Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan iqtisadi müstəqilliyini təmin etmək yolunda inamlı addımlar atıb

Azərbaycan iqtisadi müstəqilliyini təmin etmək yolunda inamlı addımlar atıb

07.05.2015 [10:31]

Prezident İlham Əliyev: Enerji təhlükəsizliyi, iqtisadi müstəqillik və öz sərvətimizə güvənməyimiz inkişafımızın aparıcı qüvvəsi olmuşdur
Məlumdur ki, müstəqilliyinin ilk illərində Azərbaycan bir çox cəhətdən böyük çətinliklərlə qarşılaşmışdı. Həmin dövrdə ölkədəki daxili gərginlik, vətəndaş qarşıdurması, Ermənistanın başladığı müharibə Azərbaycanın müstəqilliyinə ciddi təhdidlər yaradırdı. İqtisadi sahədə vəziyyət isə daha acınacaqlı idi. Belə ki, respublika iqtisadiyyatı yalnız durğunluq deyil, tənəzzül içərisində idi, inflyasiya 1000 faizdən artıq səviyyəyə çatmışdı, ən vacib sosial proqramların yerinə yetirilməsinə belə maliyyə vəsaiti çatışmırdı.
1993-cü ildən sonra isə respublikada iqtisadi islahatların reallaşdırılmasına start verildi. Həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan ötən müddət ərzində ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Ölkədə keçmiş rejimdən miras qalan və mütərəqqi təşəbbüslər qarşısında buxova çevrilən planlı iqtisadiyyatdan müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşıb. Bu gün öz iqtisadi müstəqilliyini təmin edən Azərbaycan dünyada nümunəvi inkişaf modelinə malik olan ölkə kimi fərqlənir. İqtisadi müstəqillik Azərbaycanın çox yaxşı perspektivlərə malik ölkə kimi dinamik inkişafını təmin edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu günlərdə ölkəmizin paytaxtında keçirilən Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının açılış sessiyasındakı nitqində iqtisadi müstəqilliyin inkişafımızın əsas faktoru qismində çıxış etdiyini xüsusi vurğulayaraq deyib: “Biz aydın başa düşürdük ki, iqtisadi müstəqillik olmadan siyasi müstəqilliyimiz tam həcmli olmayacaqdı. Enerji təhlükəsizliyi, iqtisadi müstəqillik və öz sərvətimizə güvənməyimiz inkişafımızın aparıcı qüvvəsi olmuşdur”.
Xarici sərmayələrin cəlb edilməsi Azərbaycanın iqtisadi inkişafında mühüm vasitə oldu
Azərbaycan beynəlxalq miqyasda zəngin karbohidrogen ehtiyatlarına malik olan ölkə kimi tanınır. Lakin Azərbaycan yalnız müstəqillik qazandıqdan sonra öz zəngin təbii sərvətlərinin əsl sahibinə çevrildi. Ötən yüzilliyin sonlarında Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının işlənməsinə xarici sərmayələrin cəlb olunması ilə milli iqtisadiyyatımızın yeni inkişaf mərhələsinə start verildi. Prezident İlham Əliyevin vurğuladığı kimi, neft sənayesi, ən iri neft və qaz şirkətlərinin sərmayələrinin cəlb edilməsi bizim inkişafımızın təmin edilməsi yolu olmuşdur.
Xəzərin Azərbaycan sektorunda zəngin karbohidrogen ehtiyatlarının işlənməsinə xarici sərmayələrin cəlb olunmasının təməli isə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörənliyi ilə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə qoyulub. Məhz Ümummilli liderin vəziyyəti düzgün qiymətləndirməsi və çox böyük səyləri hesabına 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərdəki “Azəri-Çıraq-Günəşli” yatağının birgə işlənməsinə dair “Əsrin müqaviləsi” adını alan beynəlxalq kontrakt imzalandı. Bununla da Xəzər xoşməramlı beynəlxalq əməkdaşlıq mərkəzinə çevrildi.
“Əsrin müqaviləsi”nin imzalanması “Azəri-Çıraq-Günəşli” yatağının beynəlxalq konsorsium tərəfindən uzun illər ərzində uğurlu istismarı ilə nəticələnib. İndiyədək layihə çərçivəsində 2,5 milyard bareldən artıq neft hasil olunub və təxminən 30 milyard dollar həcmində investisiya yatırılıb.
Son 22 ildə Xəzərdə uğurlu beynəlxalq əməkdaşlıq Azərbaycana böyük dividendlər gətirib. Ölkənin neft sənayesinə irihəcmli investisiya qoyuluşu təmin edilib, yeni texnologiyaların tətbiqinə başlanılıb, şaxələndirilmiş enerji marşrutları yaradılıb. Azərbaycanın səmərəli yeni neft strategiyası sayəsində bütövlükdə regionun enerji xəritəsində əhəmiyyətli dəyişiklik baş verib. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bu gün enerji strategiyamıza və sadiqliyimizə əsasən, biz tarixdə ilk dəfə Xəzər dənizini Qara və Aralıq dənizləri ilə xam neft kəmərləri vasitəsilə birləşdirdik. Bu, regionun enerji xəritəsinin dəyişdirilməsində ilk addım idi”.
