Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Xəzər dənizi dostluq, sülh, əməkdaşlıq dənizidir

Xəzər dənizi dostluq, sülh, əməkdaşlıq dənizidir

10.10.2014 [09:32]

Prezident İlham Əliyev: Azərbaycan Xəzəryanı dövlətlərlə qarşılıqlı hörmətə və etimada əsaslanan ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirir
Öz strateji mövqeyinə görə, dünyanın diqqət mərkəzində olan Xəzər dənizi beş sahilyanı ölkəni - Azərbaycanı, Rusiyanı, Qazaxıstanı, Türkmənistanı və İranı birləşdirən unikal su hövzəsidir. Sevindirici haldır ki, sahilyanı ölkələrin hamısı bu unikal su hövzəsində qarşılıqlı əməkdaşlığa səy göstərirlər. Son vaxtlarda hövzə dövlətlərinin birgə səyləri ilə Xəzər dənizində energetika, dəniz nəqliyyatı, balıqçılıq, ekologiya, bioloji müxtəlifliyin qorunması və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm nəticələr əldə olunub.
Bu yaxınlarda Rusiya Federasiyasının Həştərxan şəhərində keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti isə hövzə ölkələri arasında əməkdaşlığın dərinləşməsi isiqamətində atılan növbəti bir addım oldu. Rusiya Prezidenti Vladimir Putinin, Azərbaycan Prezidenti İlham Əliyevin, İran Prezidenti Həsən Ruhaninin, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun qatıldığı yüksək səviyyəli tədbir ənənəvi olaraq etimad, qarşılıqlı anlaşma və işgüzar şəraitdə keçdi. Sammitdə çıxış edən dövlət başçıları Xəzərdə qarşılıqlı əməkdaşlığı və etimad mühitini daha da dərinləşdirməklə bağlı konkret nəticələr əldə etmək niyyətlərini ifadə etdilər.
Azərbaycan Xəzərdə əməkdaşlığı dərinləşdirmək və sahilyanı ölkələrin, xalqların mənafeyi naminə bu əməkdaşlığa sanballı töhfələr vermək əzmindədir
Regionda inkişafın rəmzi sayılan, eyni zamanda, ölkələr və xalqlar arasında sülhün, qarşılıqlı etimadın bərqərar olmasına sanballı töhfələr verən Azərbaycan Xəzər hövzəsi ölkələri ilə də əməkdaşlığı daha da dərinləşdirmək əzmindədir. 2010-cu ildə Bakıda keçirilən III Xəzər Sammiti Xəzər dənizinin hüquqi statusuna dair danışıqlar prosesinin irəliləməsinə yeni təkan verib. Bakı Sammitində “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Bu sənəd qaçaqmalçılığa, brakonyerliyə, qanunsuz miqrasiyaya, insan alverinə, mütəşəkkil cinayətkarlığa və terrorizmə qarşı mübarizə sahəsində sərhəd xidmətləri və digər dövlət qurumları arasında əməkdaşlığın və qarşılıqlı fəaliyyətin mühüm mexanizmini özündə ehtiva edir.
Prezident İlham Əliyevin Həştərxan Sammitində vurğuladığı kimi, ötən dövrdə Xəzər dənizində əməkdaşlığın hüquqi bazasının möhkəmləndirilməsi üzrə xeyli iş görülüb: “Tərəflər “Xəzər dənizində fövqəladə halların qabaqlanması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş”in razılaşdırılmasını başa çatdırıb, imzalanması üçün təklif ediblər. Xəzəryanı dövlətlərin bu sahədə əməkdaşlığının və qarşılıqlı fəaliyyətinin möhkəmlənməsi Xəzərdə daha səmərəli və təhlükəsiz fəaliyyətə xidmət edəcək”.
Bakı Sammitindən ötən dövrdə Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Azərbaycan Respublikası və Qazaxıstan Respublikası, Azərbaycan Respublikası və Rusiya Federasiyası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında imzalanan ikitərəfli sazişlər, eləcə də, Azərbaycan, Qazaxıstan və Rusiya arasında imzalanan üçtərəfli sazişlər mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu sazişlər Xəzərin hüquqi statusunun hərtərəfli tənzimlənməsi üçün mühüm rol oynayır: “Azərbaycan hesab edir ki, bu sazişlərdə təsbit olunmuş prinsiplər bütün Xəzəryanı dövlətlər arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsinə dair razılaşmalara nail olmaq üçün yaxşı əsas ola bilər”.
Prezident İlham Əliyev Həştərxanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitində Xəzərin əməkdaşlıq dənizinə çevrilməsi ilə bağlı Azərbaycanın xoş niyyətini bir daha ifadə edərək deyib: “Biz Xəzər dənizini dostluq, sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi hesab edirik. Azərbaycan Xəzəryanı dövlətlərlə qarşılıqlı hörmətə və etimada əsaslanan ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirir. Xəzəryanı ölkələr arasında sıx dostluq münasibətləri və çoxvektorlu əməkdaşlıq bizim regionda sabitliyin, firavanlığın və təhlükəsizliyin rəhnidir”.
Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçirilən IV Sammitindəki çıxışında hövzə ölkələrini daha sıx əməkdaşlığa çağıran Prezident İlham Əliyev, həmçinin, diqqəti regionda təhlükəsizliyə və inkişafa ciddi təhdid olan Ermənistanın işğalçılıq siyasətinə yönəldib. Ermənistandakı mövcud diktator rejiminin müasir dünyanın reallıqlarını sağlam mövqedən qiymətləndirmək və beynəlxalq hüquq normalarını adekvat qəbul etmək iqtidarında olmadığını və Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirdiyini vurğulayan dövlət başçısı İlham Əliyev deyib: “Ermənistan rejimi öz cəmiyyətində Azərbaycana qarşı mağara insanı səviyyəsində nifrət hissi yaymaqla, azərbaycanofobiyanı dövlət siyasəti səviyyəsinə qaldırmaqla, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dinlərarası münaqişə kimi səciyyələndirməklə bu münaqişənin uzanmasının mümkün nəticələrinə görə birbaşa məsuliyyət daşıyır”.
Xəzər dənizi region ölkələri üçün həm də böyük iqtisadi dividendlər mənbəyidir
Azərbaycanın təcrübəsi Xəzər dənizinin region ölkələri üçün həm də böyük iqtisadi dividendlər mənbəyi olmasına yaxşı nümunədir. Xəzərin Azərbaycan sektorundakı zəngin karbohidrogen ehtiyatlarının işlənməsində sahilyanı dövlətlər, o cümlədən, İran və Rusiya şirkətləri sərmayədarlar kimi iştirak edir. Bundan başqa, Qazaxıstan və Türkmənistan şirkətləri neft və neft məhsullarının daşınması üçün Azərbaycanın tranzit imkanlarından bəhrələnir. Prezident İlham Əliyev yuxarıda haqqında bəhs olunan Sammitdəki çıxışında bu məqama da toxunub: “Xəzər dənizi regionunda ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi, enerji ehtiyatlarının mənimsənilməsi və beynəlxalq bazarlara nəql edilməsi üzrə investisiya şəraitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyalar yaradılması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi bizim üçün prioritet olaraq qalır. Xəzər dənizi nəqliyyat dəhlizlərinin inkişafı üzrə bir sıra beynəlxalq və regional layihələrdə əlaqələndirici elementdir”.
Yeri gəlmişkən, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin inşası Azərbaycanın Xəzər dənizini sülh və əməkdaşlıq dənizinə çevirmək niyyətinin parlaq ifadəsidir. Prezident İlham Əliyev Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsinin açılışındakı çıxışında Xəzərdə ən böyük ticarət limanının istifadəyə verilməsinin sahilyanı ölkələrin ümumi işinə bir töhfə olduğunu vurğulayaraq deyib: “Ələt Ticarət Limanı Xəzər dənizində ən böyük limandır. Biz bu limanın tikintisi ilə, eyni zamanda, Xəzər dənizində əməkdaşlığı daha da dərinləşdirəcəyik”.
Qeyd edək ki, birinci mərhələdə limanın yükaşırma qabiliyyəti ildə 10 milyon ton yük və 50 min konteynerdən ibarət olacaq. İkinci mərhələdə limanın yükaşırma gücü 17 milyon ton yük və 150 min konteynerə, üçüncü mərhələnin yekununda isə 25 milyon ton yük və 1 milyon konteynerə çatdırılacaq. Limanda layihə üzrə logistika mərkəzinin yaradılması da mühüm əhəmiyyət kəsb edir. İlkin mərhələdə burada 100 min konteynerin saxlanması və yük sahiblərinə müxtəlif növ xidmətlərin göstərilməsi nəzərdə tutulub.
Şübhə yoxdur ki, geniş texniki imkanlara malik olan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi Azərbaycanın ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində mühüm bir həlqə olacaq. Xəzəryanı ölkələr öz yüklərini bu liman vasitəsilə digər bir qlobal əhəmiyyətli nəqliyyat dəhlizinə-Azərbaycanın təşəbbüsü ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yoluna, oradan isə Avropa məkanına çatdıra biləcəklər. Beləliklə də, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Xəzəryanı ölkələrin əməkdaşlığında yeni səhifə açacağını söyləmək mümkündür.
Prezident İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçirilən IV Sammitində, həmçinin, ötən il Azərbaycanda yüksək dünya standartlarına cavab verən və bütün növlərdən olan gəmilər istehsal edə bilən yeni gəmiqayırma zavodunun sahilyanı ölkələrin əməkdaşlığına töhfə verəcəyinə əminliyini ifadə edib: “Bu zavod bizim ölkələrə nəqliyyat və kommunikasiyalar sahəsində layihələrin həyata keçirilməsi üzrə iqtisadi məsələlərin həlli üçün yeni imkanlar yaradır. Bizim yaratdığımız müasir logistika infrastrukturu ümumi işimizə böyük töhfədir və Xəzər dənizində əməkdaşlığı daha da dərinləşdirir”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1012 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31