Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanda meyvəçiliyin inkişafının geniş perspektivləri var

Azərbaycanda meyvəçiliyin inkişafının geniş perspektivləri var

15.04.2016 [10:13]

Prezident İlham Əliyev: Kənd təsərrüfatının inkişafı bizim üçün həmişə prioritet olub, indiki şəraitdə bunun önəmi daha da artır. Mən şadam ki, ümumi dünya iqtisadi böhranına baxmayaraq, birinci rübdə Azərbaycanda kənd təsərrüfatının istehsalı artıb - 2,7 faiz
Qlobal məkanda baş verən məlum kataklizmlər fonunda Azərbaycanda aqrar sektorun inkişafının önəmi daha da artıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bunu xüsusi vurğulayaraq deyib: “Kənd təsərrüfatının inkişafı bizim üçün həmişə prioritet olub, indiki şəraitdə bunun önəmi daha da artır. Mən şadam ki, ümumi dünya iqtisadi böhranına baxmayaraq, birinci rübdə Azərbaycanda kənd təsərrüfatının istehsalı artıb - 2,7 faiz”.
İndiki şəraitdə ölkəmizdə aqrar sektorun potensialından səmərəli istifadə olunması bir çox cəhətdən vacibdir. Bu, ilk növbədə, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması deməkdir. Ərzağa olan tələbatın daxili istehsal hesabına təmin olunması ölkədən xaricə valyuta axınının qarşısını almaq üçün mühüm vasitədir. Digər tərəfdən, kənd təsərrüfatında istehsalı artırmaqla ölkəmiz ixrac imkanlarını genişləndirə bilər.
Respublikamız bağçılıq üçün dünyanın ən əlverişli iqlim qurşağı üzərində yerləşir
Yaranmış vəziyyət digər istiqamətlərdə olduğu kimi, aqrar sektorun inkişafına da yeni yanaşmalar tələb edir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı nitqində aktual bir məsələni gündəmə gətirib. Məlumdur ki, bütövlükdə Azərbaycanın coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə kənd təsərrüfatının dinamik inkişafını təmin etmək baxımından çox əlverişlidir. Lakin, eyni zamanda, hər regionun fərqli ənənələri və fərqli xüsusiyyətləri var. Bu cəhətləri nəzərə almaqla ölkəmizdə aqrar sektorun potensialından daha geniş istifadə oluna bilər. Buna görə də bölgələr üzrə ixtisaslaşdırma dərinləşdirilməli, hər iqtisadi zona üzrə fərqli subsidiya paketi hazırlanmalıdır. Prezident İlham Əliyev bu cəhəti xüsusi vurğulayaraq deyib: “Məxsusi olaraq hər bir zona üçün xüsusi kənd təsərrüfatı məhsulları yetişdirilməlidir və hər bir rayonun, hər bir iqtisadi zonanın öz subsidiya paketi olmalıdır. Belə olan halda kənd təsərrüfatı ixtisaslaşmış şəkildə və daha böyük səmərə ilə inkişaf edəcək”.
Ölkəmizin aqrar sektorunda kifayət qədər geniş potensiala malik istiqamətlərdən biri meyvəçilikdir. Bu da onunla şərtlənir ki, respublikamız bağçılıq üçün dünyanın ən əlverişli iqlim qurşağı üzərində yerləşir. Təbiətin bizə bəxş etdiyi bu imkandan istifadə edərək meyvəciliyi geniş inkişaf etdirə bilərik. Qeyd etmək yerinə düşər ki, meyvəçilik Azərbaycanda kənd təsərrüfatının ixtisaslaşmış sahələrindəndir. Ölkəmizdə tumlu meyvələr üzrə Quba-Xaçmaz, qərzəxli meyvələr (şabalıd, qoz, fındıq) üzrə Şəki-Zaqatala, çəyirdəkli (ərik, şaftalı) meyvələr üzrə Naxçıvan MR, quru subtropik meyvələr (nar, heyva) üzrə Kür-Araz, sitrus meyvələri (naringi, portağal, feyxoa, limon) üzrə Lənkəran, cənub bitkiləri (əncir, zeytun, püstə, badam və s.) üzrə Abşeron yarımadası ixtisaslaşıb. Azərbaycanın ən iri meyvəçilik rayonu Qubadır. İstehsal olunan meyvənin 2/3 -ni Quba-Xaçmaz, 15 faizini isə Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonları verir. Qərzəxli meyvələrin istehsalının 95 faizi Şəki-Zaqatala iqtisadi rayonunda cəmləşib. Kür-Araz və Yuxarı Qarabağda çoxlu tut ağacı var. Əlamətdar haldır ki, son illərdə respublikamızda meyvə bağları getdikcə genişləndirilir. 2014-cü ildə ölkəmizdə meyvə bağlarının sahəsi 138 min hektar idi. Ötən il meyvə bağlarının sahəsi daha 6 min hektar artırılaraq 144 min hektara çatdırılıb. Təbii ki, məhsuldarlıq da getdikcə artır. 2014-cü ildə respublika miqyasında cəmi 850 min ton meyvə tədarük olunmuşdusa, ötən il bu rəqəm artaraq 888 min ton təşkil edib.
