Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Yeni iqtisadi şəraitdə qəbul olunan qərarlar Azərbaycanın uğurlu inkişafı üçün fundamental əsaslar yaradır

Yeni iqtisadi şəraitdə qəbul olunan qərarlar Azərbaycanın uğurlu inkişafı üçün fundamental əsaslar yaradır

15.03.2016 [09:58]

Prezident İlham Əliyevin siyasi iradəsi əsasında həyata keçirilən tədbirlər respublikanın real imkanlarına əsaslanır və konkret hədəflərə hesablanıb
Qlobal risklərin artdığı indiki dövrdə inkişaf hədəflərinin düzgün müəyyənləşdirilməsi hər bir ölkə üçün böyük aktuallıq kəsb edir. Təbii ki, məqsədyönlü siyasət sayəsində dünyaya sıx inteqrasiya edən Azərbaycan da qlobal mənfi təsirlərdən tam sığortalanmayıb. Artıq xeyli vaxtdır ki, respublikamız arzuolunmaz xarici təsirlər, neftin dünya birjalarında kəskin dəyər itirməsi fonunda yaranan yeni iqtisadi şəraitdə yaşayır. Bəs ölkəmiz yeni iqtisadi şəraitə necə adaptasiya olunur? Yaranmış vəziyyətdə hansı inkişaf hədəfləri müəyyənləşdirilib? Azərbaycanın bundan sonra da uğurlu sosial-iqtisadi inkişafını təmin etmək üçün hansı tədbirlər həyata keçirilir? İlkin nəticələrə əsaslanıb gələcək üçün hansı proqnozları vermək mümkündür?
“Yeni Azərbaycan” qəzetinin təşkil etdiyi növbəti “dəyirmi masa”da bu və digər suallar ətrafında müzakirələr aparılıb. “Dəyirmi masa”da millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Əli Məsimli, Aydın Hüseynov, Tahir Mirkişili və İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov iştirak ediblər.
Hikmət Babaoğlu: Respublikamızda yaşanan yeni iqtisadi şərait heç də sırf daxili və iqtisadi amillərlə bağlı deyil. Burada mənfi xarici təsirlər, o cümlədən də neftin dünyadakı ayrı-ayrı güc mərkəzləri tərəfindən siyasi manipulyasiya predmetinə çevrilməsi və ondan təzyiq vasitəsi kimi istifadə olunması əsas rol oynayıb. Məlumdur ki, son 12 ildə dünyada Azərbaycan kimi dinamik inkişaf edən ölkə olmayıb. Bütün pozisiyalar üzrə respublikamızın göstəriciləri yüksəkdir, hətta Davos İqtisadi Forumu və bu qəbildən olan nüfuzlu beynəlxalq qurumlar da öz hesabatlarında Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyini yüksək qiymətləndiriblər. Lakin Azərbaycan dünyada təcrid olunmuş vəziyyətdə yaşamır. Əksinə, ölkəmiz daim qarşılıqlı faydalı əməkdaşlıq platformalarından çıxış edir. Ötən illərdə respublikamız həm regional, həm də qlobal miqyasda sıx inteqrasiya proseslərinə qoşulub. Yəni biz dünyanın bir hissəsiyik. Bu mənada qlobal miqyasda gedən proseslərin Azərbaycana da hansısa bir formada təsir göstərməsi qanunauyğundur. Hazırda əsas məsələ ölkə iqtisadiyyatının və bütövlükdə cəmiyyətimizin yeni iqtisadi şəraitə effektiv adaptasiya mexanizmlərini tapmaqdan, meydana çıxan qlobal çağırışlara qoşulmaqdan ibarətdir.
Təbii ki, Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruyan Prezident İlham Əliyevin vəziyyətdən çıxmaq və ölkənin uğurlu inkişafının davamlılığını təmin etmək məqsədilə qəbul etdiyi qərarlar konseptual xarakter daşımaqla respublikanın real imkanlarına əsaslanır və konkret hədəflərə hesablanıb. Respublikamız məlum gərginliklər fonunda da öz inkişafının ardıcıllığını təmin etməyə qadirdir. Prezident İlham Əliyevin yeni iqtisadi şəraitin özəllikləri nəzərə alınmaqla verdiyi tapşırıqlar və imzaladığı bir sıra mühüm sənədlər onu deməyə əsas verir ki, Azərbaycanda 2016-cı il və perspektiv üçün yeni inkişaf kursu müəyyənləşdirilib. Bu “dəyirmi masa”nın əsas məqsədi sözügedən istiqamətdə atılan addımların ölkəmiz üçün hansı nəticələr verə biləcəyinə dair müzakirə aparmaqdır. Məhz bu baxımdan yeni iqtisadi şəraitdə Prezident İlham Əliyevin aldığı qərarlar, Onun siyasi iradəsinə uyğun hazırlanan islahatlar paketi, həmçinin parlamentdə qəbul olunan qanunlar ölkə iqtisadiyyatında və maliyyə sistemində hansı keyfiyyət dəyişiklikləri yaradacaq?
