Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / “Garabag Resort & Spa” yüksək müalicə və istirahət standartı deməkdir

“Garabag Resort & Spa” yüksək müalicə və istirahət standartı deməkdir

07.07.2015 [10:01]

“Silk Way Travel” KİV nümayəndələrinin “Garabag Resort & Spa” hotelinə 3 günlük turunu təşkil edib
Ölkəmizdə qeyri-neft sektorunun inkişafına güclü təkan verən sahələrdən biri də turizm sektorudur. Dünyanın ayrı-ayrı ölkələrinin iqtisadiyyatında mühüm yer tutan turizmin Azərbaycanda da geniş inkişaf perspektivləri var və ölkəmizin turizm potensialının daha da gücləndirilməsi üçün istər təbii şərait, istərsə də yeni yaradılan infrastrukturlar münbit şərait yaradır. Qısa müstəqillik tarixində Azərbaycan dövləti ölkəmizdə turizmin inkişafına nail olmaq üçün güclü siyasi iradə nümayiş etdirərək bir sıra təşkilati tədbirlər həyata keçirib, həmçinin, respublikamızda turizmin inkişafını stimullaşdıran qanunvericilik bazası yaradılıb. Ölkəmizdə turizmin inkişafı ilə bağlı həyata keçirilən təşkilati tədbirlər, bu sahədə qanunvericilik bazasının müasir dünya standartları nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycanı nəinki regionda, hətta dünya miqyasında turizmin sürətlə inkişaf etdiyi ölkələrdən biri səviyyəsinə yüksəldib. Hazırda Azərbaycan turizm sahəsində geniş beynəlxalq əlaqələrə malikdir. Belə ki, respublikamızla turizm sahəsində inkişaf etmiş 21 ölkə arasında “Turizm sahəsində əməkdaşlıq haqqında” hökumətlərarası saziş imzalanıb, 29 ölkə ilə isə saziş layihəsi hazırlanıb. Respublikamızın turizm təşkilatları Dünya Turizm Təşkilatının tədbirlərində yaxından iştirak edir.
Təbii ki, turizmin inkişafı, öz növbəsində, ölkəmizdə hotel biznesinin genişləndirilməsini və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını zəruri edir. Məhz buna görə də, paytaxt Bakı ilə yanaşı, respublikamızın regionlarında da müasir turizm obyektlərinin inşası üçün yerli və xarici iqtisadi qurumlara əlverişli investisiya mühiti yaradılıb...
“Silk Way Travel” turizm səyahətlərini təşkil edir
Azərbaycanın bir sıra KİV-lərinin əməkdaşları bu dəfə öz möcüzəli nefti ilə dünyaya səs salmış Naftalana səfər etdilər. Öncə vurğulamaq lazımdır ki, bu səfər “Silk Way Travel” tərəfindən təşkil olunmuşdu. “SW Travel” yerli və xarici şirkətlər, o cümlədən, turistlər üçün dünyanın istənilən nöqtəsinə səfər və səyahətlərin, aviabiletlərin, mehmanxanaların, transferlərin, turların, viza xidmətlərinin və s. təşkili üzrə fəaliyyət göstərir. Peşəkar əməkdaşların yüksək səviyyəli xidmətləri hər bir korporativ və individual müştərinin fərdi tələb və standartlarını təmin etməyə istiqamətləndirilib. Bu dəfə jurnalistlərə tur təşkil edən “SW Travel”in öz işinin peşəkarı olmasının isə hər birimiz bir daha şahidinə çevrildik...
Gəncədən gəlirəm... Yolumuz Naftalanadır
Naftalan şəhərində yerləşən “Garabag Resort & Spa” hotelinə getmək üçün səfər marşrutu Gəncə şəhərindən başlanır. Daha doğrusu, təyyarə ilə Bakıdan Gəncəyə istiqamətlənən səfər marşrutuna məhz qədim Cavad xan yurdundan davam etməliydik. Xüsusi peşəkarlıq, ən əsası, insanlarla davranış qaydalarındakı yüksək etiket ilk baxışdan “Silk Way Group” haqqında müsbət təəssüratın formalaşmasına şərait yaradırdı.
Gəncə aeroportunda da ləngimirik. Təyyarədən enib aeroportdan çıxan kimi KİV nümayəndələrini “Garabag Resort & Spa” hotelinin nümayəndələri salamlayırlar. Bizlər üçün ayrılmış avtobus min bir dərdin dərmanı adlandırılan müalicəvi neft diyarı Naftalana tərəf yol alır. Rahat, geniş yollar, yol kənarındakı maraqlı mənzərələr, eləcə də, yeni yaradılmış infrastruktur bizləri yormur. Heç bir saat tamam olmamış “Garabag Resort & Spa” hotelinin qapıları qarşımızda taybatay açılır. Əsl azərbaycanlı qonaqpərvərliyi isə aktuallığını qorumaqdadır. Bizi qarşılayanların hər birinin üzündə təbəssüm, dilində “xoş gəlmisiniz” ifadəsi burada keçirəcəyimiz zamanın yüksək keyfiyyətə söykənəcəyinin ilkin müjdəçisidir...
