Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sözün diplomatiyası: Begijan Ahmedov yaradıcılığının mənəvi-estetik dünyası

Sözün diplomatiyası: Begijan Ahmedov yaradıcılığının mənəvi-estetik dünyası

18.09.2026 [11:39]

Nərminə AĞAYEVA

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Müasir dövrdə ədəbiyyatın funksiyası yalnız estetik zövq yaratmaqla məhdudlaşmır. Sürətlə dəyişən sosial-mədəni münasibətlər, qloballaşma, milli identiklik problemləri, tarixi yaddaşın deformasiyası və mədəniyyətlərarası münasibətlərin mürəkkəbləşməsi yazıçı və ziyalının cəmiyyətdəki roluna yeni məzmun qazandırır. Bu baxımdan nasir yalnız bədii mətn yaradan sənətkar deyil, həm də ictimai yaddaşın daşıyıcısı, mənəvi dəyərlərin təbliğatçısı və mədəni dialoqun iştirakçısı missiyası ilə çıxış edir.

Qırğızıstanın  Əməkdar mədəniyyət xadimi, Çingiz Aytmatov Akademiyasının Fəxri Akademiki, Qırğızıstan, Azərbaycan və Özbəkistan Yazıçılar Birliklərinin fəxri üzvü, Beynəlxalq Küveyt Universitetinin və Babur adına Əndican Dövlət Universitetinin Fəxri professoru, Beynəlxalq ədəbi mükafatların laureatı Begijan Mahmudoviç Ahmedov intellektual ziyalı nümayəndələrindəndir. O, yazıçı, şair, tərcüməçi və tarixçi olmaqla yanaşı, uzun illərdir sufizmin həssas tədqiqatçısı, fəal ictimai xadim kimi də çalışmalar aparır. Ədəbi yaradıcılığı ilə elmi-publisistik düşüncəsini birləşdirən Begijan Ahmedovun yaradıcılıq yolu, çoxşaxəli fəaliyyəti müasir Mərkəzi Asiyanın mürəkkəb sosial-mədəni reallıqları fonunda xüsusi maraq doğurur.

 Begijan Ahmedov 300-dən artıq məqalə və müsahibənin, 22 elmi tədqiqatın və on kitabın müəllifidir. Onun yaradıcılıq platformasında ictimai-siyasi düşüncə və mədəni diplomatiya bir-birini tamamlayan sahələr kimi çıxış edir. Maarifçi-yazıçının əsərləri dünyanın ondan artıq dillərinə tərcümə edilib. Brüssel, Nyu-York, Orlando, Atlanta, Novosibirsk, Bakı, Pekin, Daşkənd, Bişkek, Oş, Əndican, Fərqanə, Namanqan şəhərlərində kitablarının təqdimatları keçirilib.

 Nizaminin adını daşıyan Daşkənd Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil almasını Begijan Ahmedov həyatının unudulmaz məqamı kimi çox böyük qürurla xatırlayır və qeyd edir ki, Nizami ruhu və Nizami dühası bütün ömrü boyu onu müşayiət edib. Begijan Ahmedovun tarixçi təfəkkürü keçmişlə müasirlik arasındakı əlaqələri görməyə, təhlükəsizlik sahəsindəki uzunmüddətli fəaliyyəti isə cəmiyyətin sosial və ideoloji proseslərini daha mürəkkəb kontekstdə dərk etməyə imkan verirdi.

Bu müstəvidə tarixçiliklə yazıçılıq arasında mühüm bir transformasiya baş verir: tarixçi hadisəni araşdırır, yazıçı isə hadisənin insan taleyindəki mənasını axtarır. Yazıçı-publisist üçün insanın dünyadakı yeri, həyatın mənası, mənəvi seçim, vicdan, həqiqət və özünüdərk kimi problemlər diqqət mərkəzində dayanır. Onun əsərlərində tarix yalnız “baş vermiş hadisələrin xronikası” deyil, bu günün mənəvi problemlərini anlamaq üçün yaddaş məkanıdır.