Əli Məsimli: Öncə mən belə bir “dəyirmi masa” təşkil etdiyinə görə “Yeni Azərbaycan” qəzetinin kollektivinə təşəkkürümü bildirirəm.
Hər bir ölkə dünyada gedən proseslərə bir qədər çox və yaxud bir qədər az səviyyədə reaksiya verir. Bu baxımdan dünyada gedən proseslərin neqativlərini, təbii ki, Azərbaycan da daşıyır. Bazar iqtisadiyyatı şəraitində yaşayan ölkələr bəzən 3-4, bəzən 8-10 ildən bir böhran, durğunluq, dirçəliş, enib-qalxma kimi mərhələlərdən keçirlər. Ancaq elə ölkələr də var ki, uzun müddətdə, məsələn, 20 il ərzində yüksəliş, sosial-iqtisadi tərəqqi dövrü yaşayırlar. Biz ayrı-ayrı ölkələrin nümunəsində görürük ki, xarici amillər, adətən, daxildəki müəyyən problemləri də aktivləşdirərək onların, necə deyərlər, görünməsinə zəmin yaradır. Azərbaycan da son 20 ildə - 1996-cı ildən etibarən 2015-ci ilədək qeyd etdiyim mərhələləri keçib və indi ölkəmizdə qeyri-standart bir vəziyyət yaranıb. Bu qeyri-standart şəraitdən də məhz qeyri-standart yanaşmalarla çıxmaq mümkündür. Əsas məsələ diaqnozun düzgün qoyulmasıdır. Diaqnozu düzgün qoymaqla xəstəni müalicə etmək və hətta xəstəliyin hansı müddətdə aradan qaldırılmasını proqnozlaşdırmaq mümkündür. Bu kontekstdə mən hesab edirəm ki, hazırkı şəraitdə Azərbaycanın Prezident İlham Əliyevin islahatlar konsepsiyası üzrə atdığı addımlar optimaldır. Mən görülən tədbirlərin, qəbul edilən qərarların hamısını sadalamayacağam. Diqqəti yalnız əsas istiqamətlərə yönəltmək istərdim. İndiki şəraitdə problemlərin hamısını toplam aradan qaldırmaq mümkün deyil, buna heç bir ömür də çatmaz. Ağıllı insanlar, adətən, problem zəncirində o həlqəni tutmaq istəyirlər ki, onun vasitəsilə digər həlqələri də ələ keçirməyə müvəffəq olsunlar. Bu nöqteyi-nəzərdən, deyə bilərik ki, Prezident İlham Əliyevin atdığı addımlar məhz problem zəncirində əsas həlqəni ələ keçirmək məqsədi daşıyır. Nəyi nəzərdə tuturam? Mən, ilk növbədə, diqqəti maliyyə bazarında yaranmış problemlərin aradan qaldırılması, bu sahədə sabitliyə nail olunması, maliyyə intizamının yüksəldilməsi, manatın kursunun əvvəlcə idarə edilən səviyyədə saxlanılması, ondan sonra nisbi sabitliyə nail olunması və nəhayət, milli valyutanın dayanıqlılığının təmin edilməsi istiqamətində atılan addımları nəzərə çatdırmaq istəyirəm. Növbəti vacib istiqamət odur ki, biz hazırda xaricdən aldığımız, ancaq özümüz istehsal edə biləcəyimiz məhsulların ölkədə istehsalının artırılmasına nail ola bilərik. Üçüncü istiqamət neftdənkənar ixrac imkanlarını genişləndirməkdən, dördüncü istiqamət isə istənilən ölkənin böhranlı dövrdən tez çıxmasında lokomotiv rolunu oynayan amilə - sahibkarlığın inkişafına lazımi diqqət yetirilməsindən, özəlləşdirmə aparılmasından ibarətdir.
Mən yeni iqtisadi şəraitdə qəbul edilən qərarlar sırasında ixracın subsidiyalaşdırılmasını xüsusi qeyd etmək istərdim.
