Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanın gələcək iqtisadi inkişaf perspektivləri sənaye və kənd təsərrüfatının inkişafı ilə bağlı olacaq

Azərbaycanın gələcək iqtisadi inkişaf perspektivləri sənaye və kənd təsərrüfatının inkişafı ilə bağlı olacaq

15.10.2015 [10:29]

Cari ilin 9 ayında ölkədə sənaye istehsalında 2,1, qeyri-neft sənayesində 10, kənd təsərrüfatında isə 6,7 faiz artım baş verib
Son illərdə dünya miqyasda müşahidə edilən bir sıra arzuolunmaz tendensiyalara - ayrı-ayrı ölkələrdə ciddi fəsadlara yol açan qlobal maliyyə-iqtisadi böhrana, neftin qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq, Azərbaycan dinamik sosial-iqtisadi inkişaf templərini ardıcıl şəkildə davam etdirib. Hazırda dünyadakı gərginliklərə baxmayaraq, respublikamız nümunəvi inkişaf modelinə malik ölkə qismində çıxış edir. Son 12 ildə ölkə iqtisadiyyatında 3 faizdən çox artıma nail olunub ki, bu da bütün dünya üzrə rekord göstəricilərdən biridir. Milli iqtisadiyyatın sürətlə genişlənməsi cari ildə də davam edir. 2015-ci ilin arxada qalan 9 ayı ərzində respublikamızda ümumi daxili məhsul istehsalında 3,7 faiz artıma nail olunub ki, bu da Azərbaycanın kifayət qədər güclü və dayanıqlı iqtisadiyyata malik olduğunu təsdiqləyir.
Azərbaycan iqtisadiyyatı çoxqütblü iqtisadiyyatdır
Hazırda qlobal miqyasda yaşanan gərginliklərə baxmayaraq, Azərbaycanın böyük uğurlara imza atması ilk növbədə ölkəmizdə neftdənkənar iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi ilə bağlıdır. Bir vaxtlar ölkəmizdə ÜDM-in strukturunda neft və neft məhsullarının çəkisi 80 faiz civarında idi. Məqsədyönlü şaxələndirmə siyasətinin nəticəsində bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, hazırda respublikamızda ümumi daxili məhsulun təxminən 70 faizi qeyri-neft sektorunda formalaşır. Cari ilin 9 ayı ərzində də qeyri-neft sektorunun artım dinamikası 6 faizdən yuxarı olmaqla ölkə iqtisadiyyatının ümumi inkişaf göstəricilərini üstələyib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində Azərbaycanın diversifikasiya olunmuş iqtisadiyyata malik olduğunu xüsusi olaraq nəzərə çatdırıb: “... Biz şaxələndirmə yolu ilə gedirik. Ölkə iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır”.
Azərbaycanda qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi real zəminə əsaslanır. Zamanında həyata keçirilən islahatlar, güclü maliyyə təminatı, zəruri infrastrukturun qurulması, institusional inkişafın dəstəklənməsi ölkəmizdə neftdənkənar sahələrin inkişafına əlverişli zəmin qismində çıxış edir. Nazirlər Kabinetinin haqqında bəhs olunan iclasında qeyd edildiyi kimi, Azərbaycanın gələcək iqtisadi inkişaf perspektivləri sənaye istehsalı və kənd təsərrüfatı istehsalı ilə bağlı olacaqdır ki, bu sahələrin inkişafı üçün ölkəmizdə geniş potensial mövcuddur.
Yeni sənaye quruculuğu Azərbaycanın müasir mənzərəsini səciyyələndirir
Ölkəmizin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyan yeni paradiqmaları sırasında müasir dünya çağırışları nəzərə alınmaqla müəyyənləşdirilən yeni sənaye quruculuğu siyasəti xüsusilə fərqlənir. Son illərdə Azərbaycanda yeni sənaye quruculuğu siyasətinin uğurla reallaşdırılması sayəsində ölkənin sənaye xəritəsi əhəmiyyətli dərəcədə yenilənib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ilin ölkədə “Sənaye ili” elan olunması respublikamızda sənaye quruculuğuna göstərilən böyük diqqətin ifadəsidir. Respublikamızda “Sənaye ili” çərçivəsində 230-dan çox yeni müəssisə yaradılıb, 123 min yeni iş yeri açılıb ki, onlardan təxminən 100 mini daimi iş yeridir. “Sənaye ili”nin uğurlu tendensiyası 2015-ci ilin arxada qalan 9 ayı ərzində də eyni yüksək ahənglə davam edib. Belə ki, ötən 9 ayda respublikamızda sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 10 faizdən çox artıb.
Dövlət başçısının yeni sənayeləşmə siyasəti ilə bağlı qarşıya qoyduğu mühüm vəzifələrdən biri də ölkəmizdə sənayenin regional strukturunun təkmilləşdirilməsi və hər rayonda sənaye məhəllələrinin yaradılması ilə bağlıdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə regionlarda yeni sənaye məhəllələrinin yaradılmasına start verilməsi ilə ölkədə sənayeləşmənin yeni mərhələsi başlayıb.
