Henri Kissincer yeni dünya nizamı haqqında
20.03.2015 [11:10]
1969-1977-ci illərdə ABŞ prezidentləri Riçard Nikson və Cerald Fordun administrasiyalarında əvvəlcə milli təhlükəsizlik üzrə müşavir, daha sonra dövlət katibi vəzifələrində çalışmış 91 yaşlı Henri Kissincerin xarici siyasət, geosiyasət, təhlükəsizlik məsələləri ilə bağlı tövsiyələrinə bu gün də ABŞ prezidenti administrasiyasında diqqət yetirilir. Bu yaxınlarda Almaniyanın “Der Spiegel” nəşrinə müsahibəsində Kissincer çoxlarını maraqlandıran geosiyasi məsələlər, eləcə də yeni qlobal nizamın formalaşması barədə düşüncələrini paylaşıb.
Qlobal nizamın yaranması həmrəylik tələb edir
Kissincerin fikrincə, kütləvi qırğın silahlarının və transsərhəd terrorizminin yayılması nəticəsində dünya xaos təhlükəsi ilə üzləşib. Hazırda “idarə olunmayan ərazilər” fenomeni mövcuddur və Liviya nümunəsindən də göründüyü kimi, “idarə olunmayan ərazi” dünyada qeyri-sabitliyə səbəb ola bilər. Üstəlik, dünyanın bir çox yerlərində dövlət bir təsisat olaraq hücum qarşısındadır. Keçmiş diplomatın fikrincə, bütün bunlara baxmayaraq, paradoksal olsa da, ilk dəfədir ki, dünya nizamından danışmaq mümkündür. Kissincer bu fikrini belə izah edir: “Son vaxtlara qədər tarix boyu, əsasən, dünya nizamı regional nizam olub. İlk dəfə olaraq indiki dövrdə dünyanın istənilən bölgəsi bir-birilə qarşılıqlı əlaqədə ola bilər. Bu, qloballaşan dünya üçün yeni nizamın olmasını zəruri edir. Lakin universal olaraq qəbul edilmiş qaydalar mövcud deyil. Çin, İslam, Qərb və müəyyən mənada rus yanaşmaları mövcuddur və onlar heç də hər zaman bir-birilə uzlaşmır”.
Kissincer özünün “Dünya nizamı” adlı son kitabında olduğu kimi, dünya nizamının qurulması üçün 1648-ci ilin Vestfal sülh sazişini istinad sistemi kimi göstərir. O, fikrini bununla əsaslandırır ki, Mərkəzi Avropa əhalisinin, demək olar ki, dörddə birinin müharibələr, xəstəliklər və aclıqdan ölməsindən sonra imzalanan Vestfal sazişi heç də ali mənəvi dəyərlərə yox, bir-birilə ortaq dil tapmaq zərurətinə əsaslanırdı. Bununla da, müstəqil dövlətlər digər dövlətlərin işlərinə qarışmamağı qərara aldılar və bu gün ehtiyac duyulan qüvvələr balansını yaratdılar.
Keçmiş diplomatın fikrincə, dünya yeni nizama doğru iki yolla - xaos və dərrakə yolu ilə gedə bilər. Onun fikrincə, nüvə silahlarının yayılması, iqlim dəyişikliyi və terrorizm təhlükələri qlobal miqyasda ortaq mövqe yaratmaq və bununla da xaosdan çəkinmək üçün kifayətdir. Dünya nizamının formalaşmasında ABŞ-ın roluna gəlincə, Kissincer hesab edir ki, öz gücü və dəyərləri sayəsində ABŞ bu prosesdə əsas rolu icra edəcək, lakin heç bir dövlət təkbaşına dünya nizamı yaratmaq üçün kifayət qədər güclü, yaxud müdrik deyil.
ABŞ və Avropanın xarici siyasəti arasında əsas fərq kimi Kissincer vurğulayır ki, Avropadan fərqli olaraq, ABŞ dünyanı, sadəcə, yumşaq güclə deyil, həm də həqiqi hərbi güclə dəyişə biləcəyinə inanır. Bununla belə, o, Avropada ən mühüm ölkə kimi Almaniyanın dünya nizamının formalaşdırılmasında daha fəal rol oynamalı olduğunu bildirib.
