Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP-ın siyasi xətti bölgə üçün böyük önəm daşıyır

YAP-ın siyasi xətti bölgə üçün böyük önəm daşıyır

07.10.2026 [08:11]

Prezident İlham Əliyev: Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var

Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı ölkənin ictimai-siyasi həyatında mühüm hadisə kimi yadda qaldı. Qurultay partiyanın təşkilati məsələlərinin müzakirə olunduğu, ötən qurultaydan indiyə qədərki dövr üçün hesabat xarakterli tədbir olmaqla yanaşı, Azərbaycanın qarşıdakı inkişaf mərhələsinə dair mühüm mesajların səsləndirildiyi siyasi platforma kimi diqqət çəkdi. Azərbaycan Prezidenti, YAP Sədri İlham Əliyevin qurultaydakı çıxışı ölkənin gələcək inkişaf prioritetlərinin, yeni siyasi reallıqların və qarşıda dayanan vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdı.

Dövlət başçısının çıxışında Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətlər, ərazi bütövlüyünün və suverenliyin tam bərpasından sonra formalaşan yeni reallıqlar, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi və qarşıdakı dövr üçün strateji hədəflər bir-biri ilə əlaqəli şəkildə təqdim olundu - bu isə həm də Azərbaycanın gələcək siyasi, iqtisadi və sosial inkişaf istiqamətlərini müəyyən edən siyasi proqram xarakteri daşıyırdı.

Qurultayda səslənən fikirlər göstərdi ki, Azərbaycanın qarşısında artıq yeni mərhələnin çağırışları dayanır. Əgər əvvəlki dövrlərdə əsas məqsədlər sırasında ərazi bütövlüyünün və suverenliyin bərpası dayanırdısa, yeni mərhələdə əldə olunan nəticələrin qorunması, ölkənin daha da gücləndirilməsi, iqtisadi potensialın artırılması, təhlükəsizliyin təmin olunması və beynəlxalq münasibətlər sistemində Azərbaycanın rolunun genişləndirilməsi əsas prioritetlər kimi önə çıxır. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışında bildirdi ki, Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir: “Deyə bilərəm ki, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Müxalifət partiyası kimi yaransa da, 30 ildən çoxdur ki, partiyamız iqtidardadır. Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var”.

Qələbələrimizin başlanğıc tarixi YAP-ın təsis qurultayında baş verdi

Uğurlu sabah yaratmaq üçün dünəni unutmamaq, tarixdən nəticə çıxarmaq vacibdir. Azərbaycanın müasir tarixi də belə dərslərlə zəngindir. Müstəqilliyin ilk illəri ölkəmiz üçün ağır sınaqlar, siyasi böhran və dövlət idarəçiliyində ciddi problemlərlə müşayiət olunurdu. Hərc-mərclik, idarəetmədə boşluq, dövlət strukturlarında özbaşınalıq, kadr siyasətində yol verilən ciddi səhvlər və siyasi xəyanətlər yenicə müstəqillik qazanmış Azərbaycanı uçurumun astanasına gətirmişdi. Paytaxtda hökm sürən xaos cəbhə xəttindəki vəziyyətlə analoji eynilik təşkil edirdi - Bakıda olduğu kimi cəbhədə də “hakimiyyət savaşı” gedirdi. Hakimiyyət uğrunda mübarizənin dövlət və milli maraqlardan üstün tutulması nəticəsində Şuşa və Laçın ermənilərə təslim edildi, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı isə ölkədə siyasi və hərbi böhranı daha da dərinləşdirdi. Bəli, belə enişli, yoxuşlu tarixi yol keçən Azərbaycan böyük imtahanlar verməli oldu - bu imtahanların nəticəsi isə daha ağır ola bilərdi.

