Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Dünya gündəliyi Xankəndidə müzakirə olunur

Dünya gündəliyi Xankəndidə müzakirə olunur

09.04.2025 [10:55]

Son illər Azərbaycan dünya beyin mərkəzlərinin analitiklərinin iştirakı ilə qlobal gündəliyin aktual məsələləri ətrafında faydalı müzakirələrin aparıldığı məkan qismində çıxış edir. Dinamik iqtisadi inkişaf, artan imkanlar, Qlobal Şərqlə Qlobal Qərb arasında etibarlı körpü olması, yeni çağırışlara həssas yanaşma sərgiləməsi və əlbəttə ki, cəmiyyətin tolerantlğı Azərbaycanın cəlbediciliyini artıran əsas amilllərdir.

Dünya beyin mərkəzlərinin təmsilçiləri yenidən Azərbaycana toplaşıblar. Onlar ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 8-də işə başlayan 7-ci ADA Siyasi Forumunda iştirak etmək üçün respublikamıza təşrif gətiriblər. Bu dəfə görüş yeri tarixi şəhərimiz Xankəndidir.

Qlobal səviyyədə beyin mərkəzlərinin artan rolu

Dünyada müşahidə edilən proseslər və sürətlə dəyişən reallıqlar fonunda beyin mərkəzlərinin rolu heç vaxt olmadığı qədər artıb. Bəşəriyyət son dərəcə narahat bir dönəmdən keçir. Qloballaşma, iqlim dəyişmələri, coğrafiyası genişlənən müharibələr, yeni sənaye inqilabı, süni intellekt erasına keçid, digər müxtəlif istiqamətli transformasiyalar dünya üçün yeni çağırışlar yaradır. Bu çağırışlar fonunda qlobal və milli gündəliklər uzlaşdırılmalı, necə deyərlər, qızıl orta müəyyənləşdirilməli, təcrübə mübadiləsi aparılmalıdır. Burada yüksək səviyyəli analitiklərin çalışdıqları beyin mərkəzlərinin rolu önə çıxır. Beş və yaxud on il sonra dünya hansı dəyişikliklərlə üzləşə bilər? Ehtimal olunan sürətli transformasiyalar üçün hansı tədbirlər görülməlidir? Bu qəbildən olan suallara ən azından ehtimallar səviyyəsində cavablar tapılmalıdır. Bu baxımdan beyin mərkəzlərinin araşdırmaları və nəticələri müstəsna önəm daşıyır. Hazırda dünya üzrə 6500-dən çox beyin mərkəzi fəaliyyət göstərir. Onların verdikləri proqnozlar əsasında gələcəyimizlə bağlı aydın baxışlar formalaşdırmaq mümkündür.

Ayrı-ayrı beyin mərkəzlərinin fəaliyyətləri, təbii ki, müxtəlif istiqamətləri əhatə edir. Milli səviyyələrdə də analitiklərin təhlillərinə və proqnozlarına böyük ehtiyac var. Beyin mərkəzlərinin mütəmadi qaydada apardıqları sorğular cəmiyyətlərin sosial sifarişlərini müəyyənləşdirməklə dövlətlərin siyasətinə bu və ya digər dərəcədə yön verir. Son illərdə ölkəmizdə aparılan belə sorğular Azərbaycan cəmiyyətinin həmrəyliyini və ardıcıllıqla aparılan dövlət siyasətindən yüksək vətəndaş məmnunluğunu əks etdirib ki, bu da dünya üçün gözəl nümunədir.

Xatırladaq ki, respublikamızda 2022-ci il sentyabrın 28-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə beyin mərkəzlərinin I Forumu keçirilib. Forumun keçirilməsində əsas məqsəd beyin mərkəzlərinin fəaliyyətinin stimullaşdırılması və onun dövrün tələblərinə uyğun təşkil edilməsi, dövlət qurumları və beyin mərkəzləri arasında mütəmadi kommunikasiyanın, əməkdaşlığın qurulmasının təmin olunması idi. Forum çərçivəsində aparılan müzakirələr və verilən təkliflərin təhlili növbəti addımlar üçün istiqamətlərin müəyyənləşdirilməsinə imkan yaratdı.

