Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qarabağda kəndlərimiz yenidən qurulur...

Qarabağda kəndlərimiz yenidən qurulur...

30.05.2024 [10:20]

Azərbaycan xalqı qurub-yaradan xalqdır. Bizi üç onillik ərzində işğal altında qalan müqəddəs torpaqlarımıza güclü mənəvi tellər bağlayır. Xalqımız və dövlətimiz ermənilərin işğal illərində viran qoyduqları bütün əraziləri dirçəltmək əzmindədir və buna qadirdir. Artıq xarabalıqlar üzərində yeni şəhər və kəndlər salınır. Belə ki, Prezident İlham Əliyev 28 May - Müstəqillik  Günündə Ağdamda bir neçə kəndin təməlini qoyub, Xocalıda yarımçıq tikili olan yaşayış kompleksində görülən işlərlə tanış olub.

Tağıbəyli kəndinə 3840 nəfərin köçürülməsi nəzərdə tutulur

Dövlətimizin başçısının Müstəqillik Günündə Ağdam rayonunda təməlini qoyduğu yaşayış məntəqələrindən biri Tağıbəyli kəndidir. Tağıbəyli kəndində yaşayış təxminən XIX əsrin ortalarına təsadüf edir. Kənddə 725 ailə - 3018 nəfər rəsmi qeydiyyatda olub.

Dövlət başçısının iştirakı ilə təməli qoyulan kəndin layihələndirilən ərazisi 255,31 hektardır. Kəndə 3840 nəfərin köçürülməsi nəzərdə tutulur. Bunun üçün 885 fərdi ev inşa ediləcək. Layihələndirilən ərazi Tağıbəyli və Suma kəndlərinin ərazisindən ibarətdir. Birinci mərhələdə layihələndirilən sahə 78,05 hektardır və buraya 108 ailənin köçürülməsi planlaşdırılır. Bu mərhələdə tikiləcək 108 evin 22-si ikiotaqlı, 54-ü üçotaqlı, 27-si dördotaqlı, 5-i isə beşotaqlı olacaq. Bundan başqa, kənddə 264 şagird yerlik məktəb binası, 80 yerlik uşaq bağçası, tibb məntəqəsi və digər tikililər inşa olunacaq. 

Güllücə kəndinin təməli qoyulub

Prezident İlham Əliyevin təməlini qoyduğu Güllücə kəndində zamanında 988 ailə - 4003 nəfər rəsmi qeydiyyatda olub. Əhalinin əsas məşğuliyyətini əkinçilik, üzümçülük, baramaçılıq və heyvandarlıq təşkil edib. 

Təqdim olunan layihəyə əsasən, ərazisi 388,44 hektar olacaq kənddə 3992 nəfərin məskunlaşdırılması nəzərdə tutulur. Güllücə və İlxıçılar kəndlərinin ərazisindən ibarət olacaq bu kənddə 1042 fərdi ev inşa ediləcək. Birinci mərhələdə layihələndirilən ərazi 225 hektar olacaq. Buraya 113 ailənin köçürülməsi planlaşdırılır. Kənddə birinci mərhələdə inşa ediləcək 113 evin 22-si ikiotaqlı, 57-si üçotaqlı, 28-i dördotaqlı, 6-sı isə beşotaqlı olacaq. Bundan başqa, kənddə 480 şagird yerlik məktəb binası, 120 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, ticarət mərkəzi, bazar, idman-sağlamlıq mərkəzi, inzibati bina, çoxfunksiyalı bina (poçt, bank filialı, ofis), mal-qara ferması, yanğınsöndürmə deposu (2 maşın yerlik), kənd meydanı, Bayraq meydanı, çörək sexi inşa olunacaq. Burada, həmçinin kənd təsərrüfatı texnikasının və maşınlarının təmir müəssisəsi, süd qəbulu və süd məhsulları istehsalı, quru meyvə istehsalı, ət kəsimi və qablaşdırılması sahələri, qarışıq yem istehsalı, barama tədarükü və qurdayırma məntəqələri, mineral gübrələr və kimyəvi maddələr anbarı, muzey, mehmanxana, xalça istehsalı sahəsi, işçi geyimlərinin istehsalı sahəsi, taxta taraların istehsalı sahəsi və digər obyektlər yaradılacaq ki, bunlar da əhalinin məşğulluğunun təmin edilmsində mühüm rol oynayacaq. 