Məhz belə mürəkkəb tarixi şəraitdə Yeni Azərbaycan Partiyasının yaranması ictimai-siyasi zərurət kimi meydana çıxdı. Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən insanların təşəbbüsü ilə formalaşan YAP o dövrün ağır şərtlərində xalqın sabitlik, güclü dövlət və peşəkar idarəçilik istəyinin siyasi ifadəsinə çevrildi. Partiyanın yaranması Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. Sonrakı proseslər göstərdi ki, dövlətin gələcəyini müəyyən edən əsas amil siyasi məsuliyyət, milli birlik və düzgün idarəçilikdir.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi. O vaxt cəmiyyətimizin cəsarətli insanları, mütərəqqi insanlar, Azərbaycan dövlətinin taleyini düşünən insanlar Ulu Öndər Heydər Əliyevin ətrafında birləşmişdilər. 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis qurultayı faktiki olaraq qələbələrimizə yol açmışdır: “Bu, bir ictimai sifariş idi. Çünki o vaxt Azərbaycan artıq idarəolunmaz vəziyyətə düşmüşdü. Müstəqillik bərpa ediləndən sonra, hətta ona qədər biz böyük itkilərlə üzləşmişdik. Həm torpaq itkisi, eyni zamanda, ölkəmizdə gedən xoşagəlməz proseslər faktiki olaraq Azərbaycanı uğursuz dövlətə çevirirdi. Bir-birini əvəzləyən dırnaqarası liderlər faktiki olaraq iflic vəziyyətdə idi, öz vəzifə borclarını yerinə yetirə bilmirdilər və beləliklə, torpaqlarımız hissə-hissə işğal edilməyə başlamışdır. İlk növbədə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycanın nəzarəti tam itirilmişdir. Ondan sonra Şuşa və Laçın rayonları 1992-ci ilin may ayında işğal altına düşmüşdür və ondan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmişdi. Yəni birbaşa onların cinayətidir. Hakimiyyətə gəlmək üçün, ovaxtkı hakimiyyəti devirmək üçün məhz bu təxribata əl atdılar, faktiki olaraq torpağı Ermənistana təhvil verdilər və ondan sonra bizim itkilərimiz daha da böyüdü.

1993-cü ilin aprelində Kəlbəcərin işğalı faktiki olaraq Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında böyük bir coğrafi əlaqə yaratmışdı. Beləliklə, Ermənistandan daha böyük həcmdə həm canlı qüvvə, həm silah-sursat, texnika gətirilirdi. Faktiki olaraq ölkəmizin Birinci Qarabağ müharibəsindəki məğlubiyyəti məhz o vaxt baş vermişdir.”

Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi...

O ağır günlərdə Azərbaycan dövlətçiliyinin, Azərbaycan dövlətinin taleyi qaranlıq, vəziyyəti ağır idi. Acı bir həqiqət ortada idi - 1918-ci ildə yaranan Xalq Cümhuriyyətinin taleyi təkrarlana bilərdi. Çünki xarici faktorlar da kənardan prosesi izləyirdi. İşğalçı Ermənistana, AXC-Müsavat hakimiyyətində təmsil olunan xainlərə dəstək verənlərin, havadarlıq edənlərin də məqsədi bu idi - bir əsrdə Azərbaycanın əldə etdiyi ikinci müstəqilliyi də beşikdəcə boğmaq.

Dövlətlərin tarixində elə mərhələlər var ki, həmin dövrdə liderlik faktoru yalnız siyasi idarəçilik məsələsi kimi deyil, dövlətçiliyin taleyini müəyyən edən başlıca amil kimi meydana çıxır. Bu gün dünyanın müxtəlif bölgələrində müşahidə olunan qarşıdurmalar, siyasi qeyri-sabitlik, idarəetmə böhranları və bəzi güc mərkəzlərinin əvvəlki mövqelərini itirməsi də liderlik amilinin nə qədər mühüm olduğunu göstərir. Güclü dövlət yalnız iqtisadi və hərbi resurslarla deyil, həmin imkanları vahid məqsəd ətrafında səfərbər edə bilən siyasi iradə ilə formalaşır. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında səsləndirdiyi mesaj bütün dünya üçün aktualdır - dövlətin inkişafında lider amilinin həlledici roluna diqqət çəkən Prezident bununla həm Azərbaycanın tarixi təcrübəsini, həm də müasir dünyanın reallıqlarını ortaya qoydu. Lider fenomeni dövlətin strateji istiqamətini müəyyənləşdirən, cəmiyyəti qarşıya qoyulan məqsədlər ətrafında birləşdirən və ən mürəkkəb məqamlarda siyasi iradə nümayiş etdirən əsas qüvvədir.

