/ / Azərbaycanda orta və kiçik sahibkarlığın inkişafı ölkənin sənaye potensialını daha da gücləndirəcək
Azərbaycanda orta və kiçik sahibkarlığın inkişafı ölkənin sənaye potensialını daha da gücləndirəcək
13.07.2016 [09:40]
Prezident İlham Əliyev: Sənaye potensialımızın inkişafı əsas prioritet məsələlərdən biridir. Bu il və növbəti illərdə bu sahəyə diqqət göstəriləcək
Son 12 ildə Azərbaycanda neft gəlirlərindən səmərəli şəkildə bəhrələnməklə iqtisadiyyatın neftdənkənar sahələrinin üstün inkişafının təmin olunması strategiyasında qarşıya qoyulan mühüm hədəflərdən biri də qeyri-neft sənayesində yeni müəssisələrin yaradılması və bu sahədə istehsal imkanlarının daha da artırılması ilə bağlıdır. Ölkəmizdə həm ənənəvi neftçıxarma və neft emalı sənayesini yeni texnologiyalar əsasında daha da inkişaf etdirmək, eyni zamanda, yeni qlobal çağırışlara uyğun olaraq müasir sənaye sahələri yaratmaq prioritet hədəflər sırasındadır. Müstəqil Azərbaycanın sənaye quruculuğu siyasəti də məhz ənənələri saxlamaqla yanaşı, dünyanın müasir trendlərini özündə ehtiva edən, ölkəmiz üçün rəqabətqabiliyyətli ixrac imkanları yaradan yeni sənaye sahələrinin və istehsalatların yaradılmasına istiqamətlənib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ilin ölkəmizdə “Sənaye ili” elan olunması respublikamızda sənaye quruculuğuna verilən böyük önəmi təsdiqləyir. Qeyd olunan Sərəncama uyğun olaraq 2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı hazırlanıb.
Son illərdə Azərbaycan respublikanın potensialından səmərəli istifadə olunması və davamlı dövlət dəstəyi sayəsində sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olub. Ümumiyyətlə, son 12 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Bu illərdə respublikamız təbii qaz və elektrik enerjisi idxalçısından ixracatçıya çevrilib, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş statusu qazanıb. Ölkədə elektrik stansiyalarının enerji gücləri 50 faizdən çox artırılıb. Respublikamızda ənənəvi istehsal sahələrinin fəaliyyətinin genişlənməsi ilə paralel surətdə yeni istehsal sahələri yaradılıb. Əlamətdar haldır ki, ölkəmizdə sənayeləşmə siyasəti ildən-ilə daha geniş vüsət alır. Respublikamızda xeyli sayda sənaye müəssisəsi, o cümlədən texniki avadanlıqlar, iriqabaritli transformatorlar, metal konstruksiyalar, beton məmulatları zavodları, tekstil fabriki və digər müəssisələr açılıb, bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanılıb. Bütövlükdə 2016-cı ilin birinci yarısında da sənaye istehsalı ilə bağlı artım müşahidə olunub. İyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin ikinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu dövr ərzində əldə olunan nəticələr geniş müzakirə olunub. Prezident İlham Əliyev bildirib ki, bu ilin altı ayı ərzində sənaye istehsalı 0,6 faiz artıb: “Düzdür, o qədər də böyük artım deyil, ancaq hesab edirəm ki, bu, böhran ili üçün müsbət haldır. Ölkəmizin qeyri-neft sənayesi 2,4 faiz artıb. Bu, çox ciddi artımdır və hesab edirəm ki, bu artım böyük ümidlər verir. Gələcəkdə bu, daha da artacaq”.