Eyni zamanda, Milli Məclisə göndərilən sənədləri də Azərbaycan iqtisadiyyatının əsas sahələrində - real sektorda gedən proseslərin tənzimlənməsinə, makroiqtisadi dayanıqlılığın artırılmasına, maliyyə sektorunda həm intizamın gücləndirilməsinə, həm də bu sektorun səmərəliliyinin artırılmasına hesablanan addımların hüquqi bazasının möhkəmləndirilməsi kimi qiymətləndirirəm. Mənim qənaətimə görə, proses bundan sonra da davam edəcək. Zənnimcə, indi hər şey tempdən asılı olacaq. Biz indi elə bir dövrdə yaşayırıq ki, itirdiyimiz bir günün əvəzini doldurmaq üçün növbəti 2017-ci ildən bir ay vaxt almalı olacağıq. Buna görə də mən Prezident İlham Əliyevin imzaladığı mühüm sərəncamlar və fərmanlar, eləcə də Milli Məclisə ünvanladığı qanunvericilik sənədləri vasitəsilə prosesləri sürətləndirmək əzmini çox yüksək qiymətləndirirəm.
Qənaətim belədir ki, neft hasil edən bir sıra ölkələrlə müqayisədə Azərbaycanın yaranmış şəraitdən mümkün qədər tez və az itkilərlə çıxmasına imkan var.
- Aydın müəllim, yeni iqtisadi şəraitdə reallaşdırılan tədbirləri, qəbul edilən qərarları Azərbaycanın xüsusi iqtisadi inkişaf modeli kimi səciyyələndirmək mümkündürmü və mümkündürsə, bu inkişaf modelinin səciyyəvi cəhətləri nədən ibarətdir?
Aydın Hüseynov: Siz çox düzgün qeyd etdiniz. Deyə bilərik ki, artıq Azərbaycanın ikinci mərhələ üçün iqtisadi inkişaf modeli formalaşır. Hazırda biz bu mərhələnin başlanğıcındayıq. Gəlin görək, ölkənin birinci inkişaf modeli necə və hansı amillərə istinad edilərək formalaşıb, biz hansı mərhələlərdən keçmişik?
Bizim hamımız təsdiq edirik ki, bu gün dünyada baş verən proseslər iqtisadi qanunlar əsasında yox, müəyyən mərkəzlərin diktələrinə uyğun surətdə cərəyan edir, yəni iqtisadi proseslərin istiqamətinin dəyişməsində siyasi qərarlar mühüm rol oynayır. Bu gün ölkəmizdə iqtisadi inkişaf kursu Prezident İlham Əliyev tərəfindən yeni dünya çağırışları nəzərə alınmaqla çox düzgün istiqamətləndirilir. Məlumdur ki, son 12 ildə ölkəmizdə neft gəlirlərindən maksimum səmərə ilə istifadə olunmaqla iqtisadiyyatın şaxələndirilməsi yönündə mühüm işlər görülüb, zəruri infrastruktur yaradılıb. Məhz zamanında görülən tədbirlərin nəticəsidir ki, hazırda Azərbaycan qlobal mənfi təsirləri nisbətən az itkilərlə qarşılamağa müvəffəq olur. Prezident İlham Əliyev bəyan edib ki, bizim üçün artıq neft dövrü bitib, ölkəmiz neftsiz iqtisadiyyat mərhələsinə qədəm qoyub. Məhz bu kontekstdə Prezident İlham Əliyevin son vaxtlar qəbul etdiyi mühüm qərarlar ölkənin yaranmış vəziyyətdən mümkün qədər az itkilərlə çıxmasını təmin etmək məqsədi daşıyır. Yəni, dövlət başçımızın aldığı qərarlar Azərbaycanı qlobal mənfi təsirlərdən qorumağa və yeni iqtisadi şəraitdə də ölkəmizin sosial-iqtisadi inkişafının ardıcıllığını təmin etməyə fundamental əsaslar yaradır.
- Yeni qanunlar yeni iqtisadi şərtlər yaradır. Bu, əlverişli biznes mühitinin yaranması və yeni keyfiyyətdə maliyyə institutlarının formalaşması üçün real olaraq nə vəd edir? Konkret olaraq hansı istiqamətlərdə nə kimi işlərin görülməsi və hansı nəticələrin əldə edilməsi gözlənilir?