Görkəmli qələm sahibi Begijan Ahmedovun ədəbi yaradıcılığında bədii söz ilk növbədə insanı öz daxilinə yönəldən bir idrak vasitəsidir; amma onun yaradıcılığını yalnız “bədii ədəbiyyat” kateqoriyası ilə məhdudlaşdırmaq düzgün olmaz. Burada tarixin yaddaşı ilə bədii-fəlsəfi idrak ecazkar vəhdət yaradır. Görkəmli romanistin ədəbi kredosunda müstəsna mövqedə yerləşən nəsr əsərlərindən biri fəlsəfi-macəra janrında olan və real hadisələrdən bəhs edən “Dərviş” romanıdır. Şərq və islam mədəniyyətində dərviş yalnız müəyyən dini-mistik təriqətə mənsub insan deyil; həm də həqiqəti axtaran, zahiri dünyanın sərhədlərindən daxili aləmə doğru hərəkət edən insan obrazıdır. Bu mənada Axmedovun Dərvişi konkret bir personaj olmaqdan daha artıq məna qazana bilir: o, müasir insanın mənəvi axtarışının arxetipidir. Müasir texnoloji tərəqqinin sürətləndiyi, bununla yanaşı isə insanın daxili dünyasında mənəvi boşluğun dərinləşdiyi bir zamanda “Dərviş” obrazının estetik-fəlsəfi məcrada yenidən doğulması keçmişə qayıdış (nostalgiya) deyil. Bu, müasir insanın düçar olduğu ruhsal boşluğu doldurmaq, qloballaşan dünyada fərdi kimliyi xilas etmək üçün qədim və arxetipik bir modelin müasir intellektual bədii dillə yenidən sintezidir.

Misir, Böyük Britaniya, ABŞ, Qırğızıstan, Özbəkistan, Tacikistan, Qazaxıstan, Azərbaycan, Belarus və digər ölkələrin görkəmli ictimai xadimləri, alim və yazıçıları “Dərviş” romanının bədii məziyyətlərini belə dəyərləndirirlər: “B.Ahmedov Orta Asiyada mənəvi dirçəlişin təməlini qoyan mənəvi və intellektual topoqrafiya yaratmağa müvəffəq olur” (Mark Edvard Riz, Amerikalı şərqşünas-kulturoloq); “... müasir dünyanın gəncləri üçün mənəvi bir mesaj olan “Dərviş” romanı əxlaqi deqradasiya, dini ekstremizm və kainatın universal dəyərlərindən və prinsiplərindən geri çəkilmə ilə bağlı bir sıra aktual humanitar məsələlərə toxunur (Səid Abdel Qaffar, Misir Nyu-Velli Universitetinin professoru); “...insan təbiətinin ən kədərli və heyrətamiz hekayəsi... Mərkəzi Asiyanın mədəniyyəti və mənəviyyatı haqqında məlumat əldə etmək istəyən hər kəs üçün mükəmməldir” (filoloq Conatan Kempion, Böyük Britaniya); “Dərviş” romanı geniş kütlələrə ünvanlanan, sülhə, insan həyatının qorunmasına çağıran ibrətamiz nəsihətdir... və bu gün Asiya və Avropa xalqları üçün nə qədər aktualdır!” (Mar Bayciyev, Qırğızıstanın xalq yazıçısı); “Bekijan Axmedov ədəbi orbitə meteor kimi daxil oldu... o, təkcə Qırğızıstanda deyil, həm də onun hüdudlarından kənarda iti qələm sahibi olan yazıçı, filosof... kimi tanındı” (Markabay Aamatov, Qırğızıstanın xalq şairi, Əməkdar mədəniyyət xadimi); Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Axtoti Raimkulovanın fikrincə “Begijan Ahmedov türk irsinin tarixinin qorunub saxlanılmasına töhfə verir”.