Yeni müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın iqtisadi potensialını daha da gücləndirəcək
Son 12 ildə tarixi əhəmiyyət daşıyan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılması Azərbaycanın bölgələrinin simasını dəyişib, regionları iqtisadi güc amilinə çevirib. Bir vaxtlar respublikamızın iqtisadi potensialı əsasən paytaxt Bakıda və bir sıra iri şəhərlərdə cəmləşmişdi. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində artıq bu nisbətin dəyişdiyini söyləmək mümkündür. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən etibarən Azərbaycanın bölgələrində 70 mindən çox müəssisə fəaliyyətə başlayıb və regionlarda ümumi məhsul buraxılışı əhəmiyyətli dərəcədə artıb. Regionlarda həyata keçirilən iri layihələr ölkəmizin ümuminkişaf göstəricilərinin də əsaslı şəkildə artmasını şərtləndirib. O, cümlədən, sənaye sahəsində əldə olunan nailiyyətlər bu istiqamətdə görülən işlərin nə qədər əhəmiyyətli olduğunu bir daha sübuta yetirir. Nazirlər Kabinetinin sözügedən iclasında Prezident İlham Əliyev bildirib ki, sənaye istehsalı ilə bağlı həm iri layihələr icra edilir və eyni zamanda, orta və kiçik sahibkarlığın inkişafı sənaye potensialımızı daha da gücləndirəcək: “Mən iri layihələr arasında, əlbəttə ki, Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələri qeyd etmək istəyirəm. Onların arasında SOCAR Polimer kompleksinin tikintisi xüsusi yer tutur. Buraya böyük investisiya - təqribən 700 milyon dollardan çox sərmayə qoyulur. İki ildən sonra artıq bu müəssisə hazır məhsul istehsal edəcək. İdxaldan asılılıq tamamilə aradan götürüləcək və böyük ixrac potensialı yaranacaqdır. Eyni zamanda, 2018-ci ildə azot gübrələri zavodunun istismara verilməsi planlaşdırılır. Bu da gübrələrə olan tələbatımızı tam təmin edəcək, idxala artıq ehtiyac olmayacaq və böyük həcmdə ixrac potensialı yaranacaqdır. Burada da üstünlük ondan ibarətdir ki, bu məhsulların satışı ilə bağlı heç bir problem olmayacaq. O ki qaldı polimer zavodunun fəaliyyətinə bu, birinci mərhələ olmalıdır. Ondan sonra və bəlkə də indidən özəl sektor da qoşulmalıdır ki, artıq onlar da hazır məhsul istehsalına başlasınlar”.
Təbii ki, bu kimi böyük müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın iqtisadi potensialını gücləndirməklə yanaşı, minlərlə yeni iş yerlərinin yaradılması anlamına gəlir ki, bu da birbaşa ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndiriməsinə, əhalinin həyat səviyyəsinin yüksəlməsinə xidmət edir.
Azərbaycanda bir neçə sənaye mərkəzi yaradılmalıdır
Prezident İlham Əliyevin yeni sənayeləşmə siyasəti ilə bağlı qarşıya qoyduğu mühüm vəzifələrdən biri də məhz ölkəmizdə sənayenin regional strukturunun təkmilləşdirilməsi və hər rayonda sənaye məhəllələrinin yaradılması ilə bağlıdır. Dövlət başçısı sözügedən müşavirədəki nitqində də bu məsələyə toxunaraq vurğulayıb ki, Azərbaycanda bir neçə sənaye mərkəzi yaradılmalıdır. Prezidentin bu tapşırıqlarının icrası ilə əlaqədar sənaye sahəsinin inkişafının və onun yeni regional strukturunun formalaşdırılmasının hüquqi bazasını təmin etmək üçün əməli addımlar atılıb. Dövlət başçısı regionların inkişafı üçün əlverişli şəraitin yaradılması, investisiyaların təşviqi və prioritet sahələrə yönəldilməsi, yeni iş yerlərinin açılması, müasir idarəetmə təcrübəsindən istifadə olunması, rəqabətqabiliyyətli mal və xidmətlərin təqdim edilməsi kimi məsələlərin həllinə nail olmaq məqsədilə hələ 2007-ci ildə “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” müvafiq Fərman imzalayıb. Ölkəmizdə “Xüsusi iqtisadi zonalar haqqında” ayrıca qanun qəbul edilib. Bundan başqa, dövlət başçısının 24 aprel 2013-cü il tarixində imzaladığı Fərmanla “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiqlənib. Bu sənəd sənaye parklarının yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyən çox mühüm baza sənədidir. Eyni zamanda, Prezident İlham Əliyev 2014-cü il 8 oktyabr tarixində ölkədə sənaye məhəllələrinin yaradılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb. Son illərdə ölkəmizdə yeni regional sənaye quruculuğuna start verilməsi ilə respublikanın sənaye xəritəsi əhəmiyyətli dərəcədə dəyişib. Regionlarda yaradılan sənaye müəssisələri uğurla fəaliyyət göstərərək ölkənin iqtisadi potensialının artmasında, o cümlədən də bölgələrdə məşğulluq probleminin həllində mühüm rol oynayır. Dövlətimizin başçısı bununla bağlı deyib: “Əlbəttə ki, Bakı Cənubi Qafqazın ən böyük sənaye şəhəridir. Gəncə, Sumqayıt və eyni zamanda, Mingəçevir şəhərində çox böyük sənaye potensialı, çox hazırlıqlı kadr potensialı var. Bu il Mingəçevir şəhərində yüngül sənaye kompleksinin təməli qoyulmalıdır. Bu, Mingəçevirdə işsizlik problemlərinin həllinə çox müsbət təsir göstərəcək və biz çox böyük, yeni sənaye mərkəzini yaradacağıq. Mingəçevirdə bir neçə böyük sənaye müəssisəsinin tikintisi nəzərdə tutulur. Burada da yüngül sənaye inkişaf edəcək. Yaxın zamanlarda minlərlə iş yeri açılacaqdır”.
