Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu aqrar siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu aqrar siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

02.07.2009 [14:22]

Eldar İbrahimov: Heydər Əliyevin Azərbaycanda ilk dəfə rəhbərlikdə olduğu 1969-1982-ci illərdə bütün problemlər aradan qaldırıldı, məqsədyönlü kadr islahatları aparıldı, Azərbaycan dili dövlət dili oldu və bir qarış belə torpağımız ermənilərə verilmədi
İyul ayının 14-də bütün ömrünü xalqına, dövlətinə həsr etmiş, müasir Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin ölkəmizdə ilk dəfə hakimiyyətə gəlişinin 40-cı ili tamam olur. 1969-82-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq ölkəmizə rəhbərlik etmiş Ulu öndər Heydər Əliyev bu dövrlər ərzində Azərbaycanda bütün sahələrin böyük sıçrayışla inkişafını təmin etmiş, qəbul etdiyi qərarlar və atdığı addımlarla ölkəmizi keçmiş SSRİ-nin ən qabaqcıl inkişaf edən respublikalarından birinə çevirmişdir. “Yeni Azərbaycan” qəzeti bu gündən etibarən Ulu öndərimizin xalqımız, dövlətimiz üçün gördüyü işləri, Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərini geniş auditoriyaya daha ətraflı çatdırmaq, dahi şəxsiyyətin zəngin irsini təbliğ etmək məqsədilə ümummilli liderimizlə birgə çalışmış, Onun dövlət quruculuğu işlərinin canlı şahidi olmuş ölkəmizin görkəmli ictimai-siyasi xadimləri ilə müsahibələri, söhbətləri dərc etməyə başlayır. Rubrikamızın ilk qonağı isə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Eldar İbrahimovdur:
- Eldar müəllim ilk öncə istərdik ki, Ulu öndərimiz Heydər Əliyevin birinci dəfə rəhbərliyə gəlişindən əvvəl Azərbaycanda hansı proseslərin getdiyini, ölkə iqtisadiyyatının, insanlarımızın sosial rifah halının necə olduğunu təhlil edəsiniz...
- 1969-cu ilədək Azərbaycan keçmiş SSRİ-də ən geridə qalmış respublika kimi qəbul edilirdi. Bu isə həm ölkənin iqtisadiyyatında, həm də insanlarımızın yaşayış tərzində özünü büruzə verirdi.
Bununla yanaşı, Azərbaycanda həmin illərdə bir növ ideoloji boşluq var idi. Eyni zamanda, İttifaq çərçivəsində yayılmış ermənipərəstlik Azərbaycandan da yan keçməmişdi. Ermənilər demək olar ki, ölkənin vacib postlarında yüksək mövqe tuturdular...
Məhz 1969-cu ilədək Azərbaycanda rəhbərlikdə işləmiş şəxs də İrəvanda doktorluğu müdafiə etdiyi üçün müəyyən güzəştlər çərçivəsində birinci katib olmuşdu. Xatırladım ki, həmin illərdə Qazax bölgəsindən Azərbaycanın torpaqları Ermənistana verilməli idi. Amma 1969-cu ildə rəhbərliyə gələn Ulu öndər Heydər Əliyev Ermənistanın o vaxtki, birinci katibi Koçinyanla Dilicanda görüş keçirdi və bu məsələyə nöqtə qoyuldu...
Bir sözlə, Heydər Əliyev hakimiyyətə gələnədək nəinki ermənilərə torpaq verilmişdi, eyni zamanda, ermənilər ölkədə ali postları ələ keçirmişdilər. Artıq Azərbaycan dili məişət dilinə çevrilmişdi. Bütün tədbirlər, yığıncaqlar rus dilində aparılırdı. Digər tərəfdən isə Azərbaycanda hər bir nazirin müavinlərindən 1-i və ya 2-si erməni əsilli olurdu...
Bəli, Ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə rəhbərlikdə olduğu 1969-1982-ci illərdə bütün problemlər aradan qaldırıldı, məqsədyönlü kadr islahatları aparıldı, Azərbaycan dili dövlət dili oldu və bir qarış belə torpağımız ermənilərə verilmədi.
- Eldar müəllim, ümummilli lider Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərliyə gəldikdən sonra Respublikada sırf iqtisadi sahədə hansı dəyişikliklər oldu?
- Müstəqilliyimizin memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan Heydər Əliyevin zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət filosofların və politoloqların diqqət mərkəzində olacaq. Respublikamızın iqtisadi və siyasi həyatını hərtərəfli əks etdirən bu irsi öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını itirməyən qlobal məsələdir.
Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, aqrar-sənaye bölməsinin və onun aparıcı sahəsi olan kənd təsərrüfatının inkişafında möhtəşəm nailiyyətlər əldə edildi. Azərbaycan Respublikası bütün növ kənd təsərrüfatı məhsulları istehsalına görə rekord nəticələr əldə etdi. Azərbaycan üzüm istehsalına görə 2 milyon ton həddi keçərək keçmiş SSRİ məkanında birinci yeri tutdu, pambıq istehsalı isə 1 milyon ton həddi keçdi. Həmin dövrdə təsərrüfatların maddi-texniki bazası yeni texnika və texnologiya ilə möhkəmləndirildi, əkinçilik mədəniyyəti əsaslı surətdə yüksəldi, bitkiçilik və heyvandarlığın intensiv inkişafı təmin edildi, heyvandarlıq məhsullarının sənaye üsulu ilə istehsalının təşkili üçün çoxsaylı komplekslər və quşçuluq fabrikləri fəaliyyətə başladı. Bitkilərin sortunun və heyvanların cinsinin yaxşılaşdırılması, toxumçuluq və damazlıq işinin elmi əsaslarla təşkili üçün məqsədyönlü işlər həyata keçirildi. Bütün bunlar kənd təsərrüfatı məhsullarının istehsalının dinamik və davamlı inkişafını təmin etdi, respublika bu göstəricilərə görə özünə layiq ön sıraya çıxdı. Kənd təsərrüfatı məhsulları istehsalının artımı ilə yanaşı, emal sənayesinin inkişafına da xüsusi diqqət yetirildi. üzümçülüklə məşğul olan təsərrüfatların əksəriyyətində üzüm emalı müəssisələri tikilib istifadəyə verildi, mövcud pambıq emalı zavodları modernləşdirildi və yeni zavodlar tikildi, çay, tütün, fındıq, meyvə, tərəvəz və digər məhsulların ilkin emalı həyata keçirilməklə müxtəlif çeşidli konserv, şirə və digər bitkiçilik məhsullarının istehsalı genişləndirildi. Kənd təsərrüfatı və emal sənayesinin inkişafı ölkəmizdə yüngül və yeyinti sənayesinin də sürətli inkişafına təkan verdi, bir çox şəhərlərdə yeni yüngül və yeyinti sənaye müəssisələri istifadəyə verildi.
Heydər Əliyevin uzaqgörənliklə həyata keçirdiyi iqtisadi siyasət, göstərdiyi əzmkarlıq, tələbkarlıq və yüksək idarəetmə qabiliyyəti nəticəsində ölkəmizdə aqrar maşınqayırma sənayesi, mineral gübrə və kənd təsərrüfatı üçün lazım olan digər maddi-texniki vasitələrin istehsalı da təşkil olundu.
Bütün bunların nəticəsində Azərbaycanda nəinki möhtəşəm aqrar-sənaye kompleksi yarandı, həmçinin, iqtisadiyyatın digər sahələrinin inkişafını da stimullaşdırdı, qaz, işıq, su, rabitə, yol və digər infrastrukturun genişlənməsi təmin edildi və kəndlərimizin sosial siması kökündən dəyişdi. Bu dövrdə kənd təsərrüfatı ölkə iqtisadiyyatının aparıcı sahəsinə çevrildi və respublikada ümumi Daxili Məhsulun 30-35 faizi bu bölmənin payına düşürdü.
- Məlum olduğu kimi, ümummilli lider Heydər Əliyev 1987-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdi. Daha sonra isə SSRİ imperiyası süqut etdi və məlum hadisələr baş verdi...
- Bilirsiniz, Ulu öndər Heydər Əliyev harada olmasından asılı olmayaraq həmişə Vətənini, xalqını düşünürdü. O, 1982-ci ildə Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrdə də Azərbaycanla əlaqəsini kəsməmiş, respublikamızın iqtisadi və sosial həyatında baş verən prosesləri daimi izləmiş, öz köməyini və qayğısını əsirgəməmişdir. İttifaq rəhbərliyində Onun və xalqımızın qazandığı nailiyyətləri gözü götürməyənlərin məkrli niyyətlərinə dözməyərək vəzifəsindən istefa verdikdən sonra da bu görkəmli siyasi xadim həmişə Vətəni, xalqı ilə birlikdə olmuşdur. 1990-cı ilin Qanlı Yanvar günlərində O, heç bir təqib və təzyiqdən çəkinməyərək respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gələrək ittifaq rəhbərliyinin Bakıda törətdiyi vəhşilikləri kəskin tənqid etmiş, bəyanatla çıxış etmişdir. Xalqımızın mənəvi və maddi sıxıntı məngənəsində boğulduğu, ölkəmizin iqtisadi, siyasi, sosial və hərbi böhran keçirdiyi bu ağır vaxtlarda ümummilli lider Heydər Əliyev xalqı ilə birlikdə olmağa üstünlük verdi, Moskvadan Naxçıvana qayıtdı və əhali Vətənin sınanmış, dahi oğlunu böyük izdiham və mehribanlıqla qarşıladı.