Vurğulandığı kimi, Azərbaycanın müstəqillik tarixinin ən ağır mərhələlərindən biri olan 1993-cü il bunun bariz nümunəsidir. Heydər Əliyevin Bakıya qayıdışı ölkədə siyasi idarəetmənin bərpası, dövlətçilik əsaslarının möhkəmləndirilməsi və xaos təhlükəsinin aradan qaldırılması baxımından dönüş nöqtəsi oldu. Qısa müddətdə siyasi-hərbi intizamın təmin edilməsi, dövlət institutlarının fəaliyyətinin gücləndirilməsi və sosial həyatın normal ritmə qaytarılması məhz güclü liderlik və siyasi iradənin nəticəsi idi. Beləliklə, Azərbaycan təcrübəsi göstərdi ki, lider dövlətin yalnız bugününü deyil, onun gələcək inkişaf trayektoriyasını da müəyyən edən əsas siyasi təməldir. Dövlət başçısı qeyd etdi ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi: “Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın. Heç vaxt imkan verməzdi ki, separatizm meyilləri Qarabağda yer alsın. Ona görə Azərbaycan xalqı bütün bunları yaxşı bilərək öz nicat yolunu ancaq Heydər Əliyevlə bağlayırdı və həmişə olduğu kimi müdriklik göstərmişdir, 1993-cü ilin oktyabr ayında Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Ancaq o vaxta qədər artıq biz böyük itkilərlə üzləşmişdik - torpaq itkisi, iqtisadiyyat tamamilə çökmüşdür. Neftlə, qazla zəngin olan ölkədə qaz qıtlığı, elektrik enerjisi qıtlığı yaranmışdır. İnflyasiya 1000 faizdən çox idi, xəzinə boş idi. AXC-Müsavat cütlüyü Ermənistan torpaqlarımızı işğal edən zaman vətəndaş müharibəsini də başlamışdır, qardaş qanı tökmüşdür. Sonra da qorxaqcasına hərəsi bir yerə qaçaraq fərarilik etmişdilər. Bax, belə bir şəraitdə Azərbaycan xalqı öz taleyini öz liderinə əmanət etdi.

Ondan sonrakı dövr də çox çətin idi və sınaqlarla dolu idi. Ancaq Heydər Əliyev kimi qətiyyətli, cəsarətli dahi şəxsiyyət bütün bunların qabağında dura bilmişdi və Azərbaycanın ərazi bütövlüyünün qorunmasında, Azərbaycanın parçalanmaqdan xilas edilməsində onun amili aparıcı rol oynamışdır. Həm separatçılıq, həm parçalanma təhlükələri, dövlət çevrilişinə iki cəhd, iqtisadi çətinliklər - bütün bunlar o vaxt reallıq idi”. Prezident vurğuladı ki, Azərbaycan xalqının iradəsi, Ulu Öndərə olan inamı, onun siyasi xətti bax, bütün bu uğurlu addımlara səbəb oldu.

Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır...

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi xətt Azərbaycanın inkişafının, sabitliyinin və gələcək qələbələrinin möhkəm təməlini formalaşdırdı. 1993-2003-cü illər Azərbaycan dövlətçiliyinin qorunması, ölkədə sabitliyin bərqərar edilməsi və milli maraqlara əsaslanan xarici siyasət kursunun müəyyənləşdirilməsi baxımından həlledici mərhələ oldu. Həmin dövrdə Azərbaycan dünya siyasətində özünəməxsus yer tutmağa, beynəlxalq təşkilatlarla əlaqələrini genişləndirməyə başladı. Ulu öndər Azərbaycanın üzləşdiyi problemləri, xüsusilə Ermənistanın torpaqlarımızı işğal etməsi faktını beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq ölkəmizin haqq səsinin dünyada eşidilməsinə nail oldu. Məhz həmin illərdə yaradılan siyasi, iqtisadi və hərbi potensial sonrakı inkişaf üçün möhkəm baza formalaşdırdı.