Respublikamızda dünya beyin mərkəzlərinin təmsilçilərinin iştirakı ilə qlobal forumların keçirilməsi artıq ənənə halını alıb. Belə forumların coğrafiyasının genişləndirilməsinin və işğaldan azad edilmiş ərazilərimizdə də keçirilməsinin təməli isə faydalı müzakirələrə həmişə açıq olan Prezident İlham Əliyevin xeyir-duası ilə qoyulub. 2021-ci il aprelin 13-də dövlətimizin başçısının iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda iştirakçılar Qarabağda beynəlxalq konfransın keçirilməsini təklif etmişdilər və dövlətimizin başçısı bu təklifi müsbət qiymətləndirmişdi. Bir il sonra - 2022-ci il aprelin 28-də Şuşada işinə başlayan və Bakıda davam edən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransa 23 ölkədən gəlmiş 40 iştirakçı qatılmışdı. Təsadüfi deyil ki, beynəlxalq konfransın iştirakçıları Şuşada quruculuq və bərpa mövzusunda “Şuşa - dirçəlişə gedən yol”, postmünaqişə dövrünə dair “Əməkdaşlıq, imkanlar və çağırışlar” adlı panel müzakirələri keçiriblər. Bu mühüm platforma xarici ekspertlərə postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaradıb.

Ən aktual mövzularda vacib müzakirələr

Artıq yeddinci dəfədir keçirilən qlobal forumlarda bir qayda olaraq ən aktual mövzularda vacib müzakirələr aparılır. Məlum olduğu kimi, postmüharibə dönəmində işğaldan azad olunmuş ərazilərə soydaşlarımızın Böyük Qayıdışının ləyaqətli şəkildə təmin edilməsi Azərbaycanın beş milli prioritetindən biri kimi müəyyənləşdirilib. Buna nail olmaqdan ötrü bəhs olunan ərazilərdə çoxsaylı layihələr reallaşdılır, şəhər və kəndlər bərpa olunur, göz önündə daha firavan, daha gözəl Qarabağ formalaşır. Ölkəmizin bu reallıqları qlobal forumların müzakirələrindən kənarda qalmır. 2023-cü il il dekabrın 6-da Bakıda ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda forum təşkil olunub. Forumda Prezident İlham Əliyev də iştirak edib. Forumdan bir gün əvvəl - dekabrın 5-də 30 ölkəni təmsil edən 60 xarici ekspertin iştirakı ilə Zəngilanda panel müzakirə keçirilib. Tədbir iştirakçıları işğaldan azad edilmiş Zəngilan rayonunda yeni yanaşmalar əsasında salınan Ağalı kəndi ilə tanış olublar. Bəhs olunan forum qayıdış prosesinin sosial, iqtisadi, təhlükəsizlik və infrastruktur aspektlərini, beynəlxalq təcrübənin ölkəmizdə tətbiqini müzakirə etməyə imkan yaradıb. Eyni zamanda, ölkəmizin müsbət reallıqları və təcrübəsi beynəlxalq ekspertlərə təqdim olunub. 

Bundan əvvəl 2024-cü il aprelin 23-də ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə açılış tədbiri baş tutan sayca altıncı beynəlxalq forum “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilib. Tədbirə 30 ölkədən 64 iştirakçı qatılıb. Altıncı forum üçün seçilən mövzu dünyanın yeni çağırışlarından biridir. Hazırda iqlim dəyişmələrindən bütün dünya təsirlənir, bir sıra ölkələr, o cümlədən kiçik ada dövlətləri üçün isə bu, həyati əhəmiyyət təşkil edir. Azərbaycan ötən ilin noyabr ayında BMT-nin iqlim konfransına - COP29-a uğurla ev sahibliyi etməklə və mühüm nəticələrə nail olmaqla iqlim çağırışlarına yüksək həssaslıqla yanaşdığını bir daha nümayiş etdirdi. Əlamətdar haldır ki, altıncı forum çərçivəsində beynəlxalq beyin mərkəzlərinin təmsilçiləri Laçında da olublar və müzakirələri burada panel formatında davam etdiriblər.

ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 8-də Xankəndi şəhərindəki Qarabağ Universitetində işinə başlayan 7-ci ADA Siyasi Forumu üçün “Yeni Dünya Nizamına Doğru” mövzusu seçilib. Forumda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər. Forum çərçivəsində iki panel sessiya keçiriləcək. Birinci paneldə “Geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri” mövzusu müzakirə olunacaq. İkinci panel isə “Yeni dünya nizamı: İqtisadi transformasiya və rəqəmsal inqilabdan gözləntilər” mövzusuna həsr olunub.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 234 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31