Minatəmizləmə fəaliyyəti milli prioritetlər sırasında...
04.09.2026 [10:22]
Azərbaycan dünyada mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biridir. Ölkəmiz bu problemi dünya ictimaiyyətinə çatdırmaq üçün müxtəlif addımlarla yanaşı, beynəlxalq konfranslar da təşkil edir.
2-3 sentyabr tarixlərində Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda IV Beynəlxalq Minatəmizləmə Konfransının keçirilməsi də bunu təsdiqləyir.
60 ölkədən 400-dən çox nümayəndə iştirak etdiyi beynəlxalq konfrans...
Konfrans Azərbaycanın mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina təhlükəsinin aradan qaldırılmasının təhlükəsiz və dayanıqlı bərpa prosesində rolu, innovativ yanaşma və qabaqcıl təcrübə mübadiləsi, həmçinin mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin səfərbər edilməsi yolları ətrafında müzakirələrin aparılması məqsədi daşıyır. Bakının ev sahibliyi etdiyi IV Beynəlxalq Minatəmizləmə Konfransında ümumilikdə 60 ölkədən 400-dən çox nümayəndə iştirak edib. İştirakçılar arasında bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT-nin nümayəndələri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmiləri, habelə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri təmsil olunublar.
Qeyd edək ki, tədbirin açılış mərasimində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciəti səsləndirib. Müraciətdə vurğulanıb ki, münaqişədən sonra ərazilərdə şəhərlərin bərpası binaların, yolların və ictimai infrastrukturun yenidən qurulması ilə yanaşı, təhlükəsizliyin və inamın bərqərar olmasını tələb edir. Torpaqlar minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənməyincə heç bir şəhər, kənd və ya qəsəbə tam şəkildə yenidən qurula, heç bir məktəb və ya xəstəxana təhlükəsiz fəaliyyət göstərə, heç bir ailə öz yurduna ləyaqətlə geri qayıda və heç bir iqtisadi fəaliyyət davamlı inkişaf edə bilməz. Buna görə də humanitar minatəmizləmə şəhərlərin bərpasının və təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır. Azərbaycan bu çağırışın ən ağır təzahürü ilə üzləşib. Ermənistan tərəfindən ərazilərinin təxminən 30 il işğalı nəticəsində Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib. İlkin hesablamalara görə, Azərbaycan ərazisinin 13 faizindən çoxu mina və partlamamış sursatların təsirinə məruz qalıb. Qarabağın və Şərqi Zəngəzurun azad edilmiş əraziləri mina və partlamamış sursatlarla artıq dərəcədə çirklənmiş vəziyyətdə qalır ki, bu da yenidənqurma, iqtisadi fəaliyyət, təhlükəsiz hərəkət və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması üçün ciddi maneələr yaradır.
3 min 500-dən çox vətəndaşımız minalardan zərər çəkib
“Vətən müharibəsinin bitdiyi 2020-ci ildən indiyədək mülki şəxslər, hərbçilər, minaaxtaranlar, jurnalistlər və yenidənqurma işlərində iştirak edən şəxslər də daxil olmaqla, 437 Azərbaycan vətəndaşı mina və partlayıcı sursat hadisələrinin qurbanı olub, nəticədə 73 nəfər həyatını itirib, 364 nəfər ağır yaralanıb. Ümumilikdə, Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan bəri 3 min 500-dən çox vətəndaşımız minalardan zərər çəkib. Onların arasında uşaqlar, qadınlar və digər mülki şəxslər də var ki, bu gizli təhlükə onların həyatına faciəvi təsir edib”- deyə, konfrans iştirakçılarına müraciətdə qeyd edilib.
Diqqətə çatdırılıb ki, Ermənistan tərəfindən təqdim edilən minalanmış sahələrin xəritələrinin əsasən qeyri-dəqiq və natamam olması bu çağırışın miqyasını daha da artırır. Minalar və mina tələləri yalnız keçmiş hərbi mövqelərdə deyil, həm də yollar boyunca, yaşayış sahələrinin yaxınlığında, qəbiristanlıqlarda, kənd təsərrüfatı torpaqlarında, meşələrdə, çay sahillərində və digər mülki ərazilərdə aşkar edilib. Buna baxmayaraq, Azərbaycan bu çağırışların öhdəsindən gəlməyə və vətəndaşlarının öz doğma yurdlarına təhlükəsiz, ləyaqətli və davamlı qayıdışını təmin etməyə qətiyyətlə sadiqdir. Humanitar minatəmizləmə Azərbaycanın azad edilmiş ərazilərində yenidənqurma və bərpa proqramının ayrılmaz və əhəmiyyətli hissəsidir. Şəhərlərin və kəndlərin yenidən qurulması, infrastrukturun bərpası, nəqliyyat və enerji şəbəkələrinin inkişafı, kənd təsərrüfatının dirçəldilməsi və yeni yaşayış məntəqələrinin yaradılması minatəmizləmə fəaliyyətləri ilə sıx və dəqiqliklə əlaqələndirilərək həyata keçirilir.
