Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / 2016-cı ilin dövlət büdcəsi təsdiq edilib

2016-cı ilin dövlət büdcəsi təsdiq edilib

21.10.2015 [10:07]

Oktyabrın 20-də Milli Məclisin IV çağırış üçün son plenar iclasında “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, iclasda büdcə zərfinə daxil olan digər qanun layihələri də qəbul edilib.
Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra gündəlik təsdiq olunub.
Gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsi səsə qoyulmazdan əvvəl maliyyə naziri Samir Şərifov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının 2016-cı il dövlət və icmal büdcə layihələri Milli Məclisin bütün komitələrində, sonradan isə bir neçə plenar iclasında ətraflı müzakirə edilib. Müzakirələr zamanı deputatlar tərəfindən təqdim olunmuş büdcə layihəsinə yüksək qiymət verilməklə bir sıra məsələlər qaldırılıb, təklif və tövsiyələr irəli sürülüb. Qaldırılan məsələlərə baxılıb, diqqətlə öyrənilib. Qeyd olunmalıdır ki, qaldırılan məsələlərin bir çoxunun büdcə prosesinə aid olmamaqla əsasən hökumətin sosial-iqtisadi inkişaf konsepsiyasına aid olduğu müəyyən edilib. Bununla yanaşı, bir sıra təkliflərdə irəli sürülən konkret xərc tələb edən layihələrlə bağlı məsələlər də ətraflı öyrənilib. Artıq yaranmış ənənəyə müvafiq olaraq büdcə layihələrinin müzakirələri zamanı deputatlar tərəfindən irəli sürülən təkliflərin hazırkı büdcə layihəsində nəzərə alınmayan hissəsi hökumətin diqqətində saxlanılmaqla onların mərhələli qaydada növbəti illərin dövlət və icmal büdcələrində baxılması üçün tədbirlər görüləcək.
Samir Şərifov qeyd edib ki, qaçqın və məcburi köçkünlərin məskunlaşma, mənzil və yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı problemlərin həlli ilə əlaqədar Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2016-cı il icmal büdcəsində həmin məqsəd üçün nəzərdə tutulmuş vəsait 50 faiz artırılaraq 150 milyon manata çatdırılacaq. Qeyd olunan artımın Dövlət Neft Fondunun büdcəsi xərclərinin müvafiq olaraq 50 milyon manat artırılması hesabına həyata keçirilməsi təklif olunub: “Təklif tərəfinizdən qəbul olunduğu təqdirdə icmal büdcənin xərclərinin yuxarı həddinin 19 milyard 956 milyon manat, Dövlət Neft Fondunun gəliri nəzərə alınmadan icmal büdcənin kəsiri 9 milyard 948 milyon manat təşkil edəcək”.
Nazir bildirib ki, Vergi Məcəlləsində dəyişikliklərdən biri ölkədə hər dəfə yaşayış minimumu və əmək haqlarının artımı zamanı aylıq gəlirləri 250 manatdan az olan fiziki şəxslərdən gəlir vergisinin güzəşt dairəsindən çıxması və əksər hallarda onların gəlirlərinin azalması ilə bağlı idi. Qəbul ediləcək dəyişiklik qeyd olunan problemin aradan qaldırılmasına və nəticə etibarilə 500 mindən çox muzdla işləyən insanların aylıq gəlirlərinin 3-9 faiz çərçivəsində artmasına imkan verəcək. Məcəlləyə ediləcək dəyişikliklər əhalinin sosial rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkədə sahibkarlığın, ilk növbədə kiçik və orta sahibkarlığın daha da inkişafına, eyni zamanda, ticarət, ictimai iaşə və tikinti sahəsində çalışan sahibkarlara sadələşdirilmiş vergi sisteminin tətbiqi üçün əlavə imkanlar yaradır. Bütün bunlar, həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun layihəsinin Milli Məclisə təqdim olunması və sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması və müvafiq prosedurların sadələşdirilməsi, şəffaflığın təmin edilməsi, Azərbaycan Prezidentinin müvafiq Fərmanı dövlətimizin başçısının daim ölkədə sahibkarlığın inkişafına verdiyi böyük önəm və diqqətin bariz nümunəsidir.
Samir Şərifov diqqətə çatdırıb ki, əvvəlki illərin büdcəsindən öz yığcamlığı, prioritetliyi və ünvanlılığı ilə fərqlənən 2016-cı il dövlət büdcəsinin xərcləri ölkəmizin mövcud iqtisadi reallıqlarına söykənməklə Prezident İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi kursun ardıcıl surətdə davam etdirilməsinə, qarşıda duran bütün sosial proqramların və dövlət vəzifələrinin yerinə yetirilməsinə maliyyə təminatını yaradır.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanunlar qəbul edilib.
İclasda “Dövlət rüsumu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə də baxılıb. Bildirilib ki, qanunun 4.1-ci maddəsi aşağıdakı redaksiyada verilir: “4.1. Bu Qanunla nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun 25 faizi həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən işçilərin maddi təminatını yaxşılaşdırmaq məqsədilə dövlət rüsumu ödənilən orqanların xüsusi hesabına köçürülür, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödənilir”.
Hər 3 qanun layihəsi səsə qoyularaq təsdiqlənib.
İclasda, həmçinin Milli Məclisin 2016-cı il üçün xərclər smetası haqqında, Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında qanun layihələri səsə qoyularaq təsdiqlənib.
Deputatlar “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsini də müzakirə ediblər. Qeyd olunub ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər 2016-cı ildə ölkənin sosial-iqtisadi inkişafı hədəflərinə nail olmaq, sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait yaratmaq, vergi yükünün əhalinin müxtəlif təbəqələri arasında ədalətli bölgüsünü təmin etmək və vergilərin hesablanması qaydasını sadələşdirmək, vergi inzibatçılığını gücləndirmək məqsədilə aparılır.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Deputatlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun layihəsini də müzakirə ediblər. Bildirilib ki, qanun layihəsi sahibkarlığın inkişafı üçün böyük imkanlar yaradır. Layihə 3 maddədən ibarətdir. Yoxlamaların dayandırılması noyabrın 1-dən hesablanmaq şərtilə 2 il müddətinə nəzərdə tutulur. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Layihədə qeyd olunur ki, həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılacaq. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir. Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.
Qanun layihəsi səsə qoyularaq təsdiq olunub.
İclasda, həmçinin, Mülki Prosessual, Miqrasiya, Cinayət, İnzibati Xətalar, Cinayət-Prosessual məcəllələrində, “İcra haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxılıb və səsə qoyularaq qəbul edilib.
Bundan başqa, Bakı və Gəncə Apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi məsələsinə baxılıb. Namiq Cəfərov, Sənan Hacıyev və Abiddin Hüseynovun Bakı Apellyasiya Məhkəməsinə, Azər Bayramovun isə Gəncə Apellyasiya Məhkəməsinə hakim təyin edilməsi təklif olunub. Təklif səsə qoyularaq qəbul edilib.
Bununla da Milli Məclisin IV çağırış üçün son plenar iclası başa çatıb.

Paylaş:
Baxılıb: 865 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31