Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan yeni iqtisadi şəraitdə də inamla inkişaf edir

Azərbaycan yeni iqtisadi şəraitdə də inamla inkişaf edir

19.07.2016 [09:55]

Prezident İlham Əliyev: Ötən altı ayın nəticələri göstərir ki, Azərbaycan 2016-cı ili də uğurla başa vuracaq
Respublikamızın zəngin iqtisadi potensialı və Prezident İlham Əliyevin siyasi iradəsi əsasında həyata keçirilən prevantiv tədbirlər bir sıra çətinliklərlə müşayiət olunan yeni iqtisadi şəraitdə də Azərbaycanın inamlı inkişafı üçün etibarlı platforma qismində çıxış edir. Yeni iqtisadi şəraitdə Azərbaycanın uğurlu inkişafının təməlində məhz düşünülmüş siyasət, islahatlar və ölkənin gələcəyi ilə bağlı planların müvəffəqiyyətlə icrası amili dayanır. Hazırda ölkəmizin mənzərəsi yeni iqtisadi şəraitin meydana çıxartdığı çağırışlara uyğun həyata keçirilən dərin iqtisadi islahatlarla səciyyələnir. İslahatlara bütün səviyyələrdə güclü dəstək nümayiş etdirilməsi, əldə olunan ilk nəticələr onu deməyə əsas verir ki, başlanan yeni iqtisadi kurs neft gəlirlərinin azaldığı dövrdə də ölkəmizin uğurlu inkişafını təmin edəcək. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində diqqəti neftin qiymətinin aşağı olduğu indiki dövrdə də ölkə qarşısında duran əsas vəzifələrin uğurla icra edildiyinə yönəldərək vurğulayıb: “Ölkə qarşısında duran bütün əsas vəzifələr uğurla icra edilir. 2016-cı ildə də, - baxmayaraq ki, neftin qiyməti hələ də çox aşağı səviyyədədir, - Azərbaycan inamla inkişaf edir. Bunun təməlində düşünülmüş siyasət, apardığımız islahatlar və ölkəmizin gələcəyi ilə bağlı olan proqramlarımız dayanır”.
Cari ilin birinci yarısının nəticələri nikbinlik üçün əsas yaradır
Qeyd etdiyimiz kimi, yeni iqtisadi şərait bir sıra özünəməxsus çətinlikləri ilə səciyyələnir. Dünya miqyasında baş verən mənfi proseslər qlobal iqtisadiyyata sıx inteqrasiya edən Azərbaycana da öz mənfi təsirini bu və ya digər dərəcədə göstərir. Ən azından onu vurğulamaq lazımdır ki, dünya birjalarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi respublikamızın valyuta daxilolmalarına mənfi təsir göstərib. Bununla belə, yeni iqtisadi şəraitdə də ölkəmiz inkişafa istiqamətlənib. Qlobal miqyasda iqtisadi aktivliyin azalması fonunda respublikamızın dayanıqlı inkişafın ardıcıllığını təmin etməyi hədəfləməsi real zəminə əsaslanır.
Məlumdur ki, son 12 ildə Azərbaycan qlobal məkanda iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə olub. İqtisadiyyatı neft amili ilə sıx bağlı olan Azərbaycanın qlobal risklər şəraitində belə öz potensialını genişləndirməsi və yeni iqtisadi şəraitdə ortaya çıxan qlobal gərginlikləri effektiv tədbirlərlə qarşılaması, ilk növbədə, ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü şaxələndirmə siyasəti ilə bağlıdır. Məhz belə məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idisə, hazırda bu göstərici qeyri-neft sektorunun xeyrinə əhəmiyyətli dərəcədə dəyişib. Güclü şaxələndirmə siyasətinin nəticəsində hazırda ümumi daxili məhsulumuzun 70 faizindən çoxu qeyri-neft sektorunda yaranır.
Azərbaycanın qarşıya qoyduğu hədəf isə yaxın perspektivdə neft amilindən asılılığı tamam aradan qaldırmaqdan ibarətdir. Bu məqsədə çatmaq üçün inkişaf strategiyasının konkret istiqamətləri də müəyyənləşdirilib. Əlamətdar haldır ki, ölkəmizdə qeyri-neft sektorunun genişlənməsi ildən-ilə daha dinamik hal alır. Bunu 2016-cı ilin birinci yarısının statistik göstəriciləri bir daha təsdiqləyir. 2015-ci ildə olduğu kimi, son 6 ayda da ölkə iqtisadiyyatının müsbət inkişaf dinamikası əsasən qeyri-neft sektorunda əldə olunan göstəricilər hesabına baş verib. Prezident İlham Əliyev vurğulayıb ki, 2016-cı ilin birinci yarısının iqtisadi göstəriciləri də çox ümidvericidir. Qeyd edək ki, cari ilin birinci yarısında respublikamızda qeyri-neft sənayesi 2,4 faiz, kənd təsərrüfatı 3,1 faiz artıb, iqtisadiyyata 6,3 milyard dollar sərmayə qoyulub.
