Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Ərzaq təhlükəsizliyinə nail olunması Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biridir

Ərzaq təhlükəsizliyinə nail olunması Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biridir

09.05.2015 [13:15]

Prezident İlham Əliyev: Son illər ərzində biz ərzaq təhlükəsizliyimizi, demək olar ki, təmin etmişik
Hazırda qlobal miqyasda müşahidə edilən arzuolunmaz tendensiyaların fonunda yaranan yeni çağırışlardan biri də ölkələrin ərzaq təminatı ilə bağlıdır. Beynəlxalq səviyyəli ayrı-ayrı qurumların proqnozlarına əsasən, 2050-ci ildə dünyada ərzağa olan tələbat 2006-cı ildəki ilə müqayisədə 70 faiz artacaqdır. Dünya Səhiyyə Təşkilatının yaydığı hesabatda bildirilir ki, Yer üzündə təxminən 3,7 milyard insan lazımi səviyyədə qidalana bilmir. Haqqında bəhs olunan hesabatda bu rəqəmin ildən-ilə artdığı vurğulanır və buna səbəb kimi dünyada ərzaq təklifinin tələbə cavab vermədiyi göstərilir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən aparılan araşdırmalarda isə dünyada aclıq həddində yaşayan insanların sayının 925 milyon nəfəri ötdüyü qeyd olunur.
Bütün bu faktlar bir daha təsdiqləyir ki, müasir dövrdə ərzaq təhlükəsizliyinə nail olunması hər bir ölkə və xalq üçün ümummilli, strateji mahiyyət kəsb edir. Bu mənada Prezident İlham Əliyevin ölkənin ərzaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlaması və bu məqsədlə Azərbaycanda davamlı olaraq zəruri tədbirlər həyata keçirilməsi cəmiyyətimiz tərəfindən dəstəklənir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ərzaq təhlükəsizliyinin bundan sonra dünya üçün çox vacib məsələ olacağını və ərzaq təhlükəsizliyini təmin etməyən ölkələrin böyük problemlərlə üzləşəcəklərini xatırladaraq respublikamızın bu sahədə hədəfini açıqlayıb: “Ərzaq təhlükəsizliyi bizim üçün prioritetdir”.
Azərbaycan etibarlı ərzaq təhlükəsizliyinə nail olmaq üçün geniş imkanlara malikdir
Qeyd edək ki, Azərbaycanın yeni dünya çağırışlarına uyğun olaraq özünün ərzaq təhlükəsizliyini daxili istehsal hesabına təmin etməyə hər cür imkanı var. Respublikamızda ərzaq təminatı ilə bağlı sahələrin inkişaf etdirilməsi real zəminə və güclü iqtisadi potensiala əsaslanır. İlk növbədə, əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Respublika əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişaf etdirilməsi sosial baxımdan da ciddi önəm kəsb edir.
Respublikamızda son illərdə ərzaq təminatı ilə bağlı sahələrin, o cümlədən də, aqrar sektorun dinamik inkişaf relslərinə çıxmasında vacib amillərdən biri də ölkəmizin güclü iqtisadi potensialı, geniş maliyyə imkanlarıdır. Ölkəmizdə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, kənd təsərrüfatının inkişafı üçün çox ciddi tədbirlər görülür, islahatlar aparılır.
Məlumdur ki, ölkəmizdə neft gəlirləri davamlı şəkildə iqtisadiyyatın diversifikasiya edilməsinə, qeyri-neft sektorunun üstün inkişafının təmin olunmasına yönəldilir. Bu baxımdan son illərdə respublikamızda kənd təsərrüfatının maliyyə təminatının gücləndirilməsi aqrar sektorda əsaslı inkişafa səbəb olub. Ölkədə kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısı çoxşaxəlidir. Respublikamızda “Aqrolizinq” ASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Mineral gübrələrin dəyərinin 50 faizdən çoxu, texnikanın dəyərinin 40 faizi dövlət büdcəsinin vəsaitləri hesabına kompensasiya olunur. Mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin həcmi 50 faizdən 70 faizə yüksəldilib. Ölkəmizdə hər il təqribən 600 min kənd təsərrüfatı məhsulları istehsalçısı dövlət dəstəyindən bəhrələnir. Son bir ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmiş texnikalar əvvəlki illə müqayisədə 37 faiz, o cümlədən, taxılyığan kombaynlar 57 faiz, traktorlar 48 faiz, digər texnikalar isə 29 faiz artıb. O da əlamətdar haldır ki, kənd təsərrüfatı istehsalçılarına verilən texnikanın 83 faizini, kombaynların isə 79 faizini Avropa ölkələrinin ən tanınmış şirkətlərinin məhsulları təşkil edib. Tətbiq edilən güzəştlərin həcminin artırılması hesabına 2014-cü ildə fermerlər texnikanı əvvəlki ilə nisbətən 50 faiz, gübrəni isə 30 faiz aşağı qiymətlə əldə ediblər. Bu da məhsulun maya dəyərinin əhəmiyyətli dərəcədə azalması nəticəsində fermerlərin gəlirlərinin artmasına və investisiya imkanlarının genişləndirilməsinə müsbət təsir göstərib. Bitkiçiliyin inkişafına birbaşa dəstək tədbirləri çərçivəsində 2014-cü ilin məhsulu üçün buğda və çəltik səpininə görə 20,1 milyon manat, əkin sahələrinin və çoxillik bitkilərin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə isə 51,8 milyon manat yardım göstərilib.
