Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanda ərzaq təhlükəsizliyi məsələləri uğurla həll edilib

Azərbaycanda ərzaq təhlükəsizliyi məsələləri uğurla həll edilib

29.01.2013 [01:09]

Prezident İlham Əliyev: Kənd təsərrüfatı məhsullarının təxminən 6 faiz səviyyəsində artırılması əlbəttə ki, görülən işlərin nəticəsidir
Azərbaycanda dövlət tərəfindən aqrar sahədə infrastruktur layihələrinin davamlılığı, kənd təsərrüfatı sahəsinə dövlətin qayğısının artırılması, aqrolizinq xidmətinin genişləndirilməsi, eləcə də kreditlərin verilməsinin sürətləndirilməsi kənd təsərrüfatının inkişafına müsbət təsirini göstərib. Hazırda ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı da sürətlə inkişaf edir. Ümumilikdə, ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması isə təsadüfi deyil. Belə ki, Azərbaycanın ərzağa olan daxili tələbatının əsasən ölkəmizin öz potensialının və imkanlarının hesabına ödənə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırılıb və bu proses davam edir. Həm də Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla iş yerləri ilə təminatda ən böyük pay sahibidir. Eyni zamanda, bu sahə kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir edən sektordur.
Bütövlükdə ötən il kənd təsərrüfatı sahəsində təxminən 6 faiz səviyyəsində artıma nail olunub. O cümlədən, bitkiçilik məhsullarının istehsalında 5,8 faiz, heyvandarlıq məhsullarının istehsalında isə 5,9 faiz artım qeydə alınıb. Ötən ilin göstəricilərinə gəlincə, Dövlət Statistika Komitəsinin (DSK) məlumata görə, 2012-ci ildə qarğıdalı da nəzərə alınmaqla 2802,3 min ton dənli və dənli paxlalılar, 968,5 min ton kartof, 1214,9 min ton tərəvəz, 809,8 min ton meyvə və giləmeyvə, 428,0 min ton bostan məhsulları, 56,8 min ton pambıq, 150,1 min ton üzüm, 4,3 min ton tütün, 175,7 min ton şəkər çuğunduru, 567,9 ton yaşıl çay yarpağı, 20,0 min ton dən üçün günəbaxan istehsal olunub. 2011-ci illə müqayisədə 343,8 min ton, yaxud 14,0 faiz çox dənli və dənli paxlalılar, 30,0 min ton çox (3,2 faiz) kartof, 123 ton çox tərəvəz, 44,0 min ton çox (5,7 faiz) meyvə və giləmeyvə, 13,1 min ton çox (9,6 faiz) üzüm və s. məhsulları istehsal edilib. Ümumilikdə 2012-ci ildə ölkədə 198 min 300 ton konvensiyalı toxum istehsal olunub ki, bu da tələbatdan 2 min ton çoxdur (tələbat 196 min 300 tondur).
Heyvandarlıq sahəsində mal-qaranın baş sayı və heyvandarlıq məhsulları istehsalı stabil olaraq artıb. Belə ki, 2012-ci ilin yanvar ayının 1-nə olan məlumata görə, ölkədə iribuynuzlu mal-qaranın sayı 2703,9 min baş, qoyun və keçilərin sayı 8651,2 min başa çatıb, iri buynuzlu mal-qara sürüsündə məhsuldar inək və camışların xüsusi çəkisi 48,2 faiz təşkil edib. Eyni zamanda, 2012-ci ildə diri çəkidə 478,8 min ton ət, həmçinin, 1719,6 min ton süd, 1226,7 milyon ədəd yumurta, 16,5 min ton yun istehsal olunub. Müqayisə üçün deyək ki, 2011-ci ildən fərqli olaraq, 2012-ci ildə ət istehsalında 4,3 faiz, süd istehsalında 6,0 faiz, yumurta istehsalında 21,3 faiz, yun istehsalında isə 1,6 faiz artım müşahidə olunub.
Qeyd edək ki, hazırda Azərbaycanda ətə olan tələbat 345 min tondur ki, bunun da 263 min tonunu (80 faizi) yerli istehsal təşkil edir. Ölkədə ət istehsalını artırmaq üçün yem bazalarının yaradılması vacibdir. Bunun üçün əvvəlcə ölkədə otlaqlar bərpa edilməli və gələcəkdə heyvanların ota olan tələbatı ödənilməlidir. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2015-ci ilə kimi Azərbaycanda 4 yem bazası yaradılacaq. Bazaların tikintisi “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək.
2013-cü ilin məhsulu üçün isə 1079,8 min hektar sahədə şumlanıb, 997,4 min hektar sahədə dən üçün taxıl səpilib. Dən üçün səpilmiş sahələrin 690,5 min hektarını buğda, 306,9 min hektarını arpa sahələri təşkil edib. Ötən mövsümlə müqayisədə buğda səpilmiş sahələr 1,4 min hektar, arpa səpilmiş sahələr 39,6 min hektar artıb.
Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışı zamanı Prezident İlham Əliyev qeyd edib ki, ərzaq təhlükəsizliyi məsələlərini uğurla həll etmişik: “Kənd təsərrüfatı məhsullarının təxminən 6 faiz səviyyəsində artırılması əlbəttə ki, görülən işlərin nəticəsidir. Biz bu barədə də danışacağıq, 2013-cü il üçün də konkret təkliflərimiz vardır”.