Qırğızıstan Milli Yazıçılar Birliyi və Çingiz Aytmatov Beynəlxalq İssık-Kul Forumunun birgə qərarı ilə “Dərviş” romanının  “2020-ci ilin ən yaxşı kitabı” seçilməsi Begijan Ahmedov yaradıcılığının yalnız milli deyil, beynəlxalq ədəbi mühitdə də diqqət çəkdiyini göstərən mühüm ədəbi-mədəni faktdır.  

Dünyanın bir çox dillərində çap olunan “Dərviş” romanını Azərbaycan dilinə Munisa İsmayılova çevirmiş, 2024-cü ildə kitabın Azərbaycan Yazıçılar Birliyində Türk mədəniyyəti və irsi” fondunda təqdimatı keçirilmiş, Begijan Ahmedov Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilmiş, və elə buradaca Ümumtürk mədəniyyəti və ədəbiyyatı qarşısında göstərdiyi böyük xidmətlərə görə Mahmuq Kaşqari adına Beynəlxalq Fondun Mahmuq Kaşqari mükafatı ilə təltif olunmuşdur.

 Begijanın yaradıcılığının ən ali cəhəti onun sufizmə bağlılığı, Şərq fəlsəfəsi, islam cərəyanları, sivilizasiyalararası ilə dialoq mövzularında tədqiqatlarıdır. O, Mədəniyyətlər, Sivilizasiyalar və Dinlər Tarixinin Öyrənilməsi üzrə Beynəlxalq Elm-Maarif və Təhsil Mərkəzinin (“Rumi Fondu”) baş direktorudur. Onun bu çığırda atılan hər bir uğurlu və dəyərli addımı bədii yaradıcılığı ilə paraleldə bir-birini bəsləyən heyranedici bütövlük yaradır.

B.Ahmedovun yaradıcılıq dünyasına diqqət yetirdikdə daha bir mühüm xüsusiyyət aydın görünür: onun üçün ədəbiyyat yalnız estetik fəaliyyət sahəsi deyil, həm də mənəvi maarifçilik vasitəsidir. Təsadüfi deyil ki, Begijan Ahmedovun ictimai-ədəbi fəaliyyətində publisistika və maarifçiliyin xüsusi anlamı duyulur. O, yazıçının və ziyalının cəmiyyət qarşısında məsuliyyət daşıdığını, ədəbiyyatın yalnız əyləncə və ya estetik zövq vasitəsi olmadığını, həm də insanın mənəvi dünyasının formalaşmasına xidmət etdiyini vurğulayır. Begijanın fikirlərində qələm sahibinin cəmiyyəti düşünməyə, özünü dərk etməyə və daha sağlam mənəvi dəyərlərə yönəltmək missiyası ön plana çıxır. Bu mənada o, Mərkəzi Asiyanın klassik maarifçilik və humanist düşüncə ənənəsini müasir dövrdə davam etdirən ziyalı tipinə yaxındır.

İctimai xadim olaraq Begijan bəy Qırğızıstanda, Avrasiya regionunda və ümumilikdə dünyada sülhün, sabitliyin, millətlərarası harmoniyanın və xalqlar arasında dostluğun möhkəmləndirilməsi üçün fəaliyyətlərini geniş müstəvilərdə təqdim edir. Begijan Ahmedov BMT-nin toplantılarında, müxtəlif mövzulu forumlarda mədəniyyətlər, sivilizasiyalar, dinlər və dünya xalqları arasında dialoqların inkişafını, eləcə də zamanında tərəqqipərvər yazıçı Çingiz Aytmatovun təşəbbüsü ilə yaradılan Orta Asiya Xalqları Mədəniyyətləri Assambleyasının yenidən qurulmasını müdafiə edir; aktiv ictimai, ədəbi-bədii çalışmalarında tarixi yaddaşın qorunması yolunun üfüqlərini aydınladan səyləri nəcib işgüzarlığın ən parlaq nümunəsi kimi dəyərləndirilir.

