Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır

Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır

15.05.2015 [09:40]

Ölkəmizdə qurulmuş müasir əsaslı sığorta-pensiya sistemi sayəsində əmək fəaliyyəti göstərən 2 milyon 976 min sığortaolunanın fərdi uçot əsasında öz gələcək pensiya təminatının bilavasitə iştirakçısına çevrilməsi təmin olunub
Xalqımızın milli dəyərlər sistemində yaşlı nəslə qayğı xüsusi yer tutur. Ənənəvi Azərbaycan ailəsində ağbirçəyin, ağsaqqalın yeri həmişə yuxarı başda olub. Bu mənada müstəqil Azərbaycanda əhalinin bəlli təbəqəsini əhatə edən vətəndaşların pensiya təminatının getdikcə daha yüksək səviyyəyə qaldırılmasını, bu sahədə ardıcıl islahatlar həyata keçirilməsini dövlət siyasətinin müəyyənləşdirilməsində cəmiyyətdən gələn sosial sifarişlərin əsas götürülməsinin təsdiqi kimi dəyərləndirmək mümkündür. Başqa sözlə desək, tarixən Azərbaycan ailəsində yaşlı insan necə böyük qayğı ilə əhatə olunubsa, dövlətimiz də pensiya hüququ yaranan insanları taleyin ümidinə buraxmır, onların güclü sosial müdafiəsini təşkil edir.
Yüksək iqtisadi inkişaf dinamikasına malik Azərbaycan, eyni zamanda, sosial dövlətdir
Son illərdə qlobal miqyasda müşahidə edilən arzuolunmaz tendensiyalara baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycan özünün dinamik iqtisadi inkişaf dövrünü yaşayır. Respublikamızda dövlət başçısı tərəfindən yeni dünya çağırışlarına uyğun strateji hədəflər müəyyənləşdirilib. Bunun da nəticəsində ölkəmiz qlobal risklərə möhkəm dayanıqlılıq nümayiş etdirərək öz iqtisadi-maliyyə imkanlarını ilbəil genişləndirir.
Sürətli iqtisadi inkişaf tempinə malik Azərbaycan, eyni zamanda, sosial dövlətdir. Ölkənin iqtisadi sahədəki nailiyyətləri bilavasitə sosial sferada öz əksini tapır. Azərbaycanda iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılması daim diqqət mərkəzində saxlanılır. Milli iqtisadiyyatın sosialyönümlülüyünün təmin olunması nəticəsində əhalinin real gəlirlərinin orta illik artım tempi iqtisadi artım tempini orta hesabla 8,3 faiz bəndi üstələyib, respublikamızda yoxsulluq səviyyəsi 5 faizə enib. Qeyd edək ki, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb.
Pensiya siyasəti ilə əlaqədar dövlətin güclü siyasi iradəsi ölkənin dinamik inkişafını özündə əks etdirir
Ölkəmizdə iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi ilə uzlaşdırılmasının davamlı inkişaf tələblərinə cavab verən çevik modeli fəaliyyət göstərir ki, bu əsasda formalaşan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi mexanizmini ifadə edir. Həmin mexanizmin çevik fəaliyyəti nəticəsində ölkədəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, yeni iş yerlərinin açılması və qeydiyyatın gücləndirilməsi hesabına son 11 il ərzində DSMF-nin büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 8 dəfədən çox artıb. Bu artımlar, eləcə də, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ayrılan əlavə dövlət vəsaiti hesabına pensiya xərclərinin ölkənin ÜDM-nə olan nisbəti əhəmiyyətli şəkildə yüksəlib, 2003-cü ildə 3,9 faiz təşkil etdiyi halda, 2014-cü ildə 5 faizə çatıb. 2014-cü ildə Fondun gəlirləri 2013-cü ilə nisbətən 223 milyon manat və ya 8,3 faiz artaraq 2894,3 milyon manata yüksəlib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1744,9 milyon manat təşkil edib ki, bu da 2013-cü ilə nisbətən 10,2 faiz və ya 160,8 milyon manat çoxdur.
Hazırda respublika üzrə əmək pensiyası alan şəxslərin sayı 1293,2 min nəfərdir. Pensiyaçıların 783518 nəfərini və ya 60,6 faizini yaşa görə, 369170 nəfərini və ya 28,5 faizini əlilliyə görə, 140515 nəfərini və ya 10,9 faizini isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir. Pensiyaçıların sosial müdafiəsinin xüsusi diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artıb. Belə ki, ölkə üzrə pensiyaların orta aylıq məbləği 1 yanvar 2006-cı il tarixə 29,8 manat olduğu halda, hazırda bu rəqəm 175,1 manata, o cümlədən, yaşa görə əmək pensiyasının orta aylıq məbləği 194,6 manata çatıb. Fərdi hesablara toplanan sosial sığorta kapitallarının inflyasiya nəzərə alınmaqla hər il indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən səmərəli şəkildə qorunmasını təmin edir. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 2014-cü il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 2,4 faizlik, 2015-ci il yanvarın 1-dən etibarən isə 1,4 faizlik artım tətbiq edilib.
