Azərbaycan - Qırğızıstan: Ortaq məqsədlər naminə birgə fəaliyyət
04.08.2026 [10:38]
Azərbaycanla Qırğızıstanı tarixi köklər və mənəvi yaxınlıq birləşdirir. İki ölkənin dəyərləri xalqların zəngin mədəni irsində öz əksini tapıb. Gələcək əməkdaşlıq da yeni çağırışlar və reallıqlar nəzərə alınmaqla məhz bu möhkəm zəmin üzərində qurulur. Bu günlərdə Prezident İlham Əliyevin dost ölkəyə uğurla baş tutan dövlət səfəri çərçivəsində Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında Azərbaycan - Qırğızıstan əməkdaşlığına dair məsələlərin bütün kompleksi üzrə ətraflı və etimada əsaslanan müzakirələr aparılıb. Dövlət başçılarının sədrliyi ilə baş tutan iclasda şuranın indiyədək qəbul etdiyi qərarların icrası vəziyyətinə dair məlumatlar verilib, birgə təşəbbüslərin yerinə yetirilməsinin gedişatı, o cümlədən Azərbaycan-Qırğızıstan Fondunun fəaliyyəti ətraflı müzakirə olunub.
Tərəflər bir-birinin timsalında etibarlı dost qazanmalarından çox məmnundurlar və müxtəlif istiqamətlərdə münasibətlərin dərinləşməsinə böyük maraq göstərirlər. Əsas məqam ondan ibarətdir ki, zəngin potensiala əsaslanan əlaqələri genişləndirmək üçün heç bir maneə yoxdur.
Birgə yaradılan İnkişaf Fondu çoxsaylı layihələri maliyyələşdirir
Son illərdə Xəzər hövzəsi regionunda Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin iştirakı ilə vahid iqtisadi məkan formalaşmaqdadır. Burada yaradılmış birgə investisiya fondları səmərəli mexanizm kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan - Qazaxıstan (300 milyon ABŞ dolları), Azərbaycan - Özbəkistan (500 milyon ABŞ dolları) və Azərbaycan - Qırğızıstan (indiyədək 100 milyon ABŞ dolları) Birgə İnvestisiya fondları sənaye, logistika, kənd təsərrüfatı və yüksək texnologiyalar sahəsində birgə layihələrin maliyyələşdirilməsi üçün mühüm platformadır. Qarşılıqlı ticarət dövriyyəsi də tərəflərin siyasi iradəsi əsasında genişlənməkdədir. Hazırda Azərbaycanın Mərkəzi Asiyanın 5 dövləti ilə illik ümumi ticarət dövriyyəsi 1,8 milyard ABŞ dollarına yaxındır, bunun 1,5 milyardı Özbəkistan və Qazaxıstanın payına düşür. Prioritet isə növbəti illərdə Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında 20 milyard ABŞ dollar həcmində ticarət həcminə çatmaqdır. Bunun üçün böyük potensial və güclü siyasi iradə var.
Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında iqtisadi əlaqələrin genişlənməsindən bəhs edərkən Azərbaycan-Qırğızıstan tərəfdaşlığının yüksək dinamika ilə inkişafını da xüsusi qeyd etmək lazımdır. İndiyədək iki ölkə arasında 105 sənəd imzalanıb. Baza mexanizmi kimi yaradılan Dövlətlərarası Şuranın 1-ci iclası 2022-ci ildə Bişkekdə, 2-ci iclası isə 2024-cü ildə Bakıda keçirilib. İkitərəfli ticarətin həcminin 2025-ci ildə 77,17 milyon dollara çatması, eləcə də Azərbaycanda 100-ə yaxın Qırğızıstan şirkətinin fəaliyyət göstərməsi iqtisadi tərəfdaşlığın artan dinamikasını əks etdirir. 2026-cı ilin yanvar-may aylarında Azərbaycandan Qırğızıstana 25 milyon 572,84 min dollar dəyərində məhsul ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 dəfə və ya 20 milyon 289,65 min dollar artım deməkdir. İdxalda isə müəyyən həcmdə azalma müşahidə edilir. Bəhs olunan dövrdə Azərbaycan Qırğızıstandan 3 milyon 401,95 min dollar dəyərində məhsul idxal edib ki, bu da illik müqayisədə 4,6 dəfə və ya 12 milyon 118,94 min dollar azdır. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu göstəricilər Azərbaycanın ümumi ixracının 16 faizini, ümumi idxalının isə 0,04 faizini təşkil edib.
