Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanın alternativ enerji mənbələri: mövcud vəziyyət, əsas prioritetlər və perspektiv imkanlar

Azərbaycanın alternativ enerji mənbələri: mövcud vəziyyət, əsas prioritetlər və perspektiv imkanlar

23.09.2015 [10:17]

Müasir dünyamızı enerjisiz təsəvvür etmək mümkünsüzdür. Bu mənada yeni enerji qaynaqlarının axtarılması, tapılması, alternativ yollarla enerji istehsalı məsələsi bu gün qlobal dünyanın əsas prioritetlərindən biri sayılır. Yaşadığımız regionun əsas enerji istehsaçısı və ixracatçısı olan Azərbaycan dövləti də böyük bir coğrafiyanın enerji təminatında mühüm rola malikdir. Bununla yanaşı, ölkəmizdə informasiya texnologiyasının inkişafına, eləcə də alternativ enerji resurslarından əlverişli istifadə edilməsinə, bununla da alternativ enerji istehsal edilməsinə xüsusi diqqət göstərilir. Ümumiyyətlə, ənənəvi enerji mənbəyi kimi karbohidrogen ehtiyatlarının məhdudluğu və ətraf mühitin çirklənməsinin qarşısının alınması dünyada alternativ və bərpa olunan enerji mənbələri hesabına istehsal olunan enerjinin həcminin artırılmasını zəruri etdiyi kimi, ölkəmizdə də günəş, külək və digər təmiz və bərpa olunan enerji mənbələrindən istifadə ildən-ilə genişlənir. Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması da dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiqlənməsi bu istiqamətdə işlərin daha intensiv şəkildə həyata keçirilməsini təmin edib. Azərbaycan alternativ enerji istehsalı üçün coğrafi şəraitinə görə də olduqca əlverişli region sayılır. İl ərzində günəşli günlərin çoxluq təşkil etməsi, eləcə də küləkli ərazilərin mövcudluğu alternativ enerji mənbələrinin ortaya çıxmasını şərtləndirir və ondan səmərəli istifadəni aktuallaşdırır.
800 MVt-a yaxın külək enerji ehtiyatı ildə 1 milyon tona yaxın şərti yanacağa qənaətdir
Qeyd edildiyi kimi, alternativ və bərpa olunan enerji mənbələrindən, günəş, külək resurslarından, o cümlədən biokütlə və geoterminal enerji mənbələrindən geniş və səmərəli istifadə edilməsi ölkənin enerji təhlükəsizliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət daşıyır. Hesablamalara görə, Azərbaycan illik 800 MVt-a yaxın külək enerji ehtiyatına malikdir və bu, ildə təxminən 2,4 milyard kVt/saat elektrik enerjisi deməkdir. Qeyd olunan göstərici ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası isə külli miqdarda tullantıların, o cümlədən ozondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınması deməkdir. Respublikamızda bərpa olunan və alternativ enerji mənbələrinin payını 2020-ci ilə qədər ümumi enerji istehsalının 20 faizinə çatdırmaq qarşıya məqsəd qoyulub.
Bu və digər amillər də ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrindən geniş istifadə olunmasının dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirilməsini şərtləndirir. Ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə qəbul edilən Dövlət Proqramında qarşıya qoyulan əsas vəzifələr elektrik enerjisinin istehsalında alternativ enerji mənbələrinin potensialını müəyyənləşdirməkdən, bərpa olunan enerji mənbələrini istismara cəlb etməklə ölkənin enerji resurslarından istifadənin səmərəliliyini yüksəltməkdən, yeni enerji istehsalı sahələrinin yaradılması hesabına əlavə iş yerlərinin açılmasını təmin etməkdən, alternativ enerji mənbələrinin hesabına respublikanın enerji gücünün artırılması və bununla ölkənin enerji təhlükəsizliyinin təminatının yüksəldilməsinə nail olmaqdan ibarətdir. Dövlət Proqramına uyğun olaraq, özəl investisiya mənbələrinin də bu sahəyə cəlb edilməsi istiqamətində işlər görülür. Bu investisiyalar hesabına alternativ enerji mənbələrinin imkanlarından maksimum istifadə edilərək ölkənin elektrik enerjisi sisteminin gücləndirilməsi təmin olunacaq.
Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsində dövlət siyasəti və tənzimlənməsi, alternativ və bərpa olunan enerji mənbələri (ABOEM) üzrə fəaliyyətin səmərəli təşkili, bu sahədə fəaliyyətin əlaqələndirilməsi və dövlət nəzarəti Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Dövlət başçısının səyləri və qurumun işgüzar fəaliyyəti sayəsində qısa müddətdə ölkəmizdə alternativ enerji mənbələrindən istifadə edilməsi üzrə ən yüksək səviyyədə təchizata malik müəssisələr istifadəyə verilib.
bərpa olunan enerji mənbələrinin inkişafını təmin etmək məqsədilə ildə 11 milyard kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulur
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanı Günəş Elektrik Stansiyasının yaradılması da bu istiqamətdə görülən işlərin ardıcıl xarakter almasını bir daha sübut edir. Stansiya 2014-cü ilin iyulunda istifadəyə verilib. Müasir avadanlıqla təchiz olunan stansiyada elektrik enerjisinin istehlakçıya itkisiz çatdırılması üçün bütün imkanlar yaradılıb. Altı hektar sahədə yaradılan stansiyada 8 min günəş paneli quraşdırılıb. Bu panellər gündə təqribən 12 min kilovat-saat elektrik enerjisi istehsal etmək iqtidarındadır. Gələcəkdə burada daha 4 min belə panelin quraşdırılması nəzərdə tutulur. Bu isə stansiyanın daha səmərəli fəaliyyət göstərməsi üçün geniş imkanlar açacaq.
Stansiyanın idarəetmə mərkəzindən Qobustan Hibrid Elektrik Stansiyası, Suraxanı Günəş Elektrik Stansiyası, Biləsuvar qaçqın şəhərciyi, Masallı İdman Kompleksi, həmçinin Bakı şəhərində 5 məktəb və 2 poliklinikanın üzərində quraşdırılan günəş panellərinin fəaliyyətinə nəzarət etmək mümkündür. Yaxın gələcəkdə Sumqayıt, Samux, Səngəçal və Pirallahıda günəş elektrik stansiyalarının istifadəyə verilməsi nəzərdə tutulur. Mövcud stansiyaların fəaliyyəti nəticəsində 4 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub, 1 milyon 300 min kubmetrə yaxın təbii qaza qənaət edilib. Yaradılmasında əsasən yerli xammal və avadanlıqdan istifadə olunan Suraxanı Günəş Elektrik Stansiyasının layihə gücü 2800 kilovatdır. Stansiyada illik elektrik enerjisi istehsalı 4 milyon kilovatdır. Stansiya layihə gücü ilə tam işləyəndə il ərzində 1,5 milyon kubmetr qaza qənaət olunacaq.
Dövlət Agentliyinin istehsalı olan səyyar günəş generatorları xüsusi əhəmiyyətə malikdir. Günəş panelləri ilə təchiz olunan bu avadanlıq əvəzsiz qurğudur. Avadanlıq günəşdən enerji alaraq onu saxlamaq imkanına malikdir. Agentlik hidrogen generatoru da istehsal edir. Bu qurğu ilə yüksək temperatur əldə etmək və qaz-qaynaq işləri aparmaq olur. Generatoru digərlərindən fərqləndirən onun ekoloji cəhətdən təmiz olmasıdır. Bu cihaz qaynaq işləri zamanı 3500 selsi temperaturla işləyir.