Meyvə ixracında ənənələrin dirçəldilməsinin vaxtıdır
Azərbaycanın qeyri-neft məhsulları üzrə ixrac imkanlarının artırılmasında meyvəçilik mühüm rol oynaya bilər. Bu sahədə respublikamızın zəngin ənənələri var. Xatırlamaq yerinə düşər ki, keçmiş sovet dönəmində Azərbaycan bütün ittifaqın meyvə bazası hesab olunurdu. Respublikamızın bağlarında yetişdirilən keyfiyyətli məhsullar SSRİ-nin bütün iri şəhərlərinə göndərilirdi. Yeni iqtisadi şəraitdə Azərbaycanın meyvə ixracı sahəsində ənənələrini dirçəltməyin vaxtı çatıb. Bu sahədə Azərbaycana üstünlük qazandıran həm də o amildir ki, ölkəmizi əhatə edən regionun istehlak bazarları əsasən geni dəyişdirilmiş məhsullarla doldurulub. Ölkəmizdə isə müxtəlif növ meyvələr əsasən təbii şəraitdə yetişdirilir və yüksək keyfiyyəti ilə fərqlənir. Buna görə də xarici bazarlarda artıq yaxşı tanınan meyvələrimizin satışla bağlı heç bir problemi yoxdur. Prezident İlham Əliyev Ağsuda “Az-Granata” MMC-nin şirə və şərab emalı zavodunun açılışında söylədiyi nitqində meyvələrimizin keyfiyyətindən məmnunluğunu ifadə edib: “Əgər biz inkişaf etmiş ölkələrin bazarlarına məhsullarımızla, hazır məhsullarla çıxa biliriksə, deməli, bu məhsullar lazımi səviyyədədir”.
Azərbaycanın xarici bazarlarda artıq yaxşı tanınan meyvələrlə təmsil olunması ölkəmizə valyuta daxilolmalarını artıra bilər. Qəbələ fındıq emalı müəssisəsində emal olunmuş məhsullar əsasən Almaniya, İtaliya, İspaniya, Rusiya və Ukraynaya ixrac edilir. Azərbaycandan xarici bazarlara ixrac olunan məhsullar sırasında nar xüsusi yer tutur. Ümumiyyətlə, son illərdə ölkəmizdə gəlirli sahə olan narçılığın inkişafına böyük diqqət göstərilir. Son 5 ildə Göyçayda nar bağlarının ümumi sahəsinin 3 dəfə artaraq 3620 hektara çatması bu sahənin perspektivindən xəbər verir. Hər il Göyçayda yetişən nar məhsulunun 40 faizi Rusiya bazarlarına göndərilir. Rayonda bir neçə nar qəbulu məntəqələri fəaliyyət göstərir. Fərdi təsərrüfat sahibləri həmin məntəqələr vasitəsilə narı emal müəssisələrinə satırlar. “AzNar” QSC-nin nar qəbulu məntəqələri də artıq fəaliyyətə başlayıb. Müxtəlif çeşiddə nar, heyva, alma və üzüm şirələri istehsal edən “AzNar” zavodu hər il ABŞ, Polşa, Kanada, Yeni Zelandiya, Almaniya, Rusiya, Avstraliya, Belarus, Avstriya və İsrailə nar şirəsi ixrac edir. Azərbaycan xarici bazarlarda həmçinin Astarada, Lənkəranda yetişdirilən yüksəkkeyfiyyətli sitrus meyvələri, Quba alması və digər məhsullarla təmsil olunur.