Hazırda Azərbaycanın uğurlu neft strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla davam etdirilir. Sirr deyil ki, hazırda regionun və Avropanın enerji təhlükəsizliyi təbii qaz ehtiyatları ilə bağlıdır. Bu baxımdan yeganə yeni qaz mənbəyi olan Azərbaycanın regionda rolu çox vacibdir. Ölkəmizin təsdiq edilmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrə bərabərdir. Proqnozlaşdırılan qaz ehtiyatlarımız isə 4-5 trilyon kubmetr səviyyəsindədir. Resurs mənbəyi Azərbaycanın “Şahdəniz” yatağı olan “Cənub” qaz dəhlizi Avropanın enerji təhlükəsizliyində yeni bir səhifə açacaq. Azərbaycanın fəallığı və təşəbbüsləri sayəsində artıq 45 milyard dollar sərmayə qoyuluşu tələb edən və Avropanın 10 dövlətini birləşdirən nəhəng layihənin icrasına başlanılıb. Cənubi Qafqaz qaz boru kəmərinin genişləndirilməsi, TANAP, TAP kimi iri layihələri özündə birləşdirən “Cənub” qaz dəhlizinin işə salınması Azərbaycanın enerji siyasətində mühüm hadisə olmaqla yanaşı, ölkəmizin gələcək iqtisadi inkişafına da güclü təkan verəcək.
Azərbaycanın iqtisadiyyatı heç vaxt indiki qədər şaxələndirilmiş olmayıb
Məlumdur ki, dünyanın karbohidrogen ehtiyatları ilə zəngin olan bir sıra ölkələri neft amilindən asılılıq sindromunun acı fəsadları ilə üzləşib. Azərbaycan iqtisadiyyatı da uzun illər ərzində neft amili ilə sıx bağlı olub. Bununla belə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, uğurlu inkişaf modeli sayəsində Azərbaycan neft amilindən asılılıq sindromundan yan keçib. Zamanında həyata keçirilən islahatlar, şaxələndirmə siyasəti Azərbaycan iqtisadiyyatının dayanıqlılığını şərtləndirir. “Əsrin müqaviləsi” və digər kontraktlar çərçivəsində ölkəmizə gələn neft gəlirləri gələcək inkişaf baxımından prioritet sayılan sahələrə, o cümlədən də, iqtisadiyyatın diversifikasiya edilməsinə, ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna istiqamətləndirilməsinə yönəldilir ki, bütün bunlar da son nəticədə respublikanın dinamik sosial-iqtisadi inkişafında öz əksini tapır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan elə bir dayanıqlı iqtisadiyyat qurmağı hədəfləyib ki, burada neft amili başlıca rol oynamasın: “Qara qızıl adlandırdığımız neftin insan kapitalına çevrilməsi dövlət siyasətimiz olmuşdur və heç zaman bizim iqtisadiyyatımız bugünkü qədər şaxələndirilmiş olmamışdır. Bizim hədəfimiz elə bir dayanıqlı iqtisadiyyat yaratmaqdır ki, burada neft amili başlıca rol oynamasın”.
Prezident İlham Əliyev iqtisadiyyatın çoxqütblülüyünün təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nəzərə çatdıraraq bildirib ki, bu sahədə məqsədli şəkildə diversifikasiya siyasətinin həyata keçirilməsi gələcək inkişaf üçün yaxşı imkanlar yaradır: “Biz hər zaman demişik ki, iqtisadiyyatımız üçün ən vacib məqam davamlı inkişafdır. Biz həmişə neft və qazdan asılılığımızı azaltmağa çalışırıq və uzun illərdir həyata keçirdiyimiz şaxələndirmə siyasəti gələcək inkişaf üçün yaxşı fürsətlər yaradır”.
Hərtərəfli dövlət dəstəyi və güclü maliyyə təminatı sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatıb. Ölkəmizdə qeyri-neft sektorunun mühüm istiqamətini təşkil edən özəl bölmə də sürətlə inkişaf edir. Təkcə son 11 ildə respublikamızda sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb, məşğulluqda özəl sektorun payı 73,9 faizə, vergi daxilolmalarında 72,4 faizə yüksəlib. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşməsinə 1,2 milyard manatdan çox güzəştli kredit yönəldilib. ÜDM-in strukturunda qeyri-neft sektorunun çəkisinin artması böyük məmnunluq doğurur. Prezident İlham Əliyev iqtisadiyyatımızda müşahidə edilən bu müsbət dinamikadan məmnunluğunu ifadə edərək bildirib: “Fəxr edirik ki, bizim qeyri-neft sektorumuzun artımı ümumi iqtisadi artımı üstələyir. Bu ilin ilk üç ayında ümumi daxili məhsul 5,3 faiz artdığı halda, qeyri-neft sektorunda 7 faiz artım qeydə alınmışdır”.