Prezident: 40 min keçmiş məcburi köçkün azad edilmiş ərazilərdə evlərinə qayıdıb
Prezidentin müraciətində vurğulandığı kimi, Azərbaycanda minatəmizləmə fəaliyyəti daha geniş milli prioritetlərlə birbaşa bağlıdır. Bu fəaliyyət yenidənqurmanı, təhlükəsiz qayıdışı, kənd təsərrüfatının dirçəldilməsini, infrastrukturun inkişafını, ətraf mühitin qorunmasını, sosial reinteqrasiyanı və iqtisadi bərpanı dəstəkləyir. Bu, həmçinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in, xüsusilə də azad edilmiş ərazilərə Böyük Qayıdışla bağlı prioritetin həyata keçirilməsinə töhfə verir. İşğal zamanı dağıdılmış şəhərlər və kəndlər Böyük Qayıdış Proqramı çərçivəsində yenidən qurulur, müasir infrastruktur, yollar, tunellər, hava limanları, enerji obyektləri, məktəblər, xəstəxanalar, mədəniyyət abidələri və yaşayış məntəqələri bərpa olunur. Bu siyasətin praktik nəticələri artıq göz qabağındadır. Bu günədək təxminən 40 min keçmiş məcburi köçkün azad edilmiş ərazilərdə evlərinə qayıdıb. Ümumilikdə, hazırda Qarabağda və Şərqi Zəngəzurda yaşayan insanların sayı 90 mini keçib. “Azərbaycan minatəmizləmə, şəhərsalma, infrastrukturun inkişafı, ətraf mühitin bərpası, rəqəmsal həllər, sosial xidmətlər, dövlət idarəçiliyi və keçmiş məcburi köçkünlərin geri qayıtmasını vahid əlaqələndirilmiş çərçivədə birləşdirən münaqişədən sonrakı yenidənqurma, bərpa və idarəetmənin qabaqcıl modellərini işləyib hazırlayır və tətbiq edir. İşğal zamanı dağıdılmış və əhalisi boşalmış ərazilər qısa müddət ərzində yaşayış, iş, təhsil və imkanlar təqdim edən yerlərə çevrilir”, - deyə dövlət başçısı bəyan edib.
298 min hektardan çox ərazi minalardan təmizlənib
Konfransda çıxış edən ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov qeyd edib ki, Vətən müharibəsi başa çatandan sonra agentlik və humanitar minatəmizləmə fəaliyyətinə cəlb olunmuş digər qurumlar tərəfindən 298 min hektardan çox ərazi təmizlənib, 260 mindən çox mina və digər partlayıcı sursat zərərsizləşdirilib. O vurğulayıb ki, bu rəqəmlər yenidən istifadəyə verilən yolları, qurulan kəndləri, bərpa edilən elektrik xətlərini, istifadəyə qaytarılan kənd təsərrüfatı sahələrini və insanların doğma torpaqlarına qayıtması istiqamətində yaradılan imkanları ifadə edir:”2020-ci ilin noyabr ayından etibarən minatəmizləmə əməliyyatları işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və şəhərlərin bərpası prosesi ilə birbaşa əlaqələndirilib. Bu müddət ərzində yaşayış infrastrukturu üçün xüsusi olaraq 103 min hektardan çox ərazi təmizlənərək geri qayıdan sakinlər üçün yeni yaşayış məntəqələrinin, komplekslərinin, məktəblərin, xəstəxanaların, ictimai obyektlərin və zəruri xidmətlərin yaradılmasına imkan verib. Bundan əlavə, yolların, enerji infrastrukturunun, kənd təsərrüfatının və digər prioritet layihələrin həyata keçirilməsi üçün də əhəmiyyətli olan ərazilər təmizlənib”.
57 ölkə mina və partlamamış sursat qalıqları ilə çirklənmiş vəziyyətdədir
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisinin adından çıxış edən Nasar Hayat dünyada təxminən 57 ölkənin mina və müharibənin partlamamış sursat qalıqları ilə çirklənmiş vəziyyətdə olduğuna diqqət çəkib. Onun sözlərinə görə, bu, bütöv icmaların təhlükəsizliyinə, sağlamlığına, rifahına, yaşayış vasitələrinə və sülh perspektivlərinə təhlükə yaradır. Cəmiyyətin ən həssas üzvləri olan qadınlar və uşaqlar isə tez-tez bundan böyük zərər görürlər.
Nasar Hayat qeyd edib ki, Azərbaycan dünyanın minalarla ən çox çirklənmiş ölkələrindən biridir. Faciələrdən və mina partlayışlarından sağ çıxan insanlar isə mina təhlükəsinin aradan qaldırılması istiqamətində fəaliyyətin nə üçün təxirəsalınmaz olduğunu bir daha xatırladırlar. “Çağırışın miqyasına baxmayaraq, Azərbaycan bu istiqamətdə diqqətəlayiq tərəqqi əldə edib. 2026-2030-cu illər üçün BMT və Azərbaycan Hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi əsasında biz ANAMA-nı dəstəkləməyə sadiqik. Hələ çox iş görülməlidir, daha böyük tərəfdaşlıq və beynəlxalq həmrəylik lazımdır”,- deyə Nasar Hayat bildirib.
Tədbir panel müzakirələrlə işini davam etdirib. Müzakirələrdə dövlət və hökumət nümayəndələri çıxış ediblər. Yekinda konfransın bəyanatı qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

