Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İtaliya Orta Dəhlizdə Azərbaycanın ən yaxın tərəfdaşı olacaq

İtaliya Orta Dəhlizdə Azərbaycanın ən yaxın tərəfdaşı olacaq

19.07.2024 [10:15]

Ötən gün Bakıda iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko arasında görüş zamanı iki ölkə arasında iqtisadi tərəfdaşlığının prioritetləri müzakirə edilib və dayanıqlı təşəbbüslərin artırılması təklif olunub. Görüşdə tərəflərin iqtisadi-ticarət əməkdaşlığının dinamik surətdə inkişafı yüksək dəyərləndirilib, Azərbaycan ilə İtaliya arasında əlaqələrin xüsusilə enerji sahəsində daha dinamik xarakter daşıdığı və son illərdə qeyri-neft sahələrini, o cümlədən informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat, kənd-təsərrüfatı, “yaşıl” enerji və digər sektorları əhatə etdiyi bildirilib.

İtaliya Respublikası ilə Azərbaycan arasında qarşılıqlı faydalı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır.

Ölkələrimiz arasında əlaqələr hər zaman yüksək səviyyəsi, çoxşaxəliliyi və nümunəvi dinamikası ilə seçilib. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya ikitərəfli müstəvidə Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, çoxtərəfli müstəvidə də Azərbaycanın sıx əməkdaşlıq etdiyi vacib ölkədir. Xüsusilə, İtaliya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının güclənməsinə fəal dəstək verən ölkədir.

Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. Prezident İlham Əliyevin İtaliyaya səfəri münasibətlərin inkişafında yeni mərhələ açıb. Ümumiyyətlə, Azərbaycan Prezidentinin ən çox səfər etdiyi ölkələrdən biri İtaliyadır, 2020-ci ildə sayca 7-ci səfər zamanı ümumilikdə 28 sənəd imzalanıb ki, siyasi, müdafiə, iqtisadi-ticarət, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəni, elmi, turizm, idman, qida təhlükəsizliyi, paytaxtlar səviyyəsində əməkdaşlıq üçün yeni təməllər qoyulub.

Həmin sənədlər sırasında “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” müstəsna əhəmiyyət daşıyır.

İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın ən böyük iqtisadi- ticari tərəfdaşıdır. 2023-c? ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 15,6  milyard dollar təşkil edib. İxracının dəyəri 15 milyard 208 milyon 67 min dollar, idxalının dəyəri isə 477 milyon 903 min dollar təşkil edib. Hazırda İtaliyanın Cənubi Qafqaz ölkələri ilə xarici ticarətinin 92 faizi Azərbaycanın payına düşür. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir.

İki ölkə arasında Çoxtərəfli Strateji Əməkdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması əlaqələrin coğrafiyasını artırmaqla və şaxələndirməklə Roma ilə Bakı arasında olan iqtisadi körpünü daha da möhkəmləndirib.

İtaliya işğaldan azad edilən bölgələrin bərpası işində də fəal iştirak edir, 2 ildir ki, bu ərazilərdə enerji infrastrukturlarının texniki təchizatında fəal yer alır. İtaliyanın “Ansaldo Energia” şirkəti Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunan 4 ədəd 110 kV-luq yarımstansiyanın avadanlıqlarla təchizatını təmin edib.

İtaliya İnsan Hüquqları Federasiyası-İtaliya Helsinki Komitəsinin sədri Antonio Stanqo Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki mina probleminin miqyasının böyük olduğunu və Azərbaycan hökumətinin bu təhlükəni aradan qaldırmaq üçün böyük səylər göstərdiyini qeyd edərək öz ölkəsinin bu prosesdə kömək etməyə hazır olduğunu, eləcə də beynəlxalq həmrəyliyin yaranmasında təşəbbüskarlıq edəcəyini bildirib, İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratin işğaldan azad edilmiş ərazilərdə İtaliya şirkətlərinin iştirakını müzakirə olunduğunu vurğulayıb. Qeyd edək ki, yeni mərhələdə İtaliya şirkətlərinin bu bölgədə təmsil olunması və bərpa olunan enerji sahəsində əməkdaşlıq perspektivləri istisna deyil. Bərpaolunan energetika və ekodayanıqlı texnologiya sahəsində İtaliyanın uzunmüddətli təcrübəsi var. Günəş, külək və geotermik sahələrdə bərpaolunan enerji mənbələrinin istifadəsində zəngin təcrübəyə malikik. İtaliyanın 432 minə yaxın şirkəti son 15 ildə biotexnologiyaların inkişafına öz dəstəyini göstərmişdir. Xüsusilə biotexnologiyalar sahəsində şirkətlərin sayı 31,2 faiz təşkil edir, emal sahəsində isə 35,8 faizə bərabərdir. Bu təcrübə nəzərə alınaraq Azərbaycan bu istiqamətdə italyan şirkətləri ilə imkanları səfərbər etməyi planlaşdırır. Eləcə də İtaliya “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsilə Azərbaycandan “yaşıl enerji”nin təchiz edilməsində maraqlı olduğunu bəyan edib.

Qafqazın ən mühüm geostrateji nöqtəsində, Şimal və Cənub, Qərb və Şərq dəhlizlərinin qovuşuğunda yerləşən Azərbaycan Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Cənub Qaz Dəhlizinin ən axıcı qollarından biri olan Trans-Adriatik (TAP) qaz boru kəmərində də İtaliya təchizatçı kimi yer almaqdadır. Hazırda iki ölkə enerji-nəqliyyat dəhlizlərində yeni gündəliyə uyğun olaraq tərəfdaşlıq imkanlarını daha da artırmaqda qərarlıdır. Mikayıl Cabbarovla İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko arasında görüş zamanı Orta Dəhlizin inkişafı və bu çərçivədə əməkdaşlığın perspektivləri müzakirə edilib ki, bu da müasir nəqliyyat arteriyalarında iki ölkənin iqtisadi niyyətlərini ifadə edir.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 470 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ədəbiyyat

MEDİA

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31