Qərb Ukrayna məsələsində səhvlərə yol verib
ABŞ-Rusiya münasibətlərində gərginliyin daha da artması ilə müşayiət edilən Ukrayna hadisələri barədə danışan Kissincer Qərbin bu məsələdə kifayət qədər həssaslıq göstərmədiyini düşünür. Krım məsələsini hadisələrin səbəbi yox, simptomu adlandıran Kissincerə görə, bir ölkənin başqa bir dövlətin ərazisini ələ keçirməsi və istədiyi vaxt sərhədləri dəyişməsi qəbuledilməzdir. Keçmiş diplomat Rusiyanın Ukraynanın şərqində xaos yaratması və ölkənin suverenliyini təhdid etməsi fikri ilə razıdır. Lakin onun fikrincə, vaxtilə Rusiyanın tərkibində olan Ukrayna hər zaman bu ölkə üçün xüsusi önəm daşıyıb və bunu dərk etməmək yanlışlıq idi. “Əgər Qərb səmimidirsə, səhvlərini etiraf etməlidir. Krımın anneksiyası qlobal ağalıq naminə atılan addım deyildi. Bu, Hitlerin Çexoslovakiyaya hücumu deyildi”, - deyən Kissincer 2014-cü ildə hadisələrin qəfil kəskinləşməsində Qərbin də rolunun olduğunu qeyd edib.
O, fikrini belə əsaslandırır ki, Soçidəki Qış Olimpiya Oyunlarına onmilyardlarla dollar xərcləyən və özünü Qərblə mədəni bağları olan və güman ki, onun bir parçası olmaq istəyən mütərəqqi bir ölkə kimi təqdim etməyə çalışan Rusiyanın Olimpiadanın bağlanışından bir həftə sonra Krımı tutması və Ukrayna üstündə müharibəyə başlaması məntiqli görünmür. Ona görə də insan özünə sual verməlidir ki, bu, nə üçün baş verdi? Avropa və ABŞ Ukraynanın Avropa İttifaqı ilə iqtisadi əlaqələrinə dair danışıqlardan başlayaraq Kiyevdəki nümayişlərlə kulminasiya nöqtəsinə çatan hadisələrə qədər proseslərin nəticəsini düzgün dəyərləndirə bilmədi. Bu hadisələr və onların nəticəsi Rusiya ilə dialoqun müzakirə mövzusu olmalı idi. Bununla belə, Rusiyanın proseslərə reaksiyası da düzgün deyildi.
Kissincerin fikrincə, Qərb ilə Rusiya arasında yenidən “Soyuq müharibə”nin başlaması təhlükəsi mövcuddur və bu, tarixi faciə olardı. Əgər mənəvi dəyərlər və təhlükəsizlik prinsipləri belə bir konfliktdən yayınmağa imkan verirsə, onda buna cəhd etmək lazımdır.
Krımın ilhaqının Qərb üçün qəbuledilməz olduğunu bildirən Kissincer Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasına haqq qazandırır. Buna baxmayaraq, o, sanksiyalarla bağlı onu qane etməyən məqamların olduğunu bildirib: “Əgər qlobal iqtisadiyyatdan danışırıqsa və qlobal iqtisadiyyatın daxilində sanksiyalar tətbiq olunursa, onda böyük dövlətlər öz gələcəklərini düşünərək özlərini mümkün təhlükələrdən qorumağa çalışacaqlar və bunu etdikcə onlar merkantilist qlobal iqtisadiyyat yaradacaqlar”.
Kissincer ayrı-ayrı şəxslərə tətbiq olunan sanksiyalarla bağlı razılaşmadığı məqamları da ifadə edib. Onun fikrincə, müəyyən vaxtdan sonra “qara siyahı”ya adları salınan şəxslərin bir qismindən sanksiyalar ləğv olunub digərləri üzərində saxlanıldığı zaman bunun səbəbini izah etmək lazım gələcək. Ona görə də bir işə başlayanda onun nəticəsini qabaqcadan düşünmək lazımdır.
