Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanda kosmik sənayenin yaradılması iqtisadi cəhətdən böyük səmərə vəd edir

Azərbaycanda kosmik sənayenin yaradılması iqtisadi cəhətdən böyük səmərə vəd edir

23.02.2013 [14:23]

Prezident İlham Əliyev: Birinci Azərbaycan telekommunikasiya peykinin kosmosa buraxılması tarixi hadisədir və Azərbaycanın ümumi inkişafını göstərir
Bu, bir həqiqətdir ki, müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilərək dövlət strukturlarını, sosial-iqtisadi sahələri, elm və təhsili, bir sözlə, bütövlükdə insanların həyatını əhatə edib. İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın, demokratiyanın inkişafının əsas göstəricilərindən birinə çevrilib. Məhz bu səbəbdən Azərbaycan hökuməti ölkədə İKT sektorunun sürətli inkişafına çalışır və bu sahədə uğurlara nail olub. Xüsusilə, bu sahədə 2003-cü ilin fevralında Ümummilli lider Heydər Əliyevin imzaladığı Fərmanla regionda ilk dəfə olaraq qəbul edilən İKT-nin inkişafı üzrə 10 illik Milli Strategiyanın əhəmiyyəti böyükdür. Məlumat üçün bildirək ki, sözügedən strategiya 2012-ci ildə başa çatıb. Bundan əlavə, İKT-nin daha sürətli inkişafı üçün 2012-ci ildə İKT-nin İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, İnformasiya Təhlükəsizliyi Mərkəzi və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin yaradılması üzrə Azərbaycan Respublikası Prezidentinin Sərəncam və fərmanları imzalanıb. İKT məhsul və xidmətlərinin ixrac həcminin artırılması üçün vergi güzəştlərinin tətbiqinə dair qərar verilib. Digər tərəfdən, ötən il dekabrın 29-da imzalanan Fərmanla “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, bu ildən ölkəmizdə yeni bir inkişaf dövrü başlayır və konsepsiyanın hədəflərinə çatmaq üçün İKT sahəsinin üzərinə yeni və məsuliyyətli vəzifələr qoyulub.
Təsadüfi deyil ki, cari ilin yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyev İKT sahəsinə göstərilən diqqəti və bu sahədə əldə edilmiş uğurları nəzərə alaraq 2013-cü ili “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edib.
Ümumiyyətlə, son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları və əməli tədbirlər iqtisadiyyatın diversifikasiyası, həmçinin, yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar açıb. Azərbaycan hökuməti isə iqtisadiyyatın diversifikasiyası üçün qeyri-neft sektorunun inkişafında yeni və iddialı sahə olan müasir kosmik sənayenin yaradılmasını qarşıya məqsəd qoyub. Kosmos sahəsinin elmi-texniki araşdırmalara, onun da dolayısı ilə innovasiyalara yol açdığını nəzərə alsaq bu mühüm faktı da qeyd etməliyik ki, artıq Avropa institutları tərəfindən kosmik texnologiyalar ölkələrin rəqabətədavamlılığı üçün əsas instrument kimi qəbul edilib. Üstəlik, kosmik rabitə digər rabitələrə nisbətən 5 dəfə ucuzdur.
Yeri gəlmişkən, Azərbaycanda İKT-nin inkişafı ilə bağlı ən prioritet sahələrdən biri olan kosmik sənayenin inkişaf etdirilməsi istiqamətində ən böyük addım atılıb. “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Prezident İlham Əliyevin imzaladığı 4 noyabr 2008-ci il tarixli Sərəncam da bu sahədə atılan mühüm ilkin addımlardan biridir. Həmin Sərəncama əsasən, ölkədə kosmik sənayenin yaradılmasını zəruri edən hal kimi, həm də Azərbaycanın Avropa və Asiya qitələri arasında əlverişli coğrafi və iqtisadi məkanda yerləşməsi, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması göstərilib. Yəni, kosmosla bağlı planlar təkcə kommersiya layihələri deyil, həm də kifayət qədər mürəkkəb regionda yerləşən ölkəmiz üçün informasiya təhlükəsizliyi məsələsidir. Bu da kosmik sənayenin inkişafı ilə bağlı qəbul edilmiş qərarın həm də gələcəyə hesablanmış strateji məsələ olduğunu deməyə əsas verir.
