Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan çox sürətlə inkişaf edir

Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan çox sürətlə inkişaf edir

05.08.2009 [14:03]

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 85 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev dünən Naxçıvan Muxtar Respublikasının 85 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.
Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayının salonuna toplaşanlar - Azərbaycanın, o cümlədən muxtar respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, ölkəmizdəki diplomatik korpusun, Naxçıvan ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşılayıblar.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə geniş nitq söyləyib: “Mən sizin hamınızı ürəkdən salamlayıram və sizi Naxçıvan Muxtar Respublikasının 85-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm.
Naxçıvan qədim Azərbaycan torpağıdır. Bu gözəl torpaqda əsrlər boyu xalqımız yaşayıb yaratmışdır. Naxçıvanda yerləşən tarixi və memarlıq abidələri Azərbaycan xalqının nə qədər böyük istedada malik olduğunu əyani şəkildə göstərir. Naxçıvan Azərbaycana böyük şəxsiyyətlər bəxş etmişdir. Naxçıvan Azərbaycana Ulu öndər Heydər Əliyevi bəxş etmişdir.
1924-cü ildə Naxçıvan Muxtar Respublikası yarandı. Respublika yarananda biz tamamilə başqa ictimai-siyasi quruluşda yaşayırdıq və o vaxt sovet rəhbərliyi tərəfindən Azərbaycanın qədim torpağı olan Zəngəzur mahalı Ermənistana verilmişdir. Bunun nəticəsində Naxçıvan ilə Azərbaycanın əsas hissəsi arasında coğrafi əlaqə pozuldu. Sovet İttifaqı dağılandan sonra və hətta ondan bir qədər əvvəl Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində Naxçıvan blokadaya düşdü. Ermənistan Azərbaycanı müxtəlif beynəlxalq təşkilatlarda həmişə ittiham etməyə çalışır ki, Azərbaycan Ermənistana blokada tətbiq edir. Amma əslində belə deyildir. Uzun illər ərzində Naxçıvan blokada şəraitində yaşayır və bu blokada bu gün də davam edir. Amma buna baxmayaraq Naxçıvan yaşayır, Naxçıvan inkişaf edir, Naxçıvanda böyük quruculuq işləri aparılır və Naxçıvanın uğurlu inkişafı ölkəmizin gücünü göstərir.
Sovet İttifaqının dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə ancaq Ulu öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu. Azərbaycana edilmiş hərbi təcavüzdən - 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Heydər Əliyev sovet rəhbərliyini kəskin şəkildə ittiham etdi və Sovet İttifaqı Kommunist Partiyasından çıxdı. Bundan sonra Ona qarşı böyük təzyiqlər başlandı. O, məcbur olub Moskvadan Bakıya döndü. Ancaq Bakıda o vaxtkı rəhbərlik təzyiqləri davam etdirirdi və Heydər Əliyev öz vətəninə, doğulduğu yerə - Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu.
Demək olar ki, ölkəmizin müstəqilliyinin bünövrəsi məhz o illərdə qoyulmuşdur. 1990-cı ildə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinin sessiyasında qəbul edilmiş tarixi qərarlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. Məhz o sessiyada - hələ Sovet İttifaqının dağılmasına təxminən iki il vaxt qalmışdı - Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirildi, “Sovet Sosialist” sözləri çıxarıldı və Naxçıvan Muxtar Respublikası elan edildi. Məhz o sessiyada Azərbaycanın üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi. O vaxt Azərbaycanda hələ Sovet Azərbaycanının bayrağı dalğalanırdı. O vaxt hələ Sovet İttifaqının dağılması haqqında heç kim düşünmürdü. O ağır, o çətin anlarda bu qətiyyətli qərarlar həm Naxçıvanı qorudu, həm də Azərbaycanın gələcək müstəqilliyini şərtləndirdi.