Gülərüz qarşılanma gözəl xidmətin təməl prinsipidir
“Garabag Resort & Spa” hoteli haqqında ilk baxışdan təəssüratımız belədir: bu hoteldə milli koloritlə Avropa mədəniyyəti özünün tandemini yaradır. Yaşıllığa bürünən ətraf gələn qonaqlarda yüksək əhval-ruhiyyə yaradır. Eləcə də, yüksək səviyyəli səliqə-sahman qonaqların özlərini rahat hiss etmələri üçün stimula çevrilir. Hotelin qapısından içəri daxil olan kimi personal əllərində gül suyu ilə qonaqların qarşısına çıxır. Sonradan öyrənirik ki, bu detal qonaqpərvərliklə yanaşı, uzun yol qət etmiş insanların yorğunluqlarının çıxmasına “ilk yardım” funksiyasını daşıyır.
Bizi qarşılayan hotelin baş meneceri Orxan Kutluay hər birimizə gözəl istirahət arzulayır və ayaqüstü hotel haqqında qısa məlumat verir. Azərbaycanın KİV nümayəndələrini hotellərində görməkdən məmnun olduğunu dilə gətirən Orxan bəy “Garabag Resort & Spa” hotelində qonaqların rahat dincəlməsi, eləcə də, müalicə alması üçün bütün şəraitin yaradıldığını söyləyir. Təbii ki, sonradan bunun canlı şahidinə çevrilirik...
Hoteldə ilk diqqəti cəlb edən qeydiyyat şöbəsindəki peşəkarlıq və sürətdir. Otaqlarda yerləşdirmə maksimum sürətlə aparılır və hotelə gələn qonaqlar burada artıq vaxt itkisi ilə qarşılaşmırlar. Personal nümayəndələri hər bir şəxsə gedəcəyi istiqamətdə otaqlarına qədər “yol yoldaşlığı” edirlər...
“Garabag Resort & Spa”nın özəllikləri: geniş və rahat otaqlar, münasib qiymətlər
“Garabag Resort & Spa” hoteli, qeyd etdiyimiz kimi, həm müasir hotelçilik anlamında ən yüksək standartları özündə əks etdirir, həm də qeyri-adi Naftalan nefti ilə müalicəni təşkil edir. Haşiyə çıxaraq bildirmək istəyirik ki, yüksək bioloji aktivliyi ilə seçilən Naftalan neftinin (yanmadığı üçün ona Naftalan yağı da deyirlər) şəfalı gücü hələ 600 il əvvəl insanlığa məlum idi. Dünyada yalnız indiki Naftalan ərazisində çıxan bu neftin mənşəyi haqqında fundamental hesab edilən nəzəriyyə onun üzvi mənşəli olması və təqribən 50 milyon il ərzində yer təkində formalaşmasıdır. Bir çox xəstəliklərin müalicəsində mühüm rol oynayan bu qeyri-adi neft əsasən dəri xəstəliklərinin, eləcə də, sümük xəstəliklərinin çarəsi sayılır.
Hoteldə 737 m2-lik açıq, 195 m2-lik qapalı hovuz, tenis kortu, voleybol və basketbol meydançası, miniqolf sahəsi, uşaq meydançası, 3 kilometrlik gəzinti yolu mövcuddur. Bundan başqa, hoteldə SPA mərkəzi, kitabxana, biznes mərkəzi, kompüterlərlə təchiz olunmuş internet guşəsi, “Ala Carte” restoran və bar, yüngül animasiya, valyuta mübadiləsi, oyun zonası, kino salonu, bilyard zalı, market və butiklər qonaqların sərəncamına verilir. Xidmətlər isə yüksək səviyyədədir. Hoteldə pulsuz və yüksəksürətli internet xətti (Wi-Fi) müasir dünyanın ayrılmaz hissəsinə çevrilmiş internetdən istifadəni asanlaşdırır. Canlı musiqi axşamları isə əsl ruh qidasına çevrilir.
