/ / Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyi və böyük ixrac potensialının yaradılması üçün başlıca şərtdir
Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyi və böyük ixrac potensialının yaradılması üçün başlıca şərtdir
14.07.2016 [09:41]
Prezident İlham Əliyev: Bu il görülən və görüləcək işlər, həmçinin gələn il görüləcək işlər nəticəsində kənd təsərrüfatında çox böyük irəliləyiş olacaqdır
Son illərdə qlobal miqyasda siyasi və iqtisadi müstəvidə müşahidə edilən arzuolunmaz proseslər fonunda iqtisadiyyatı neft amili ilə bu və ya digər dərəcədə bağlı olan ölkələr üçün yeni çağırışlar yaranıb. Bu qəbildən olan ölkələr neft daxilolmalarının azalmasını iqtisadiyyatın digər perspektivli sahələrinin üstün inkişafına nail olaraq yeni ixrac imkanları yaratmaqla kompensasiya edə bilərlər. Azərbaycan üçün qeyri-neft iqtisadiyyatının belə perspektivli istiqamətlərindən biri aqrar sektordur. Respublikamızda yeni dünya çağırışlarına uyğun olaraq aqrar sektorun inkişaf etdirilməsi real zəminə və ölkənin güclü iqtisadi potensialına əsaslanır. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Respublika əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişaf etdirilməsi sosial baxımdan da ciddi önəm kəsb edir. Eyni zamanda, dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə və davamlı olaraq həyata keçirilən aqrar islahatlar nəticəsində respublikada kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Aqrar sahədə məqsədyönlü dövlət siyasəti bu sahənin davamlı inkişafını şərtləndirir. Məlum çətinliklərlə müşayiət olunan cari ilin birinci yarısında kənd təsərrüfatında 3 faizdən çox artıma nail olunması deyilənlərin təsdiqidir. Yeri gəlmişkən Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində cari ilin arxada qalan dövrü ərzində aqrar sahədə qazanılan uğurlardan məmnunluq ifadə etməklə yanaşı bildirib ki, bu sahədə potensial daha böyükdür: “Kənd təsərrüfatı 3 faizdən bir qədər çox artıb. Bu da müsbət haldır, ancaq potensial daha da böyükdür. Bu il görülən və görüləcək işlər, həmçinin gələn il görüləcək işlər nəticəsində kənd təsərrüfatında çox böyük irəliləyiş olacaqdır”.
Ölkənin ərzaq təhlükəsizliyi və ixrac potensialının artırılması istiqamətində zəruri tədbirlər görülür
Yaranmış qlobal çətinliklər fonunda ölkəmizdə kənd təsərrüfatının inkişafı bir tərəfdən ərzaq təhlükəsizliyinin tam təmin edilməsi, eyni zamanda, böyük ixrac potensialının yaradılması üçün başlıca şərt qismində çıxış edir. Qeyd etmək yerinə düşər ki, son illərdə ölkəmizdə ərzaq təminatının daxili istehsal hesabına təmin olunması istiqamətində davamlı tədbirlər həyata keçirilir və eyni zamanda, normativ-hüquqi baza möhkəmləndirilir. Respublikamızda Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib. Dövlət başçısı 2014-cü il yanvarın 16-da isə “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəddə respublikanın ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilən Dövlət Proqramının icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması, ərzaq bazarının səmərəli fəaliyyətinin təşkil edilməsi ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub.
Həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb. Respublikamızda əhalinin üzümə, kartofa, tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsinin 100 faizə çatması məmnunluq doğurur. Son illərdə Azərbaycanda aqrar sektorda ərzaq məhsulları istehsalının yüksək artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Prezident İlham Əliyevin vurğuladığı kimi, heyvandarlığın inkişafı da yeni mərhələyə qədəm qoyur, yeni yanaşma tətbiq edilir. Nəticədə, respublikamıza xaricdən mal-qara, ət və süd məhsullarının idxalı əhəmiyyətli dərəcədə azalıb. Qeyd etmək yerinə düşər ki, hazırda Azərbaycanda əhalinin ət və ət məhsullarına olan tələbatının 90 faizdən çoxu yerli istehsal hesabına ödənilir. Əldə olunan nəticələr onu deməyə əsas verir ki, Azərbaycan bundan sonra özünü tam şəkildə ətlə, südlə və süd məhsulları ilə təmin edəcək. Bu məqamda onu da vurğulayaq ki, ölkədə heyvandarlığın müasir yollarla inkişafı bitkiçiliyə də çox müsbət təsir göstərəcək. Örüş torpaqlarından digər bitkiləri yetişdirmək üçün istifadə ediləcək.
