Bələdiyyələr demokratik cəmiyyətin əsas atributlarından biridir
03.12.2009 [09:16]
Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə www.yap.org.az saytına müsahibə verib:
- Mehdi müəllim, məlum olduğu kimi, dekabrın 23-də ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. ümumiyyətlə, Azərbaycanda yerli özünüidarəetmə institutunun formalaşması haqqında nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, 1995-ci il noyabrın 12-də müstəqil dövlətimizin ilk Konstitusiyası referendum yolu ilə qəbul olunmuşdur. Konstitusiyada mülkiyyətin bölünməsi, hakimiyyətin formalarının müəyyənləşdirilməsi, dövlətin əsaslarının qeyd olunması və həmçinin, yerli özünüidarənin təşkili məsələləri öz əksini tapmışdır. Həmin dövrdən başlayaraq, cəmiyyətimizdə yeni bir idarəetmə institutunun yaradılması mövzusu ictimaiyyətə bəlli oldu. O dövrdə ilk olaraq Milli Məclisdə Yerli özünüidarə məsələləri daimi komissiyası yaradıldı. Gələcəkdə bələdiyyələrin təşkil olunması, onun fəaliyyətinin tənzimlənməsi üçün müvafiq hüquqi bazanın yaradılması istiqamətində işlərə başlanıldı. İlk dəfə olaraq Respublikamızda “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrə seçkilərin qaydaları haqqında” qanunlar və digər normativ hüquqi sənədlər işlənib hazırlandı. Bu proses 1999-cu ilə qədər davam etdirildi və 1999-cu ildə respublikamızda ilk dəfə olaraq bələdiyyə seçkiləri keçirildi. ümumiyyətlə, hüquqi demokratik dövlət quruculuğunun zəruri şərtlərindən biri kimi respublikamızda dövlət siyasətinin əsas məqsədi hər bir inzibati ərazi vahidində əhalinin özünün inkişafı, özünün reallaşması və öz bacarığını, potensialını ərsəyə gətirməsi üçün imkan yaradılması ilə səmərəli yerli özünüidarə sisteminin formalaşdırılmasıdır. Bu siyasət beynəlxalq səviyyədə təsbit olunmuş dəyərlərə, universal prinsiplərə və yerli özünüidarə haqqında Avropa Xartiyasının prinsiplərinə uyğun olaraq qəbul edilən bələdiyyə institutunun fəaliyyətini tənzimləyən qanunlarımızla həyata keçirildi.
Onu da qeyd edim ki, yerli özünüidarə sisteminin yaradılması Azərbaycanda həyata keçirilən demokratik, siyasi və digər islahatlara paralel olaraq başlanıldı və bu, demokratik cəmiyyətin, vətəndaş cəmiyyətini formalaşdıran bir mexanizm kimi yerli demokratiyanın cəmiyyətimizdə inkişafına təkan verdi. İnkişaf etmiş ölkələrin idarəetmə sahəsində tarixi təcrübələri göstərir ki, ölkənin dayanıqlı inkişafına nail olmaq üçün cəmiyyətin, iqtisadiyyatın sistemli şəkildə dəyişdirilməsinin mürəkkəb məsələləri yalnız hakimiyyətin bütün səviyyələrində səmərəli idarəetmə sistemi təşkil olunduqda mümkün ola bilir. Bu mənada yuxarıda qeyd etdiyim kimi, dövlətimizin siyasətinin əsas məqsədi olan səmərəli yerli özünüidarəetmə sisteminin formalaşdırılması məhz bu beynəlxalq təcrübələrə uyğun gəlir.
- Sizcə, ötən 10 ildə bələdiyyələr Azərbaycan cəmiyyətində özünü təsdiq edə bilibmi?