Kremlin aqressiv siyasətinin taktiki güclə maskalanmış strateji zəiflikdən irəli gəldiyini düşünən Kissincer etiraf edir ki, Rusiya beynəlxalq sistemin mühüm iştirakçısıdır və bu səbəbdən, məsələn, İranla, yaxud Suriya ilə bağlı nüvə silahının yayılmasının qarşısının alınması üzrə razılaşmada olduğu kimi, hər növ böhranın aradan qaldırılmasında faydalıdır. Onun fikrincə, bu cür vacib problemlər hər hansı spesifik məsələ ilə bağlı taktiki eskalasiyadan üstün tutulmalıdır. Digər tərəfdən, Ukraynanın müstəqil dövlət kimi mövcud olması da vacibdir, onun öz seçimi ilə iqtisadi və kommersiya ittifaqlarına daxil olmaq hüququ olmalıdır. Lakin dövlətin “NATO-ya daxil olmaq hüququ heç də təbiətin qanunu deyil”, - deyən Kissincerə görə, NATO heç zaman Ukraynanın alyansa qəbul olunmasına yekdilliklə səs verməyəcək.
Müharibəyə başlamazdan əvvəl onun nəticəsini aydın dərk etmək lazımdır
Sözügedən müsahibəsində Kissincer Yaxın Şərqdə gedən proseslər və terrorizm təhlükəsi barədə fikirlərini də bildirib. Maraqlıdır ki, o, Suriyadakı böhranın “amansız diktatorun köməksiz xalqa qarşı” dayanması və “diktatorun devriləcəyi təqdirdə əhalinin demokratikləşəcəyi” kimi başa düşülməsini düzgün hesab etmir. O, Suriyadakı müharibəni qismən multietnik münaqişə, qismən Yaxın Şərqin köhnə strukturuna qarşı üsyan, qismən də hökumətə qarşı qiyam kimi dəyərləndirib. Kissincer hərbi müdaxilənin nəticələrinə də diqqət yetirməyi vacib bilir. O, Liviyadakı vəziyyəti nümunə gətirərək, Qəddafinin devrilməsinin düzgün addım olduğunu bildirsə də, ondan sonra yaranan boşluğu doldurmaqda Qərbin maraq göstərmədiyini qeyd edib. Ona görə də bu gün ölkə hərbi qruplaşmaların bir-birinə qarşı savaş meydanına çevrilib. Bununla da “idarə olunmayan ərazi” və Afrika üçün “silah anbarı” meydana gəlib. Həyatı boyunca, əsasən, “fəal” xarici siyasətin tərəfdarı olduğunu bildirən Kissincer Suriyaya müdaxilə məsələsində ABŞ-ın etibarlı tərəfdaşlara ehtiyacının olduğunu, lakin hazırda belə bir tərəfdaş görmədiyini deyib. Bu səbəbdən də, müharibəyə qoşulmaq üçün onun nəticələrini qabaqcadan aydın dərk etmək lazımdır.
Digər tərəfdən, Kissincer hərbi müdaxilə yolu ilə ölkəyə demokratiya gətirilməsini qeyri-real hesab edir. Bunun baş verməsi üçün müharibənin onillərlə davam etməsinin və müharibəni aparan ölkənin əhalisinin hökuməti davamlı olaraq dəstəkləməsinin vacib olduğunu düşünür. Lakin, güman ki, heç bir ölkənin resursları sadalanan amillərin baş tutmasına imkan vermir.
Buna baxmayaraq, o, mülki əhalinin həyatına təhlükə törətsə belə, terrorçu hücumların təşkil edildiyi ərazilərdə hərbi əməliyyatların keçirilməsini, bununla da ABŞ-ın hazırda İraq və Suriyada İŞİD-ə qarşı havadan hücumlarını dolayı yolla dəstəkləyib. İŞİD-ə qarşı mübarizədə Bəşər Əsədlə əməkdaşlıq ideyasının Suriya prezidentinə qarşı illərlə görülən işin fonunda qəbuledilməz olduğunu deyən Kissincer bu məsələ ilə bağlı qabaqcadan Rusiya ilə dialoqun aparılmalı olduğunu, Əsədin getmə məsələsinin əvvəldən qoyulmasının yanlış olduğunu deyib.
Kissincerin fikrincə, İŞİD terrorçu təşkilatına qarşı hazırkı müharibəyə ABŞ-da geniş ictimai dəstək var. Lakin müharibə davam etdikcə nələrin baş verəcəyi bəlli deyil. Ona görə də müharibənin nəticəsi barədə aydın təsəvvürün olması vacibdir.
Leyla MƏMMƏDƏLİYEVA
Xəbər lenti
Hamısına baxGündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Gündəm
20 Yanvar 20:35
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

