/ / ABŞ-ın İranın enerji istehlakçılarına qarşı yeni sanksiyaları “Cənub Qaz Dəhlizi” layihəsinə aid olmayacaq
ABŞ-ın İranın enerji istehlakçılarına qarşı yeni sanksiyaları “Cənub Qaz Dəhlizi” layihəsinə aid olmayacaq
09.08.2018 [09:05]
Bu barədə “S&P Global Platts” agentliyinin ABŞ Prezidenti Donald Trampın müvafiq qərarına istinadən yaydığı məlumatda qeyd edilib
Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regional və beynəlxalq miqyasda əməkdaşlıq, təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Regionda sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan həm də Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir. Ölkəmiz öz milli maraqlarına müvafiq olaraq həyata keçirilən praqmatik və rasional siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusuna çevrilib. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir. Özəlliklə də, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, qarşılıqlı faydalı əməkdaşlıq platformalarının gerçəkləşdirilməsində Azərbaycanın enerji siyasətinin rolu yüksək qiymətləndirilir. Çünki Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi dəyərləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın strateji təhlükəsizliyini daha da gücləndirir.
Azərbaycanın praqmatik enerji siyasətinin, bu kontekstdə beynəlxalq əməkdaşlığının qanunauyğun nəticəsi kimi xarakterizə edilən “Cənub Qaz Dəhlizi” layihəsi də mühüm tərəfdaşlıq platforması olaraq səciyyələndirilir. Hazırda ölkəmizin moderatorluğu ilə bu layihə uğurla icra edilir. Qeyd edək ki, Cənub Qaz Dəhlizinin resurs mənbəyi rolunda Azərbaycanın zəngin “Şahdəniz” yatağı çıxış edir. Asiya ilə Avropanı, Xəzər hövzəsi ilə uzaq Adriatik dənizi sahillərini əlaqələndirən Cənub Qaz Dəhlizi XXI əsrin layihəsi kimi dəyərləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır. TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlər yekunlaşıb. İyunun 30-dan “Şahdəniz-2” üzrə Türkiyəyə ilk kommersiya qazının tədarükünə başlanılıb. “Şahdəniz-2” layihəsi üzrə ümumi kapital xərclər hazırda 22,7 milyard dollardır və may ayının sonuna kimi bu layihəyə 17,8 milyard dollar xərclənib. CQBKG layihəsinin dəyəri isə 4,5 milyard dollardır və mayın sonuna həmin layihəyə 4,2 milyard dollar sərf edilib. TANAP layihəsinin dəyəri 8 milyard dollar qiymətləndirilir və mayın sonunadək bu layihəyə 5,5 milyard dollar xərclənib. TAP layihəsi üzrə isə kapital xərcləri 4,5 milyard avrodur və may ayının sonuna bu layihəyə 3 milyard avro sərf olunub. Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərinin 80 faizini icra edib. Layihə üzrə “Cənub Qaz Dəhlizi” QSC-nin 2020-ci ilə kimi (daxil olmaqla) payına düşən layihə xərcləri 11,4 milyard dollar təşkil edir. Bu ilin may ayının sonuna artıq 9,1 milyard dollar, yəni təqribən 80 faizi investisiya edilib. Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. TAP boru kəmərinin isə 2020-ci ildə istismara verilməsi gözlənilir. TANAP üzrə ümumi işlərin 94,8 faizi, TAP-la bağlı isə 74,6 faizi yerinə yetirilib.
Yeri gəlmişkən, ABŞ-ın İrana qarşı yeni sanksiyaları “Cənub Qaz Dəhlizi” layihəsinə aid edilməyib. Bu barədə “S&P Global Platts” agentliyinin ABŞ Prezidenti Donald Trampın müvafiq qərarına istinadən yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, ABŞ-ın İranın enerji istehlakçılarına qarşı yeni sanksiyaları “Cənub Qaz Dəhlizi” layihəsinə aid olmayacaq: “Bu layihənin məqsədi Xəzər dənizində hasil edilən 16 milyard kubmetr təbii qazın Türkiyə və Cənubi Avropa ölkələrinə nəql edilməsidir. BP şirkəti bu sanksiyaların Cənub Qaz Dəhlizinin təbii qaz mənbəyi olan Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinə şamil edilməməsini istəyib. Həmçinin İranın “NICO” şirkəti “Şahdəniz” layihəsində 10 faizlik paya sahibdir. Donald Trampın bu qərarında “təbii qaz layihəsi istisna olmaqla” bəndində məhz Cənub Qaz Dəhlizi nəzərdə tutulur”.
Göründüyü kimi, yenidən qüvvəyə minən ABŞ-ın İrana qarşı sanksiyaları Azərbaycanın Xəzərdəki “Şahdəniz-2” yatağında BP şirkəti ilə birlikdə hasilat həyata keçirən İranın “NICO” şirkətinə şamil olunmur. Ümumiyyətlə, yeni tətbiq olunan sanksiyalar istər hasilatda, istərsə də nəqliyyatda Azərbaycanın xahişi ilə tərəfdaşı olan İran şirkətlərinə, eləcə də Cənub Qaz Dəhlizi iştirakçısı olan bu ölkə şirkətlərinə şamil olunmur. Məlumat üçün qeyd edək ki, BP-nin Şimal dənizində İran Milli Neft Şirkəti ilə birlikdə hasilat apardığı “Rhum” qaz yatağı isə sanksiyalara düşüb və BP-nin xahişi nəzərə alınmayıb. Yəni Donald Trampın avqustun 6-da imzaladığı sərəncamda müəyyən olunmuş istisnalar “Rhum” yatağına şamil edilməyəcək. BP-nin ötən il bu yatağı “Serica Energy” şirkətinə satmaq barədə saziş imzalaması da ABŞ sanksiyalarından kənarda qalmaq məqsədi güdür.
Qeyd etmək lazımdır ki, İranın “NICO” şirkəti “Cənub Qaz Dəhlizi” layihəsində 10 faiz paya malik olduğuna görə ABŞ-ın sanksiyalarının təhlükəsi altında idi. Birləşmiş Ştatlar müttəfiq ölkələr və şirkətlərdən bu il noyabrın 4-dək İrandan neft idxalını dayandırmağı istəyib. Sanksiyalar ABŞ-ın maliyyə sistemindən istifadə edən şirkətlərə İranla biznesi qadağan edir. Birləşmiş Ştatların İrandan neft alan ölkələrə qarşı sanksiyaları qlobal bazarda neft təchizatını gündə bir milyon barel azaltmalıdır. ABŞ hökuməti dünya ölkələrini İrandan neft idxalını sıfıra endirməyi tələb edir, lakin Vaşinqton həm də ona işarə edib ki, bu sanksiyalarda bir sıra zəruri istisnalar mümkündür. Buna paralel olaraq İran neftinin idxalından asılı olan ölkələr ABŞ-dan istisna hüququ almaq üçün səylərini davam etdirirlər. ABŞ-dan olan bir heyətin Orta Şərqdə fərqli ölkələrə səfər edərək İran neftinə yönələn sanksiya qərarına dair danışıqlar aparması gözlənilir. Lakin ABŞ İrandan neft idxalına qarşı sanksiyalarda bəzi ölkələrə güzəşt tətbiq etməyi də nəzərdən keçirəcək. Yeri gəlmişkən, “Argus Media” enerji informasiyası saytı da ABŞ-ın İrana qarşı yeni sanksiyalarının “Cənub Qaz Dəhlizi” layihəsinə aid edilmədiyini diqqətə çatdırıb.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17

