhsullarının idxalından asılılığın azaldılmasına imkan yaradır. Əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviq edilməsini sürətləndirir. İstehsal sahəsində əhalinin məşğulluğunun artırılmasını təmin edir.

Beləliklə, ölkəmizdə istifadəyə verilən dərman zavodları və əczaçılıq müəssisələri yerli tələbatın ödənilməsi, idxaldan asılılığın minimallaşdırılması ilə yanaşı, bu bazarda rəqabətin genişlənməsini təşviq etməklə, qiymətlərin aşağı düşməsini də stimullaşdıracaq. Eyni zamanda, dərmanların keyfiyyəti ilə bağlı çətinliklərin aradan qalxmasında, əlçatanlığın təmin olunmasında mühüm rol oynayacaq.

Əczaçılıq müəssisələrinin istehsal şəbəkəsinin genişlənməsi həm də ölkəmizdə qeyri-neft sektorunun inkişafına töhfə verməklə, iqtisadiyyatın şaxələndirilməsi və idxalı əvəzləyən milli prioritetlərin reallaşmasına imkan yaradır.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 19 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Britaniya geri dönür?

06 Oktyabr 09:40

Analitik

Sosial

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31