- Bələdiyyələrə keçirilən ilk seçkilərdən sonra bu institut faktiki olaraq fəaliyyətə başladı. Bilirsiniz ki, artıq 2 dəfə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. Hazırda biz bələdiyyələrin inkişafında 2-ci mərhələni geridə qoyuruq, 3-cü mərhələyə hazırlaşırıq. ötən dövr ərzində bələdiyyələrin fəaliyyətində kifayət qədər irəliləyişlərə nail olunub. Bələdiyyələr bu dövr ərzində ölkəmizin sosial iqtisadi inkişaf prosesində yaxından iştirak etmişlər, quruculuq, abadlıq, kommunikasiya və infrastrukturun müxtəlif istiqamətlərində işlər görmüşlər. Elə bələdiyyələr də vardır ki, onlar həm bələdiyyə üçün inzibati binalarını tikmiş, həm də sosial, təhsil sahələri üzrə yeni obyektlərin tikintilərini həyata keçirmişlər. Ən əsası isə idarəçilik sahəsində müəyyən təcrübə əldə olunmuş, kifayət qədər hüquqi baza yaradılmış və ən vacib məsələlərdən biri olan yerli özünüidarələrin ərazi və təşkilatı əsasları yaradılmışdır. Həmçinin, dövlət, hakimiyyət orqanları ilə bələdiyyələr arasında qarşılıqlı fəaliyyət və eyni zamanda, bələdiyyələrin vətəndaşlarla qarşılıqlı münasibətləri sahəsində xeyli təcrübə əldə olunmuşdur. Bunlara istinadən bir daha qeyd etmək olar ki, bələdiyyə idarəçiliyi sahəsində kifayət qədər irəliləyişlər baş vermiş, müəyyən uğurlar əldə edilmişdir. Bunun nəticəsində cəmiyyətimizdə bələdiyyələrin müəyyən dərəcədə nüfuzu artmış, əhali tərəfindən bələdiyyə idarəçiliyinə maraq yaranmışdır. Mənim bu fikirlərim bir daha bugünkü növbəti seçki ərəfəsində bələdiyyə üzvlüyünə qeydə alınan namizədlərin sayının çoxluğunda özünü aydın şəkildə göstərir. Növbəti mərhələ üçün bütün bu əsaslara, əldə olunan təcrübəyə söykənərək yeni təşkil olunan bələdiyyələr öz fəaliyyətlərini genişləndirməli maliyyə imkanlarını artırmalı, səlahiyyətlərindən maksimum dərəcədə istifadə etməli, demokratik idarəetmə sistemini təkmilləşdirməli, əhali və dövlət orqanları ilə sıx təmasda olaraq fəaliyyətlərində səmərəliliyə nail olmalıdırlar.
- Mehdi müəllim, bələdiyyələrin təşkilati struktur məsələlərinin həll olunduğunu vurğuladınız. Yeri gəlmişkən, bu proses hansı beynəlxalq təcrübəyə əsasən aparılıb?
- Avropa ölkələrində bələdiyyələrin ərazi təşkilati strukturu bir neçə sistem üzrə qurulub. Məsələn, ABŞ və İtaliyada sırf prezident sistemi tətbiq olunur. Burada bələdiyyə sədri, şura, bələdiyyə üzvləri ayrıca seçilirlər. Bələdiyyə sədri icra aparatının rəhbəri olur və icra hakimiyyətinin tam sisteminə malik olur. Fransada tətbiq olunan qayda isə ənənəvi sistemdir. Bu sistemə görə, sədr üzvlər arasından seçilir. Sədr (mer-red.) isə vəzifəli şəxslərdən ibarət icra aparatına rəhbərlik edir. Almaniyada və Skandinaviya ölkələrində isə parlament sistemi tətbiq olunur. Bu sistemdə bələdiyyə məclisi üzərində icra orqanları məsuliyyət daşıyır. Bu halda bələdiyyə sədri yalnız nümayəndəlik funksiyasını icra edir. Azərbaycanda isə bələdiyyə sədri bələdiyyə üzvləri sırasından seçilir. ölkəmizdə bələdiyyələrin təşkilati strukturu əsasən qərarverici və icraedici orqanlardan ibarət olaraq, Fransa sisteminə uyğun gəlir. Bələdiyyə sədri həm aparata, həm də onun bütün fəaliyyətinə rəhbərlik edir ki, bu da ənənəvi sistemə tam uyğundur. Göründüyü kimi, beynəlxalq təcrübədə 3 sistem mövcuddur və bu sistemlərdən biri ölkəmizdə tətbiq olunur.
- Hazırda bələdiyyələrin səlahiyyətlərinin artırılmasına dair təkliflər səsləndirilir. Sizin bununla bağlı fikirlərlərinizi bilmək istərdik. ümumiyyətlə, bələdiyyələr hansı səlahiyyətlərə malikdirlər?