Məlum olduğu kimi, respublikada əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Xüsusilə də, dünya ərzaq bazarlarında müşahidə olunan qeyri-sabitlik Azərbaycanda da ərzaq məhsullarının qiymətlərinə təsirsiz ötüşməyə bilər. Mövcud vəziyyət daxili ərzaq bazarının idxaldan asılılığının maksimum azaldılması və ərzaq ehtiyatlarının yaradılması məsələsinə kompleks yanaşma tələb etdiyindən bu istiqamətdə xüsusi tədbirlər həyata keçirilir. Məsələn, respublikamızda uğurla davam etdirilən aqrar islahatlar nəticəsində getdikcə artan kənd təsərrüfatı məhsullarının saxlanması, tədarükü və satışının təşkilində də ciddi struktur dəyişiklikləri baş verib, ölkənin müxtəlif bölgələrində müasir tipli taxıl və soyuducu ambar kompleksləri tikilib və bu istiqamətdə işlər davam etdirilir. Bundan əlavə, əkin sahələrinin genişləndirilməsi, əkin sahələrinə xidmət göstərmək məqsədilə yeni aqroservis müəssisələri yaradılır. Ötən ildə də əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının icrası, kənd təsərrüfatı sektoruna güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri davam etdirilib. Quşçuluq, heyvandarlıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri, aqroservislər yaradılıb, su təminatı və meliorativ tədbirlər görülmüş, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal artıb, mövsümlə əlaqədar istehlak qiymətləri kəskin dəyişməyib və bu sahədə sabitliyə nail olunub. Dövlət başçısının iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlı tapşırığına əsasən, Ağcabədi və Beyləqan rayonlarında pilot taxılçılıq təsərrüfatı yaradılıb. Bu layihə çərçivəsində həm də taxıl anbarı, heyvandarlıq kompleksi, bitki yağları istehsalı zavodu və aqroservisin yaradılması da nəzərdə tutulur və layihələrdə əsasən məcburi köçkün və yerli sakinlər işlə təmin olunur. Növbəti addım olaraq Cəlilabad, Beyləqan, Şamaxı və Hacıqabul rayonlarında da taxılçılıq təsərrüfatlarının yaradılması məqsədi ilə zəruri işlərə başlanılıb. Həmçinin, ötən il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilən 94 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə başlayıb ki, bunun da 84-ü aqrar sənaye kompleksləri, o cümlədən, 15 quşçuluq, 7 heyvandarlıq, 4 ət emalı, 9 istixana, 11 kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı kompleksi, 11 çörək zavodu, 7 üzümçülük, 2 iri taxılçılıq və 5 meyvə-tərəvəz emalı müəssisələridir. Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə ötən il ərzində Hövsanda süd emalı zavodu, və Ağstafa Aqroservis müəssisəsi fəaliyyətə başlayıb. Görülən tədbirlərin nəticəsi olaraq, bu mövsüm təsərrüfatda yüksək məhsuldarlıq əldə olunacağı gözlənilir.
Sözügedən müşavirədə çıxış edən dövlət başçısı ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün dövlət tərəfindən hər cür şəraitin yaradıldığını, bu sahəyə milyardlarla investisiya yatırıldığına diqqət çəkib, bildirib ki, ərzaq təhlükəsizliyi məsələləri də daim diqqət mərkəzindədir: “Mən çox şadam ki, biz qarşıya qoyulmuş hədəfə yaxınlaşırıq. Keçən dəfə sahibkarlarla görüşdə qeyd etmişdim ki, indi biz özümüzü əsas ərzaq malları ilə təmin edirik. Amma əlbəttə, istərdim ki, biz özümüzü 100 faiz təmin etmək səviyyəsinə çataq. Artıq görülən işlər, xüsusilə, iri fermer təsərrüfatlarının yaradılması, meliorativ tədbirlərin görülməsi, kreditlərin verilməsi, infrastruktur, yolların və s. məsələlərin həlli hesabına biz buna nail olacağıq ki, Azərbaycan özünü əsas ərzaq məhsulları ilə tam şəkildə təmin etsin. Bu, tarixi nailiyyət olacaqdır. Bu, gələcəyə hesablanmış bir addım olacaqdır”.
Beləliklə, ölkəmizdə ərzaq məhsullarının istehsalının artırılması, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, ərzaq təminatı sisteminin institusional inkişafının həyata keçirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması və digər istiqamətlərdə tədbirlər həyata keçirilib, səmərəli istehsal və satış infrastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi sahəsi üzrə əsaslı islahatlar reallaşdırılıb. Hazırda kəndlilər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Gübrələr, yanacaq güzəştli şərtlərlə verilir. Prezident İlham Əliyev bildirib ki, bütün bunlar insanların yaxşı yaşaması, biznes şəraitinin yaxşılaşdırılması və kənd təsərrüfatının inkişafına xidmət edir: “Biz, yenə də deyirəm, bu sahədə böyük ixracatçı ölkəyə çevrilə bilərik və artıq çevrilirik”.
SEVİNC

Paylaş:
Baxılıb: 1356 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31