Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Qoşulmama Hərəkatında Azərbaycanın rolu yüksək qiymətləndirilir

Qoşulmama Hərəkatında Azərbaycanın rolu yüksək qiymətləndirilir

05.09.2026 [10:09]

İsveçrənin Cenevrə şəhərində Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti geniş müzakirə olunub

Azərbaycan hər zaman üzv olduğu beynəlxalq təşkilatların sıralarında yüksək fəallığı ilə fərqlənir. Prezident İlham Əliyev bir qayda olaraq yüksək tribunalardan qlobal çağırışları nəzərə almaqla mühüm təşəbbüslər irəli sürür və sonradan bu təşəbbüslər dünyada təqdir olunaraq beynəlxalq gündəliyə daxil edilir.

Ölkəmizin Qoşulmama Hərəkatına (QH) uğurlu sədrliyi dönəmində qurumun funksionallığının artmasına, beynəlxalq nüfuzunun yüksəlməsinə  mühüm töhfələr verməsi bunun əyani təsdiqidir. Hazırda bu təcrübə beynəlxalq səviyyədə müsbət nümunə kimi öyrənilir. Elə bu günlərdə  İsveçrənin Cenevrə şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti və rolu geniş müzakirə olunub. Müzakirələr Milli Məclisin sədri Sahibə Qafarovanın İsveçrəyə işgüzar səfəri çərçivəsində, Cenevrədə akkreditə olunmuş diplomatik korpus rəhbərləri və nümayəndələri ilə keçirdiyi görüş zamanı baş tutub. S.Qafarova vurğulayıb ki, beynəlxalq və regional parlament təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi təcrübə mübadiləsinə, ortaq problemlərə birgə həllərin tapılmasına və müxtəlif regionların prioritetlərinin qlobal gündəmdə daha dolğun əks olunmasına imkan yaradır.

Ölkəmizin QH-da fəal təmsilçiliyi

Respublikamızın Qoşulmama Hərəkatında fəal təmsilçliyi Azərbaycan diplomatiyasının böyük uğurudur. Bu gün tərkibində 120 dövləti birləşdirən və dünyada BMT-dən sonra ikinci böyük təsisat sayılan Qoşulmama Hərəkatı ötən əsrin ortalarından etibarən təşkilatlanmağa başlayıb. 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransı Qoşulmama Hərəkatının təsis edilməsi istiqamətində ilk əhəmiyyətli addım hesab edilir. 1-6 sentyabr 1961-ci il tarixlərində keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulub. QH öz fəaliyyətində 9 bənddən ibarət “Bandunq prinsipləri”ni əsas götürür.

Respublikamız 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub. Ölkəmizin QH-da təmsilçiliyi uzun zaman müddətini əhatə etməsə də, ötən dövrdə təsisatda təmsil olunan dövlətlərdə Azərbaycana yüksək inam və etimad formalaşıb. Qısa zaman kəsiyində respublikamızın qurumun sıravi üzvlüyündən onun sədrliyinə yüksəlməsi bunun əyani təsdiqidir. Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. Ölkəmizin beynəlxalq təsisata sədrliyi 2022-ci ildə bitməli idi. Ancaq Azərbaycanın səmərəli fəaliyyətinin yüksək dəyərləndirilməsinin əlaməti olaraq QH-na üzv dövlətlər respublikamızın sədrlik dövrünün daha bir il uzadılması ilə bağlı müraciət ünvanladılar. Azərbaycan isə bu etimada qarşılıq verərək müraciəti qəbul edib.

Qısa müddətdə QH-da Azərbaycana belə yüksək inamın formalaşması isə heç də təsadüfi deyil. Bu, bilavasitə ölkəmizin təsisatla xoş mərama əsaslanan səmərəli əməkdaşlıq münasibətləri qurmasının nəticəsidir. Respublikamız 2011-ci ildən bəri Qoşulmama Hərəkatının dünyada nüfuzunun artması, digər beynəlxalq təşkilatlarla əlaqələrinin möhkəmlənməsi və başqa istiqamətlərdə fəal, nəticəyönümlü çalışmalar ortaya qoyub. Bunun təsdiqi üçün cəmi bir neçə faktı xatırlamaq kifayətdir.

Məlumdur ki, Qoşulmama Hərəkatının üzvlərinin böyük qismi inkişaf etməkdə olan dövlətlərdir. Azərbaycan Qoşulmama Hərəkatı ilə münasibətlərdə bu amili nəzərə alır və ehtiyac yarandığı təqdirdə humanitar aksiyalarda fəal iştirak edir. 2005-ci ildən etibarən Azərbaycan 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərib. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələr həyata keçirir. Azərbaycan 2018-ci ildən etibarən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali məktəblərində təhsil almaq məqsədilə tam ödənişli təqaüdlər verir. Bu gün Hərəkata üzv olan 30-dan çox ölkənin gəncləri bu proqramdan faydalanırlar.