ümummilli lider Heydər Əliyev Naxçıvanda qısa müddət ərzində xalqımızın azadlığı və ölkəmizin müstəqilliyi naminə heyrətamiz işlər gördü. Naxçıvan Ali Məclisinin Onun sədrliyi ilə keçən 1990-cı il 17 noyabr tarixli iclasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı və bu tarixi hadisə ilə XX əsrdə Azərbaycanın ikinci dəfə müstəqillik qazanmasının bünövrəsi qoyuldu. Həmin iclasda Naxçıvan MSSR adından “Sovet Sosialist” sözləri çıxarıldı, 20 Yanvar hadisələrinə siyasi qiymət verildi və Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı. 31 dekabr ilk dəfə olaraq Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi. Sovet ordu hissələri Muxtar Respublikadan çıxarıldı və onun bütün əmlakı Naxçıvanda qaldı. Dünyada baş verən dəyişiklikləri özünəməxsus uzaqgörənliklə təhlil edən Ulu öndər əvvəlki iqtisadi siyasətin davam etdirilməsinin perspektivsiz olduğunu qəti surətdə ortaya qoydu və iqtisadi islahatlara başlamağın vacib olduğunu bəyan etdi. 1991-ci ildə Naxçıvan MR-də aqrar sahədə özəlləşdirmə başladı və bununla da aqrar islahatlar kursuna start verildi. Həyata keçirilən tədbirlər nəticəsində Ermənistanın blokadasında olan və Azərbaycan Respublikası ilə yalnız hava nəqliyyatı əlaqəsi saxlayan Naxçıvanda iqtisadi və sosial vəziyyət normallaşmağa başladı, əhalinin ərzaq təhlükəsizliyi və Muxtar Respublikanın ərazi bütövlüyü kənardan heç bir kömək olmadan təmin edildi. 1993-cü ilin əvvəlində Naxçıvan Muxtar Respublikasının iqtisadi və siyasi həyatında sabitliyin əldə edilməsinə, islahatların genişləndirilməsinə, Ermənistanla müharibədə tarazlığın təmin edilməsinə baxmayaraq, Azərbaycan Respublikasında vəziyyət getdikcə gərginləşirdi. ölkəyə səriştəsiz rəhbərlik iqtisadiyyatın bütün sahələrində misilsiz dağıntıların baş verməsinə, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfındən işğal olunmasına şərait yaratdı, cəbhə bölgələrində müdafiə məsələlərində gərginliyin dərinləşməsinə səbəb oldu. Həmin vaxtlar ölkəmizin öz müstəqilliyini itirmək, ayrı-ayrı bölgələrə parçalanaraq məhv olmaq təhlükəsi artır, xaos, özbaşınalıq, ciddi qanun pozuntuları respublikada sürətlə yayılır, Azərbaycanın bir dövlət kimi dünya xəritəsindən silinməsi təhlükəsi günü-gündən yaxınlaşırdı. Belə bir durumda xalqı öz ardınca aparmağa qadir real bir siyasi qüvvəyə və insanların inandığı liderə ehtiyac duyulurdu. Məhz bu siyasi qüvvə 1992-ci ilin noyabrında Naxçıvan şəhərində təsis edilən Yeni Azərbaycan Partiyası oldu və Heydər Əlirza oğlu Əliyev partiyanın sədri seçildi.