Hoteldə otaqların hər biri ən yüksək təchizatlarla təmin edilib. İnsanların rahatlığını təmin etmək üçün, demək olar ki, ən xırda detallar belə nəzərə alınıb. Bununla yanaşı, “Garabag Resort & Spa” hotelində otaqların genişliyi digər hotellərdən fərqlənir. Hotelin ərazisi böyük olduğu üçün 4 mərtəbəli resort hotelə üstünlük verilib. Otaqlar ən azı 35, 45, 65 kv.m sahəyə malikdir. 132 otağın 44-ü bir-biri ilə əlaqəli otaqlardır ki, bu da hoteldə qalan böyük ailələrin rahatlığının təmin edilməsi məqsədi daşıyır. Gənc ailələr üçün də otaqlar nəzərə alınıb ki, orada da bütün şərait mövcuddur. Təbii ki, əlil insanlar da yaddan çıxarılmayıb. Fiziki qüsurlu insanlar üçün xüsusi otaqlar var ki, orada da məhz əlil insanların rahat davranışı təmin olunub.
Otaqların qiymətləri də münasibdir. Otaqların genişliyi, eləcə də, onların əlaqəli otaqlar olması qiymətləri fərqləndirir. Vurğulamaq gərəkdir ki, müəyyən kampaniyalar çərçivəsində baş tutacaq tur səfərləri zamanı güzəştlər də nəzərdə tutulur.
“Garabag Resort & Spa”ya müalicəyə gələn insanlara peşəkar tibbi personal xidmət göstərir
Ən əsas məqam isə yenidən Naftalan neftinin üzərində cəmlənir. Hoteldə neft müalicəsi üçün yüksək səviyyəli xidmət təklif edilir. Müalicə üçün tək neft vannalarından istifadə olunmur. Hoteldə mineral hamamlar, şarko duş, krioterapiya, aromaterapiya, fitoterapiya, fizioterapiya, ultrasonoqrafiya, hidroterapiya mövcuddur. Bütün bunlar isə yüksək ixtisaslı həkimlərin apardığı testlərin ardından təklif edilir. Laboratoriyada aparılan testlər pasiyentlərin hansı tip vannaları qəbul etməsinin vacibliyini diaqnozlaşdırır. Bu isə sonradan hansısa problemlərin ortaya çıxmasının qarşısını alır. Tibbi personal hoteldə müalicə alan qonaqları nəzarət altında saxlayır və onların vəziyyətləri ilə bağlı gündəlik proqramlar tutulur.
Hotelin SPA bölümündə də qonaqların istirahəti üçün bütün detallar nəzərə alınıb. Türk hamamı, eləcə də, sauna və bir sıra kabinetlər, duz kabineti insanların rahatlığı üçün bütün standartlara cavab verir. Duş kabinetlərində su şırnağı ilə müalicə, hidroterapiya kimi amillər də burada nəzərə alınıb. SPA bölümündə də yüksək peşəkarlığı olan insanlar qonaqlara müəyyən məsləhətlərini verirlər.
Orxan Kutluay: “Garabag Resort & Spa” müalicə ilə istirahətin vəhdətidir
Hotelin baş meneceri Orxan Kutluay Türkiyə vətəndaşıdır. Orxan bəy ölkəmizdə turizmin inkişafına, hotellərin qurulmasına dövlətimizin dəstəyindən məmnunluğunu bildirdi. Qeyd etdi ki, turizmin inkişafı bu gün müasir dünyada çox mühüm əhəmiyyət kəsb edir. Turizmin inkişafı üçün kadr potensialının vacibliyini önə çəkən Orxan Kutluay Azərbaycanın hər bir sahədə inkişaf etdiyini bildirdi. 24 illik müstəqillik tariximizdə mühüm yol keçdiyimizi deyən baş menecer hotellərin çoxalması, rəqabətin artması, beləliklə də, turizmin inkişafı üçün dəstəyin göstərilməsini vacib saydı. Orxan bəy bildirdi ki, turizm, ən əsası, hotelçilik elə bir sahədir ki, onun inkişafı digər sahələrin də inkişafını, infrastrukturların yenilənməsini sürətləndirir. Bundan başqa, hotellərin sayının artması regionlarda yeni iş yerlərinin açılması deməkdir ki, bu da bölgələrdə yaşayan insanların işlə təmin olunması məsələsində mühüm rol oynayır.
O.Kutluay qeyd etdi ki, bu gün Naftalan neftinin təbliğatını aparmaq lazımdır. Bütün dünya Azərbaycanda belə bir müalicəvi neftin olmasını bilməlidir. Digər tərəfdən, onun fikrincə, hotellərin sayının artırılması günümüzün əsas tələbinə çevrilir ki, yaxın illərdə bunun da şahidi olacağıq. “Garabag Resort & Spa” hotelinin isə bəlli konsepsiya ilə inkişaf etdiriləcəyini söyləyən baş menecer indidən rəqabətə hazır olduqlarını dedi. Personalın hələ də prosesi öyrəndiyini, bu yolda daha yüksək səviyyəyə yetişmək üçün fəaliyyətin aparıldığını qeyd edən Orxan bəy maraqlı bir nüansa toxundu. Onun fikrincə, “Garabag Resort & Spa” hotelinə müalicəyə gələn insanların psixoloji vəziyyətini daha da yaxşılaşdırmaq, əhvalını yüksəltmək üçün də fərqli addımlar atılır. “Garabag Resort & Spa” müalicə ilə istirahətin vəhdətidir. Yəni, neft vannası qəbul edən insanların özlərini müalicə olunan xəstə kimi deyil, bu nadir incidən istifadə edən şəxs kimi hiss etmələrini təmin etmək bu günün rakursunda ən mühüm məqam imiş...