Öz növbəsində, cari ilin birinci yarısının nəticələri nikbinlik üçün əsas yaradır. Prezident İlham Əliyev ötən 6 ayda əldə olunan müsbət nəticələrə istinad edərək ölkəmizin bütövlükdə 2016-cı ili uğurla başa vuracağına əminliyini ifadə edib: “İlin sonuna qədər biz fəal işləməliyik ki, qarşıda duran bütün vəzifələri icra edək. Bir daha qeyd etmək istəyirəm, ötən altı ayın nəticələri göstərir ki, Azərbaycan 2016-cı ili də uğurla başa vuracaq. Əlbəttə ki, biz əsas prioritet istiqamətlər üzrə işimizi daha da təkmilləşdirməliyik”.
İslahatların, başlanmış böyük işlərin nəticələri gələcək illərdə özünü göstərəcək
Ölkəmizdə yeni iqtisadi şəraitdə qarşıya qoyulan strateji hədəflərə çatmaq üçün böyük işlərə start verilib. Prezident İlham Əliyev vurğulayıb ki, 2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq.
Şübhə yoxdur ki, islahatların, başlanmış böyük işlərin nəticələri gələcək illərdə özünü göstərəcək. Əlamətdar haldır ki, başlanılan islahatlar hansısa ayrılıqda götürülmüş bir istiqaməti əhatə etmir. Bu islahatlar iqtisadi sektora aid müxtəlif istiqamətləri əhatə etməklə ümumi inkişafa daha effektiv təsir göstərir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev islahatların çoxşaxəli olmasına xüsusi diqqət çəkib: “Həm maliyyə-bank sektorunda, həm də kənd təsərrüfatının, sənaye potensialımızın inkişafı ilə bağlı çox ciddi islahatlar aparılır”.
Dövlət başçısının siyasi iradəsi əsasında start verilən yeni nəsil iqtisadi islahatlara uyğun olaraq istər ölkədə iqtisadi fəallığın təmin olunması, istərsə də əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan bank-maliyyə sektorunda mühüm sağlamlaşdırma tədbirləri görülür. Mərkəzi Bank Prezident İlham Əliyevin tapşırıqlarını əsas tutaraq bankların konsolidasiyasını həyata keçirir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin müvafiq qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə bəzi bankların lisenziyaları ləğv edilib.
Əmanətlərin sığortalanması da ölkənin bank sisteminin sağlamlaşdırılması istiqamətində atılan mühüm addımdır. Prezident İlham Əliyev “Əmanətlərin tam sığortalanması haqqında” qanunun tətbiqi barədə müvafiq Sərəncam imzalayıb. Bəhs olunan qanuna əsasən, ölkə banklarındakı bütün əmanətlər qarşıdakı 3 il müddətində tam sığortalanacaq.
Yeni iqtisadi şəraitdə ölkənin maliyyə sektorunun dayanıqlılığının təmin edilməsi və bu sahədə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi baxımından Prezident İlham Əliyevin 3 fevral 2016-cı il tarixli müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmasının mühüm əhəmiyyəti var. Belə bir qurumun yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etməkdən ibarətdir.
Yeni dövrün tələbinə uyğun olaraq hazırda ölkəmizdə ixracın təşviqi sistemi işə salınıb. İxracın təşviqinin hüquqi bazasının möhkəmləndirilməsini xüsusi qeyd etmək lazımdır. Dövlət başçısı qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Fərmanda isə yerli məhsulların ixracı ilə bağlı bir sıra mühüm məsələlərin geniş spektri öz əksini tapıb. Qeyd olunan Fərmanda 2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Fərmana əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi nəzərdə tutulur.