Beləliklə, qarşıda duran əsas vəzifə xarici istehlak bazarlarına daha çox həcmlərdə meyvə çıxartmaqdan ibarətdir. Hazırda Azərbaycan özünün meyvəyə olan tələbatını 191 faiz ödəyir. Statistikadan da göründüyü kimi, respublikamız meyvəyə olan tələbatını nəinki tam şəkildə daxili istehsal hesabına ödəmək iqtidarındadır, hətta bu sahədə müəyyən ixrac imkanlarımız yaranıb.
Logistik mərkəzlərin və soyuducu anbarların inşası meyvəçiliyin inkişafında mühüm amildir
Meyvəçiliyin inkişafında daşıma, saxlama və tanıtma kimi amillər də mühüm rol oynayır. Sevindirici haldır ki, son illərdə respublikamızda bir neçə logistik mərkəz yaradılıb. Belə mərkəzlər həmçinin xarici ölkələrdə yaradılır. Məsələn, Qazaxıstanın Aktau şəhərində belə mərkəz yaradılıb və gələcəkdə xarici bazarlara çıxmaq üçün yaradılan mərkəzlərin sayı daha da artırılacaq.
Meyvəçiliyin inkişafı baxımından soyuducu anbarların yaradılması müstəsna əhəmiyyət daşıyır. Doğrudur, bir sıra səbəblərdən əvvəllər respublikamızda soyuducu anbarların yaradılması diqqət mərkəzindən kənarda qalıb. Lakin son illərdə bu problemin aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Soyuducu anbarlar istehlakçıların yetişdirdikləri məhsulların tam həcmdə tədarük olunmasına və uzun müddət xarab olmadan saxlanılmasına imkan verir. Bundan həm istehsalçılar, həm də istehlakçılar qazanırlar. Meyvə itkisinin qarşısı alınır, bütün il boyu istehlak bazarında qiymətlər tənzimlənir. Prezident İlham Əliyev “Azərsun-Holdinq” MMC-nin Qazax konserv zavodunun açılışında zavodun işçiləri ilə söhbətində ölkədə soyuducu anbarların yaradılmasının önəmini diqqətə çatdıraraq bildirib: “İndi bütün ölkəmizdə soyuducu anbarlar tikilir. Əgər tikilməsəydi, o məhsullar bata bilərdi. Yəni kəndli zəhmət çəkib məhsul istehsal edir, sonra da saxlamağa yeri olmadığı üçün mallar batır. İndi gətirir verir soyuducu anbarlara, orada saxlayırlar. Bunun istehlak qiymətlərinə də çox müsbət təsiri vardır. Əgər bu mallar boldursa, deməli, istehlak qiymətləri də normal səviyyədə olacaqdır”.
Eyni zamanda, saxlama anbarlarının yaradılması istehsalçılardan meyvə tədarükünün yeganə yolu deyil. Ölkədə bu məqsədlə alternativ vasitələr də tapılmalıdır. Məsələn, daxili və xarici istehlak bazarlarında böyük tələbat olan quru meyvə istehsalını artırmaq üçün hər cür imkan var.