Mehmet Ektirir: Azərbaycanın gözəl təbiəti, təbii məhsulları gələcək illərdə turizmin sürətli inkişafını reallaşdıracaq
Hotelin “yeməklərə cavabdeh”, yəni baş aşpazı olan Mehmet Ektirir qəzetimizə açıqlamasında “Garabag Resort & Spa” hotelində yeməklərlə bağlı xüsusi konsepsiya əsasında hərəkət edildiyini diqqətə çatdırdı. Bildirdi ki, hoteldə beynəlxalq, eləcə də, yerli mətbəx nümunələri təqdim olunan restoran, həmçinin, dietik yeməklərin verildiyi restoran fəaliyyət göstərir. İkincidə dieta və allergik məsələlər yeməklərin hazırlandığı zaman nəzərə alınır. Bundan başqa, çəki azaltmaq istəyən, təzyiq və ya şəkər xəstəliyindən əziyyət çəkən insanlar üçün xüsusi menyular mövcuddur.
Əsas restoranda xarici ölkələrin və yerli mətbəxin nümunələrinə müraciət edilir. Hoteldə hər gün bir xarici ölkənin yeməklərinə müraciət olunsa da, Azərbaycan mətbəxi hər zaman öz aktuallığını qoruyur.
Bütün yeməklər təzə və keyfiyyətli məhsullarla hazırlanır. Baş aşpazın vurğuladığı məqamlardan biri də ölkəmizdə təbii məhsulların daha çox üstünlük təşkil etməsidir. Onun sözlərinə görə, bu olduqca böyük amildir. Yeməklərin hazırlanması üçün məhsullar Azərbaycanın bölgələrindən gətirilir. Ləzzətin standartlaşması üçün bu amil mühüm əhəmiyyətə malikdir. “Aşçıbaşı” Mehmet bəy Azərbaycan xalqının, eləcə də, ölkəmizdə olduğu üçün özünün şanslı olduğunu dedi. Onun sözlərinə görə, məhsulların hər birinin öz ləzzəti, öz ətri var. Azərbaycanda ət və ət məhsullarının yüksək keyfiyyətə malik olduğunu bildirən M.Ektirir üçün ən maraqlı və dadlı Azərbaycan yeməyi bozbaş və “şuba salatıdır”. Azərbaycan xalqının mürəbbə bişirmək bacarığına heyran qalan baş aşpaz hotellərində də bu dadlı mürəbbələrdən qonaqlara təqdim olunduğunu dedi. Onun sözlərinə görə, motal pendiri dadına görə əsl “möcüzə”dir.
Mətbəx personalını əsasən yerli insanların təşkil etdiyini söyləyən M.Ektirir bildirdi ki, burada işləyən insanlara həm də xarici ölkələrin mətbəxlərinin nümunələrinin hazırlanmasını öyrədirlər. Azərbaycanın gözəl təbiəti, təbii məhsulları gələcək illərdə turizmin sürətli inkişafını reallaşdıracaq. Onun fikrincə, turizm inkişaf etdikcə, hotellərin sayı artdıqca burada peşəkar aşpazlara tələb də çoxalacaq. Bunun üçün isə indidən peşəkar aşpazlar formalaşdırılmalıdır. Ustanın fikrincə, yeməklərin hazırlanması, onların təqdim olunması məsələsi hər bir hotelin uğurlu fəaliyyətində mühüm əhəmiyyət daşıyır. M.Ektirir Azərbaycanın gözəl təbiətinin vurğunudur və ölkəmizi çox sevdiyini dedi. Onun sözlərinə görə, Azərbaycan mədəniyyətini, mətbəxini dünyaya tanıtmaq, xarici turistləri ölkəmizə gətirmək üçün proqramların işlənməsini davam etdirmək lazımdır...
Və səfərimizin 3-cü günündə hotellə vidalaşırıq. Hər bir hotel işçisi, ən əsası isə, baş menecer Orxan bəy jurnalistlərlə mehriban şəkildə xudahafizləşir və bizləri öz hotellərində yenidən görmək arzularını dilə gətirir. Bizlər isə “Garabag Resort & Spa” hoteli haqqında yüksək fikirlərimizi bildirdik. Necə deyərlər, bu qonaqpərvərlik daimi olsun...!
Pərviz SADAYOĞLU

 
Paylaş:
Baxılıb: 1038 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31