Eyni zamanda, indiyədək respublikamız QH-nin bir sıra tədbirlərinə uğurla ev sahibliyi edib. Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilən 18-ci Sammitinin böyük rəmzi mənası var. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Zirvə görüşündən 30 il sonra Qoşulmama Hərəkatında təmsil olunan ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi edib. Bununla da Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiq olduğunu bir daha bütün dünyaya nümayiş etdirib.

Azərbaycanın QH-ya nümunəvi sədrliyi

Məsuliyyətli dövlət olan Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcəyi dövr üçün geniş, kifayət qədər səmərəli fəaliyyət planı hazırlamışdı. Lakin 2019-cu ilin sonlarından başlayan və qısa müddətdə 200-dən çox ölkəyə yayılan, özü ilə bərabər həyatımıza bir sıra çətinliklər gətirən koronavirus pandemiyası qlobal miqyasda çağırışları dəyişdi. Azərbaycan da Qoşulmama Hərəkatına sədrlik fəaliyyətini yeni çağırışlara adekvat qurmaq məcburiyyətində qaldı. Respublikamız qlobal səciyyə daşıyan pandemiyaya qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsinə hesablanan bir sıra təşəbbüslər irəli sürüb. Məhz Azərbaycanın təklifi əsasında 4 may 2020-ci il tarixində QH-nin COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü keçirildi. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü də bütün dünyada böyük rezonans doğurdu. Belə ki, əksər qitələrdən olan 150-dən artıq dövlət bu təşəbbüsə dəstəyini bildirdi və Xüsusi sessiya 3-4 dekabr 2020-ci il tarixlərində baş tutdu. Bundan başqa, Azərbaycanın təşəbbüsü ilə Hərəkatın tarixində ilk dəfə olaraq QH Modeli Beynəlxalq Simulyasiya Təlimi keçirildi.

Bütövlükdə, QH-ya sədrliyi dövründə Azərbaycanın prioritetlərinin əhatə dairəsi kifayət qədər geniş olub. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında  ehtiyacı olan ölkələrə yardım göstərilməsinin Azərbaycanın sədrliyinin prioritetlərindən biri olduğunu diqqətə çatdırıb. Bu xüsusda fikirlərini ifadə edən dövlətimizin başçısı vurğulayıb: “Azərbaycan əksəriyyəti QH-yə üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib. Biz, həmçinin beş ölkəni peyvəndlə təmin etmişik”.

Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan etdiyini xatırladan Prezident İlham Əliyev Azərbaycanın ilk donor kimi hər iki çağırış üçün 1 milyon ABŞ dolları ayırdığını da diqqətə çatdırıb.

Hərəkatın institusional əsaslarının möhkəmləndirilməsi

Respublikamızın QH-nin institusional əsaslarının genişləndirilməsində və möhkəmləndirilməsində nümayiş etdirdiyi liderlik keyfiyyətləri də  təqdirəlayiqdir. Ölkəmiz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış edib. Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib. Bu günlərdə Cenevrədə baş tutan müzakirələrdə Azərbaycanın təşkilata sədrliyi dövründə Parlament Şəbəkəsinin strukturunun uğurla formalaşdırıldığı və digər qlobal təşkilatlarla əlaqələrinin genişləndirildiyi diqqətə çatdırılıb. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin indiyə qədər keçirdiyi tədbirlərə 70-dən çox ölkədən 1000-dən artıq parlament rəhbəri və deputat qatılıb.

Qoşulmama Hərəkatının Gənclər Təşkilatının yaradılması təşəbbüsü də Azərbaycandan gəlib. 2022-ci il 25-29 iyul tarixində ölkəmizdə keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti çərçivəsində Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq QH-na üzv ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradılıb. Bu təşkilatın yaradılması Qoşulmama Hərəkatı Gənclər Sammitində iştirak edən üzv dövlətlərin nümayəndələri tərəfindən müsbət qarşılanıb və dəstəklənib. Qoşulmama Hərəkatına üzv ölkələrin gənclərini birləşdirən bu mühüm təşəbbüsə görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə olunub. Qoşulmama Hərəkatı Gənclər Sammiti çərçivəsində Şuşaya səfər edən nümayəndə heyətləri Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanması, işğal dövründə baş vermiş dağıntılar barədə məlumatlandırılıb, həmçinin Azərbaycan hökumətinin həyata keçirdiyi bərpa-yenidənqurma işləri, o cümlədən Şuşa şəhərinin tarixi və memarlıq abidələri ilə tanış olublar. Tarixə Şuşa Akkordu (Şuşa razılaşması) kimi düşən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılmasına dair sənədin qəbulu ilə ölkəmizin mədəniyyət paytaxtının adı bu mötəbər qurumun tarixinə yazılıb.

Sayı kifayət qədər çox olan bu kimi faktlar Azərbaycanın QH-da mühüm rolu barədə konkret təsəvvür yaradır. Təsisata üzv dövlətlərdə ölkəmizə olan yüksək inam və etimadının əsasında da məhz bu amillər dayanır.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 89 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30