Zamanında yaradılan zəruri normativ-hüquqi baza və həyata keçirilən təşkilati-texniki tədbirlər ölkənin ərzaq təminatında mühüm rol oynayır
Ölkəmizdə hazırda dünya üçün böyük narahatlıq yaradan ərzaq təhlükəsizliyi probleminin daxili istehsal hesabına uğurla həll olunmasında zamanında yaradılan zəruri normativ-hüquqi baza mühüm rola malikdir. Belə ki, Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib. Dövlət başçısı 2014-cü il yanvarın 16-da “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəddə respublikanın ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilən Dövlət Proqramının icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması, ərzaq bazarının səmərəli fəaliyyətinin təşkil edilməsi ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub. Sərəncama uyğun olaraq qısa müddətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası”nın layihəsi hazırlanıb. Burada ölkədə gələcək aqrar siyasətin əsas prinsipləri, kənd təsərrüfatının inkişafı ilə bağlı strateji hədəflər və prioritet istiqamətlər öz əksini tapıb. Dövlət başçısı cari il 2 mart tarixində isə “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamda ölkədə ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədi ilə yüksək məhsuldarlığa malik və quraqlığa davamlı yeni növ toxumlara tələbat yarandığı vurğulanır. Sərəncamla ölkədə məhsul istehsalçılarının yüksək məhsuldar toxumlara tələbatının dolğun şəkildə ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun yaradılması qərara alınıb. Dövlət başçısının imzaladığı bu sənədə əsasən, Nazirlər Kabinetinə Dövlət Toxum Fondunun fəaliyyətinin təmin edilməsi, habelə yüksək məhsuldar toxumların istehsalının və tədarükünün həyata keçirilməsini stimullaşdırmaq üçün zəruri tədbirlər həyata keçirmək tapşırılıb.
Ölkəmizdə qısa müddətdə ərzaq təhlükəsizliyi ilə bağlı diqqətəlayiq uğurlar qazanılmasında, həmçinin, dövlət başçısının iradəsi ilə həyata keçirilən təşkilati-texniki tədbirlər mühüm rol oynayır. Bu baxımdan aqrar sektorun inkişafı üçün geniş imkanlar açan infrastruktur layihələrinin önəmini xüsusi vurğulamaq lazımdır. Prezident İlham Əliyevin 2013-cü ilin sentyabrında Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılış mərasimindəki çıxışında vurğuladığı kimi: “Kənd təsərrüfatının inkişafı böyük dərəcədə infrastruktur layihələrindən asılıdır”.
Əlamətdar haldır ki, respublikamızda dövlət kənd təsərrüfatının inkişafı baxımından zəruri sayılan infrastruktur layihələrinin maliyyə təminatını öz öhdəsinə götürür, həmçinin, genişmiqyaslı meliorasiya və irriqasiya tədbirləri həyata keçirir. Son iki ildə istifadəyə verilən Taxtakörpü və Səmkirçay su anbarları aqrar sektorun inkişafı baxımından çox mühüm əhəmiyyət daşıyan layihələrdir. Bu iki layihənin reallaşdırılmasına 1 milyard 700 milyon manat vəsait yönəldilib. Prezident İlham Əliyevin Şəmkirçay su anbarının açılış mərasimindəki çıxışında vurğuladığı kimi, bu layihələr Azərbaycan dövlətinin gücünü və ölkədə aparılan siyasətin istiqamətini göstərir: “Bu iki mühüm layihə, əlbəttə ki, bugünkü Azərbaycanın gücünü və bizim siyasətimizin istiqamətini göstərir”.
Ölkədə etibarlı ərzaq təminatına nail olunması məqsədilə aqrar sektorun davamlı surətdə dəstəklənməsi öz bəhrəsini verib. Həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb. Respublikanın 19 rayonunda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kreditin verilməsi istehsalın artması, ət və ət məhsullarının idxalının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib. Bundan başqa, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisəsinə 171 milyon manat güzəştli kreditlərin verilməsi bu məhsullara daxili tələbatın ödənilməsini təmin edib və yeni ixrac imkanları yaradıb. Ötən illər ərzində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı infrastrukturunun yaradılması, o cümlədən, 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır, istehlak bazarında qiymətlərin sabitliyini təmin edir.
Son illərdə davamlı dövlət qayğısı sayəsində Azərbaycanın aqrar sektorunun sürətlə inkişaf etməsini aşağıdakı statistik göstərici də təsdiqləyir. Dünya Bankının hesabatına əsasən, son 10 ildə dünyada ərzaq məhsullarının istehsalında artım 18 faiz olduğu halda, ölkəmizdə bu göstərici 39 faiz təşkil edib.