Sədi Şirazinin “Bəni Adəm” – “Adəm övladları” şeiri BMT-nin Nyu-Yorkdakı binasının iclas zalının divarında yerləşdirilmiş böyük İran xalçasının üzərində qızılı hərflərlə toxunub. Bu şeirin BMT məkanında təqdim olunması təsadüfi simvolika deyil. BMT-nin əsas ideyalarından biri xalqların, dövlətlərin və insanların qarşılıqlı əməkdaşlığı, sülh və insan hüquqlarının qorunmasıdır. Sədinin poetik formulu isə bu ideyanı daha qədim və daha universal səviyyədə ifadə edir: “Başqasının dərdi mənim dərdimdir”. Müasir dünyada müharibələr, miqrasiya, aclıq, ayrı-seçkilik, ekoloji böhran, texnoloji risklər və süni intellektin yaratdığı yeni  suallar insanlığın qarşılıqlı asılılığını daha da artırır.

BMT məkanında yerləşdirilmiş sənət nümunəsində – Sədinin bu kiçik şeiri nəhəng bəşəriyyət ideyasının poetik simvoluna çevrilir və “Başqasının ağrısına münasibətimiz necədir?” sualı ilə aktuallaşır. Həqiqətən də başqasının ağrısına ürək yandırmaq həssasiyyətini isə Begijan Ahmedov özünün vicdan borcu kimi qəbul edir. Belə xüsusi diqqətin nəticəsi onun İkinci Dünya müharibəsi iştirakçılarının və qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində təşəbbüslərində bariz nümunə olaraq təqdir edilir. Bu, cəmiyyətin öz mənəvi köklərini, qəhrəmanlıq nümunələrini və tarixi təcrübəsini gələcək nəsillərə ötürmək funksiyasının daşıyıcıdır.

Begijanın qələm dostu B.Abdraxmanovla birgə yazdığı “Qırğızıstanda Stalin repressiyalarının qurbanları - Özbəklərin Xatirə Kitabı” bu qəbildən olan çalışmalarındandır. B.Axmedovun fəaliyyətində diqqəti cəlb edən başqa bir istiqamət Qırğızıstan–Özbəkistan münasibətlərinin inkişafına xidmət edən mədəni layihələr, qırğız və özbək xalqlarının ortaq mədəni irsinin təbliğidir.

Yazıçı və ictimai xadim B.M.Ahmedov ismi Qırğızıstandakı etnik özbəklərin görkəmli nümayəndələri haqqında tərtib edilən “Vətənin çiçəklənməsi naminə” ensiklopedik toplusuna daxil edilmişdir. Onun müəllifi olduğu “Оyçuldar гүлбагы” (“Fikir bağçası”) kitabı Qırğızıstanda yaşamış qırğız və özbək mənşəli mütəfəkkir, dövlət xadimi, şair və yazıçıların iki xalq arasında dostluğun möhkəmləndirilməsinə verdiyi töhfələri təqdim etmək məqsədi daşıyır. Çünki milli və etnik münasibətlər yalnız fərqliliklər üzərində qurulduqda qarşıdurma riski artır. Ortaq tarixi yaddaş isə fərqliliklərin içərisində ortaq dəyərləri üzə çıxarır. Begijan Axmedovun bu fəaliyyətində tarix artıq keçmişin təsviri deyil, gələcəyin sosial harmoniyasını formalaşdıran vasitədir. Bu fakt onun ədəbi-mədəni əlaqələr sahəsindəki fəaliyyətinin praktiki nümunələrindən biri kimi yazıçı və ictimai xadim obrazlarını tandemləşdirir. Begijan bəyin şəxsiyyətini səciyyələndirən əsas xüsusiyyət onun müxtəlif fəaliyyət sahələrini vahid bir mənəvi məqsəd ətrafında birləşdirə bilməsidir. Bu məqsəd insanın mənəvi kamilləşməsi, tarixi yaddaşın qorunması, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və mədəni dialoqun inkişafıdır.

