Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ulu öndər Heydər Əliyev Azərbaycanla nəfəs alırdı

Ulu öndər Heydər Əliyev Azərbaycanla nəfəs alırdı

19.08.2009 [02:21]

Nəriman Həsənzadə: ümummilli lider özümüzü, kimliyimizi, azərbaycanlılığımızı özümüzə qaytardı
- Nəriman müəllim, Ulu öndər Heydər Əliyevlə ilk tanışlığınız neçənci illərə təsadüf edir?
- Ulu öndər Heydər Əliyevlə ilk görüşümüz Nəriman Nərimanov haqqında poemanı yazmaq fikrinə düşdüyüm dövrə-1958-ci ilə təsadüf edir. Ulu öndərlə həmin görüşümüz barədə danışmazdan öncə onu qeyd edim ki, Nəriman Nərimanov haqqında poema yazmaq istəyinə düşməyim heç də təsadüfi deyildi. Məsələ burasındadır ki, mənə Nəriman Nərimanovun adını qoyublar. Daha doğrusu, anadan olanda adım Vaqif olsa da, sonradan dəyişib Nəriman qoyublar. Bu addəyişmənin də qəribə tarixçəsi var. Nəriman Nərimanov anadan olduğum Poylu stansiyasına gəlmişdi. Atam da dəmiryol fəhləsi idi. O vaxt atam Nəriman Nərimanova bələdçilik etmişdi. Beləliklə, 6 yaşımdan sonra adımı dəyişib Nəriman qoyublar. Bu barədə “Nəriman” poemasında ətraflı yazmışam. Hətta belə bir şeirim də var:

Məni Vaqif deyə çağırsalar da,
Nəriman qoydular sonra adımı
Sevdim Vaqifi də sevdim səni də
Sevdim sevdiyimiz bu ölkəni də

Beləliklə, Nərimanov haqqında poema yazmaq fikrinə düşdüm. Daha doğrusu, hazırda dünyasını dəyişmiş yazıçılardan biri həmin vaxt mən Moskvaya M.Qorki adına İnstituta oxumağa gedəndə belə bir məsləhət verdi ki, ora gedəndə böyük əsər yazmağa başla, qayıdanda bitirərsən. Və həmin poemanı yazmaq üçün arxivdə işləmək icazəsi almaq lazım idi. Bu məqsədlə də Dövlət Təhlükəsizlik Komitəsinə məktubla müraciət etdim. Komitənin sədri Semyon Kuzmiç idi. Orada məni qara kostyumlu cavan bir oğlan qarşıladı, polkovnik idi. Sonradan Onun Heydər Əliyev olduğunu bildim. Müşahidələrim onu göstərdi ki, Nəriman Nərimanovu hamıdan çox istəyən elə Heydər Əliyev olub. çünki, N.Nərimanovun heykəli 10 il Cəlal Qaryağdıoğlunun emalatxanasında olub. Heç yerə qoymağa icazə verməyiblər. Yalnız Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olandan sonra həmin heykəlin emalatxana ömrünə son qoyuldu. Ulu öndər N.Nərimanovun hətta Ulyanovskda da heykəlini qoydurdu. Onu da deyim ki, “Nəriman” poeması çap olunandan sonra da başım müsibətlər çəkdi. Orada belə bir misra var idi: “Nəriman dedikcə nərimanlaşıb, özüm də dəyişdim bu neçə ildə”. Mənə dedilər ki, “nərimanlaşmaq” yox, “leninləşmək” lazımdır. O vaxt poemadan 1400 misra ixtisar olunmuşdu. Bu rəqəm özü elə bir poemadır. Qılman İlkin nəşriyyatın direktoru, Eyvaz Borçalı isə redaktoru idi. Bu ikisi mənim yerimə vuruşurdular. Onlara həmişə minnətdaram. Amma 1400 misra silindi getdi.
Sonra Yazıçılar İttifaqının partiya təşkilatının katibi kimi Mərkəzi Komitədə iştirak etdim. Heydər Əliyev birinci katib olanda bildirdim ki, “Nəriman” poemasından çoxlu ixtisarlar olundu. Göstəriş verdi ki, “Nəriman” poeması necə yazılıbsa, o cür də çapa verilsin. Amma çap olunmadı, çünki, misralar itirilmişdi. Hətta belə bir misra da var idi:

Bəlkə tökülsəydi yerin dibindən
Ayaqlar altında qalmazdı Vətən
Neft mənim ölkəmə fəlakət oldu
Nə xeyir, nə də ki bərəkət oldu
Gəlmələr apardı kimsəsiz olduq
Yandıran ölkələr, yanan biz olduq
Qulaq gətirdilər kar olmaq üçün,
Göz təklif etdilər kor olmaq üçün
Ağız gətirdilər yumulmaq üçün
Ağız içində dil lal olmaq üçün

Bunun üstündə mənə divan tuturdular. Və o zaman mənə yeganə arxa, dayaq olan Heydər Əliyev idi. özü də təkcə mənə deyil, o dövrdə yazıb-yaradan ziyalıların hamısına Heydər Əliyev dəstək olub. Heydər Əliyevin tərifə ehtiyacı yoxdur. Onun Azərbaycan üçün, xalqımızın rifahı üçün etdiklərini söyləmək kifayətdir. Ulu öndər Heydər Əliyev Azərbaycanla nəfəs alırdı.
Ulu öndər həmin vaxt yazıçıların, bəstəkarların qurultayında, plenumlarında, ümumiyyətlə, yaradıcı təşkilatların tədbirlərində iştirak etməklə yanaşı, çıxış da edirdi. Hamı Ona heyran olurdu. Hiss olunurdu ki, O, çıxışlarına hazırlaşır. Heç kimdən fikir soruşmurdu ki, kim necə yazıçıdır, necə bəstəkardır. Hamı haqqında məlumatı var idi.
Yazıçının yubileyini 1 il keçirirdi. çalışırdı ki, həmin şəxs haqqında ən azı bir il danışılsın. Bir ildə məqalələr yazılır, kitablar çap olunurdu. Əsl yubiley ili keçirilirdi. Onu da deyim ki, Ulu öndərin göstərişi ilə 1976-cı ildə məni “Ədəbiyyat” qəzetinə baş redaktor təyin etdilər. Təyinatdan öncə Onunla görüşümüz oldu. Ulu öndərə üzümü tutub “Mən altı ilə yaxındır ki, Yazıçılar Birliyində partiya təşkilatı katibiyəm. Əgər eyni zamanda “Ədəbiyyat” qəzetinə baş redaktor təyin olunsam, ya orada aldadacam sizi, ya da qəzetdə” dedim. Səmimi olmağım xoşuna gəlmişdi. Ondan sonra dedim ki, cənab Heydər Əliyev, Sizin yanınızda adam özünə oxşayır. Adama elə gəlirdi ki, qardaşı ilə danışır. Heydər Əliyev incəsənət adamı görəndə, bir yazıçı görəndə tamam başqa insan olurdu.
Bir məqamı qeyd etmək yerinə düşər. “Ədəbiyyat” qəzetinə altı ay rəhbərlik etdikdən sonra qəzeti Mərkəzi Komitənin Bürosunda müzakirəyə çıxardılar. Heydər Əliyevin yanında qəzeti müzakirəyə çıxarmaq asan iş deyildi. özü də mən altı ay işləmişdim, amma yerdə qalan 2 il altı ayda olanları da mənim ayağıma yazmışdılar. Qəzetin 3 illik müzakirəsində, demək olar ki, tənqidlər yağdı. Dedilər ki, Nəriman lirik şairdi, qəzet pis çıxır və s. Mən də qəzetin problemlərindən danışdım. Maşının, mebelin olmadığını dedim. Hörmətli rəhbərlərdən biri “Ola bilsin ki, “İzvestiya” qəzetinin mebeli olmasın, amma onlar qəzet buraxır. Bura mebel yeri deyil” dedi. O dəqiqə Ulu öndər Heydər Əliyev cavab verdi ki, ay filankəs, bəs bu, sözünü harada deməlidir? Bir sözlə, həmin iclasda çox müzakirələr oldu. Sonda Ulu öndər ayağa qalxıb dedi ki, qəzet yaxşı çıxır, mən qəzeti oxuyuram. Bununla da hər şey qurtardı. Sükut çökdü. Və Ulu öndər həmin iclasdan sonra qəzetə külli miqdarda yardım etdi. Qəzetin qonorarını artırdı. Mənim işdən çıxarılacağımı gözləyənlər, Yazıçılar İttifaqına məndən şikayət yazanlar gördülər ki, mən çıxmadım, daha da böyük potensial və maddi imkan ilə işləməyə qayıtdım. Heydər Əliyevdə əsl Azərbaycan kişisinin obrazı var idi. Mənə elə gəlir ki, ədəbiyyatda Onun haqqında hələ çox deyiləcək. Onu da deyim ki, “Əməkdar incəsənət xadimi” fəxri adını, “Şöhrət” və “Şərəf” ordenlərini, Prezident təqaüdünü mənə Ulu öndər Heydər Əliyev verdi. “Xalq şairi” fəxri adını isə İlham Əliyev cənabları verib.
