Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanda elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi bir sıra zəruri amillərlə şərtlənir

Azərbaycanda elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi bir sıra zəruri amillərlə şərtlənir

16.07.2016 [09:38]

Yeni tariflər “Azərişıq” və “Azərenerji”nin dövlət büdcəsindən asılılığının azalmasına şərait yaratmaqla yanaşı, eyni zamanda, istehlakçıların elektrik enerjisi sərfiyyatına daha qənaətlə yanaşmalarını və izafi istehlakın qarşısının alınmasını stimullaşdıracaq
Xəbər verildiyi kimi, cari il iyulun 14-də Azərbaycan Respublikası Tarif Şurasının növbəti iclasında “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin müraciətləri nəzərə alınaraq elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilib. Qərara əsasən, bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilib. Yeni tariflər 2016-cı il iyulun 15-dən hesablanacaq. Bu tarixədək istehlak olunan elektrik enerjisinə görə yaranan borclar əvvəlki tariflə ödəniləcək.
Elektrik enerjisinin tariflərinin dəyişdirilməsi sahənin perspektiv inkişafı məqsədi daşıyır
Qeyd edək ki, respublikamızda elektrik enerjisinə görə tariflər son dəfə 2007-ci ildə dəyişdirilib, ötən 10 ilə yaxın müddət ərzində digər ölkələrdə qiymətlərin böyük faizlərlə və yaxud bir neçə dəfə artmasına baxmayaraq, Azərbaycanda qiymətlər sabit saxlanılıb. Məsələn, son 3 ildə Ermənistanda elektrik enerjisinin qiyməti 100-150 faiz artıb. 2015-ci ilin statistikasına əsasən, elektrik enerjisinin tarifləri Ukraynada 48, Moldovada 38, Latviyada 20, Belarusda 16, Türkiyədə 14, Bolqarıstanda 13, Böyük Britaniyada 11, Rusiya və Qazaxıstanda 8 faiz artıb.
Eyni zamanda, Azərbaycanda elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsini zəruri edən bir sıra amillər vardır. Ötən 10 ilə yaxın müddət ərzində ölkəmizdə istehsal güclərinin artırılması, paylayıcı şəbəkələrin genişləndirilməsi, itkilərin azaldılması, enerji təchizatının davamlılığının təmin edilməsi üçün böyük həcmdə investisiya qoyulub. Həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində xidmətin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib. İstehsalçının və paylayıcı şəbəkənin balansına xeyli tikili, qurğu, ötürücü qurğu, maşın və avadanlıqlar qəbul edilib ki, bu da saxlanma və təmir xərclərinin artımını şərtləndirib.
Son 10 ildə enerji sisteminin istehsal gücü 5590 meqavatdan 7160 meqavata çatdırılıb, abonentlərin sayı təxminən 1 milyona yaxın artaraq 2,5 milyonu ötüb. Əhali qrupu üzrə abonentlərin sayğacla təmin edilməsi ödənişsiz olaraq paylayıcı şəbəkə tərəfindən həyata keçirilir. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, bəhs olunan dövrdə transformatorların, elektrik avadanlıqları və komplektləşdirici vasitələrin, digər xammal və materialların qiymətlərində ciddi artım müşahidə edilib. Bununla yanaşı, elektrik stansiyalarının və paylayıcı şəbəkələrin normal istismar vəziyyətində saxlanılması və artan elektrik enerjisi tələbatının ödənilməsi üçün irihəcmli investisiya qoyuluşları tələb olunur. Bütün bu və digər amillər ölkəmizdə elektrik enerjisinin tarifinin dəyişdirilməsi zərurətini gündəmə gətirmişdi. Respublikamızda elektrik enerjisinin tarifinin tənzimlənməsi enerji təchizatında dayanıqlılığın və keyfiyyətli xidmətin davamlılığının təmin edilməsi, istehsalçının və paylayıcı şəbəkənin maliyyə asılılığının azaldılması və sahənin perspektiv inkişafı məqsədi daşıyır.
Hazırda Azərbaycanda elektrik enerjisinin 1 kilovatına görə qiyməti əksər dünya ölkələrindəkindən xeyli aşağıdır
Təbii sual yaranır: Bəs müxtəlif ölkələrdə elektrik enerjisi istehlakçılara hansı qiymətlə satılır? İlk növbədə, region ölkələri ilə müqayisə aparaq. Qardaş Türkiyədə bir kilovat elektrik enerjisinin qiyməti 16 sentdir (təxminən 24,8 qəpik). Ermənistanda istehlakçılar 1 kilovat elektrik enerjisinə görə 12,7 qəpik, Gürcüstanda isə 11,2 qəpik ödəməlidirlər.
Dünyanın ayrı-ayrı ölkələrində isə istehlakçıların elektrik enerjisinə görə xərcləri daha yüksək olur. Məsələn, sosial dövlət hesab edilən Danimarkada istehlakçılar 1 kilovat elektrik enerjisinə görə 52 qəpik, İsveçdə 32 qəpik ödəməlidirlər. Böyük neft istehsalçısı sayılan Norveçdə isə 1 kilovat elektrik enerjisinin qiyməti 2015-ci ildə 27 qəpik təşkil edib. İqtisadiyyatın yüksək inkişaf səviyyəsinə çatdığı Almaniyada 1 kilovat elektrik enerjisinin qiyməti 55 qəpikdən yuxarıdır. Yaponiyada da elektrik enerjisi ucuz deyil. Bu ölkədə 1 kilovat elektrik enerjisinin qiyməti 50 qəpiyə yaxınlaşıb. Niderlandda, İspaniyada, Finlandiyada və Böyük Britaniyada 1 kilovat elektrik enerjisinin qiyməti 31 qəpikdən 43 qəpiyədək dəyişir. İsraildə bu rəqəm 27 qəpikdən yuxarıdır. Bolqarıstanda 1 kilovat elektrik enerjisinin qiyməti təxminən 17 qəpikdir. Bu siyahını daha da uzatmaq mümkündür. Ümumiyyətlə, dünya üzrə 1 kilovat elektrik enerjisinin qiyməti insanların gəlirindən asılı olmayaraq 8 sentdən 20 sentədək (təxminən 12 qəpikdən 31 qəpiyədək) dəyişir.
Beləliklə, elektrik enerjisinin qiyməti bütün dünya üzrə yüksəkdir. Təqdim olunan statistikadan da göründüyü kimi, Tarif Şurasının yeni qərarından sonra da Azərbaycanda elektrik enerjisinin 1 kilovatına görə qiyməti yenə də əksər dünya ölkələrindəkindən aşağıdır.
Sonda onu da deyək ki, bəhs olunan tarif dəyişikliyi nəticəsində bir sıra pozitiv gözləntilər proqnozlaşdırılır. Yeni tarif, ilk növbədə, “Azərişıq” və “Azərenerji”nin gəlirlərinin artmasına, onların dövlət büdcəsindən asılılığının azalmasına şərait yaradacaq. Tarif dəyişikliyi elektrik enerjisi istehsalı və təchizatı sahəsində çalışan 18 min nəfərdən artıq insanın əmək haqlarının artırılması və onların sosial müdafiəsinin gücləndirilməsi üçün tədbirlər həyata keçirməyə imkan verəcək. Eyni zamanda, yeni tarif istehlakçıların elektrik enerjisi sərfiyyatına daha qənaətlə yanaşmalarını və izafi istehlakın qarşısının alınmasını stimullaşdıracaq.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 912 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31