O, ədəbiyyatı yalnız oxucu ilə müəllif arasındakı münasibət kimi deyil, xalqdan xalqa dialoq vasitəsi kimi qəbul edir. Bu yönümdə olan yaradıcılığında Çingiz Aytmatov fenomeninin də xüsusi əhəmiyyət daşıması təbiidir. Aytmatovun bədii irsində insan, yaddaş, milli kimlik, təbiət və ümumbəşəri dəyərlər arasında qurulan əlaqə Mərkəzi Asiyanın ədəbi düşüncəsində universal model yaratmışdır.

Begijan Ahmedovun ictimai fəaliyyətində əhəmiyyətli  istiqamətlərdən biri millətlərarası və mədəniyyətlərarası dialoqdur. Qırğızıstan kimi çoxmillətli sosial-mədəni məkanda bu fəaliyyət xüsusi əhəmiyyət kəsb edir. O, Qırğızıstanın və bütövlükdə Mərkəzi Asiyanın müxtəlif xalqları arasında qarşılıqlı anlaşmanın, etnik razılığın və dostluğun möhkəmləndirilməsi ideyasını müdafiə edir. B.Ahmedovun fikrincə mədəniyyətlərarası dialoq yalnız rəsmi diplomatik anlayış deyil. Bu, xalqların bir-birini tanıması, onların ədəbiyyatlarının qarşılıqlı tərcüməsi, ortaq tarixi şəxsiyyətlərin yenidən araşdırılması və humanist dəyərlərin bölüşdürülməsi deməkdir.

Son illərdə Azərbaycan ədəbi-mədəni prosesində də onun publisistik və elmi məqalələrinin yer alması bu qarşılıqlı mədəni əlaqələrin davam etdiyini göstərir. Ötən il “Ədəbiyyat qəzeti”ndə Azərbaycanın Ustad sənətkarı, Əməkdar mədəniyyət işçisi, aktyor, rejissor, dramaturq İftixarın yaradıcılığı və yaradıcı müəllifi olduğu “Qeyri-səlis teatrı” konsepsiyası haqqında geniş araşdırması dərc edilmişdir. Bu fakt Begijanın elmi maraq dairəsinin ədəbiyyatdan fəlsəfəyə, tarixdən teatr nəzəriyyəsinə qədər dərin olduğunu nümayiş etdirir.

Ötən il Begijan Ahmedovun təşəbbüsü ilə Bişkek Yazıçılar Birliyində İftixar Piriyevin iki kitabının - “Elçin teatrı: Absurd dram “Qeyri-səlis məntiq” nəzəriyyəsi kontekstində” və “Qeyri-səlis məntiq və teatr” monoqrafiyalarının təntənəli təqdimat mərasimi keçirildi. Əlbəttə ki, bunlar iki xalq arasında ədəbiyyat, incəsənət, tarix, dil və ortaq mənəvi dəyərlər vasitəsilə yaxınlaşmanın yeni dövr təzahürü idi.