Belə ki, Azərbaycanda kosmik sənayenin yaradılması iqtisadi cəhətdən böyük səmərə vəd edir. İlk növbədə, Azərbaycanın öz rabitə sisteminin təkmilləşdirilməsi, sonrakı mərhələdə isə yerin təbii ehtiyatlarının öyrənilməsi sahəsində kosmik məlumatlardan istifadə, operativ məlumatların əldə edilməsində səmərəli ola bilər. Çünki daha öncə Azərbaycan sözügedən istiqamətdə məlumatları çox çətinliklə başqa ölkələrdən əldə edirdi. Ancaq öz peykimizin olması öz daxili məsələlərimizin həllinə şərait yaradar. Hətta bu sahənin inkişafı sayəsində fövqəladə hallar zamanı ölkənin istənilən bölgəsindən informasiyanın əldə olunması və idarəetmənin təşkili də asanlaşacaq.
Fevralın 12-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı dövlət başçısının bir daha qeyd etdiyi kimi ilk milli peykin orbitə buraxılması tarixi hadisədir: “Bir neçə gün bundan əvvəl birinci Azərbaycan telekommunikasiya peykinin kosmosa buraxılması tarixi hadisədir və Azərbaycanın ümumi inkişafını göstərir. Əminəm ki, bu inkişaf bundan sonra da uğurlu və dayanıqlı olacaqdır”.
Bu məqamda qeyd etmək yerinə düşər ki, dünya kosmos iqtisadiyyatı 2011-ci ildə 12 faiz artıma nail olaraq öz ümumi dövriyyəsini təxminən 289,77 milyard dollara çatdırıb. 2011-ci ildə kosmik kommersiya məhsulları və xidmətləri üzrə ümumi gəlir təxminən 110,53 milyard dollar təşkil edib ki, bu da 2010-cu ildəki (101,73 milyard dollar) göstəricidən 9 faiz artıqdır. Qlobal kosmos bazarının 2011-ci ildə əldə etdiyi 100 milyard dollardan artıq gəlirisə, məhz peyk yayımı, rabitə xidmətləri və Yer planetini müşahidə məhsullarından qazanılıb.
Azərbaycanda kosmik sənayenin yaradılması və ölkəmizin öz milli peykini fəzaya çıxartması iqtisadi baxımdan səmərəliliyin artmasına xidmət etməklə yanaşı, yeni iş yerlərinin açılması, iqtisadiyyatın digər sahələrinin inkişafı üçün stimul və s. deməkdir. Bununla da, Azərbaycan peyk tutumlarını kommersiya məqsədilə digər ölkələrə satıb qazanc əldə edə biləcək, ölkənin bütün ərazisində, eləcə də, simli rabitənin mümkünsüz olduğu məntəqələrdə keyfiyyətli internet xidməti təmin etmək imkanı verəcək, VPN (Virtual private network) və bu kimi sürətli İP xidmətlərindən istifadə edilməsi mümkün olacaq.
Nəhayət, telekommunikasiya peykinin orbitə çıxarılması ilə Azərbaycan MDB məkanında Rusiyadan sonra süni peykə malik ikinci ölkə olmaqla regionda bu sahədə mövqeyini daha da möhkəmləndirəcək. Eləcə də, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) məlumatına görə, peykin orbitə buraxılması ilə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radio yayımı, sürətli internet xidmətləri təmin olunacaq. Bundan başqa, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək. Yerüstü fiber-optik şəbəkə zədələndiyi hallarda peyk rabitəsi ilə problemlər də tez bir zamanda aradan qaldırılacaq. Eyni zamanda, peyklə bağlantıların təhlükəsizliyinə təminat veriləcək. Həmçinin, ilk peykin orbitə buraxılmasından sonra rabitə və internet xidmətləri ucuzlaşacaq.
Ən başlıcası isə, rabitə peyklərimizin orbitə çıxarılması strateji məsələ, dövlət başçısının Sərəncamında da vurğulandığı kimi, iqtisadi və informasiya təhlükəsizliyi məsələsidir. Kosmik sənayenin inkişafı eyni zamanda müdafiə sənayesinin genişlənməsi deməkdir. Təsadüfi deyil ki, 2008-ci ildə təsdiq edilmiş dövlət proqramının icrasına məsul qurumlar içərisində də RİTN-lə yanaşı, Müdafiə Sənayesi Nazirliyi və Müdafiə Nazirliyinin də adı çəkilir. Bu proqramın icrası həm də müdafiə sənayesi sahəsində kadr hazırlığının inkişafına təkan verəcək. Yüksək dəqiqlikli silah növlərinin yaradılması və tətbiqi məhz bu sənayedən asılıdır.