Qısa müddətdə Azərbaycan Respublikasının alternativ və bərpa olunan enerji mənbələri üzrə inkişaf xəritəsinin hazırlanması da təqdirəlayiq haldır. 2020-ci ilədək Azərbaycanın hər bir şəhər və rayonunda hibrid tipli elektrik stansiyalarının yaradılması qarşıya məqsəd qoyulub. Hazırda hansı bölgədə neçə stansiyanın quraşdırılması ilə əlaqədar araşdırmalar aparılır. Belə stansiyaların yaşayış yerlərinə yaxın yaradılması, ilk növbədə, elektrik enerjisi itkisinin qarşısını alacaq və enerjinin istehlakçıya daha ucuz qiymətə çatdırılmasına imkan verəcək. Ümumilikdə, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafını təmin etmək məqsədilə 2020-ci ilədək qoyuluş gücü 2500 meqavat olan elektrik stansiyalarının hesabına ildə 11 milyard kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulur ki, bu da il ərzində 3 milyard kubmetrə yaxın qaza qənaət etmək deməkdir. Araşdırmalar göstərir ki, alternativ və bərpa olunan enerji mənbələri sahəsinə yatırılan investisiyalar 7-8 il ərzində geri qayıdır.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi isə 38 hektar ərazidə inşa olunmaqla külək, günəş və bioqaz stansiyaları ilə təchiz edilib. Bu, ölkədə alternativ enerjinin hər üç yolla əldə edilməsi istiqamətində görülən işlərin real nümunəsidir. Poliqon ərazisində hər birinin gücü 0,9 meqavata çatan üç külək turbini, 1,8 meqavat gücündə günəş enerjisi stansiyası və 1 meqavat gücündə bioenerji qurğusu yaradılıb. Burada, eyni zamanda, tənzimləyici qurğu, su anbarı, sınaq meydanı, emalatxana fəaliyyət göstərir. Ərazidə yaradılan xüsusi avtodayanacaqda isə elektrik enerjisi ilə işləyən avtomobillərin akkumulyatorlarını cərəyanla doldurmaq mümkündür. Bir neçə dəqiqə ərzində enerji ilə təchiz edilən avtomobil 250 kilometr məsafə qət edə bilər.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi gələcək üçün strateji plan hazırlayıb
Ölkəmizdə alternativ enerji resurslarından istifadə məsələsi gələcək illərdə də prioritet məsələlərdən olacaq. Belə ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaxın gələcək üçün strateji planı bunu deməyə əsas verir. Yaxın gələcək üçün hazırlanan strateji plana əsasən ölkə üzrə ümumi elektrik enerjisi istehsalında alternativ və bərpa olunan enerjinin payının artırılması nəzərdə tutulur. Bundan başqa, ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində alternativ və bərpa olunan enerji mənbələrinin rolunun artırılması məsələsi də gündəmdədir ki, bu da öz növbəsində qeyri-neft sektorunun inkişafında xüsusi əhəmiyyət daşıyır. Eləcə də ilkin resurslardan səmərəli istifadə, start-up layihələrinin dəstəklənməsi, ABOEM-dən istifadə etməklə ənənəvi enerji resurslarının ətraf mühitə dəyən ziyanın səviyyəsinin (həcminin) azaldılması və Azərbaycanda ABOEM sektorunda innovativ texnologiyalardan istifadənin geniş tətbiqi məsələləri də yaxın gələcəkdə həyata keçiriləcək fəaliyyət proqramının əsas prioritetlərindəndir. Qeyd edək ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin əsas hədəfləri sırasında Alternativ və bərpa olunan enerji resurslarının istehsalının artırılması və ondan səmərəli istifadə olunması, Alternativ və bərpa olunan enerji mənbələri üzrə kadastrın hazırlanması, institusional mühitin inkişaf etdirilməsi, Alternativ və bərpa olunan enerji mənbələri üzrə layihələrin həyata keçirilməsi də yer alır. Vurğulamaq lazımdır ki, məhz bu addımların atılması gələcəkdə sənayeləşmə hesabına yeni iş yerlərinin açılmasında da öz mühüm əhəmiyyətini göstərmiş olacaq.
Pərviz SADAYOĞLU
“Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi
və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

Paylaş:
Baxılıb: 1182 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31