İqtisadi əlaqələrin tənzimlənməsində və yeni imkanların dəyərləndirilməsində Birgə Hökumətlərarası Komissiya mühüm rol oynayır. Komissiyanın 2025-ci ilin dekabrında Bakıda keçirilən 6-cı iclası iqtisadi prioritetlərin müəyyənləşdirilməsinə növbəti töhfəsini verib.
Biznes təşəbbüslərinin dəstəklənməsi və birgə investisiya layihələrinin həyata keçirilməsində əsas mexanizm kimi Azərbaycan-Qırğız İnkişaf Fondu çıxış edir. Fond 2022-ci il oktyabrın 11-də Bişkekdə “Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş”ə uyğun olaraq fəaliyyət göstərir. Qurumun iqtisadi əməkdaşlığa, iqtisadiyyatın modernləşdirilməsi və potensialın reallaşdırılmasına yardım məqsədilə yaradılan fond Azərbaycan və Qırğızıstanın biznes qurumlarının birgə fəaliyyətinə dəstək göstərməklə ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə xidmət edir. Fond müxtəlif maliyyə alətlərindən istifadə etməklə sahibkarlıq subyektlərinin prioritet layihələrinə investisiyalar yatırır. Bu platforma çərçivəsində Azərbaycan və Qırğızıstan sahibkarlıq subyektlərinin aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələri maliyyələşdirilir. Fond çərçivəsində potensial layihələr müzakirə edilir. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan ilə Qırğızıstan arasında investisiya tərəfdaşlığının gücləndirilməsi üçün fondun geniş perspektivləri mövcuddur.
Fond tərəfindən artıq ümumi dəyəri 52,7 milyon dollar olan strateji layihələr maliyyələşdirilib və hazırda daha 10-a yaxın müraciətə baxılır. İndiyədək fondun nizamnamə kapitalı 100 milyon ABŞ dolları həcmində idi. Yeni biznes təşəbbüsləri nəzərə alınmaqla bu rəqəm iki dəfə artırılaraq 200 milyon dollara çatdırılıb. Fondun nizamnamə kapitalının 200 milyon ABŞ dollarınadək artırılması planı iki ölkənin iqtisadi əməkdaşlığının maliyyə təminatının gücləndirilməsinə müsbət təsir göstərəcək. Kapitalın artırılması sənaye, kənd təsərrüfatı, logistika, emal və digər perspektivli sahələrdə birgə layihələrin maliyyələşdirilməsi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər. Prezident İlham Əliyev Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasındakı çıxışında fondun vəsaitlərinin artırılması barədə qərar qəbul olunmasından məmnunluğunu ifadə edərək vurğulayıb: “Şadam ki, Azərbaycan-Qırğız Fondu uğurla fəaliyyət göstərir. Fondun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik və bir neçə layihə artıq həyata keçirilir. Əminəm ki, fond inkişaf etdikcə, layihələrin sayı da artacaq. Bu, ortaq məqsədlərimizə xidmət edəcək”.
Azərbaycanın İssık-Kulun turizm potensialının inkişafına töhfəsi
Azərbaycan Prezidenti Dövlətlərarası Şuranın 3-cü iclasındakı çıxışında respublikamızın həmçinin İssık-Kulun infrastrukturunun genişlənməsində, burada turizmin inkişafında roluna da xüsusi diqqət çəkib. Dövlətimizin başçısı ərazidə beşulduzlu “Bakı” hotelinin inşasını dost-qardaş münasibətlərinin təzahürü, həmçinin Azərbaycanın İssık-Kulun turizm potensialının inkişafına kiçik töhfəsi kimi dəyərləndirib.