- Azərbaycan Respublikasının Konstitusiyasında bələdiyyələrin səlahiyyətləri ilə bağlı məsələ öz əksini tapıb. Konstitusiyanın 144-cü maddəsində göstərilir ki, bələdiyyələrin əsasən bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi, bələdiyyənin reqlamentinin təsdiq edilməsi, bələdiyyə sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi, yerli vergilərin və ödənişlərin müəyyən edilməsi, maliyyə institutlarının müəyyən olunması, yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi, yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi səlahiyyətləri var. Həmçinin, yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi, yerli ekoloji proqramların qəbul və icra edilməsi kimi səlahiyyətləri də icra edə bilərlər. Bundan başqa, bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər. Bu səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri maliyyə vəsaiti də ayrılmalıdır. Belə səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq hakimiyyət orqanları nəzarət edirlər. Yuxarıda sadaladıqlarımızdan da göründüyü kimi, bu gün Azərbaycanda bələdiyyələrə kifayət qədər geniş səlahiyyətlər verilir. Həmçinin, səlahiyyətlərin icrasında bələdiyyələrin müstəqilliyinə təminat da verilir. Əsas məsələ bu səlahiyyətlərdən düzgün, qanunauyğun şəkildə və səmərəli istifadə etməkdir. Şübhəsiz ki, hazırda bu səlahiyyətlərdən tam istifadə edən bələdiyyələr də var, ya da əksinə, istifadə etməyən və istifadə edə bilməyən bələdiyyələr də mövcuddur. Bunun da müxtəlif səbəbləri var. Söhbət ondan gedir ki, əgər bir orqan qurulubsa, fəaliyyət göstərirsə, vəzifələrini layiqincə və tam şəkildə həyata keçirə bilirsə, deməli onun əlavə işləri də həyata keçirməyə gücü çatar. Bunu nəzərə alaraq, həmin strukturlara dövlət tərəfindən əlavə səlahiyyətlərin verilməsi həyata keçirilə bilər. Bu, yuxarıda qeyd etdiyim kimi, Konstitusiyada da nəzərdə tutulub. Məsələn, əgər bir bələdiyyə müraciət etsə ki, aid olduğu ərazidə dövlətin və əhalinin mənafeyinə, eləcə də, xeyrinə olan hansısa məsələni reallaşdırmaq mümkündür, lakin bunu etmək bələdiyyənin qanunla nəzərdə tutulmuş səlahiyyətləri sırasında deyil. Ona görə də, həmin bələdiyyə bu məsələnin həlli üçün əlavə səlahiyyət istəyir. Hakimiyyət orqanları da bu təklifi nəzərə alaraq, bu işin də dövlətin, yerli əhalinin xeyrinə və qanuna müvafiq olduğunu düşünərək həmin bələdiyyəyə nəzərdə tutulan işin reallaşdırılması üçün əlavə səlahiyyət verə bilər. Burada kommunikasiya, infrastrukturla bağlı, məişət tullantılarının təmizlənməsi nəqliyyat sisteminin təkmilləşdirilməsi təhsil, səhiyyə ilə bağlı və s. məsələlər ola bilər. Bütün bunlar isə yenə də bələdiyyələrin işinin yüksək səviyyədə təşkil olunmasından asılıdır. Amma o bələdiyyələr ki, heç öz səlahiyyətlərindən istifadə edə bilmir, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirə bilmir, onlara hansı əlavə səlahiyyətlərin verilməsindən söhbət gedə bilər?
Onu da qeyd edim ki, respublikamızda mütəmadi olaraq bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi prosesi həyata keçirilir. Məsələn, fermer təsərrüfatları ilə bağlı müəyyən sənədləşmələrin bələdiyyələr tərəfindən aparılması, yeni qəbul edilmiş “Bədən tərbiyəsi və idman haqqında”, Mənzil Məcəlləsi və “Təhsil haqqında” qanunlarda bələdiyyələrə yeni səlahiyyətlərin verilməsi nəzərdə tutulub. Bu da bir daha onu göstərir ki, Azərbaycanda bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi prosesində problemlər yoxdur. Əsas məsələ yalnız mövcud səlahiyyətlərin icra olunması ilə paralel əlavə səlahiyyətləri icra etmək imkanının bələdiyyələrdə olmasıdır. Mən güman edirəm ki, növbəti mərhələdə bələdiyyələrimiz belə imkanlara malik olacaqlar.
- Bir müddət öncə, Azərbaycan Milli Məclisi bələdiyyələrin birləşdirilməsi ilə bağlı Qanun qəbul etdi. Artıq bir sıra bələdiyyələr birləşdirilib. Sizcə, bu yenilik bələdiyyələrin işinə nə dərəcədə səmərə verəcək?