Neftçalada səkkiz layihənin icrasına 40 milyon manat investisiya qoyulacaq
Respublikamızda sənayenin regional strukturunun formalaşdırılması, sənaye quruculuğunda regionların potensialından səmərəli istifadə edilməsi baxımından Prezident İlham Əliyevin 2015-ci il 2 fevral tarixində imzaladığı “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncam mühüm əhəmiyyət daşıyır. Sənaye məhəlləsinin yaradılması üçün 10 hektar torpaq sahəsi ayrılıb. Yeni sənaye məhəlləsi rayon mərkəzindən təxminən 5 kilometr aralıda, Salyan-Neftçala magistral yolunun kənarında inşa edilir. Burada qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri tikilir. Əsas diqqət isə region üçün prioritet olan sənaye məhsullarının istehsalına yönəldiləcək. Dövlətimizin başçısı bildirib ki, Neftçalada artıq səkkiz layihə hazırdır və bu layihələrin icrasına 40 milyon manat investisiya qoyulub.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında növbəti sənaye zonasının Masallı şəhərində yaradılacağını bildirib. Əlbəttə, Azərbaycan iqtisadiyyatının daha da inkişafına xidmət edən bu təşəbbüslər davamlı olacaq və gələcəkdə digər şəhər və rayonlarımızda da buna bənzər addımların atılacağı şübhə doğurmur. Çünki hər bir rayonumuzda sənayenin ayrı-ayrı sahələrinin inkişafı üçün zəngin potensial və ciddi dövlət dəstəyi mövcuddur. Dövlət başçısı İlham Əliyev bununla bağlı fikirlərini bu cür diqqətə çatdırıb: “İkinci sənaye zonası Masallı şəhərində yaradılacaqdır. Masallı sənaye zonasında fəaliyyət göstərmək üçün sahibkarlar tərəfindən 33 layihə təqdim olunub. Bu layihələrin investisiya həcmi 31 milyon manatdır. Bu, çox müsbət inkişafdır. Bu, onu göstərir ki, bizim qəbul etdiyimiz qərarlar icra edilir. Əminəm ki, digər şəhər və rayonlarımızda da buna oxşar proseslər sürətlənəcək. Çünki hər bir rayonda sənaye potensialının inkişafı üçün gözəl imkanlar var”.
Ümumiyyətlə, yeni iqtisadi şəraitin meydana çıxartdığı mühüm çağırışlardan biri də ölkənin potensialından geniş istifadə edilməsi, respublikaya valyuta daxilolmalarının artmasına imkan yaradan perspektivli sahələrə maksimum diqqət yetirilməsi zərurəti ilə bağlıdır. Təbii ki, yeni sənaye müəssisələrinin yaradılmasında əsas hədəflərdən biri də ölkənin ixrac potensialının gücləndirilməsidir. Azərbaycanın öz məhsulları ilə xarici bazarlara çıxması ölkənin iqtisadi gücünü artıran mühüm amillərdəndir. Dövlət başçısı Nazirlər Kabinetinin iclasında bildirib: “Biz ilk növbədə özümüzü bütün sənaye məhsulları ilə təmin etməliyik. Eyni zamanda, çox ciddi ixrac potensialı da yaratmalıyıq və xarici bazarlara çıxmalıyıq”.
Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, hazırda Azərbaycanda çox güclü qeyri-neft ixracı potensialı yaradılır. Dövlətimizin başçısının sözlərinə görə, qarşıdakı dövrlərdə də davamlı institusional tədbirlər görüləcək ki, ölkənin geniş sənaye imkanlarından faydalanılaraq ixracı, ölkə sahibkarlarının xaricə daha çox məhsul çıxarmasına geniş imkanlar yaradılsın. Bu məqsədlə təşviq mexanizmi artıq tətbiq olunur.
Azərbaycanda xalçaçılığın inkişafı üçün geniş imkanlar yaradılır
Onu da qeyd edək ki, ölkəmizdə böyük inkişaf potensialı olan sahələrdən biri də xalçaçılıqdır. Azərbaycan xalqına dünya şöhrəti gətirən sənət növləri arasında xalçaçılıq öncül yerlərdən birini tutur. Xalçaçılığın sevimli məşğuliyyətə çevrilməsinin səbəbi əgər ilk dövrlərdə yalnız onun məişətdə mühüm rol oynaması ilə bağlı idisə, sonrakı mərhələdə bu sənət növünün həm də insanların sosial-iqtisadi ehtiyaclarının təminatçısına çevrilməsi idi. Bütün bunların nəticəsində Azərbaycan dünyanın ən məşhur xalçaçılıq mərkəzlərindən birinə çevrilib.
Xalçaçılığın inkişaf tarixi göstərir ki, Azərbaycan xalqının milli həyat tərzi ilə sıx bağlılığı ilə yanaşı, əhəmiyyətli növləri, həmçinin də xalqın həyat varlığının etik, mənəvi normaları və identikliyi ilə bağlı sənət növü olub. Xalçaçılıq orta əsrlərdə daha da inkişaf edib, əsrlər boyu Azərbaycan əhalisinin məişət, iqtisadiyyat, incəsənət və dünyagörüşü, həyat fəlsəfəsində mühüm yer tutub. Bu baxımdan, mövcud potensialı nəzərə alaraq hazırda hökumət bu sahənin inkişafına diqqəti artırıb. Belə ki, ölkəmizdə xalçaçılığın inkişaf etdirilməsi ilə bağlı müxtəlif bölgələrdə yerlər ayrılır, dövlət tərəfindən bütün lazımi avadanlıqlar, dəzgahlar təmin edilir. Bu sahənin zəruriliyini vurğulayan Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında qeyd edib ki, görülən tədbirlər nəticəsində birinci mərhələdə min və ondan sonrakı mərhələlərdə 5 min iş yeri açılacaq: “Bu yaxınlarda “Azərxalça” Səhmdar Cəmiyyəti yaradılıbdır. Xalçaçılıq sənəti bizim milli sərvətimizdir. Əsrlər boyu Azərbaycan xalçaçılığı inkişaf etdiribdir və Bakının mərkəzində - Bulvarda açılmış Xalça Muzeyi həm özlüyündə bir memarlıq əsəridir və eyni zamanda, bizim qədim sənətimizi bütün dünyada nümayiş etdirir. Ancaq əfsuslar olsun ki, xalçaçılıq sənaye kimi Azərbaycanda az inkişaf edib. Ancaq fərdi qaydada bu sahə ilə məşğul olanlar xalça toxuyurlar və bunu həm ölkə daxilində, həm də xaricə sata bilirlər. Nəzərə alsaq ki, bu sahədə bizim böyük ənənələrimiz var, xalça sənəti Azərbaycan xalqının böyük sərvətidir və dünya miqyasında biz qabaqcıl yerlərdəyik, ona görə qərar qəbul edilib ki, bu məsələlər məqsədyönlü şəkildə öz həllini tapsın. Həm bu qədim sənət yaşasın, kadrlar axını təmin edilsin, eyni zamanda, biz xalçaçılıq sənayesini də yaradaq. Bu, ixrac yönümlü məhsul kimi ölkəmizə böyük həcmdə valyuta gətirəcək”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