Ölkənin kənd təsərrüfatında böyük dönüş yaranıb
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davamlı olaraq həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən birini kənd təsərrüfatında yüksək inkişafa nail olunması, o cümlədən də respublikada güclü aqrar-sənaye komplekslərinin yaradılması təşkil edir. Prezident İlham Əliyevin cari il 12 yanvar tarixli müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması respublikamızda aqrar sektorun inkişaf etdirilməsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyini bir daha təsdiqləyir.
Son illərdə kənd təsərrüfatı məhsulları istehsalında diqqətəlayiq uğurlar əldə olunması ölkəmizin ümumi iqtisadi inkişafına sanballı töhfədir. Dünya Bankının məlumatına əsasən, son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz təşkil edib. Azərbaycanda isə bu göstərici 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz artıq olub. Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramının icrasının birinci ilində ölkəmizdə 5,2 milyard manat dəyərində kənd təsərrüfatı məhsulları, o cümlədən 2,8 milyard manat həcmində heyvandarlıq məhsulları buraxılıb ki, bu da əvvəlki ilə nisbətən 3 faiz artım deməkdir.
Aqrar sektorun inkişafı baxımından cari ilin arxada qalan 9 ayı ərzində kənd təsərrüfatında qazanılan uğurlar da diqqətəlayiqdir. Ölkəmizdə “Kənd təsərrüfatı ili”ndə aqrar sektorda 6,7 faiz artım baş verib ki, bu da kifayət qədər yüksək göstəricidir.
Həyata keçirilən tədbirlər isə kənd təsərrüfatında gələcəkdə daha uğurlu nəticələr əldə olunacağını söyləməyə əsas verir. Hazırda Azərbaycanda iqtisadi islahatlar davam etdirilir, dövlət tərəfindən fermerlərə subsidiyalar verilir, onlar texnika ilə təmin olunurlar. İri fermer təsərrüfatlarının yaradılması kənd təsərrüfatında böyük dönüşə səbəb olub. İndiyədək ölkədə 30-dək iri fermer təsərrüfatı yaradılıb, 40 min hektar torpaq sahəsi dövriyyəyə buraxılıb.
Kənd təsərrüfatının inkişafına dövlət dəstəyindən söhbət açarkən son illərdə ölkəmizdə həyata keçirilən bir sıra infrastruktur layihələrinin əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Aqrar sektorun perspektiv inkişafı baxımından son illərdə istifadəyə verilən Taxtakörpü və Şəmkirçay su anbarları mühüm əhəmiyyətə malikdir. Təkcə onu qeyd etmək kifayətdir ki, bu anbarların hesabına on minlərlə hektar torpağa suyun verilməsi nəzərdə tutulur.
Azərbaycan özünü əsas ərzaq məhsulları ilə 100 faiz səviyyəsində təmin etmək hədəfinə yaxınlaşıb
Məlumdur ki, hazırda qlobal miqyasda müşahidə edilən arzuolunmaz tendensiyaların fonunda yaranan yeni çağırışlardan biri də ölkələrin ərzaq təminatı ilə bağlıdır. Beynəlxalq səviyyəli ayrı-ayrı qurumların proqnozlarına əsasən, 2050-ci ildə dünyada ərzağa olan tələbat 2006-cı ildəki ilə müqayisədə 70 faiz artacaqdır. Təkcə bu fakt bir daha təsdiqləyir ki, müasir dövrdə ərzaq təhlükəsizliyinə nail olunması hər bir ölkə və xalq üçün ümummilli, strateji mahiyyət kəsb edir. Bu mənada Prezident İlham Əliyevin ölkənin ərzaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlaması və bu məqsədlə davamlı olaraq zəruri tədbirlər həyata keçirilməsi strateji əhəmiyyət daşıyır.
Son illərdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradəyə uyğun olaraq respublikanın ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir. Həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb. Son 10 ildə dünyada ərzaq məhsullarının istehsalında artım 18 faiz olduğu halda, ölkəmizdə bu göstərici 39 faiz təşkil edib. Belə yüksək dinamikanın nəticəsidir ki, hazırda ölkəmizin bir sıra ərzaq məhsulları ilə təminatı sırf daxili istehsal hesabına həyata keçirilir. Azərbaycan artıq özünü əsas ərzaq məhsulları ilə 100 faiz səviyyəsində təmin etmək hədəfinə yaxınlaşıb. Respublikamızda əhalinin ət və ət məhsullarına, üzümə, kartofa, tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsinin 100 faizə çatması məmnunluq doğurur.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 947 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31