Peykin dəyərinə gəlincə isə, Azərbaycan kosmik layihələrini yalnız dövlət büdcəsi hesabına deyil, xarici investisiyalarla da maliyyələşdirib. Fevralın 8-də orbitə çıxarılan və dəyəri 230 milyon dollar olan “Azərspace-1” kommersiya layihəsidir - bütün layihənin yalnız 1 faizi dövlət tərəfindən maliyyələşdirilib. Bundan başqa, ilk süni peykin 80 faizi icarəyə veriləcək. “Azərkosmos”un məlumatına görə, peykin gəlirlərinin istismar müddəti ərzində təqribən 650 milyon dolları təşkil edəcəyi gözlənilir. Onun tutumlarının 40 faizinin peyk hələ orbitə buraxılmamış uzunmüddətli şərtlər əsasında satılmış olması, o cümlədən, peyk texnologiyalarına əsaslanan xidmətlərə yüksək yerli və regional tələbatın olması, peykin kommersiya dəyərini yüksəldir, Azərbaycanın gələcək telekommunikasiya və çoxməqsədli peyklərinin mənfəətliliyini artırır. İlkin məlumata görə, layihəyə qoyulan vəsaitlərin peykin istismarına başlanandan sonrakı 5-7 il ərzində qaytarılması nəzərdə tutulur.
Onu da qeyd edək ki, Azərbaycanda kosmik sənaye hələ sovet illərindən mövcud olub. 1974-cü ildən Azərbaycanda Milli Aerokosmik Agentliyi (MAKA) fəaliyyət göstərib. Lakin Sovetlər Birliyi dönəmində kosmik fəaliyyət müttəfiq respublikaların əksəriyyətinin aktiv iştirakı ilə mərkəzləşdirilmiş qaydada həyata keçirilib. Kosmik tədqiqatlar üçün nəzərdə tutulan və müdafiə təyinatlı hər bir məhsul yüzlərlə konstruktor bürosunun, elmi-tədqiqat institutları və sənaye müəssisələrinin sıx əməkdaşlığı şəraitində layihələşdirilib. Sovet İttifaqı süquta uğradıqdan sonra MDB-yə daxil olan ölkələr SSRİ-dən miras qalan kosmik sənaye potensialını qoruyub saxlamaq üçün bir sıra tədbirlər görüb və 1992-ci ilin sonunda Kosmos üzrə Dövlətlərarası Şuranın yaradılmasına nail olublar. Buna baxmayaraq, müstəqil dövlətlər öz maraqları çərçivəsində kosmos sahəsində əsasən SSRİ-dən miras qalmış ənənələri davam etdiriblər. Müstəqillik dövründə daha öncə mövcud olan ənənəvi və eyni zamanda, müasir və yeni sənaye sahələrinin inkişafını prioritet məsələ kimi diqqətdə saxlayan Prezident İlham Əliyev Azərbaycanda kosmik sənayenin yeni müstəvidə inkişafını şərtləndirən tədbirlərin görülməsinə dair tapşırıqlarını verib.
Təbii ki, peykin orbitə çıxarılması üçün ilk növbədə, orbital mövqe əldə etmək lazımdır. SSRİ dağılandan sonra onun hüquqi varisliyi Rusiyaya keçdiyi üçün İttifaqa daxil olan digər ölkələr kimi Azərbaycan da öz orbital mövqeyinə malik deyildi. Lakin Beynəlxalq Telekommunikasiya İttifaqı (İTU) ilə danışıqlardan sonra bu təşkilat 3 orbital sahəni Azərbaycanın mülkiyyətinə verib.
Əlavə edək ki, “Azərspace-1” peyki ABŞ-ın “Orbital Sciences” korporasiyası tərəfindən istehsal olunub. Peyk kosmik orbitə Fransanın “Arianespace” şirkəti tərəfindən hazırlanıb və yüksək etibarlılığı ilə seçilən “Ariane-5” daşıyıcı raketi ilə çıxarılıb. Peyk kosmodromdan startından təqribən 33 dəqiqə sonra raketin gövdəsindən ayrılıb.
Azərbaycanın ilk rabitə peykinin ümumi çəkisi 3250 kq təşkil edir. Peyk 36 aktiv C və Ku siqnal transponderlərə malikdir. Azərbaycanın ilk telekommunikasiya peyki Malayziyanın “Measat Satellite Systems” şirkəti tərəfindən istifadə olunan və “Azərkosmos” ASC-yə icarəyə verilən 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşəcək və Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunun 50-dən çox ölkəsini birləşdirən geniş kosmik məkanda mühüm rol oynayacaq.
Peykin idarə olunması üçün Azərbaycanda regional idarəetmə mərkəzi və ehtiyat idarəetmə mərkəzi yaradılıb. Regional idarəetmə mərkəzindən təkcə Azərbaycanın deyil, digər ölkələrin region üzərindən uçan peyklərinin də idarə olunması üçün istifadə ediləcək.
SEVİNC

Paylaş:
Baxılıb: 1599 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31