İssık-Kul gölünün sahilində beşulduzlu “Baku Resort & Spa” mehmanxanasının açılışında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Qırğız Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və birinci xanım Ziroatxon Mirziyoyeva, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iştirak ediblər. Tədbirdə bildirilib ki, “Baku Resort & Spa” “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında İssık-Kul gölünün sahilində beşulduzlu mehmanxananın tikintisi üzrə investisiya qoyuluşu haqqında” 2023-cü ildə Bişkekdə imzalanmış saziş çərçivəsində inşa olunub.
Ümumilikdə 17 hektardan çox ərazini əhatə edən mehmanxana memarlıq, mədəniyyət, incəsənət, qastronomiya, sağlamlıq və istirahətin ahəngdar şəkildə bir araya gəldiyi nadir məkan kimi layihələndirilib. Kompleksdə 330 qonağın qəbuluna imkan verən 111 otaq və 10 kottec var. Mehmanxanada bir hissəsi Azərbaycan vətəndaşları olmaqla ilkin mərhələdə 255 nəfərin iş yeri ilə təmin edilməsi nəzərdə tutulub.
Sağlamlıq və istirahət mehmanxana konsepsiyasının əsas istiqamətlərindəndir. Burada ilboyu istirahət üçün nəzərdə tutulmuş qapalı və açıq hovuzlar, akvapark və çimərlik də qonaqların ixtiyarına veriləcək. Qastronomiya mehmanxananın fəaliyyətinin ayrılmaz hissəsini təşkil edir. Burada Azərbaycan kulinariya ənənələrinin zənginliyi nümayiş olunacaq. Mehmanxanadakı müxtəlif restoranlarda ənənəvi Azərbaycan səhər yeməkləri də daxil olmaqla, milli mətbəximizdən təamlar təqdim ediləcək.
Hər yaş qrupundan olan qonaqlar üçün maraqlı istirahət imkanları yaratmaq məqsədilə kurort geniş əyləncə infrastrukturu ilə təchiz olunub, boulinq və digər əyləncə oyunları zonası, kino zalı, müxtəlif idman növləri üçün nəzərdə tutulmuş çoxfunksiyalı açıq idman meydançası yaradılıb. Mehmanxanada beynəlxalq konfranslar, korporativ görüşlər, biznes və sosial tədbirlərin təşkili üçün müasir şərait var.
Burada Bakının gözəlliyi və Azərbaycanın zəngin mədəni irsini əks etdirən elementlər qonaqlara milli ənənələrlə müasirliyin harmoniyasını yaşadır.
Dünyanın ikinci ən böyük dağ gölü və Qırğızıstanın ən qiymətli təbiət incilərindən hesab olunan İssık-Kulun sahilində yerləşməsi, həmçinin bu ərazinin yüksək turizm potensialı mehmanxana kompleksinin əhəmiyyətini daha da artırır. Bu layihənin icrası, eyni zamanda, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafına töhfə verir.
Gələcəkdə qarşılıqlı fəaliyyətin genişlənəcəyinə dərin inam
Dövlətlərarası Şuranın 3-cü iclasında ikitərəfli münasibətlərin bundan sonra daha da genişlənəcəyinə dərin inam ifadə olunub. “Əldə edilən bütün razılaşmaların birgə inkişafa və ortaq məqsədlərə çatmaq üzrə səmimi səylərə əsaslanması xüsusilə vacibdir. Qırğız-Azərbaycan əməkdaşlığı nəqliyyat, energetika, investisiya, təhlükəsizlik, təhsil və digər sahələrdə qarşılıqlı fəaliyyətin daha da genişlənməsi üçün əhəmiyyətli potensiala malikdir”, - deyə Qırğızıstan Prezidenti Sadır Japarov vurğulayıb.