Respublikada biznes mühitinin daha da optimallaşdırılması istiqamətində qətiyyətli addımlar atılır. Belə ki, 2015-ci ilin sonlarından etibarən Prezident İlham Əliyev ölkədə biznes mühitinin yaxşılaşdırılmasına, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına, onların hüquqlarının daha dolğun şəkildə qorunmasına hesablanan bir sıra sənədlər imzalayıb. Dövlət başçısı qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərib və bu qanun layihəsi parlamentdə qəbul edilib. Bundan başqa, Prezident İlham Əliyev “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” müvafiq Fərman imzalayıb. Çox haqlı olaraq bu addımlar Azərbaycanda sahibkarlıq sahəsində inqilabi dəyişiklik kimi qiymətləndirilir. Bəhs olunan hər iki sənəd dövlət başçısının sahibkarlara açıq dəstək verdiyini, onların arxasında dayandığını təsdiqləyir. Beləliklə, ölkəmizdə sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb. Dövlət başçısının imzaladığı Fərmana əsasən, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə başlanılıb. Bəhs olunan sənədlər ölkəmizdə sahibkarlığın inkişafının dəstəklənməsinə, eləcə də sahibkarlıq subyektlərinin fəaliyyətinə müdaxilə hallarının aradan qaldırılmasına daha geniş hüquqi təminatlar yaradır.
Yeni iqtisadi şəraitdə vergi bazasının genişləndirilməsi yolu ilə büdcə daxilolmalarının artırılmasına hesablanan islahatlar da böyük önəm daşıyır. Prezident İlham Əliyevin mövqeyi belədir ki, ölkədə iqtisadiyyatın tənzimlənməsində mühüm rol oynayan ayrı-ayrı qurumların, o cümlədən də vergi, gömrük orqanlarının fəaliyyəti yeni dövrün tələblərinə uyğun qurulmalı və tamamilə şəffaflaşdırılmalıdır. Prezident İlham Əliyevin vergi bazasının genişləndirilməsi, gömrük nəzarətinin, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi və qeyri-formal iqtisadiyyatın leqallaşdırılması ilə bağlı verdiyi tapşırıqlar və imzaladığı sənədlər ölkədə iqtisadi sahədə şəffaflığın təmin edilməsi, iqtisadi fəallığın stimullaşdırılması, eyni zamanda, büdcə daxilolmalarının həcminin artırılması baxımından böyük önəm kəsb edir.
Qeyd olunanlardan da göründüyü kimi, ölkəmizdə həyata keçirilən islahatlar ardıcıl və kompleks xarakter daşıyır. Prezident İlham Əliyev bildirib ki, bütün sahələrdə islahatlar daha da dərinləşdirilməlidir: “Bütün sahələrdə islahatlar dərinləşməlidir, şəffaflıq təmin edilməlidir, nəzarət, maliyyə nəzarəti daha da gücləndirilməlidir. Belə olan halda biz neftdən asılılığı tamamilə aradan götürəcəyik. Məsələ məhz belə qoyulub”.
Sənaye istehsalı və kənd təsərrüfatı Azərbaycanın gələcək inkişafının prioritet istiqamətlərini təşkil edir
Yeni iqtisadi şəraitdə iqtisadiyyatın bir sıra istiqamətləri ölkəmizin gələcək inkişafı baxımından prioritet önəm daşıyır. Prezident İlham Əliyev qeyd edib ki, sənaye potensialı və kənd təsərrüfatı gələcək inkişaf üçün əsas rol oynayacaq.