Tahir Mirkişili: Əvvəla onu qeyd edim ki, bu gün dünya iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və yeni tendensiyalar cərəyan etməkdədir. Hazırda yaranan iqtisadi böhran halının meydana çıxmasının başlıca səbəblərindən biri dünya iqtisadiyyatında baş verən dəyişikliklərdir. Bu cür dəyişikliklərlə müşayiət edilən proseslər “dördüncü sənaye inqilabı” kimi xarakterizə olunur. İqtisadiyyatda bu, “rəqəmli inqilab” adlandırılır. Dünyanın bəlli siyasi mərkəzləri müxtəlif qərarlarla bu situasiyadan faydalanmağa çalışırlar. Müasir iqtisadi nəzəriyyələrdən biri olan “Xaos nəzəriyyəsi”ndə əks olunduğu kimi, ölkələr daha çox istehlaka yönəldilirlər, ölkələrin öz istehsalının minimum səviyyədə olmasına çalışılır. Beləliklə, güc mərkəzləri ölkələri öz istehsal etdiyi məhsulları istehlak etməyə vadar edirlər. Belə olan halda, böhran və tənəzzül meyilləri dünya iqtisadiyyatının tərkib hissəsi olan dövlətlərə təsir etmiş olur. Əlbəttə, Azərbaycan da dünya iqtisadiyyatının tərkib hissəsi olduğuna görə bu proseslərdən kənarda qalmır. Onu da qeyd edim ki, neft gəlirlərinin azalması ölkə iqtisadiyyatının qarşısında yeni keyfiyyət dəyişikliklərinin zəruriliyini ortaya çıxarıb.
Bu gün Azərbaycanda iqtisadi çağırışlara çevik reaksiya verilməsi və mühüm keyfiyyət dəyişikliklərinə nail olunması üçün həyata keçirilən tədbirləri iki qrupda təsnif etmək olar. Birinci qrupda iqtisadi şəraitin daha da yaxşılaşdırılması və ya münbit şəraitin təmin olunması üçün görülən tədbirləri sadalaya bilərik. İkinci qrupa isə iqtisadi aktivliyi artırmaq üçün görülən işləri aid etmək olar. Bütün hallarda fərmanlar, sərəncamlar, qəbul edilən qanunlar yeni çağırışlara çevik cavab verilməsini təmin etmək məqsədi daşıyır. Məlum olduğu kimi, bu gün Azərbaycan iqtisadiyyatı idxaldan asılıdır, ona görə də mövcud çağırışlar sırasında idxalı əvəzləyən sahələrin yaradılması xüsusi yer tutur. İkincisi, Azərbaycan bazarı kifayət qədər böyük deyil. Amma onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, atılan addımlar sayəsində Avropa ilə Asiya, Şimalla Cənub arasındakı nəqliyyat dəhlizləri Azərbaycandan keçməkdədir. Bu, mühüm bir üstünlükdür və beynəlxalq inteqrasiyaya, ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verir.
Mövcud çağırışlara cavab verən yeni qanun layihələri, fərmanlar, sərəncamlar, müxtəlif qərarlar da ölkə iqtisadiyyatının inkişafında, xüsusilə də sahibkarlığın inkişafında, əlverişli biznes mühitinin formalaşmasında və digər istiqamətlərdə mühüm rol oynayacaq. Məsələn, son vaxtlar edilmiş qanun dəyişikliklərinə əsasən, hər hansı bir istehsalçı Azərbaycana istehsal sahəsi qurmaq üçün texnologiya idxal edirsə, gətirdiyi həmin texnologiyalar gömrük rüsumlarından tamamilə azaddır. Bunun üçün sahibkarlar mütləq İqtisadiyyat Nazirliyindən investisiya təşviqi sənədi almalıdırlar. İkincisi, həmin sahibkarlar 7 il müddətində mənfəət vergisinin 50 faizindən azad edilirlər. Bununla yanaşı, ixrac olunan məhsulun 3 faizinin dövlət büdcəsindən sahibkara geri ödənilməsi də mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, belə kompensasiya mexanizmi dünya ölkələrində geniş tətbiq olunur.
Bu gün mühüm məsələlərdən biri də biznesin şəffaflaşdırılmasıdır. Biznes şəffaflaşdıqca daha da böyüyür və inkişaf edir. Buna paralel olaraq istehsalla yanaşı, marketinq işinin də düzgün aparılması gərəkdir. Çünki iş məhsulu istehsal etməklə bitmir, həm də uğurlu satış mexanizminin formalaşdırılması lazımdır ki, bu da marketinq vasitəsilə edilir. Burada isə ən önəmli məsələlərdən biri sahibkarlıq subyektlərinin aktivliyi və iqtisadi çağırışlara müvafiq reaksiyalar verməsidir. Çünki dövlət tənzimləmə siyasəti həyata keçirir, əlverişli şərait yaradır, sahibkarlar isə maksimum aktiv fəaliyyət göstərməlidirlər. Həmçinin rəqabətqabiliyyətli məhsulun istehsal edilməsi, müasir texnologiyaların tətbiq edilməsi də ciddi əhəmiyyət kəsb edir.