Bişkekdə reallaşan əlamətdar hadisələr münasibəti ilə Qırğızıstan Respublikasının Əməkdar mədəniyyət xadimi Begijan Ahmedov yazır: “2025-ci ildə xalqlar arasında sülhün və dostluğun sənət vasitəsilə möhkəmləndirilməsinə verdiyi töhfəyə, o cümlədən Azərbaycan – Qırğız ədəbi-teatr əlaqələrinin inkişafına görə Beynəlxalq İssık-Kul Forumunun Rəyasət Heyətinin qərarı ilə İftixar Piriyev Çingiz Aytmatov adına medalla təltif olundu. Bişkekdə İftixarın “Qeyri-səlis məntiq” mövzusunda monoqrafiyalarının təqdimatları teatr sənətinə yenilik və töhfə kimi qiymətləndirildi. Çox rəmzidir ki, Çingiz Aytmatov insanilik və vicdan haqqında yazırdı. İftixar Piriyev isə vicdanı tamaşanın mərkəzinə qoyur ki, tamaşaçı sadəcə baxmasın, öz həqiqi mənini xatırlasın...İftixar Piriyevin istedadının və xarakterinin xüsusi cəhətlərindən biri cəsarət və novatorluqdur – adətən ayrılıqda mövcud olan sahələri, dərin nəzəriyyə ilə səhnə praktikasını birləşdirməkdən çəkinməyən tədqiqatçıdır. İftixar Piriyev fenomeni ondadır ki, onun əsərlərində və baxışlarında humanitar düşüncə cəsarətlə adi fənnlərarası sərhədləri aşır və Lütfi Zadənin riyazi əsaslandırılmış nəzəriyyəsi ilə dialoqa girir, dramaturgiya və səhnə təcrübəsinin təhlili üçün yeni metodoloji linza yaradır. Böyük Mövlana Rumi dünyaya deyirdi: “Gəl, yenə gəl!”. Bu, ümidə və mənəvi yüksəlişə çağırışdır. Mənə elə gəlir ki, İftixar Piriyev ömrü boyu bu ifadəni sözlə yox, əməllə deyənlərdəndir: “mənaya təkrar-təkrar gəl, mədəniyyətə məsuliyyət kimi gəl, dostluğa əmanət kimi gəl...”.

Böyük Mövlanənin mənəvi yüksəlişə çağırışı fikirlərini ilahi eşqin təcəllasının nuruna bürünən, estetik-dramatik-romantik-ruhaniyyat cəhətləri ilə seçilən ikihissəli mistik, lirik, fəlsəfi-psixoloji qeyri-səlis simfonik uydurma – elegiya janrında yazılan və təsəvvürən qurulan (gələcəyin tamaşası olaraq), ədəbiyyat və incəsənət xadimləri Begijan Ahmedov və İftixar Piriyevin birgə yaradıcılıq tandeminin   məhsulu olan “Yenə gəl – Mövlanə Cəlaləddin Rumi” adlı səhnə əsərinin möcüzəvi dünyası sübuta yetirir. Görkəmli mədəniyyət xadimi, şair-dramaturq, rejissor, “Qeyri-səlis teatrı” sisteminin yaradıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev Bekijana iki millət arasındakı münasibətlər kontekstində yox, bir xalqın qanından, genindən yaranmış qardaşlıq münasibəti timsalında və Şəms Təbrizi və Mövlanə Cəlaləddin Rumi miqyasının hərarətində baxır və “Begijan özbək, qırğız, tacik, azərbaycan mədəni mühitinin Turan təmçilçisidir”, fikrini ortaya qoyur.

İki qardaş xalqın görkəmli ədiblərinin ərsəyə gətirdikləri bu orijinal əsər XIII əsrin böyük sufi şairi, mütəfəkkiri,  irfan yolunun ecazkar yolçusu Mövlanənin “eşq yanğısı” ideyasının həm poetik, həm mifoloji, həm də analitik qatlara malik səhnə-kompozisiya təəssüratı yaradan ilk nadir ədəbi nümunəsidir. Hər iki müəllifin sufizmə marağı yalnız keçmişə yönəlmiş tarixi araşdırma deyil, həm də müasir insanın mənəvi böhranına cavab axtarışı kimi dəyərləndirilə bilər.

Pyesdəki personajlar – tarixi şəxsiyyətlər, görkəmli söz ustadlarının bədii surətləri, müəllif təxəyyülündən qaynaqlanan personajlar süjet xəttinin çoxqatlı arealında bitkin kompozisiya yaradır. Burada insan ruhunu duyaraq anlayan və ona yol göstərən, hikməti ilə ilahi eşqi insanlaşdıran qüdrətli söz və fikir ustadı Mövlanənin bədii obrazı dövrün mürəkkəb hadisələri fonunda, ilahi qüvvəyə malik insan paradiqması mündəricəsində canlandırılır. Bu baxımdan Begijan Ahmedovun yaradıcılığını “mədəni yaddaş və mənəvi dialoq dramaturgiyası” kimi metaforik şəkildə də xarakterizə etmək mümkündür. Burada “dramaturgiya” sözü klassik pyes quruluşu mənasında deyil, müxtəlif ideyaların – tarix və müasirlik, insan və cəmiyyət, din və dünyəvilik, milli yaddaş və ümumbəşəri dəyərlər, fərqlilik və həmrəylik – qarşılıqlı münasibət sistemi kimi başa düşülməlidir.

