Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Daha güclü maliyyə institutu naminə...

Daha güclü maliyyə institutu naminə...

23.09.2026 [11:19]

“Bank Respublika” və “Access Bank” birləşməyi qərara alıb

Azərbaycanın bank sektorunda konsolidasiya (birləşmə) xarakterli addım atılıb. “Bank Respublika” ASC-nin “Access Bank” QSC-nin səhmlərini almasını nəzərdə tutan strateji əqdin əsas şərtləri təsdiqlənib. Hər iki bankın səhmdarlarının razılaşmasına əsasən, əqdin bu ilin noyabr ayına qədər tamamlanması planlaşdırılır. Proses çərçivəsində “Access Bank”ın mövcud səhmdarları “Bank Respublika”nın nizamnamə kapitalının ümumilikdə 25 faizini təşkil edən, yeni buraxılacaq  imtiyazlı səhmləri əldə edərək “Bank Respublika”nın səhmdarlarına çevriləcək. Səhmlərin satın alınması başa çatdıqdan sonra “Bank Respublika” və “Access Bank” ilkin mərhələdə ayrı-ayrı banklar kimi fəaliyyətlərini davam etdirəcək. Sonradan vahid bankda birləşdirilməsi müvafiq tənzimləyici tələblərə uyğun həyata keçiriləcək.

Adıçəkilən nüfuzlu və bank bazarında kifayət qədər yüksək payı olan maliyyə təşkilatlarının planlaşdırılan birləşməsi səhmdarların bankların gələcək böyüməsini və inkişafını dəstəkləmək məqsədilə qəbul etdiyi birgə biznes strategiyasına əsaslanır. Hər iki bank Azərbaycanın bütün bölgələrində mikro, kiçik və orta sahibkarlara dəstək göstərilməsinə xüsusi diqqət yetirir. Beləliklə, konsolidasiya nəticəsində hər iki bankın birgə kapital fondu daha geniş fəaliyyət miqyasına, daha güclü maliyyə imkanlarına və daha möhkəm bazar mövqeyinə malik, müştərilərinə daha geniş imkanlar təqdim edən maliyyə institutunun formalaşması mümkün olacaq. Birləşmiş bankın cəmi aktivləri 4,5 milyard manata, kredit portfeli isə 3,3 milyard manata çatacaq.

Bankların konsolidasiyası davam edəcəkmi?

Qeyd edək ki, bankların konsolidasiyası, iki və ya daha çox bankın birləşərək daha böyük, maliyyə cəhətdən daha dayanıqlı və rəqabətədavamlı tək bir bank təşkil etməsi prosesidir. Bu proses adətən bank sektorunun gücləndirilməsi, kapital çatışmazlığının aradan qaldırılması və sistem risklərinin azaldılması məqsədilə həyata keçirilir. Birləşmə qərarları tamamilə bankların səhmdarlarının biznes strategiyalarına əsaslanır.

“Bank Respublika” və “Access Bank”ın birləşmə qərarı, eləcə də bir müddət əvvəl “Bank BTB” ASC-nin öz aktiv və öhdəliklərini ölkənin ən böyük bankı olan Beynəlxalq Banka ötürərək Bank Olmayan Kredit Təşkilatına (BOKT) çevrilməsi konsolidasiya prosesi kimi səciyyələndirilə bilər. Bu proses yaxın perspektivdə ölkənin bank sektorunda yeni birləşmə və satınalmaların mümkünlüyünü də meydana çıxarır. Çünki hazırda bank bazarında aktivlərini güclə formalaşdıran, öhdəliklərini yerinə yetirməkdə çətinliklərlə üzləşən bir neçə zəif və ya kiçik bank var ki, onların gələcəkdə bağlanmaması üçün ən yaxşı yol məhz sağlam maliyyə institutları ilə birləşmək, yəni konsolidasiya ola bilər. Ələlxüsus da, problemli kredit portfelinin böyüdüyü və bu prosesdə həmin bankların fəal rol oynadığını nəzərə alsaq, mövcud situasiyalar alternativ yol kimi həmin bankların əqdlər əsasında birləşməsini meydana çıxara bilər.

Mərkəzi Bank (MB) isə kommersiya banklarını konsolidasiyaya getməyə məcbur etməsə də, birləşmə təşəbbüslərin qanunvericiliyə, kapital və likvidlik normalarına uyğunluğunu qiymətləndirərək razılıq verdiyini bəyan edir. MB bildirir ki, konsolidasiya ilə bağlı qərarlar, ilk növbədə, bankların səhmdarlarının biznes strategiyası və kommersiya qərarları çərçivəsində formalaşır. Mərkəzi Bankın rolu təşəbbüslərlə çıxış edərək qanunvericiliyin tələblərinə əməl etmək və prudensial meyarlara uyğunluğu qiymətləndirməkdən ibarətdir. Konsolidasiya kommersiya xarakterli danışıqları və konfidensial məlumatları ehtiva etdiyi üçün bu əməliyyat qanunvericiliyə uyğun olaraq yalnız MB-nin razılığı tələb edilən mərhələyə çatdıqda, məsələ müəyyən edilmiş qaydada qiymətləndirilir və ictimaiyyətə açıqlanması tələb olunan məlumatlar müvafiq qaydada təqdim edilir.

Məcburi yox, könüllü birləşmə...

Hazırda maliyyə sektoru ilə bağlı vəziyyətin təhlili göstərir ki, bank sektorunda müəyyən qüsurlar qalmaqdadır. Nizamnamə kapitalını gücləndirə bilməyən, öhdəlikləri real kapital ehtiyatlarından çox olan banklar mövcuddur. Bu kimi hallar bir çox meyarlara, o cümlədən MB tərəfindən təsdiq edilmiş “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın tələblərinə cavab vermir. Doğrudur, həmin strategiyada bankların məcburi konsolidasiyasına dair hər hansı təşəbbüs nəzərdə tutulmayıb. Ancaq bank sektorunda artan risklər fonunda bəzi kommersiya banklarının öz təşəbbüsü ilə sektorun dayanıqlığının gücləndirilməsinə xidmət edən konsolidasiyaya getməsi məqsəduyğun hesab edilə bilər.

Konsolidasiya maliyyə dayanıqlığını gücləndirə bilər

Konsolidasiya maliyyə dayanıqlığı baxımdan mühüm addımlardan biridir. Bu strateji qərarlar kiçik və zəif bankların kapital bazasının birləşdirərək gücləndirir, bu da onların böhranlara dözümlülüyünü artırır. Eləcə də xərcləri optimallaşdırır. İki ayrı bankın baş ofis, İT infrastrukturu, marketinq və inzibati xərcləri birləşdirilərək tək bir bankın idarəetmə xərclərinə çevrilir və bu baxımdan səmərəlilik artır. Həmçinin, bank bazarında onların rəqabət qabiliyyəti artır. Bazar payını böyüdən banklar vahid fəaliyyət çərçivəsində öz müştəri bazasını genişləndirir, nəticədə iri layihələri, korporativ müştəriləri maliyyələşdirmək imkanı yaranır. Konsolidasiya prudensial tələblər baxımından da əhəmiyyət daşıyır. Mərkəzi Bankın müəyyən etdiyi məcburi prudensial normativləri (məsələn, minimum məcmueyi kapital tələbi) təkbaşına qarşılaya bilməyən banklar belə risklər tam neytrallaşır.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 181 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

“Birliyin Gücü - 2026”

23 Sentyabr 12:19  

Sosial

İqtisadiyyat

Sosial

Elm

Soyuq, sirli nəhəng...

23 Sentyabr 08:59

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30