Onu da qeyd edək ki, ölkəmizdə qurulmuş müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə əmək fəaliyyəti göstərən insanların fərdi uçot əsasında öz gələcək pensiya təminatının bilavasitə iştirakçısına çevrilməsi təmin edilib. Respublikamızın dinamik iqtisadi inkişafına uyğun olaraq pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə pensiya islahatlarının eyni vaxtda aparılması siyasətinin nəticəsində mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə nail olunub və pensiyaçıların yoxsulluq problemi əsaslı şəkildə öz həllini tapıb. Hazırda ölkəmizdə pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu. 2003-2014-cü illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,4 dəfə artaraq 18,4 manatdan 173 manata, yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 43,4 faizə çatdırılıb. Bu artım dinamikası MDB-nin pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövləti içərisində ən yuxarı artımdır və ikinci yerdə qərarlaşmış Qazaxıstandakı pensiya artımlarından 1,4 dəfə çoxdur.
Xoşbəxt qocalığın qayğısına cavanlıqda qalmaq lazımdır
Bu məqamda xatırlatmaq yerinə düşər ki, Azərbaycanda fərdi uçot əsaslı sosial sığorta sisteminin tətbiqinə 2006-cı ildən start verilib. Hazırda bu sistem bütün işləyən əhalini əhatə edir. Yeni pensiya islahatlarına əsasən, vətəndaşın gələcək pensiyasının məbləği fərdi hesaba toplanan kapitala bağlı olur. Fərdi uçot əsaslı sosial sığorta sisteminin tətbiqi gələcəkdə vətəndaşların pensiya təminatında etibarlı maliyyə mənbəyi rolunda çıxış etməklə yanaşı, həm də sığortaolunanların pensiya təminatının ədalətli həlli deməkdir. Bu gün kim başqalarından fərqlənərək DSMF-nin müvafiq qurumundakı fərdi uçot hesabına daha çox məbləğdə sığorta ödənişi toplanmasının qayğısına qalırsa, təbii ki, gələcəkdə onun pensiyası da daha yüksək olacaq. Necə deyərlər, xoşbəxt qocalığın qayğısına hələ cavan ikən qalmaq lazımdır.
“2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nın uğurla reallaşdırılması, 2006-cı il 1 yanvar tarixindən “Əmək pensiyaları haqqında” yeni qanunun qüvvəyə minməsi, 2009-cı ildə bu qanuna ciddi dəyişiklik və əlavələr olunması, həmçinin, dövlət başçısının müvafiq Sərəncamı ilə “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nın təsdiqlənməsi ölkəmizdə müasir dünya təcrübəsinə uyğun sığorta- pensiya sisteminin formalaşması üçün möhkəm hüquqi baza yaradıb. Həyata keçirilən pensiya islahatları özündə işçi və işəgötürən arasında münasibətləri yeni səviyyədə qurmağa, işçilərin öz gələcək pensiya təminatlarına maraqlarını stimullaşdırmağa, işəgötürənin hər bir işçi üçün ödədiyi sığorta haqları üzrə məsuliyyətini yüksəltməyə xidmət edən prinsipləri özündə ehtiva edir.
“Əmək pensiyaları haqqında” qanuna əsasən, pensiyaların məbləği baza, sığorta və yığım hissələrindən ibarət olmaqla müəyyən edilir. Hazırda pensiyalar baza və sığorta hissəsindən ibarət olmaqla təyin edilir və artırılır. Yığım hissəsi isə hazırda aktiv deyil, onun növbəti mərhələdə islahatlar çərçivəsində fəallaşdırılması məqsədilə zəruri tədbirlər həyata keçirilir. Yığım hissəsi aktivləşdirildikdən sonra sığortaolunana pensiyası təyin edildikdə, yaxud o vəfat etdikdə onun vərəsələri fərdi hesabının yığım hissəsində toplanan vəsaitləri, həmin vəsaitlərin dövriyyəsindən əldə olunan gəlirləri istər birdəfəlik, istərsə də hissə-hissə əldə etmək imkanını qazanacaqlar.