Meyvəçiliyin inkişafında emal sənayesinin rolu əvəzsizdir
Çox haqlı olaraq emal sənayesi meyvəçiliyin inkişafına təkan verən ən mühüm amillərdən biri kimi dəyərləndirilir. Meyvə istehsalçıları öz məhsullarını satmaqda çətinlik çəkməməlidir. Bu baxımdan emal sənayesinin rolu əvəzsizdir. Emal sənayesi bağlarda min bir zəhmətlə yetişdirilən meyvələrin topdan alıcısı qismində çıxış edir ki, bu da kütləvi yığım zamanı məhsulun xarab olmasının qarşısını alır. Son illərdə ölkəmizdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq aqrar sektora davamlı dəstək verilməsi sayəsində respublikanın müxtəlif bölgələrində çoxlu sayda meyvə emalı müəssisələri yaradılıb. Bu sırada qabaqcıl müəssisələrdən biri “Gilan” Qəbələ konserv zavodudur. 13 hektar sahədə yerləşən Qəbələ Konserv Zavodu Cənubi Qafqazın ən böyük konserv zavodlarından biridir. Bu nadir müəssisə ildə 210000 ton meyvə şirəsi və nektar istehsal edir. Təxminən 70000 ton meyvə emal etmək gücündə olan zavod 100 çeşid məhsul istehsal edir. Məssisənin istehsal etdiyi əsas məhsullar “Jalə”, “Bağdan”, “Zolotoy Sad”, “Aycan” brendləri altında satılır. Həmin məhsullar təkcə daxili bazarda yox, həm də ABŞ, Yunanıstan, Almaniya, Rusiya, Ukrayna, Belarus, Estoniya, Latviya və Gürcüstan da daxil olmaqla, müxtəlif ölkələrə ixrac olunur. Lənkəran Konserv Zavodu MMC Azərbaycanın cənubunda 2 hektarlıq ərazidə yerləşir. Zavod Padovan (İtaliya) şirkətinin öncül texnologiyaları ilə təchiz edilib və saatda 5 000 litr istehsal gücünə malik 2 xətti var. Həmçinin müəssisədə meyvə püresi və aseptik dolumlu tomat pastası istehsal edən xətt fəaliyyət göstərir. Məhsullar “Bağdan” ticarət nişanı ilə istehsal edilir. “Gilan Zeytun” MMC isə həm hazır zeytun, həm də zeytun yağı istehsal edir. 2005-ci ildə əsası qoyulan şirkətin zeytun istehsalı Abşeron rayonunda 18000 zeytun ağacından ibarət 93,9 hektar sahəni əhatə edir.
Ümumiyyətlə, qısa müddətdə ölkəmizdə müxtəlif növ meyvələrin emalı üzrə çoxlu sayda yeni istehsalatlar yaradılıb. Bu sırada üzüm emalı müəssisələri də xüsusi yer tutur. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin bəhs olunan iclasında qeyd etdiyi kimi, son illərdə ölkəmizdə bu sahədə böyük inkişaf müşahidə edilir: “Üzümçülük. Son illər ərzində dövlətin dəstəyi hesabına bu sahə inkişaf edir, üzüm bağları salınır, genişləndirilir”.
Üzümçülük sahəsində ənənələrin dirçəldilməsində bu sahənin inkişafı ilə bağlı qəbul edilən və 2012-2020-ci illəri əhatə deən Dövlət Proqramının xüsusi rolu var. Əlamətdar haldır ki, son illərdə respublikanın müxtəlif bölgələrində həm geniş plantasiyaları, həm də müasir emal müəssisələrini özündə birləşdirən təsərrüfatlar yaradılıb. Məsələn, “Tovuz-Baltiya” müasir avadanlıqlarla təchiz edilən emal müəssisələrində əsasən öz istehsalı olan məhsuldan istifadə edir. Hazırda müəssisənin buraxdığı məhsullar daxili və xarici bazarlarda yüksək səviyyədə təmsil olunur. Eyni sözləri “Azərsun” şirkətinə də şamil etmək mümkündür. Bu şirkətin emal müəssisələrində buraxılan məhsulları - müxtəlif meyvə mürəbbələri, cemlər, zeytun yağları və tutmaları yüksək səviyyəli brend imici qazanıb.
Meyvəçiliyin perspektiv inkişafı intensiv becərmə ilə bağlıdır
Digər sahələrdə olduğu kimi, meyvəçiliyin də perspektiv inkişafı intensiv becərmənin tətbiqi ilə bağlıdır. Etiraf etmək lazımdır ki, respublikamızın ərazisindəki meyvə bağlarında mövcud ağacların böyük qismi iri gövdəli, lakin az məhsuldar sortlardır. Mütəxəssislərin qənaəti budur ki, belə ağaclar mütləq bəstəboy və yaxud orta gövdəli daha məhsuldar sortlarla əvəzlənməlidir. Yaxşı haldır ki, artıq bu istiqamətdə işlərə start verilib. Təkcə son bir neçə ildə respublikanın müxtəlif regionlarında 39 intensiv bağçılıq təsərrüfatı yaradılıb. Yaxın gələcəkdə Azərbaycanın şimal bölgəsində 700 hektar sahədə müasir tipli intensiv meyvə bağları salınacaq. Quba-Xaçmaz iqtisadi regionu üzrə “Müasir tipli meyvə bağlarının salınması vasitəsilə ailə-fermer təsərrüfatlarının dəstəklənməsi”nə dair pilot layihə əsasında salınacaq bağlar Quba, Qusar, Xaçmaz və Şabran rayonlarını əhatə edəcək. İntensiv becərmə texnologiyalarının tətbiq olunacağı bağlarda armud, gilas və gavalı yetişdiriləcək. Bu bağların əsas üstünlüyü ondan ibarətdir ki, burada əkilən ağaclardan bir ildən sonra 8 faiz, üçüncü il 40 faiz, dördüncü il isə 100 faiz məhsul əldə olunacaq.