Bu gün həmin siyasi kurs Prezident İlham Əliyev tərəfindən yeni tarixi reallıqlara uyğun şəkildə uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bu xətt yeni mərhələyə qədəm qoyub. Dünənin strateji təməli bu gün Azərbaycanın regional və qlobal miqyasda daha güclü mövqelər qazanmasına xidmət edir. Prezident İlham Əliyevin dünyaya ünvanladığı növbəti mesajının mahiyyətində məhz bu amil dayanır - milli maraqlara xidmət edən, müstəqilliyin və suverenliyin möhkəmlənməsinə yönələn, dövlətin təməlinin dayanıqlığını təmin edən siyasi xəttin ardıcıllığının təmini hər bir ölkəyə uğur, qələbə və inkişaf vəd edir. Dövlət başçısı çıxışında bildirdi ki, Azərbaycan 1993-2003-cü illər ərzində faktiki olaraq beynəlxalq təcriddən çıxdı: “Çünki o vaxt işğala məruz qala-qala bizə qarşı sanksiyalar tətbiq edilirdi. Məhz AXC-Müsavat hakimiyyətinin yarıtmaz fəaliyyəti, o cümlədən xarici siyasəti nəticəsində. 907-ci maddəyə düzəliş o vaxt qəbul edilmişdi və bu günə qədər tam aradan qaldırılmayıb. Biz faktiki olaraq dünyada təcavüzkar kimi təqdim olunurduq. O səviyyəsiz AXC-Müsavat hakimiyyəti əlini ağdan-qaraya vurmadı ki, bunu dəyişdirsin. Yəni biz beynəlxalq təcriddən çıxmalı idik, öz mövqeyimizi bildirməli idik, haqlı olduğumuzu sübut etməli idik. Buna nə qədər vaxt lazım oldu. Nəhayət biz buna nail olduq. Beynəlxalq təşkilatlar biri-birindən sonra Azərbaycanın mövqeyini, yəni reallıqları əks etdirən qərar və qətnamələr qəbul etməyə başlamışdır - həm BMT-nin Baş Assambleyası, həm İslam Əməkdaşlıq Təşkilatı, həm ATƏT. Hətta bu gün bizə düşmənçilik edən Avropa Parlamenti - məcburən. Yəni bu, beynəlxalq təcriddən çıxış idi. İqtisadi vəziyyəti düzəltmək üçün xarici sərmayə lazım idi. Çünki xəzinə boş idi. Sərmayə olmadan heç bir ölkədə heç bir inkişaf mümkün deyil. Buna da nail oldu Ulu Öndər.

O vaxt atəşkəs hələ təzə elan edilmişdi. Ondan bir neçə ay sonra “Əsrin kontraktı” imzalandı və böyük investisiya axını gəlməyə başladı. Bütün bu dövr ərzində, eyni zamanda, dövlətçiliyin əsasları qoyuldu. Azərbaycanın ümumi inkişaf strategiyası müəyyən olundu ki, bu gün də bu strategiya bizə yol göstərir. Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır.

Təbii ki, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır. Müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmə imkanları. Yəni yığcam formada bunu təsvir etmək üçün dediyim amillər, məncə, kifayətdir”.

Yeni, müasir ideoloji işlər aparılmalıdır...

Müasir dövrdə ideoloji fəaliyyətin məzmunu və üsulları da yenilənməkdədir. Artıq konkretləşmiş şablondan kənar ideoloji iş prinsipi ön plana çıxır. Xüsusilə gənc nəslin informasiya ehtiyaclarının tam qarşılanması üçün vəzifələr yenilənməlidir - milli həqiqətlərin müasir kommunikasiya imkanlarından istifadə etməklə geniş auditoriyaya çatdırılması təmin olunmalıdır. Prezident İlham Əliyevin YAP-ın VIII qurultayında səsləndirdiyi mesajlardan biri də informasiya mübarizəsində ön planda yer almaq, ideoloji işdə fəallıq nümayiş etdirməkdir. Dövlət başçısı qeyd etdi ki, ideoloji işin düzgün qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb: “Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil. Bəzi ölkələrdə bəzi rəhbərlər həm keçmişdə olan bəzi nailiyyətləri öz adlarına çıxarmaq istəyirlər, yaxud da ki, tarixi təhrif edərək öz rollarını şişirtmək istəyirlər, bizə bu lazım deyil. Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın - bu gün çox şaxələnmiş informasiya mənbələri olan bir zamanda, o cümlədən Azərbaycan dilində. Buna da fikir vermək lazımdır. Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır? Yəni bizə kömək etmək üçün? Yox, bizə qarşı təxribat etmək üçün. Xalqımızı çaşdırmaq üçün. Gənclərin beyinlərini zəhərləmək üçün. Budur. Görürsünüz ki, haradasa Azərbaycan dilində resurs yaranıb, bilin ki, məqsəd odur. O faktları tapmaq üçün uzağa getmək lazım deyil, bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır. Ya da ki, Qərb ölkələrində, orada da azərbaycandilli resurslar yaradılıb. Nə üçün? Yəni bax, bu birliyi sarsıtmaq üçün, Azərbaycanı özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək üçün, sonra da bizi idarə etmək üçün. Bax, budur məqsəd. Ona görə bu, fiziki təhlükəsizlik qədər önəmli sahədir və burada kim olmalıdır bu işin mərkəzində? Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının üzvləri”.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 18 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Britaniya geri dönür?

06 Oktyabr 09:40

Analitik

Sosial

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31