Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / “Yaşıl enerji”də yeni dövr

“Yaşıl enerji”də yeni dövr

19.09.2026 [10:40]

“Qobustan” GES-in istifadəyə verilməsi Azərbaycanın bərpaolunan enerji potensialını daha da gücləndirir

Prezident İlham Əliyevin açılışını etdiyi Qaradağ rayonundakı 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyası (GES) Azərbaycanın bərpaolunan enerji potensialını nümayiş etdirməklə, regionda “yaşıl enerji” mərkəzinə çevrildiyini təsdiqləyir. Bu, ölkəmizdə elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payının daha da artması fonunda “yaşıl enerji” strategiyasının uğurla irəlilədiyini nümayiş etdirir.

Qaradağ rayonunun Pirsaat qəsəbəsində 300,77 hektar torpaq sahəsində inşa edilən Günəş elektrik stansiyası Çinin “Universal International Holdings Limited” şirkəti tərəfindən icra edilən birinci layihədir. Bu, Azərbaycan-Çin “yaşıl enerji” əməkdaşlığının nümunəvi modeli olmaqla, qarşıdakı dövrdə bu istiqamətdə davamlı layihələrin həyata keçiriləcəyinə imkan yaradır. 2025-ci ildə Çin şirkətləri ilə ümumilikdə 260 MVt günəş elektrik stansiyaları, 100 MVt-lıq üzən Günəş stansiyası və 30 MVt-lıq batareya enerji saxlanc sistemi üzrə sənədlər imzalanıb ki, bu da Çin texnologiya investorlarının ölkəmizdə geniş təmsilçiliyi deməkdir.

Bərpaolunan enerji stansiyalarının sayı 85-ə çatıb

“Qobustan” GES-in açılışı ilə təkcə GES-lərin ümumi gücü təxminən 378,2 MVt-a yüksəlir.  “Qobustan” Günəş Elektrik Stansiyasının istismara verilməsindən sonra hər il təxminən əlavə olaraq 200 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 45 milyon kubmetr təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 97 min ton azaltmağa imkan verəcək. Yerli və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən bu layihələr ölkəmizin elektrik enerjisi ilə təminatı məsələsinə töhfə verməklə yanaşı, təbii qaza qənaət etməyə və atmosferə atılan karbon emissiyalarını xeyli azaltmağa şərait yaradır.

Beləliklə, bu stansiya da daxil olmaqla, Azərbaycanda bərpaolunan enerji mənbələrinin (su, külək, günəş və bio) ümumi gücü 2170 MVt-a, stansiyaların sayı isə 85-ə çatıb.

“Yaşıl enerji”nin payı 30 faizi ötəcək

Hazırda Azərbaycanda bərpaolunan enerjinin ümumu generasiya güclərində payı təxminən 20 faizə yaxındır. Hökumətin planları 2030-cu ilə qədər elektrik enerjisində bərpaolunan enerjinin qoyuluş gücü üzrə payını 30 faizə çatdırmaqdır. Mövcud layihələrin sürətlə icrası onu göstərir ki, Azərbaycan bu hədəfə daha tez çatacaq və yaxın 4 ildə “yaşıl enerji” gücü 40 faizə qədər yüksələcək.

Qiymətləndirmələrə əsasən, Azərbaycanda “yaşıl enerji” mənbələrinin potensialı quruda 135 QVt, dənizdə 157 QVt proqnozlaşdırılır. İqtisadi potensial 27 QVt, o cümlədən külək enerjisi üzrə 3 QVt, Günəş enerjisi üzrə 23 QVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı isə 520 MVt həcmində qiymətləndirilir. “Qobustan” Günəş Elektrik Stansiyasının istismara verilməsi ilə ölkəmizdə bərpaolunan enerji mənbələrinin ümumi gücü 2170 MVt, stansiyaların sayı isə 85 olacaq. Onların da 65-i su elektrik stansiyası (1443,5 MVt), 6-sı külək elektrik stansiyası (306,5 MVt), 10-u Günəş elektrik stansiyası (378,2 MVt), 3-ü hibrid elektrik stansiyası (7,3 MVt), 1-i isə BİO elektrik stansiyasıdır (37 MVt). Bərpaolunan enerji mənbələri ölkəmizin ümumi enerji gücünün təxminən 21,5 faizini təşkil edir. 2027-ci ilin sonunadək təxminən 1,5-2 QVt gücündə bərpaolunan enerji layihələrinin reallaşdırılması nəzərdə tutulur.

Qarabağ və Şərqi Zəngəzurun zəngin potensialı

“Yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsində hidroenerji, külək və günəş enerjisi, termal su mənbələrinin gücü 7200 MVt-dan artıq qiymətləndirilir. Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu proqnozlaşdırılır. Hidroenerji ehtiyatlarına görə Tərtərçay, Həkəri çayı və bu çayların qolları əsas resurs mənbələri hesab olunur. İndiyə qədər bu ərazilərdə 40-dan artıq kiçik su elektrik stansiyası inşa edilərək istifadəyə verilib, digər hidrogen infrastrukturlarının yaradılması işləri davam etdirilir. Ümumilikdə, 2 il ərzində Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal edəcək yeni su elektrik stansiyalarının tikintisinin başa çatdırılması nəzərdə tutulub. Bu isə bu bölgədə bərpaolunan təmiz enerjinin gücünün 1 QVt-ı ötməsinə səbəb olacaq.

Xarici investorlarla əməkdaşlıq genişlənir

Azərbaycan hökuməti “yaşıl enerji” sektorunda tətbiq etdiyi stimullaşdırıcı addımlarla xarici investorların bu sahəyə cəlb edilməsini son illər daha da gücləndirib. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın “bp”, Avstraliyanın “Fortescue Future Industries”, Yaponiyanın “TEPSCO”, İtaliyanın “Maire Tecnimont”, Çinin “China Gezhouba Group Overseas Investment”, Fransanın “Total Energies” və digər xarici şirkətlərlə  bərpaolunan enerji istehsalına dair müqavilələr imzalanıb. Ümumilikdə, Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 45 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb. Bundan başqa, Azərbaycanda Dünya Bankı (DB) , Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) , Asiya İnkişaf Bankı (AİB) kimi beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə layihələr həyata keçirilir. AYİB 2027-ci ilədək 8 külək və günəş elektrik stansiyasının inşasına kreditlər ayıracaq. Təkcə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilə maliyyə tutumu 1 milyard dollar olan müqavilələrin imzalanması “yaşıl enerji” hərəkatında yeni dalğanın başlanğıcı sayıla bilər.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 143 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

19 Sentyabr 08:57  

Ədəbiyyat

Sərçənin itməkliyi

19 Sentyabr 08:31

YAP xəbərləri

YAP xəbərləri

Dünya

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30