Nəmirli kəndinin layihələndirilən ərazisi 211 hektardır

Ağdam rayonunun bərpası planına əsasən, Nəmirli kəndi də birinci mərhələdə yenidən qurulacaq. Dövlət başçısının təməlqoyma mərasiminə qatıldığı Nəmirli kəndində əvvəllər 624 ailə - 2515 nəfər rəsmi qeydiyyatda olub. 

Kəndin layihələndirilən ərazisi 211 hektardır. Buraya 3036 nəfərin köçürülməsi planlaşdırılır. Bunun üçün 759 fərdi ev inşa ediləcək. Layihələndirilən ərazi Nəmirli və Şuraabad kəndlərinin ərazisindən ibarətdir. Birinci mərhələdə layihələndirilən ərazi 50,22 hektardır və buraya 179 ailənin köçürülməsi nəzərdə tutulur. Bu mərhələdə tikiləcək 179 evin 36-sı ikiotaqlı, 90-ı üçotaqlı, 44-ü dördotaqlı və 9-u isə beşotaqlı olacaq. Bundan başqa, kənddə 528 şagird yerlik məktəb binası, 80 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, kitabxana, qonaq evi, ticarət mərkəzi, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, kənd meydanı, Bayraq meydanı, park, qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu, bazar kompleksi yaradılacaq.

Şotlanlı  kəndində 750 ev tikiləcək

İşğal dövründə dağıdılan Şotlanlı kəndində yaşayış təxminən XIX əsrin ortalarına təsadüf edir. Sakinlər buraya Qubadlı rayonunun Zilanlı kəndindən köç ediblər. Kənddə 606 ailə - 2542 nəfər rəsmi qeydiyyatda olub. 

Dövlətimizin başçısının iştirakı ilə baş tutan təməlqoyma mərasimində bildirilib ki, Şotlanlı və Umudlu kəndlərinin ərazilərini əhatə edəcək bu kəndin layihələndirilən ərazisi 197,4 hektardır. Buraya 3 min nəfərin köçürülməsi nəzərdə tutulur. Bunun üçün 750 ev tikiləcək. Birinci mərhələdə layihələndirilən ərazi 51 hektardan çoxdur və buraya 205 ailənin köçürülməsi planlaşdırılır. Tikiləcək 205 evin 41-i ikiotaqlı, 103-ü üçotaqlı, 51-i dördotaqlı və 10-u isə beşotaqlı olacaq. Burada 540 şagird yerlik məktəb binası, 90 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi və kitabxana, qonaq evi, ticarət mərkəzi, bazar, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, kənd meydanı, Bayraq meydanı, park, yanğınsöndürmə deposu (2 maşın yerlik), qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu yaradılacaq.

Xocalıda yarımçıq tikili olan yaşayış kompleksi əsaslı təmir edilib

İşğaldan azad edilmiş ərazilərə Müstəqillik Günündə baş tutan səfər çərçivəsində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov və Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov görülən işlər barədə məlumat veriblər.

Bildirilib ki, Xocalı şəhərindəki yarımçıq tikili olan yaşayış kompleksi əsaslı təmir edilib. Kompleks 3,34 hektar ərazini əhatə edir. Burada hər biri ikigirişli olmaqla üçmərtəbəli 15 binada ikiotaqlı, üçotaqlı və dördotaqlı 80 mənzil var. Kompleksdə uşaq oyun meydançaları, idman qurğuları, idman meydançası, söhbətgahlar yaradılıb.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 552 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31