Azərbaycan və Qırğızıstanın ədəbi-mədəni münasibətləri ortaq türk mənşəyi ilə yanaşı, geniş Mərkəzi Asiya və Şərq mədəniyyətinin ümumi mənəvi kodları üzərində qurulur. Xüsusilə: Nizami – Nəsimi – Füzuli – Nəvai – Yasəvi – Rumi – Aytmatov kimi böyük dahilərin yaratdığı mənəvi-coğrafi məkan xalqların ədəbi düşüncəsini bir-birinə bağlayan mühüm faktordur. Begijan Ahmedovun Nəvai irsinə, Rumi fəlsəfəsinə, Aytmatov yaradıcılığına və türk xalqları arasındakı mədəni əlaqələrə marağı onun yaradıcılığını teatrşünaslıq və kulturologiya üçün də maraqlı edir.

Fürsətdən istifadə edərək yazı müəllifi Azərbaycanın həqiqi dostu Begijan Ahmedovu doğum günü münasibəti ilə təbrik edir:

Hörmətli Begijan Maxmudoviç! Azərbaycan ziyalıları adından doğum gününüzü təbrik edir, çoxtərəfli fəaliyyətinizdə yeni zirvələr arzulayırıq. Siz bədii sözün diplomatiyası ilə ictimai fikrin, tarixlə müasirliyin, Şərq mənəviyyatı ilə çağdaş insan problemlərinin qovuşuğında işləklik göstərən çox dəyərli ziyalı intellektualsınız. Yaradıcılığınız Türk xalqlarının ortaq mədəni məkanının öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir. Qırğız, özbək, Azərbaycan və ümumən bütöv türk xalqlarının ədəbi-mədəni əlaqələri məhz Sizin kimi ünlü şəxsiyyətlərin fəaliyyəti vasitəsilə konkret məzmun qazanır. Beynəlxalq Forumlardakı çıxışlarınızda qeyd edirsiniz ki, “Türkdilli xalqların vahid dili, vahid dini, tarixi kökləri olan sərhədləri var. Dövlət başçılarımızın səyləri ilə bu sərhədlər vahid mədəni məkana çevrilməkdədir”. Siz 2026-cı il Fərqanədə keçirilən “Mərkəzi Asiya və Azərbaycan Dostluq Forumu”nda  Mərkəzi Asiyanı Azərbaycan olmadan, Turanı isə Tacikistansız təsəvvür edə bilmədiyinizi vurğuladınız. Yazıçılıq fəaliyyətiniz, ictimai işləriniz ədəbiyyatın cəmiyyət qarşısında məsuliyyət daşıya biləcəyini, tarixi yaddaşın xalqlar arasında ayrılıq deyil, yaxınlaşma vasitəsinə çevriləcəyini və mənəvi dəyərlərin müasir ictimai dialoqun mühüm əsası olduğunu nümayiş etdirir. Yaradıcılığınız Mərkəzi Asiya xalqlarının ortaq mədəni məkanının öyrənilməsi baxımından da əhəmiyyətlidir. Qırğız, özbək, Azərbaycan və ümumən türk xalqlarının ədəbi-mədəni əlaqələri məhz Sizin kimi şəxsiyyətlərin vasitəsilə konkret məzmun qazanır.

Paylaş:
Baxılıb: 60 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

İqtisadiyyat

Analitik

11 sentyabrın kölgəsi

18 Sentyabr 09:17  

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30