Xüsusi qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə mövcud çağırışlar, onların yaranma səbəbləri və bu çağırışlara cavab yolları, yeni iqtisadi inkişaf istiqamətləri dəqiq göstərilib. Milli Məclisin növbədənkənar islasında məhz bu məqsədlərlə cənab Prezidentin təşəbbüsü ilə iqtisadi qanun layihələri daxil olmuş və qəbul olunmuşdur. Qəbul edilən qərarların və qanunların əhəmiyyəti ilə bağlı bir sıra məqamlara toxunmaq istərdim. Məsələn, yerli məhsul, iş və xidmət istehsalçıları dövlət satınalmaları tenderlərində eyni keyfiyyət və şərtlərlə xarici analoqlara qarşı qiymətdə 20 faiz güzəştə malikdirlər. Yəni yerli istehsalçıların qiymətləri 20 faiz baha olduqda belə onlara üstünlük veriləcək. Sadalananlarla yanaşı, qeyd etdiyim kimi, qəbul edilmiş qanun əsasında investisiya fəaliyyəti həyata keçirən sahibkarlar 7 il müddətinə əmlak və torpaq vergisindən tam azad, mənfəət vergisindən 50 faiz azad, idxal etdikləri texnika və texnologiyalar isə 50 faiz gömrük rüsumundan azad edildilər. Əminəm ki, iqtisadi fəaliyyətin artmasında, xarici investisiyaların cəlb olunmasında bu qərarların çox müsbət rolu olacaq.
- Təbii ki, qəbul olunan qanunlar çox əhəmiyyətlidir. Ancaq hədəflərə çatmaq üçün bu qanunların icrası da xüsusi önəm kəsb edir. Vüqar müəllim, siz bu haqda nə deyə bilərsiniz?
Vüqar Bayramov: Bu gün dünyada mürəkkəb proseslər baş verir. Bu proseslər dünya dövlətlərinin maliyyə-iqtisadi sisteminə də ciddi təsir etməkdədir. Neftin qiymətinin kəskin aşağı düşməsi isə neft istehsal edən ölkələrin gəlirlərinə mənfi təsir göstərir. Amma bu faktor neftdən kənar sahələrin inkişafına daha çox diqqət yetirilməsinə və bununla da inkişaf üçün yeni imkanlar yaradıb. Təbii ki, qəbul olunan qanun və qərarlar həm cari, həm də strateji baxımdan neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar yaranan təsirləri minimuma endirməyə imkan verəcək.
Azərbaycanda həmişə islahatların aparılması ilə bağlı siyasi iradə olub və bu gün də var. Son dövrlər qəbul olunan qanunlar və qanunlara edilən dəyişikliklər, dövlət başçısının müvafiq Fərman və sərəncamları siyasi iradənin nəticəsidir. Neftin qiyməti aşağı düşdükdən sonra görülən işlərə nəzər salsaq, deyə bilərik ki, həm cari, həm də strateji hədəflər var. Bəzi qanunlara edilən dəyişikliklər cari, bəziləri strateji hədəflərə nail olmaq üçündür. Qəbul olunan sənədlər həmçinin strateji baxımdan ölkəyə daxil olan valyutanın həcminin artırılmasına hesablanıb. Konkret olaraq qanunlar və islahatların mahiyyətinə diqqət yetirsək və cari hədəflər üzrə qruplaşdırsaq, artıq bəzi qanunlar qüvvəyə minib, icra olunur və sahibkarlar öz fəaliyyətlərində bu qanunlardan istifadə etmək imkanı qazanıblar. Onların sırasına lisenziya və icazənin verilməsi də daxildir. Lisenziyalarla bağlı vahid elektron portalın formalaşması, sahibkarlara daha qısa müddətdə və daha vahid lisenziyalardan istifadə etmək imkanı verəcək. Nəzərə alaq ki, diferensial olaraq regionlar üçün lisenziyaların verilməsi Bakı ilə müqayisədə iki dəfə azdır, eləcə də lisenziyalar bir sıra inkişaf etmiş ölkələrdən fərqli olaraq ömürlük veriləcək. Məsələn, ABŞ daxil olmaqla əksər inkişaf etmiş ölkələrdə lisenziyalar müddətli verilir. Amma Azərbaycanda bu, daimidir. Bu o deməkdir ki, sahibkar ömür boyu aldığı lisenziyadan istifadə etmək imkanına malik olacaq.

(davamı növbəti sayımızda)

“Dəyirmi masa” ətrafında söhbəti qələmə aldılar:
Nardar BAYRAMLI,
Nurlan QƏLƏNDƏRLİ,
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1319 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31