İkitərəfli iqtisadi inteqrasiyanın dərinləşməsində nəqliyyat-logistika sahəsi prioritet istiqamətlərdən biri qismində çıxış edir. Tərəflər “Şərq-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) və “Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Avropa” multimodal marşrutu üzrə yükdaşımaları fəal şəkildə həyata keçirirlər. Nəqliyyat əlaqələrinin mühüm tərkib hissəsi olan hava nəqliyyatı sahəsində də intensivlik təmin edilib. AZAL tərəfindən Bakı-Bişkek marşrutu üzrə həftədə 4 müntəzəm, Bakı-İssık-Kul xətti üzrə isə mövsümi reyslərin yerinə yetirilməsi işgüzar və turizm əlaqələrinin daha da canlanmasına xidmət edir.
Azərbaycan və Qırğızıstan arasında energetika və xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlıq gələcək üçün perspektivli istiqamətlərdən biri hesab olunur. Dünyada “yaşıl enerji” keçidinin sürətləndiyi, enerji təhlükəsizliyinin milli və regional siyasətin əsas prioritetlərindən birinə çevrildiyi bir vaxtda Azərbaycanla Qırğızıstan arasında bu sahədə təcrübə və texnologiya mübadiləsinin genişləndirilməsi yeni imkanlar açır. Azərbaycanın enerji sektorunda formalaşdırdığı təcrübə, Qırğızıstanın isə hidroenerji potensialı iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli zəmin formalaşdırır. “Biz Qırğızıstan və Azərbaycan arasında neft və neft məhsullarının tədarükü və energetika sahəsində əməkdaşlığın inkişafı barədə memorandum imzaladıq. Bu memorandum bizə neft məhsulları sahəsində səmərəli əməkdaşlıq qurmağa imkan verəcək”, - deyə Qırğızıstanın energetika naziri Altınbek Rısbekov bildirib. Onun sözlərinə görə, hazırda tədarük həcmləri müzakirə mərhələsindədir. Nazir bildirib ki, ikitərəfli görüşlərin yekunlarına əsasən, aidiyyəti qurumlara əldə olunmuş razılaşmaların reallaşdırılmasının praktik mexanizmlərini ən qısa müddətdə işləyib hazırlamaq tapşırılıb: “Yaxın günlərdə mexanizmlər aydın şəkildə müəyyənləşdiriləcək. İki prezidentin tapşırığı ilə bir həftə ərzində yol xəritəsi və reallaşdırma ilə bağlı konkret mexanizm hazır olacaq”, - deyə qurum rəsmisi bildirib.
Perspektivlə bağlı nikbinliyini ifadə edən nazir vurğulayıb: “Bizim yaxşı niyyətlərimiz var. Düşünürəm ki, gələcəkdə neft məhsulları və energetika istiqamətləri üzrə yaxşı əməkdaşlığımız olacaq”.
Azərbaycan son illərdə regionun ən cəlbedici investisiya məkanlarından birinə çevrilib. Qırğızıstan isə Mərkəzi Asiya bazarına çıxış imkanları və geniş kənd təsərrüfatı potensialı ilə Azərbaycan biznesi üçün maraqlı istiqamət hesab olunur. Qarşılıqlı investisiyaların artması həm iqtisadi əlaqələrin şaxələndirilməsinə, həm də özəl sektorun fəallığının yüksəlməsinə töhfə verəcək. İndiyədək Azərbaycandan Qırğızıstana birbaşa investisiya axınlarının həcmi 68,8 milyon dollar təşkil edib. Qırğızıstandan isə Azərbaycana birbaşa investisiya 25,2 milyon dollardır və bu, əsasən qeyri-neft-qaz sektorunun payına düşür. Qeyd edək ki, 1997-ci il avqustun 28-də iki ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş imzalanıb və sənəd hazırda da qüvvədədir. Bundan başqa, ötən ilin dekabrında İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Qırğızıstanın Ticarət və Sənaye Palatası arasında Qırğızıstan-Azərbaycan İşgüzar Şurasının yaradılmasına dair memorandum imzalanıb. Eyni zamanda, Qırğızıstanın İnvestisiyaların Təşviqi və Qorunması üzrə Agentliyi ilə də əlaqələr qurulur, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə xarici investorların cəlb edilməsi istiqamətində işlər görülür.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59