Ölkəmiz üçün prioritet məsələlərdən biri regionların inkişafıdır
Azərbaycanın xoşbəxtliyi ondadır ki, “Əsrin müqaviləsi” və digər kontraktlar çərçivəsində əldə olunan gəlirlər maksimum dərəcədə səmərəli şəkildə ölkənin inkişafı baxımından prioritet sayılan sahələrə yönəldilir. İnkişafın Azərbaycan modelinin ən səciyyəvi cəhətlərindən biri isə, heç şübhəsiz ki, ölkənin regionlarının tarazlı inkişafının təmin edilməsi ilə bağlıdır. Prezident İlham Əliyev bu məqama diqqət çəkərək deyib: “Azərbaycanın regionlarının inkişafı vacib məsələ olmuşdur. Biz regionların inkişafını arzulayırdıq. Bunun üçün 3 Dövlət Proqramı qəbul edilmişdir ki, onların sayəsində yalnız Bakı sakinləri üçün deyil, regionlarda yaşayan əhali üçün yeni imkanlar yaransın”.
Beləliklə, respublikamızda dövlət başçısı tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən siyasət sayəsində iqtisadi potensialın yalnız paytaxtda və yaxud bir neçə regionda cəmləşdirilməsinin qarşısı alınaraq bütün ölkəboyu inkişaf təmin edilib, ayrı-ayrı bölgələr respublikanın ümumi tərəqqisi prosesinə qoşulub.
Əlamətdar haldır ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları hər bölgənin özünəməxsus xüsusiyyətləri, həmin bölgələrdə yaşayan insanların təklifləri nəzərə alınmaqla hazırlanıb. Hər bir proqram üzrə qarşıya real vəziyyət nəzərə alınmaqla konkret hədəflər qoyulub və onlara çatmaq üçün bütün imkanlar səfərbər edilir. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən indiyədək Azərbaycanın bölgələrində 56 minə yaxın müəssisə fəaliyyətə başlayıb. Bu müddət ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3, əhaliyə göstərilən pullu xidmətlər 6 dəfə artıb. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Təsadüfi deyil ki, regionlardan vergi ödənişləri 14,2 dəfə artıb. Artıq 5 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir.
Ölkəmizdə regionların sosial-iqtisadi inkişafı strategiyasında infrastruktur layihələrinin icrası mühüm yer tutub. Bu konteksdə respublikanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işləri xüsusi vurğulamaq lazımdır. Son 11 ildə Azərbaycanda ümumi generasiya gücü 2300 meqavata çatan 17 elektrik stansiyası istifadəyə verilib, 10 min kilometrdən çox elektrik xətti və 1500-dən çox yarımstansiya inşa edilib və yaxud yenidən qurulub. Beləliklə, yeni istifadəyə verilən elektrik güclərinin sayəsində ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib, hətta təxminən 600-700 meqavat həcmində ixrac potensialı yaranıb.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası çərçivəsində, həmçinin, bölgələrin qaz təminatının yaxşılaşdırılması istiqamətində böyük iş həcmi yerinə yetirilib, irimiqyaslı su-kanalizasiya layihələri reallaşdırılıb, yeni yollar çəkilib. Ümumilikdə, proqramların icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən, birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib.
Azərbaycan iqtisadi müstəqilliyini möhkəmləndirmək üçün özünün əlverişli coğrafi mövqeyindən də istifadə edir
Azərbaycan öz iqtisadi potensialını daha da artırmaq üçün daim yeni vasitələr axtarır və bu məqsədlə bütün imkanlardan istifadə etməyə çalışır. İqtisadi inkişaf baxımından Azərbaycana əlavə üstünlüklər qazandıran amillərdən biri də ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsidir. Prezident İlham Əliyev iqtisadi inkişaf baxımından ölkəmizin həm də coğrafi üstünlüyə malik olduğuna diqqət çəkərək deyib: “Təbii ki, digər vasitələrdən də istifadə etməyə çalışırıq, xüsusilə də coğrafi mövqeyimizdən. Bu gün Azərbaycan nəqliyyat qovşağına çevrilir. Biz yaxşı coğrafi mövqeyə və infrastruktura malikik”.
Azərbaycan malik olduğu əlverişli coğrafi mövqeyindən bəhrələnmək məqsədilə indiyədək mükəmməl nəqliyyat infrastrukturunun yaradılmasına böyük həcmdə sərmayələr yönəldib. Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı müvafiq Sərəncama əsasən Ələt qəsəbəsində inşa olunan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi Azərbaycanın tranzit imkanlarını genişləndirmək baxımından böyük əhəmiyyət daşıyır.
Son illərdə respublikanın müxtəlif bölgələrində 5-i beynəlxalq olmaqla 7 hava limanının inşa edilməsi də Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisi də başa çatmaq üzrədir. Azərbaycan ərazisindən keçən Bakı-Tbilisi-Qars dəmiryolu xətti yüklərin və sərnişinlərin ən qısa marşrutla Avropa və Asiyaya çıxarılmasını təmin edəcək ki, bununla da ölkəmizin geostrateji əhəmiyyəti daha da artacaq.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 956 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31