Beləliklə, əgər müstəqilliyin ilk illərində respublikanın ərzaq təminatı daha çox idxal hesabına təmin olunurdusa, hazırda bu nisbət yerli istehsalın xeyrinə dəyişib. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında bu cəhətə diqqət çəkərək vurğulayıb: “...Müstəqilliyin ilk dövrlərində biz idxaldan böyük dərəcədə asılı vəziyyətə düşmüşdük. Bu vəziyyəti dəyişmək üçün çox ciddi tədbirlər görüldü və son illər ərzində biz ərzaq təhlükəsizliyimizi, demək olar ki, təmin etmişik”.
Lakin son illərdə ölkəmizdə ərzaq təminatında böyük uğurlar qazanılsa da, bu sahədə imkanlar daha genişdir. Məsələn, hələlik ölkədə daxili tələbatı ödəyəcək həcmdə taxıl tədarük olunmur. Hazırda respublika üzrə taxıl istehsalında məhsuldarlıq hər hektarda cəmi 23-24 sentner təşkil edir. Bu, əlbəttə ki, yetərli səviyyə deyil. Bunun əsas səbəbi isə taxıl istehsalının xırda təsərrüfatlarda cəmləşməsi ilə bağlıdır. Təcrübə göstərir ki, iri fermer təsərrüfatlarında daha yüksək məhsuldarlığa nail olmaq mümkündür. Buna görə də respublikamızda taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılmasına start verilib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkəmizdə taxılçılıq üzrə pilot layihənin uğurla reallaşdırıldığından məmnunluq ifadə edərək məhsuldarlığı artırmaq üçün iri fermer təsərrüfatlarının yaradılmasının zəruriliyinə bir daha diqqət çəkib: “Pilot layihəsi özünü doğrultdu. Pilot layihəsində məhsuldarlıq 55 sentner idi, - halbuki ölkə üzrə bu rəqəm haradasa 24, bəzi yerlərdə 25-26 sentnerdir, - yəni, iki dəfədən çoxdur. Ona görə də biz bu pilot layihələrini, bu təcrübəni bütün başqa sahələrə də yaymalıyıq ki, məhsuldarlıq artsın. Əgər biz buna nail olsaq, onda mövcud torpaqlarla taxıla, buğdaya olan tələbatımızı özümüz təmin edəcəyik”.
Ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas mərhələ başlayır
Qeyd etdiyimiz kimi, artıq Azərbaycan bir sıra ərzaq məhsulları ilə özünü tam şəkildə təmin edir və ayrı-ayrı istiqamətlər üzrə ölkəmizin ixrac potensialı yaranıb. Qarşıda isə ölkənin daha mükəmməl ərzaq təhlükəsizliyinə nail olmaq vəzifəsi durur. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda haqqında bəhs olunan iclasındakı nitqində vacib bir məsələni - respublikada bir-birini tamamlayan ərzaq məhsulları istehsalı tsiklinin yaradılmasının zəruriliyini gündəmə gətirib. Məlumdur ki, hazırda respublikamızda buraxılan ayrı-ayrı ərzaq məhsullarının bəzi komponentləri idxal olunur. Dövlət başçısı qeyd edib ki, bu hal birinci mərhələ üçün məqbuldur. Bundan sonra ona nail olmaq lazımdır ki, respublikada ərzaq məhsulları istehsalının tam tsikli yaradılsın. Prezident İlham Əliyev Azərbaycanda ərzaq istehsalında yeni mərhələnin başladığına diqqət çəkərək deyib: “Biz indi əsas mərhələyə keçirik, lokalizasiya 100 faiz olmalıdır”.
Azərbaycanın ixrac imkanlarının genişləndirilməsi və yeni bazarlara çıxılması da qarşıda duran vacib məsələlərdəndir. Sirr deyil ki, ənənəvi bazarlarda Azərbaycanda buraxılan və ekoloji normalara tam cavab verən keyfiyyətli ərzaq məhsullarına, o cümlədən də, meyvə-tərəvəzə böyük tələbat var. Əkin sahələrini genişləndirməklə və səmərəli metodlardan istifadə etməklə məhsuldarlığı artıraraq həmin bazarlara daha böyük həcmlərdə məhsul ixrac etmək mümkündür. Eyni zamanda, ixrac nomenklaturasını genişləndirmək lazımdır. Bu vacib məsələyə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Müxtəlif yerlərdə emal müəssisələri yaradılır və ixrac imkanlarımız da genişlənir. Biz indi ixrac nomenklaturamızı da genişləndirməliyik. Azərbaycandan ənənəvi olaraq meyvə-tərəvəz ixrac edilirdi. İndi isə daha çox hazır məhsul və digər, yəni, süd məhsulları ixrac edilməlidir. Gələcəkdə ət məhsulları və digər məhsullar ixrac edilməlidir”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 973 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31