Meyvəçilikdə daha böyük uğur qazanmaq mümkündür
Mütəxəssislərin qənaətinə görə, bəzi problemləri aradan qaldırmaqla meyvəçilikdə daha böyük uğur qazanmaq və bu sahədə respublikamızın ixrac imkanlarını artırmaq mümkündür. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov son illərdə ölkəmizdə qeyri-neft sektorunun üstün inkişafının təmin olunmasına böyük siyasi iradə nümayiş etdirildiyini vurğulayıb: “Artıq Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində bütünlüklə qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsinə istiqamətlənib. Respublikamızın qeyri-neft iqtisadiyyatında böyük potensialının olması onu deməyə əsas verir ki, Azərbaycan bundan sonra da özünün yüksək inkişaf dinamikasını saxlayacaq. Bizim neftdənkənar iqtisadiyyatda geniş imkanlarımızın olduğu sahələrdən biri aqrar sektordur. Son illərdə kənd təsərrüfatında yeni idarəetmə mexanizmlərinin tətbiqi, subsidiyaların artırılması, texniki təchizatın gücləndirilməsi məhsuldarlığın əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Yaranmış yeni vəziyyətdə də çətinliklərə baxmayaraq, bu sahədə nailiyyətlər qazanılır. Qlobal çətinliklər şəraitində ölkəmizin qeyri-neft ixracının əsasını da məhz kənd təsərrüfatı məhsulları təşkil edir”.
E.İbrahimov ölkəmizdə meyvəçiliyin aqrar sektorun mühüm istiqaməti olduğunu nəzərə çatdırıb: “Biz il ərzində xarici bazarlara 10 milyon dollar dəyərində meyvə-tərəvəz çıxardırıq. Potensialımız isə daha böyükdür. Respublikamızda aqrar sektorun, o cümlədən də meyvəçiliyin inkişafına müvafiq qurumlar tərəfindən daim yüksək dəstək verilir. Mənim qənaətim budur ki, göstərilən əməli dəstək sayəsində respublikamızda meyvə istehsalını artırmaq və xarici bazarlara daha böyük həcmlərdə məhsul çıxartmaq mümkün olacaq”.
Eldar İbrahimov bəhs olunan sahənin inkişafı nöqteyi-nəzərindən torpaqlardan səmərəli istifadə olunmasının əhəmiyyətinə də diqqət çəkib. O bildirib ki, hazırda müvafiq qurumlar istifadə olunmayan torpaqların monitorinqini aparır. İlkin məlumatlara görə, hazırda respublikada 160 min hektar belə torpaqlar var. Həmin torpaqları dövriyyəyə cəlb edib yeni intensiv bağlar salmaq mümkündür.
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini Vahid Əliyev qəzetimizə açıqlamasında Azərbaycanda meyvəçiliyin inkişafı istiqamətində ardıcıl tədbirlər görüldüyünü söyləyib. Bununla delə o, ölkəmizdə meyvəçiliyin inkişafı ilə bağlı görülməsi zəruri olan işlər sırasında tingçilik təsərrüfatının genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb: “Tingçilik meyvəçiliyin əsasını təşkil edir. Hələlik respublikadakı mövcud tingçilik təsərrüfatları özəl sektorda cəmləşib. Bu isə müəyyən problemlərə yol açır. Öz növbəmizdə biz seleksiya işinə böyük önəm veririk. İndiyədək gərgin axtarışlar, çoxsaylı təcrübələr əsasında 250-dən artıq yeni sort yaratmağa müvəffəq olmuşuq ki, onlardan da 68-i müvafiq qaydada dövlət reyestrinə daxil edilib”.
V.Əliyevin qənaətinə görə, geniş istehlak bazarlarına çıxmaqdan ötrü qablaşdırma da zəruri şərtdir. Burada da sahibkarların üzərinə böyük məsuliyyət düşür. Onun fikrincə, Avropa bazarlarında təmsil olunmaq üçün mütləq müasir dünya standartlarına cavab verən qablardan istifadə olunmalıdır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1435 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31