Yeni təsərrüfat subyektlərinin, o cümlədən də aqroparkların yaradılması da ölkənin ərzaq təminatının möhkəmləndirilməsinə olduqca müsbət təsir göstərəcək. Artıq respublikanın ayrı-ayrı bölgələrində aqroparkların yaradılmasına başlanılıb və bu proses davam etdiriləcək. Prezident İlham Əliyev hər bölgədə bir neçə aqropark yaradılmasının zəruri olduğunu bildirib: “Azərbaycanda aqroparkların yaradılması başlayıb, həm Yalamada, həm Şəmkirdə. Bu, yaxşı haldır, amma bu, azdır. Bütün bölgələrdə bir neçə aqropark yaradılmalıdır”.
Yuxarıda vurğuladığımız kimi, aqrar sektorun dinamik inkişafının təmin olunması ölkənin ixrac potensialının artırılması baxımından da müstəsna əhəmiyyət daşıyır. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Nəzərə alsaq ki, neftdən gələn gəlirlərin həcmi azalıb, biz bu gəlirləri müəyyən mənada kənd təsərrüfatı məhsullarının ixracı ilə kompensasiya etməliyik”.
Sevindirici haldır ki, artıq ölkənin regionlarında ixractutumlu məhsulların istehsalının artırılmasına nail olmaq məqsədilə zəruri tədbirlər həyata keçirilir. Fermerlərə güzəştli subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, zəruri texnikanın alınması bu kimi tədbirlər sırasındadır. Azərbaycanın qeyri-neft məhsulları üzrə ixrac imkanlarının artırılmasında meyvəçilik və tərəvəzçilik mühüm rol oynaya bilər. Əlamətdar haldır ki, ölkənin qeyri-neft məhsulları ixracının strukturunda kənd təsərrüfatında istehsal olunan meyvə-tərəvəzin çəkisi getdikcə artır. Kənd təsərrüfatı məhsullarının ixrac bazarının genişləndirilməsi və bu sahədə məhsul istehsalçılarına zəruri şəraitin yaradılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqlara uyğun olaraq 2015-ci ildə respublikamızdan 312 milyon ABŞ dolları həcmində meyvə-tərəvəz məhsulları ixrac edilib. Beləliklə, ölkəmizdən xarici bazarlara meyvə-tərəvəz ixracı əvvəlki illə müqayisədə 7,2 faiz artıb və ixracın həcmi idxalı dəfələrlə üstələyib.
Taxılçılıqda məhsuldarlığı iki dəfə artırmaq mümkündür
Ölkənin etibarlı ərzaq təminatına nail olunmasında taxılçılıq strateji əhəmiyyət daşıyır. Belə ki, taxılçılıq əhalinin əsas ərzaq məhsulu sayılan çörəyə və digər un məmulatlarına tələbatını ödəməklə yanaşı, eyni zamanda, quşçuluq və maldarlıq üçün də yem bazası rolunu oynayır. Prezident İlham Əliyev qarşıya ölkəmizdə taxıla olan tələbatın daxili istehsal hesabına ödənilməsini hazırkı 64 faizdən yaxın perspektivdə 100 faizə çatdırılması ilə bağlı vəzifə qoyub. Bu strateji məqsədə çatmaq üçün torpaqlardan səmərəli şəkildə istifadə edilməsi əsas vəzifə kimi müəyyənləşdirilib. Bundan başqa, qabaqcıl təcrübənin, intensiv metodların tətbiqi taxılçılıqda istehsalın genişlənməsinə müsbət təsir göstərən vacib amillərdir. Sözügedən iclasdakı nitqində Prezident İlham Əliyev vurğulayıb ki, məhsuldarlığın artırılması hesabına taxılçılığın inkişafı təmin olunmalıdır. “Mən hesab edirəm ki, gələcəkdə biz məhsuldarlığın artırılması hesabına taxılçılığı inkişaf etdirməliyik. Biz iri fermer təsərrüfatlarının timsalında görürük ki, məhsuldarlığı iki dəfə artırmaq olar”.