Fərdi uçot əsaslı sığorta sisteminə inamın ifadəsi olaraq sığortaolunanların aktivliyinin yüksəlməsi məmnunluq doğurur
Beləliklə, 2014-cü il ərzində də sığortaolunanların fərdi uçot sisteminin qurulması tədbirləri davam etdirilib və fərdi hesabı açılmış sığortaolunanların sayı 2 milyon 976 min nəfərə çatıb. Fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı ilin əvvəlinə nisbətən 285 min nəfərə yaxın artıb ki, bu da ölkədəki iqtisadi inkişafa uyğun olaraq yeni iş yerlərinin yaradılmasının, habelə sosial sığorta sistemi ilə bağlı təbliğat işlərinin gücləndirilməsi və iştirakçıların aktivliyinin artmasının göstəricisidir. Eyni zamanda, işəgötürənlərdən məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatların qəbulu prosesi aparılıb, DSMF-nin internet saytında fərdi şəxsi hesablarda əks olunan məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə sığortaolunanların məlumatlandırılması xidməti fəaliyyətini davam etdirib. 2014-cü il ərzində Fonda daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. 2014-cü il ərzində DSMF-nin xərcləri 2868,8 milyon manat təşkil edib ki, bunun da 2809,1 milyon manatı və yaxud 98 faizi əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 2738,5 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 70,6 milyon manat təşkil edib.
Sosial sığorta haqları ilə vergi ödənişlərini qarışdırmamaq lazımdır
Yuxarıda qeyd olunan pozitiv məqamlarla yanaşı, sosial sığorta ödənişlərinin fərdi uçot sistemi ilə bağlı müəyyən narahatçılıqlar hələ də qalmaqdadır. Məsələn, bir sıra hallarda sığorta ödənişləri ilə vergi ödənişləri qarışıq salınır. Bu məsələyə aydınlıq gətirən DSMF-nin şöbə müdiri Famil Qədimov deyib ki, sosial sığorta iqtisadi mahiyyətinə görə vergi deyil, işçinin əməyinin dəyərinin bir hissəsidir və sosial risklərdən sığortalanma məqsədilə fondlaşdırılır: “İşçinin əməyinin dəyəri təkcə əməkhaqqı kimi verilən məbləğlə deyil, işçi qüvvəsinin təkrar istehsalı üçün lazım olan bütün xərclərlə (o cümlədən, xəstəlik, əlillik, qocalma, ailə başçısını itirmə hallarında təminatla) ölçülür. Buna görə də sosial sığorta haqları beynəlxalq təcrübədə, eləcə də, ölkəmizdə əməkhaqqına üstəlik adlandırılır və əməkhaqqı ilə birlikdə məhsulun maya dəyərinə aid edilir. Ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulmaqla, vətəndaşların pensiya hüquqları həmin uçotun məlumatları əsasında müəyyənləşdirilir”.
Bəs işləyən vətəndaşlar hansı məbləğdə sosial sığorta haqları ödəməlidirlər?
Həqiqətən də, vacib məqamlardan biri sosial sığorta haqlarının dərəcəsi ilə bağlıdır. Elə isə işləyən vətəndaşlar hansı məbləğdə sosial sığorta ödənişləri etməlidirlər? DSMF-nin rəsmisi Famil Qədimov diqqətə çatdırıb ki, respublikamız sığorta ödənişlərinin fərdi uçotu sisteminə keçməklə pensiya sistemində ümumiləşdirmə prinsipinə birdəfəlik “yox” deyib. Beləliklə, ölkəmizdə işləyən vətəndaşların sosial sığorta ödənişlərinin və təbii ki, onların gələcək pensiyalarının məbləği də eyni ola bilməz. Onun sözlərinə görə, sosial sığorta haqlarının məbləği işləyən vətəndaşın əmək haqqına uyğun qaydada dəyişir: “Ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafına uyğun əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulub ki, bu şəraitdə sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı pensiya artımlarını da şərtləndirir. Belə olan şəraitdə əməkhaqqına üstəlik kimi qəbul olunan sosial sığorta haqlarının azaldılması, əməyin ümumi dəyərinin azaldılması anlamına gəlməklə, fərdi hesablarda toplanan vəsaitlərin də azalmasına səbəb olaraq gələcək pensiya təminatına mənfi təsir göstərir”.
Mübariz ABDULLAYEV
“DSMF-nin keçirdiyi “Fərdi uçot
əsaslı sosial sığorta sistemində
iştirakınız etibarlı pensiya
təminatınızdır” mövzusunda
müsabiqəyə təqdim etmək üçün”

Paylaş:
Baxılıb: 958 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31