- ölkəmizdə bələdiyyələr yaradılarkən beynəlxalq hüququn norma və prinsipləri, beynəlxalq təcrübə əsas götürülərək Azərbaycanın bütün bölgələrində vətəndaşlara bələdiyyə yaratmaq üçün, seçki prosesində iştirak etmək üçün şans verildi. Beləliklə, 2753 bələdiyyə təşkil olundu, təxminən 21 min bələdiyyə üzvü və 20 minə yaxın bələdiyyə qulluqçusu yerli özünüidarəinin təşkili və formalaşması prosesi ilə məşğul oldular. Yuxarıda qeyd etdiyim kimi, səlahiyyətlərindən istifadə etməklə işini təşkil edən müsbət təcrübə toplayanlarla yanaşı, bunun əksinə çox təəssüflər olsun ki, bir sıra bələdiyyələr fəaliyyətsiz oldular. Belə hal dünya təcrübəsində bir sıra ölkələrdə də baş vermişdir. Bizdə də bu, belə oldu. Bunun aradan qaldırılması üçün dünya praktikasında da çox ədalətli bir prinsip və metoddan istifadə olunur. özünü doğrulda bilməyən bələdiyyələr vəzifəsinin öhdəsindən layiqincə gələ bilən bələdiyyələrə birləşdirilir. ölkəmizdə də bu zərurəti nəzərə alaraq müvafiq addımlar atıldı. Belə ki, əvvəl 2753 bələdiyyə var idisə, indi bu rəqəm 1718 olacaqdır. Mən bu addımı yaranmış vəziyyətdən çıxış yolu kimi görür və bir daha qeyd edirəm ki, dünya təcrübəsinə istinadən yeni bələdiyyələr yəni birləşmə nəticəsində yaranmış bələdiyyələr müəyyən dərəcədə işlərinin öhdəsindən gələcək, qarşılarında duran vəzifələri icra edəcəklər. Bizim də istədiyimiz bundan ibarətdir ki, bu bələdiyyələr fəaliyyətsizlikləri ilə yox, əvvəlki mərhələdə əldə olunan əsaslar və təcrübə üzərində işlərini qurmaqla, yerli əhalinin mənafeyinə uyğun, səlahiyyətləri çərçivəsində işlərini təşkil etməklə özlərini doğruldacaqlar.
- Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə inzibati nəzarət hansı formada həyata keçirilir?
- Qeyd etdiyim kimi, Azərbaycanda bələdiyyələrin fəaliyyətinin ikinci mərhələsi başa çatmış, yeni mərhələ üçün kifayət qədər hüquqi baza və təşkilati struktur əsaslar yaradılmışdır. İndi artıq ən vacib məsələ mövcud resurslardan və imkanlardan istifadə etməklə bələdiyyələrin fəaliyyətinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Lakin yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə həm dövlət, həm də ictimai nəzarət mexanizmləri inkişaf etdirilmədən bu məqsədlərə nail olmaq, yerli özünüidarəetmə sistemini möhkəmləndirmək və inkişaf etdirmək mümkün deyildir. Məsələ ondadır ki, əgər nəzarət olmasa, bir-birinin nəzarətində olmayan hakimiyyət orqanları bir-birinin maraqlarına zidd hərəkət edə bilərlər. Bu da yerlərdə bir orqanın digər orqanın fəaliyyətinə müdaxilə etməsinə, demokratik idarəçilik prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Tədqiqatların nəticəsi göstərir ki, yerli özünüidarəetmədə o halda səmərəliliyin yüksəlməsinə nail olmaq mümkün olur ki, yerli səviyyədə bu orqanların fəaliyyətinə nəzarət sistemi tətbiq edilir. Bu mənada ölkəmizdə bələdiyyələrin fəaliyyətinə müvafiq qanunauyğun olaraq inzibati nəzarət həyata keçirilir. Bildiyiniz kimi, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Ədliyyə Nazirliyi həyata keçirir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət bələdiyyələrin qəbul etdikləri qərarların qanunvericiliyə uyğunlaşdırılması və bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan müraciətlər əsasında həyata keçirilir. Məqsəd bələdiyyələrin fəaliyyətinin hüquqi tənzimlənməsini təmin etməkdən, bələdiyyələrin qəbul etdikləri qərarların qanunvericiliyə uyğunlaşdırlmasından, yol verilmiş hüquqpozmalarının qarşısının alınması və demokratik nəzarəti həyata keçirməklə bələdiyyələrin fəaliyyətinin effektliliyini artırmaqdan ibarətdir. Yeri gəlmişkən qeyd edim ki, ötən illər ərzində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət nəticəsində ciddi faktlar aşkar edilərək bir çox qanunsuzluqların qarşısı alınmış, o cümlədən, bələdiyyələrin əsas gəlir mənbəyi olan torpaq sahələrinin qanunsuz ayrılması ilə bağlı 12 min hektardan çox torpaq sahəsinin qanunsuz satılması, bələdiyyə büdcəsinə 17 milyon manata yaxın ziyan vurulması faktları aşkar edilmişdir. Xeyli miqdarda əmlakların bələdiyyə balansına qaytarılması təmin edilmişdir. 100-dən çox bələdiyyənin fəaliyyətində qanunsuzluqlar aşkar edilərək hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmişdir. İnzibati nəzarətin gücləndirilməsi dövlətin diqqət mərkəzindədir. Möhtərəm Prezident İlham Əliyevin 22 iyun 2009-cu il tarixli “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” Fərmanında Ədliyyə Nazirliyinə inzibati nəzarətin gücləndirilməsi ilə əlaqədar tapşırıqlar verilmişdir.