1993-cü ilin birinci yarısında AXC - Müsavat cütlüyünün səbatsızlığı, dövlət quruculuğu və idarəetmədə şəxsi mənafeləri üstün tutması, hakimiyyətə inamsızlıq, itaətsizlik və hökm sürən hərc-mərclik həmin ilin iyun ayında vətəndaş müharibəsinin başlanmasına və müstəqilliyini yenicə elan etmiş Azərbaycan Respublikasının elə beşikdəcə boğulmasına rəvac verdi. Azərbaycan xalqı artıq başa düşürdü ki, ölkəni və xalqı bu bəladan qurtara biləcək yeganə şəxs Ulu öndər Heydər Əliyevdir. ölkənin bütün bölgələrində əhalinin izdihamlı mitinqləri keçirilərək dahi öndər Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsi və hakimiyyətin Ona verilməsi tələb olunur, hamı “Heydər-xalq, xalq-Heydər” şüarını səsləndirir, Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi Ondan xahiş olunurdu. ölkəmizin düçar olduğu ən çətin iqtisadi-siyasi və hərbi durumunda respublikaya ikinci dəfə - 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev yaranmış çox çətin və ağır vəziyyətdən çıxmaq üçün ilk növbədə hakimiyyətin səriştəli kadrlarla möhkəmləndirilməsindən, qayda-qanunlara hamının ciddi əməl etməsinə nail olmaqdan, vəzifədə çalışanların məsuliyyət hissinin artırılmasından, ictimai mənafelərin önə çəkilməsindən başladı.
Ulu öndər Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və uzaqgörənliyi özünü Azərbaycanın inkişaf strategiyasının düzgün seçimində bir daha göstərdi. 1993-cü ildən başlayan siyasi və iqtisadi islahatlar ölkəmizin mövcud potensialından və təbii ehtiyatlarından səmərəli istifadə etməkdə, respublikamızda müstəqil, azad və demokratik dövlət quruculuğunda, onun iqtisadi qüdrətinin möhkəmlənməsi və artmasında mühüm rol oynadı. Bu gün Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olunur, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə özünün layiqli töhfəsini verir. Bütün bunlar Heydər Əliyevin rəhbərliyi və ciddi tələbkarlığı ilə ölkəmizdə iqtisadiyyatın yenidən qurulması üçün həyata keçirilən tədbirlər nəticəsində mümkün olmuşdur.
Heydər Əliyevin bilavasitə rəhbərliyi və iştirakı ilə qısa müddət ərzində iqtisadiyyatın bütün sahələrində islahatların aparılmasına başlandı. Naxçıvandakı islahatların səmərəli nəticəsi kənd təsərrüfatında islahatların daha sürətlə aparılmasına təkan verdi. İslahatların aparılması üçün hüquqi bazanın yaradılması işinə başlamaq məqsədi ilə “Sovxoz və kolxozların islahatı haqqında”, “Aqrar islahatın əsasları haqqında”, “Torpaq islahatı haqqında” və bir sıra digər qanunlar və normativ hüquqi aktlar qəbul olundu. Bundan sonra sovxoz və kolxozlar ləğv edilərək onların torpaqları və əmlakı kənd sakinlərinə paylandı. Hazırda 3,5 milyondan çox əhali torpaq mülkiyyətçisidir və şəxsi torpağında sərbəst olaraq təsərrüfat fəaliyyəti ilə məşğul olur. Aparılan islahatlar öz müsbət nəticəsini verməkdədir. Belə ki, ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalı durmadan artır və ərzaq mallarına olan tələbatın yerli istehsal hesabına təmin olunması səviyyəsi hər il xeyli yüksəlir. Son vaxtlar kənd təsərrüfatı məhsullarının istehsalı əsasən özəl bölmədə əldə edilir və bu bölmənin ümumi istehsalda xüsusi çəkisi 97-98 faiz təşkil edir. Bununla belə, 1988-1993-cü illərdə ölkə iqtisadiyyatını məhvə aparan yanlış siyasətin dağıdıcı nəticələrini tam aradan qaldırmaq, ölkənin ərzaq təhlükəsizliyini təmin etmək, işsizlik problemini həll etmək, kənd yerlərinin sosial inkişafına nail olmaq üçün Ulu öndər Heydər Əliyev irsini dərindən öyrənməyə, tətbiq etməyə, qorumağa və gələcək nəsillərə çatdırmağa böyük ehtiyac var.
Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Heydər Əliyev irsinə sadiq qalaraq apardığı işlər diqqətə layiqdir. Belə ki, bünovrəsi ümummilli lider tərəfındən qoyulmuş aqrar siyasət Prezident İlham Əliyev tərəfındən uğurla davam etdirilir. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə iqtisadiyyatının mühüm sahəsi olan aqrar-sənaye kompleksi və onun əsas bölməsi - kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
- Müsahibəyə görə təşəkkür edirik!
Ramil VƏLİBƏYOV
Paylaş:
Baxılıb: 1275 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31