O da həqiqətdir ki, Sovet İttifaqında, o cümlədən Azərbaycanda 1991-ci ilin mart ayında Sovet İttifaqının saxlanmasına dair keçirilmiş referendum Naxçıvanda keçirilmədi. Naxçıvan o vaxt da öz qətiyyətini göstərdi. O vaxt da Heydər Əliyevin rəhbərliyi altında naxçıvanlılar öz milli xüsusiyyətlərini ortaya qoydular.
Naxçıvan üçün o illər çox ağır, çətin keçirdi. Siz naxçıvanlılar bunu yaxşı xatırlayırsınız. İqtisadi vəziyyət çox ağır idi. Ermənistanın Azərbaycana qarşı apardığı təcavüz və işğalçılıq siyasəti nəticəsində Naxçıvan da çox ağır vəziyyətə düşmüşdü. Sənaye müəssisələri demək olar ki, dayanmışdı və Ermənistanın Naxçıvana qarşı hücumları da böyük narahatlıq doğururdu. Ancaq Heydər Əliyevin rəhbərliyi, Onun qətiyyəti, naxçıvanlıların səfərbərliyi o çətin anlardan çıxmağa imkan verdi.
O vaxt Naxçıvanın müdafiə məsələləri çox ciddi ortaya qoyulmuşdu. Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçiləndən bir neçə gün sonra Naxçıvanda Dövlət Müdafiə Komitəsi yarandı və məhz o tədbirlər nəticəsində Naxçıvan özünü qoruya bilmişdir. çünki o vaxt Azərbaycandan heç bir yardım göstərilmirdi, Azərbaycanın o vaxtkı rəhbərliyi Naxçıvana qarşı çox ədalətsiz siyasət aparırdı.
Ancaq Heydər Əliyevin amalı tam başqa idi. Onun məqsədi naxçıvanlıları qorumaq, Naxçıvanı qorumaq, erməni hücumlarının qarşısını almaq və muxtar respublikanın uğurlu inkişafını təmin etmək idi. O vaxt naxçıvanlılar Heydər Əliyevin rəhbərliyi altında böyük qəhrəmanlıq və şücaət göstərmişdilər. Ermənistan tərəfindən edilən bütün hücumlara çox layiqli cavab verilmişdi və düşmən yerinə oturdulmuşdu. O anlarda, o aylarda, o illərdə Naxçıvanın taleyi həll olunurdu və bir daha o tarixə nəzər salaraq görürük ki, əgər Heydər Əliyev o vaxt Naxçıvanda olmasaydı, yəqin ki, Naxçıvanın taleyi çox acınacaqlı ola bilərdi. Beləliklə, Naxçıvanın o ağır illərini yada salmaqla bir daha vurğulamaq istəyirəm ki, Ulu öndər Heydər Əliyev bütün dövrlərdə, çalışdığı bütün vəzifələrdə, ictimai-siyasi quruluşdan asılı olmayaraq, həmişə Azərbaycan xalqını müdafiə edirdi, doğma Azərbaycanın inkişafına səy göstərirdi. Bunun nəticəsində bu gün Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan çox sürətlə inkişaf edir. Bu inkişaf özünü bütün sahələrdə - həm iqtisadi, həm sosial məsələlərin həllində, həm də müdafiə potensialının gücləndirilməsində, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsində büruzə verir. Naxçıvanın bugünkü siması bunun əyani sübutudur”.
Prezident İlham Əliyev Naxçıvanın hərbi potensialının çox yüksək səviyyədə olduğunu da vurğulayıb: “1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi və erməni işğalı nəticəsində vəziyyət çox gərginləşmişdi. O vaxt xalqın tələbi ilə Heydər Əliyevin Bakıya qayıtması və Azərbaycana rəhbərlik etməsi nəticəsində  ölkəmiz öz müstəqilliyini qoruya bilmişdir. çünki müstəqilliyimiz əldən gedirdi. 1991-ci ildən başlayaraq 1993-cü ilin yay aylarına qədər Azərbaycanda baş vermiş qanlı və faciəli hadisələr müstəqilliyimizi sual altına qoymuşdu. Biz o acı tarixi yaşamışdıq. Eynilə 1918-1920-ci illərdəki kimi, cəmi iki illik müstəqillikdən sonra ölkəmizin müstəqilliyi əldən getdi. Əgər Heydər Əliyev Azərbaycana rəhbərliyə gəlməsəydi, 1990-cı illərdə də bu təkrar oluna bilərdi. Məhz onun  səyləri nəticəsində Azərbaycan o çətin, ağır vəziyyətdən çıxa bilmişdir və 1993-2003-cü illər Azərbaycanın dirçəliş və inkişaf illəri olmuşdur”.