Yeri gəlmişkən, Ulu öndərin qayğı və diqqətini Onun Moskvada olduğu vaxtlarda da hiss etmişəm. Mənim “Novoqo deviçeqo” qəbiristanlığında Heydər Əliyev ilə görüşməyim isə ömrüm boyu yaddaşımdan silinməyəcək. O vaxt həyat yoldaşım Moskvada Onkoloji Xəstəxanada ağır xəstəlikdən müalicə olunurdu. Onda Zərifə xanım dünyasını dəyişmişdi. Onun qəbrini ziyarət etməyə getdim. Elə bil Allahın mənə yazığı gəldi, bu məqamda Heydər Əliyev gəldi ora, axşam saatları idi. Görüşdük. Bildi ki, xanımım orada xəstə yatır. Səhəri gün xəstəxanaya gedəndə gördüm məni axtarırlar. Hamı Qasanzade Narimanı axtarırdı. çünki, Heydər Əliyev zəng vurub tapşırmışdı. Təsəvvür edin ki, həmin günə qədər mənə dərman vermirdilər. Sonradan dərmanlar pulsuz gəlirdi. O dərmanların sayəsində yoldaşım bir il artıq yaşadı. Deyirdi “Nəriman, mən sağalmışam. Ayağa duran kimi özüm şəxsən qardaşıma minnətdarlıq edəcəm”.
- ümummilli lider, eyni zamanda, klassiklərimizə də böyük diqqət və qayğı ilə yanaşırdı...
- Bəli, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə həm də klassiklərimizə böyük diqqət yarandı. Onların abidələri ucaldıldı. Molla Pənah Vaqifə Şuşada böyük bir abidə qoyuldu. “Xarı bülbül” poemasında da bu haqda yazmışam. Abidənin açılış mərasimi bu gün də gözlərimin önündə canlanır. Təsəvvür edin, qar yağır, amma bizlər bu mərasimin istiliyinə o qədər aludə olmuşuq ki, qarın yağmasından belə xəbərimiz yoxdur. Ulu öndər Heydər Əliyev söz verir, bizlər də şeir deyirik. Sual ola bilər, niyə biz bu qədər sevinirdik? çünki Ona qədər biz rəhbər görməmişdik. Azərbaycanın özünün başçısı olmamışdı. Həmişə Moskva bizim rəhbərimiz olmuşdu. Azərbaycana rəhbəri də başqa millətlərdən təyin edirdilər. Yadımdadır ki, N.Xruşşov bura gələndə stadionda görüş keçirilmişdi. Başında şlyapa ola-ola yerli rəhbərlərin hansısa birinin şlyapasını başından çıxarıb əl edirdi. Həmin rəhbər şəxs də bununla fəxr edirdi. Qul təbiəti yaratmışdılar bizdə. Adını çəkməyəcəm, həmin səfərdən sonra Xalq artistlərindən biri deyirdi ki, “Xruşşov üzümdən öpüb, üzümü yumayacam”. Lakin Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bütün bunlara son qoyuldu. Yəni, ümummilli lider özümüzü, kimliyimizi, azərbaycanlılığımızı özümüzə qaytardı.
ümummilli lider Heydər Əliyev, eyni zamanda, ailəsinə olduqca bağlı bir insan idi. Onun görüşlərində Zərifə xanım da gəlib ön sıralarda əyləşir, Ulu öndəri diqqətlə dinləyirdi. Heydər Əliyev də Zərifə xanıma baxıb daha da şövqlə danışırdı. Bu gün həmin ənənə Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın simasında davam etdirilir. Ulu öndər Heydər Əliyev deyirdi ki, “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”, İlham Əliyev cənabları da deyir ki, “Mən hər bir azərbaycanlının prezidentiyəm”. Məhz Ulu öndərin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycanın hər bir bölgəsi inkişaf edib, ən ucqar kənddə belə gözəl, müasir standartlara uyğun orta məktəblər tikilir. Bu gün Azərbaycanın bölgələrində beynəlxalq tədbirlər keçirilir. Hansı rayona getsən elə Bakıdır. Hər şey var. Bu, Azərbaycana olan məhəbbətdən irəli gəlir.
- Maraqlı müsahibə üçün təşəkkür edirik!
Turanə QADİRQIZI
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 1344 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31