- Mehdi müəllim, bələdiyyələrin ümumi problemləri hansılardır, bu problemlərin aradan qaldırılması üçün nə kimi addımlar atılır?
- Respublikamızda yerli özünüidarənin təhlili onu göstərir ki, bir sıra problemlər vardır ki, bu problemlər bələdiyyələrin özlərinə aiddir. Yəni bələdiyyələrin özlərinin yaratdıqlar problemlərdir, digərləri isə bələdiyyələr üçün yaradılan problemlərdir. Bələdiyyələrin özlərinə aid olan problemlərdən ən çox narahat edəni bir sıra bələdiyyələrdə bürokratik “ənənələrin” cəmləşməsi və bu halın bələdiyyə ilə seçici arasında problem yaratmasıdır. Bu hal çox təəssüflər olsun ki, bələdiyyə sədrlərinin səlahiyyətlərindən sui-istifadə etmələrinə və təkbaşına qərarlar vermələrinə gətirib çıxarır. Digər məsələ bələdiyyələrin maliyyə təsərrüfat fəaliyyətlərinin düzgün qurulmaması, maliyyə mənbələrindən, vergi və resurslardan düzgün istifadə edilməməsi, beləliklə, bələdiyyənin büdcəsinə ziyan vurulması, bələdiyyənin mülkiyyətindən və əmlakından istifadədə onun düzgün qiymətləndirilməməsi, bələdiyyə üzvlərinin qanunvericiliyi mükəmməl bilməmələri, kadr potensialının zəif olması, bələdiyyə qulluğunda peşəkarlıq səviyyəsinin aşağı olması, bəzi bələdiyyələrdə vəzifəli şəxslərin təşkilat mədəniyyətinin aşağı olması və s. göstərmək olar. Ən çox bələdiyyənin işinə maneçilik törədən yol verilən hüquqpozmaları, mövcud qanunvericiliyə və onun tələblərinə riayət edilməməsidir. Digər problemlərə isə aşağıdakıları aid etmək olar: hüquqi bazada mövcud olan boşluqlar, bələdiyyələrin qəbul etdikləri qərarların ərazidə hüquqi və fiziki şəxslər tərəfindən icrasına məhəl qoyulmamasıdır. Söz yox ki, məhkəmələrin bu prosesdə bələdiyyələri müdafiə etməsi həyata keçirilir amma, hələ də belə hallar mövcuddur. O cümlədən, bələdiyyələrin qəbul etdikləri qərarlara İcra Hakimiyyəti orqanlarının müvafiq idarələri tərəfindən qanunda müəyyənləşdirilən müddətdə rəy və təkliflərin verilməməsi də müəyyən çatışmazlıqlar ortaya çıxarır.
Mən güman edirəm ki, bu problemlərin həlli istiqamətində işlər sürətləndiriləcək və bu problemlər həllini tapacaqdır. ümumilikdə isə, bələdiyyələrlə bağlı problemlərin həlli məsələlərə kompleks şəkildə yanaşılmanın, onların mərhələlərlə həll edilməsini və ayrı-ayrı mərhələlərdə üstün istiqamətlərin müəyyənləşdirilməsini tələb edir. Mənə elə gəlir ki, gələcəkdə problemlərin həllinə bu aspektdən yanaşmalıyıq.
Xəbər lenti
Hamısına baxSosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Analitik
29 Oktyabr 09:13
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41