Azərbaycanın iqtisadi potensialı elədir ki, burada həm ənənəvi neftçıxarma və neft emalı sənayesini yeni texnologiyalar əsasında daha da inkişaf etdirmək, eyni zamanda, yeni qlobal çağırışlara uyğun olaraq müasir sənaye sahələri yaratmaq mümkündür. Müstəqil Azərbaycanın sənaye quruculuğu siyasəti də məhz ənənələri saxlamaqla yanaşı, dünyanın müasir trendlərini özündə ehtiva edən, ölkəmiz üçün rəqabətqabiliyyətli ixrac imkanları yaradan yeni sənaye sahələrinin və istehsalatların yaradılmasına istiqamətlənib. Uğurla həyata keçirilən sənayeləşmə siyasəti artıq öz bəhrəsini verir. Son illərdə respublikanın potensialından səmərəli istifadə olunması və davamlı dövlət dəstəyi sayəsində sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olunub. Ümumiyyətlə, son 12 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Bəhs olunan dövrdə respublikanın müxtəlif regionlarında 70 mindən çox müəssisə fəaliyyətə başlayıb. Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 100-dən artıq sənaye layihəsi maliyyələşdirilib. Əlamətdar haldır ki, ölkəmizdə sənayeləşmə siyasəti ildən-ilə daha geniş vüsət alır. 2015-ci ildə respublikamızda 270-dək sənaye müəssisəsi açılıb. Bütövlükdə il ərzində ölkədə sənaye məhsulu istehsalı 2,4 faiz artıb. Sənaye sektorunda inkişaf tendensiyası 2016-cı ilin arxada qalan dövrü ərzində də qorunub saxlanılıb. Respublikamızda qeyri-neft sənayesinin inkişaf dinamikasının daha yüksək olması xüsusilə diqqətəlayiqdir. Belə ki, cari ilin birinci yarısında ölkəmizdə qeyri-neft sənayesi 2,4 faiz artıb ki, bu da olduqca müsbət göstəricidir. Prezident İlham Əliyev qeyd edib ki, sənaye istehsalı ilə bağlı həm iri layihələr icra edilir və eyni zamanda, orta və kiçik sahibkarlığın inkişafı sənaye potensialımızı daha da gücləndirəcəkdir. İri layihələr arasında Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələri xüsusi qeyd etmək mümkündür. Burada SOCAR Polimer kompleksinin tikintisinə böyük məbləğdə investisiya - təqribən 700 milyon dollardan çox sərmayə yönəldilir. Müəssisənin iki ildən sonra məhsul istehsalına başlayacağı proqnozlaşdırılır. Polimer kompleksinin işə düşməsi sayəsində respublikamızın yeni ixrac imkanları yaranacaq. Eyni zamanda, 2018-ci ildə azot gübrələri zavodunun istismara verilməsi planlaşdırılır. Yeni müəssisədə buraxılan məhsullar həm daxili tələbatı ödəyəcək, həm də xarici bazarlara çıxarılacaq.
Respublikamızda dövlət başçısının siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən iqtisadiyyatın neftdənkənar sahələrinin inkişafı strategiyasında həmçinin kənd təsərrüfatında intensiv metodlardan istifadə etməklə yüksək məhsuldarlığa nail olunması, respublikada güclü aqrar-sənaye komplekslərinin yaradılması əsas hədəflərdən biri kimi nəzərdə tutulub. Bu da təsadüfi deyil. Azərbaycan kənd təsərrüfatının geniş inkişaf perspektivlərinə malik olan ölkədir.
Eyni zamanda, son illərdə respublikada həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün münbit zəmin yaranıb. Sevindirici haldır ki, artıq ölkənin regionlarında ixrac tutumlu məhsulların istehsalının artırılmasına nail olmaq məqsədilə zəruri işlər görülür. Fermerlərə güzəştli subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, zəruri texnikanın alınması bu kimi tədbirlər sırasındadır.
Davamlı və hərtərəfli dövlət dəstəyi sayəsində respublikamızda kənd təsərrüfatında əhəmiyyətli artıma nail olunub. Ölkədə bir sıra ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi olduqca böyük nailiyyətdir. Son illərdə Azərbaycanın müxtəlif regionlarında həm daxili ərzaq tələbatının ödənilməsi, həm də ölkənin ixrac imkanlarının genişləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan heyvandarlığın inkişafı xüsusilə diqqəti cəlb edir. Artıq respublikamızın ət və ət məhsulları ilə özünütəminat səviyyəsi 100 faizə yaxınlaşıb. Bu sahədə qarşıya qoyulan hədəf 2016-cı ilin sonunda ölkə əhalisinin heyvandarlıq məhsullarına olan tələbatının tam yerli istehsal hesabına ödənilməsinə nail olmaqdan ibarətdir. Mütəxəssislərin qənaətinə görə, respublikanın bölgələrində heyvandarlıqda intensiv metodların tətbiqi sayəsində məhsuldarlığı 5-6 dəfə artırmaqla hədəflənən nəticələrin əldə olunması tam realdır.
Faktlardan da göründüyü kimi, respublikamızda yeni iqtisadi şəraitdə qeyri-neft sektorunun mühüm istiqamətləri kimi istər sənayenin, istərsə də aqrar sektorun üstün inkişafı təmin olunur. Prezident İlham Əliyev ölkəmizdə real sektorun artmasından məmnunluğunu ifadə edərək deyib: “Sevindirici hal ondan ibarətdir ki, iqtisadiyyatın əsas sahələri - sənaye və kənd təsərrüfatı artıb. Yəni real sektor artıb”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1041 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31