Qeyd edək ki, respublikamızın regionlarında taxılçılıq sahəsində dünya miqyasında təsdiqini tapan qabaqcıl təcrübənin tətbiqi, o cümlədən də iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir. Ölkənin müxtəlif bölgələrində iri fermer təsərrüfatlarının yaradılmasına Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bir neçə il bundan qabaq start verilib. Dövlət Torpaq Fondunun hesabına yaradılan iri fermer təsərrüfatlarının fəaliyyətə başlaması ilə ölkəmizdə, əslində, yeni bir kənd təsərrüfatı sisteminin formalaşdığını söyləmək mümkündür. İri fermer təsərrüfatlarının yaradılması respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Dövlət başçısının tapşırığına uyğun olaraq hazırda Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı və digər rayonlarda iri fermer təsərrüfatları yaradılır. İndiyədək 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatının yaradılması başa çatıb və məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir. Regionlarda taxılçılıq təsərrüfatlarında həyata keçirilən zəruri tədbirlərin nəticəsidir ki, son illərdə taxıl istehsalında davamlı olaraq artım müşahidə edilir. Ölkə miqyasında 2014-cü ildə 2 milyon 300 min ton, 2015-ci ildə isə 2 milyon 900 min ton taxıl istehsal olunub. 2016-cı ilin taxıl yığımı mövsümündə respublika üzrə 927,4 min hektar sahədə biçin böyük uğurla başa çatmaq üzrədir. İlkin proqnozlara görə, cari ildə ölkədə 3 milyon tondan artıq taxıl istehsalı gözlənilir. Hazırda istehsal edilmiş taxılın satışında və ayrı-ayrı dəyirmanlar tərəfindən tədarükündə heç bir problem müşahidə olunmur.
Respublika miqyasında texniki bitkilərin becərilməsinə böyük diqqət göstərilir
Azərbaycanın regionlarında aqrar sektorda kifayət qədər yaxşı təcrübə və nəticələr qazanılmış sahələr sırasında pambıqçılığı, tütünçülüyü xüsusi qeyd etmək mümkündür. Yeni iqtisadi şəraitdə Azərbaycanın ixrac imkanlarının genişləndirilməsi baxımından ölkədə bölgələrin ənənələrinə uyğun olaraq müxtəlif növ texniki bitkilərin becərilməsinə diqqətin artırılması müstəsna əhəmiyyət daşıyır. Prezident İlham Əliyev cari ilin əvvəlindən respublikamızda texniki bitkilərin becərilməsi sahəsində ciddi dönüş yarandığını xüsusi nəzərə çatdıraraq vurğulayıb: “Bu il texniki bitkilərin istehsalı ilə bağlı çox ciddi addımlar atılıb. Bu işdə Prezident Administrasiyasının fəaliyyətini xüsusi qeyd etməliyəm və yerli icra orqanlarının rəhbərləri çox səmərəli işlədilər. Təbii ki, Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyi bu işlərdə çox fəal iştirak edirlər. Qısa müddət ərzində biz bu sahədə çox ciddi dönüş yarada bilmişik”.
Yeni iqtisadi şəraitdə tütün kimi gəlirli sahəyə də diqqətin artırılması böyük perspektiv vəd edir. Tütünçülük respublikamızda əsasən Qax, Balakən, Zaqatala kimi rayonlarda geniş yayılıb. Hazırda respublikamızda tütünün əkini ilə 4 şirkət - “Araz”, “İntertabako”, “İlham”, “Tobako hause” MMC kimi qurumlar məşğul olur. Bu 4 şirkət məhsul istehsalçıları ilə müqavilə bağlayaraq ayrı-ayrı regionlarda tütün əkini həyata keçirir. Prezident İlham Əliyev respublikamızda tütünçülüyə böyük maraq olduğunu nəzərə çatdıraraq bildirib ki, son bir ildə bu istiqamətdə böyük işlər görülüb: “Tütünçülüyün inkişafına da çox böyük maraq var və burada da cəmi bir il ərzində böyük işlər görülüb. 2015-ci ildə 1400 hektarda, bu il 2500 hektarda tütün əkilib və bu, daha da geniş vüsət almalıdır”.
Son illərdə respublikanın bölgələrində yaradılan müasir infrastruktur, həmçinin aqrar sektorun zəruri texnika ilə təminatının gücləndirilməsi, yeni suvarma sistemlərinin yaradılması, genişmiqyaslı meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, toxumçuluğun inkişafına göstərilən diqqət digər gəlirli sahə olan pambıqçılıqda məhsuldarlığın artırılmasına geniş imkanlar açır. Prezident İlham Əliyev respublikamızda pambıqçılığın inkişafına diqqətin artırılmasından məmnunluğunu ifadə edərək deyib: “Pambıqçılıqla bağlı çox ciddi addımlar atılıb. Biz pambıqçılığı bərpa edirik, dirildirik və pambıqçılığın şöhrətini özünə qaytarırıq”.