Daha sonra dövlət başçısı Muxtar Respublikada bir sıra mühüm sənaye və sosial obyektlərin açıldığını söyləyərək bildirib ki, Naxçıvan çox uğurla, çox sürətlə inkişaf edir: “Bütün bunlar muxtar respublikanın iqtisadi və sənaye potensialını gücləndirir, Naxçıvanda çox geniş quruculuq, abadlıq işləri aparılır, şəhər gözəlləşir, yeni binalar tikilir, köhnə binalar təmir edilir. Bir sözlə, hər bir Naxçıvan sakini əldə edilmiş bu uğurlarla haqlı olaraq fəxr edə bilər. Mən bütün naxçıvanlıları bu böyük uğurlar münasibətilə təbrik etmək istəyirəm. Naxçıvan rəhbərliyinə və Naxçıvanın rəhbəri Vasif Talıbova öz minnətdarlığımı bildirmək istəyirəm”.
Sonda Prezident İlham Əiyev söyləyib ki, Naxçıvanın güclü olması Azərbaycanın güclü olması deməkdir: “Naxçıvan strateji ərazidə yerləşir. Naxçıvanın çox böyük siyasi və strateji əhəmiyyəti vardır. Azərbaycanın müstəqilliyinin əldə edilməsində Naxçıvanın və naxçıvanlıların çox böyük əməyi olmuşdur. Mən əminəm ki, həmişə olduğu kimi naxçıvanlılar bundan sonra da Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi işində, Azərbaycanın müasir dövlət kimi inkişaf etməsi işində öz sözlərini deyəcəklər və öz dəyərli töhfələrini verəcəklər. Əziz dostlar, mən bu gözəl yubiley münasibətilə sizi bir daha ürəkdən təbrik etmək istəyirəm, sizə cansağlığı, işlərinizdə yeni-yeni uğurlar arzulayıram.
Yaşasın Naxçıvan Muxtar Respublikası! Eşq olsun Azərbaycan xalqına!”.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikanın 85 illiyi haqqında məruzə edib. “Naxçıvanın muxtariyyət qazanması Azərbaycan xalqının ən mühüm nailiyyətlərindən biridir”, - deyən Ali Məclisin sədri Vasif Talıbov bildirib ki, Naxçıvan Muxtar Respublikasının taleyi 1921-ci ildə imzalanan 2 mühüm beynəlxalq sənədlə təyin edilmişdir. Bunlar Moskva və Qars müqavilələridir. Həmin sənədlərdəki müvafiq bəndlərdə Naxçıvana verilən muxtariyyətin əsasları göstərilib. Həmin sənədlərdə Naxçıvan ərazisinin beynəlxalq müqavilələrlə qorunan toxunulmazlıq hüququ da təsbit edilib. 1924-cü il fevralın 9-da isə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradılıb: “ümummilli liderimizin dediyi kimi, “Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi ən böyük tarixi nailiyyət idi”. Qeyd olunanlar onu göstərir ki, ötən dövr ərzində ölkəmizdə muxtariyyətin möhkəm siyasi və hüquqi bazası formalaşmış, böyük bir inkişaf yolu keçmişdir. Naxçıvanın muxtar respublika statusu bu bölgənin 85 illik tarixi taleyində, onun ərazisinin qorunub saxlanmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malikdir”.
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında fərqlənmiş şəxslərə dövlət mükafatlarını, fəxri adları və Azərbaycan Prezidentinin fəxri fərmanlarını təqdim edib.
Rəsmi hissədən sonra incəsənət ustalarının konserti olub.


Paylaş:
Baxılıb: 1195 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31