Qeyd edək ki, hazırda 24 rayonda pambıqçılıq inkişaf edir. 2015-ci ildə 18 min hektardan cəmi 30 min ton pambıq yığılıb. Son bir neçə ay ərzində görülmüş tədbirlər nəticəsində 52 min hektarda pambıq əkini təmin edilib və bu il 100 min ton məhsul gözlənilir. Ölkəmizdə pambıqçılığın inkişaf perspektivləri isə daha genişdir. Nazirlər Kabinetinin yuxarıda bəhs edilən iclasındakı nitqində Prezident İlham Əliyev pambıqçılıqda yeni texnologiyaların, yeni suvarma sistemlərinin tətbiqi sayəsində məhsuldarlığın artacağına əminliyini bildirib: “Gələn il 120 min hektar əkilməlidir. Yeni texnologiyalar, yeni suvarma sistemləri tətbiq olunacaq. Ona görə, hektardan məhsuldarlıq indiki 20 sentnerdən minimum 30 sentnerə qalxmalıdır. Belə olan halda, gələn il minimum 300 min ton pambıq yığılmalıdır. Bu, ölkəmizə həm valyuta gətirəcək, həm məşğulluğu təmin edəcək”.
Dövlətin baramaçılıq sahəsində geniş planları var
Respublikamızda baramaçılıq sahəsində də zəngin ənənələr formalaşıb. Azərbaycanın 30-dan çox inzibati-ərazi vahidində, o cümlədən də Şəki-Zaqatala, Kür-Araz, Yuxarı Qarabağ və Naxçıvanın düzən və dağətəyi zonalarında yerli əhalinin baramaçılıq sahəsində zəngin təcrübəsi var. Prezident İlham Əliyevin yeni iqtisadi şəraitdə ixractutumlu məhsul istehsalının genişləndirilməsi ilə bağlı müəyyənləşdirdiyi istiqamətlərdən biri də baramaçılığın inkişaf etdirilməsi ilə bağlıdır. Cari ilin əvvəlindən regionlarda baramaçılığın inkişafı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ardıcıl işlər həyata keçirilib. Çin Xalq Respublikasından gətirilən 800 qutu və İran İslam Respublikasından alınan 750 qutu ipəkqurdu toxumu Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya edilərək respublikanın 23 rayonundan olan fermerlərə pulsuz paylanılıb. Stansiyada əlavə olaraq, daha 200 qutu ipəkqurdu toxumu inkubasiya edilərək kümçülərə paylanılıb. Həyata keçirilən bu və digər tədbirlər nəticəsində barama istehsalı artıb. Əgər 2015-ci ildə ancaq bir rayonda - Şəkidə 200 kiloqramdan bir qədər çox barama istehsal edilibsə, bu il 25 rayonda qısa müddətdə 70 ton barama istehsal olunub.
Respublikada baramaçılığın inkişafı ilə bağlı perspektiv planlar isə daha genişdir. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev bildirib: “İndi bizim daha da geniş planlarımız var. Biz artıq bir kiloqram baramaya verilən məbləği də demək olar ki, üç dəfə artırmışıq. Əgər əvvəllər bir kiloqrama 3 manat verilirdisə, indi 8 manat verilir. Tut tinglərinin əkilməsi prosesi sürətlə aparılmalıdır. Mən maraqlanmışam və verilən məlumata görə, Azərbaycanda 354 min tut ağacı var. Amma bizim planlarımıza görə, payız mövsümündə 1 milyon 600 min tut tingi əkilməlidir. Bu, nəticə etibarilə barama istehsalını keçən ildəki 232 kiloqramdan 2019-cu ildə 1300 tona qaldıracaq. Əgər bu il 45 gündə insanlar 560 min manat pul alıblarsa, 2019-cu ildə 10 milyon manat pul alacaqlar. Dövlət, bax, bu işləri görür və görəcək”.
Ölkəyə gəlir gətirən məhsulların istehsalı genişləndirilməlidir
İndiki şəraitdə ölkəyə gəlir gətirən məhsulların istehsalının genişləndirilməsi də böyük əhəmiyyət daşıyır. Məsələn, respublikamızın müxtəlif bölgələrindən xarici istehlak bazarlarına böyük həcmlərdə xurma ixrac olunur və əvəzində ölkəmiz valyuta qazanır. Şəki-Zaqatala bölgəsində geniş yayılan fındıqçılıq da belə gəlirli sahələrdəndir. Azərbaycan fındıq istehsalı üzrə dünyada 3-4-cü yerləri tutur. Ötən il fındıq ixracından ölkəmizə 90 milyon dollar vəsait daxil olub. Prezident İlham Əliyev vurğulayıb ki, respublikanın təkcə şimal-qərb bölgəsində deyil, digər zonalarda da bu sahənin inkişafı üçün böyük perspektivlər var: “Təkcə şimal-qərb zonasında deyil, bir çox rayonlarda fındıq istehsalı mümkündür. Ona görə, bütün rayonlar üzrə araşdırmalar aparılmalıdır, harada münbit iqlim şəraiti var dövlət burada çox ciddi dəstəyini göstərməlidir ki, fındıqçılıq sürətlə inkişaf etsin və insanlar daha çox pul qazansınlar”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

