Uca Yaradana yaxınlığın sevinci
15.06.2024 [10:00]
Əziz günlərin sevincini yaşayırıq. İyunun 16-da bütün İslam dünyasında olduğu kimi, Azərbaycanda da müqəddəs Qurban bayramı qeyd olunacaq. Əsrlərin sınağından çıxaraq bu günümüzədək gəlib çatan Qurban bayramı müsəlmanların mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzinə çevrilib. Təməlində humanizm, paylaşmaq, məfkurəyə sadiqlik kimi bəşəri ideyaların dayandığı Qurban bayramı insanları bir-birinə daha yaxın edir. Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində bildirib ki, dini bayramlar, o cümlədən Qurban mərasimləri cəmiyyətimizdə milli-mənəvi birliyin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsinə çevrilir. Bu mübarək bayram günlərində ölkəmizin hər yerində geniş xeyriyyəçilik və sosial yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. “Dünya müsəlmanlarının mənəvi həmrəyliyinin təcəssümü olan Qurban bayramında mömin insanlar Allah və din yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirmək fürsəti qazanır, Uca Yaradana yaxınlığın sevincini yaşayırlar”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Milli-mənəvi dəyərlərə bağlılıq siyasəti
Bu gün müstəqil Azərbaycan dünya miqyasında nümunəvi inkişaf modelinə malik olan, öz problemlərini öz gücünə həll edən, milli maraqlarını qətiyyətlə qoruyan güclü və ləyaqətli dövlət kimi tanınır. Respublikamızın inamlı inkişafını təmin edən bir neçə fundamental amil sadalamaq mümkündür ki, bunların sırasında Azərbaycan dövlətinin ideoloji əsaslarının rolunu xüsusi qeyd edə bilərik. Qısa müstəqillik tarixində məqsədyönlü siyasət sayəsində dünya birliyinin suveren aktoru səviyyəsinə yüksələn respublikamızın ideoloji əsasları, daxili və xarici siyasətin prioritetləri məhz milli dəyərlər və milli maraqlar üzərində formalaşıb. Bugünkü güclü Azərbaycan milli köklərə möhkəm bağlı olan bir dövlətdir.
Qədim tarixə malik Azərbaycan xalqının milli-mənəvi dəyərlər sisteminin formalaşmasında və zənginləşməsində İslam dini mühüm rol oynayıb. VII-VIII əsrlərdən etibarən xalqımızın həyat tərzi, mədəniyyəti, məişəti bəşəriyyəti saflığa, birliyə səsləyən İslam dini ilə sıx vəhdətdə olub və təbii ki, bu dinin çağırışları xalqımızın həyata baxışının, yaşam fəlsəfəsinin formalaşmasına öz müsbət təsirini göstərib. Eyni zamanda, ölkə ərazisində mövcud olan Əshabi-Kəhf ziyarətgahı, Bibiheybət məscid-ziyarətgah kompleksi, Gəncə “İmamzadə” kompleksi və digər çoxsaylı abidələr Azərbaycanın İslam dini-mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfəsi kimi qiymətləndirilə bilər. 743-cü ildə inşa edilmiş, Azərbaycan xalqı tərəfindən qorunmuş və bir neçə il bundan əvvəl əsaslı şəkildə bərpa edilmiş Şamaxı Cümə məscidi bizim böyük sərvətimizdir. Bu məscid onu göstərir ki, Azərbaycan qədim İslam diyarıdır. “Bəşər mədəniyyətinə və elmi-fəlsəfi fikir xəzinəsinə misilsiz töhfələr vermiş Azərbaycan xalqının dünyagörüşünün təşəkkülündə və milli-mədəni inkişafında İslam dini mühüm mərhələ təşkil edir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Keçmiş sovet rejimi Azərbaycanın da tərkibində olduğu ittifaqın ərazisində digər dinlər kimi, İslam dininə də sərt qadağalar qoymuşdu. Ancaq xalqımız bu qadağalara baxmayaraq 70 il ərzində etiqadını, İslam dininə sadiqliyini qəlbində qoruyub saxladı. Azərbaycan ötən əsrin doxsanıncı illərinin əvvəllərində müstəqillik qazandıqdan sonra adət-ənənələrimizə, o cümlədən də İslam dininə münasibət tamam dəyişdi. Müstəqil Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və daha da zənginləşdirilməsi siyasətinin, hər cəhətdən nümunəvi olan dövlət-din münasibətlərinin əsası Heydər Əliyev tərəfindən qoyulub. O, xalqın təkidli tələbi ilə 1993-cü ilin yayında ikinci dəfə Azərbaycanın siyasi hakimiyyətinə qayıtdıqdan sonra respublikamızda xalqın milli-mənəvi-dini dəyərlərinin qorunub saxlanılmasına və daha da zənginləşdirilməsinə, respublikamızda tolerantlıq ənənələrinin möhkəmlənməsinə böyük həssaslıqla yanaşılmağa başlanıldı. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə Bakıda və bölgələrdə 500-dən artıq məscid tikilib, yüzlərlə məscid isə yüksək səviyyədə təmir olunaraq inanclı insanların istifadəsinə verilib. Prezident Heydər Əliyevin 21 iyun 2001-ci il tarixində imzaladığı müvafiq Fərmanla Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb.
Son 20 ildə isə Heydər Əliyevin əsasını qoyduğu nümunəvi dövlət-din siyasəti Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilib. O cümlədən ölkə ərazisində dini abidələrin, məscidlərin, ibadətgahların bərpası istiqamətində mühüm işlər görülüb. Əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, indi onların sayı iki mini ötüb, həmçinin ölkə ərazisində 700-dən çox pir və ziyarətgah fəaliyyət göstərir. Hazırda respublikamızda təxminən 300 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib. Şamaxı rayonunun Dəmirçi kəndindəki qədim məscidin bərpası da başa çatdırılıb. Cənubi Qafqazda ən böyük məscid 26 dekabr 2014-cü il tarixində məhz Azərbaycanda istifadəyə verilib. Bu məscid ulu öndər Heydər Əliyevin adını daşıyır.
Ölkə ərazisində tarixi dini abidələrin bərpasında Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu da yaxından iştirak edir. Bu məqamda qeyd edək ki, Azərbaycanın çoxlu sayda tarixi-mədəni-dini abidəsi Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində düşmən əlinə keçmişdi. Həmin abidələr otuz illik işğal dövründə ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb və yaxud təhqirlərə məruz qalıb. Hazırda Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq-bərpa işləri həyata keçirilir. Həmçinin ermənilər tərəfindən dağıdılmış dini abidələrimizə ikinci həyat verilir. Onlar tarixi fotolara istinad edilməklə bərpa olunur. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu şərəfli missiyanı Heydər Əliyev Fondu öz üzərinə götürüb. Artıq bir sıra abidələrin bərpası tamamlanıb, digərlərində isə işlər intensiv şəkildə davam etdirilir.
Ölkəmizdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeçiliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması bu sahəyə dövlət dəstəyinin növbəti təzahürüdür. Fond dövlət başçısının 10 oktyabr 2017-ci il tarixində imzaladığı müvafiq Fərmana əsasən yaradılıb. Mütəxəssislər Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasını ölkədə mövcud dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunması və inkişafı, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirirlər. Fond mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dəstək göstərir.
Əlamətdar haldır ki, Azərbaycan, eyni zamanda, beynəlxalq miqyasda İslam həmrəyliyinin möhkəmlənməsinə, İslam dəyərlərinin və mədəniyyətinin təbliğinə öz töhfəsini verir. Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ildə Parisdəki məşhur Luvr muzeyində İslam mədəniyyəti bölməsinin açılması buna yaxşı nümunədir. Bundan başqa, fondun reallaşdırdığı müxtəlif layihələr çərçivəsində milli mədəniyyətimiz geniş şəkildə təbliğ edilib.
Azərbaycanın nümunəvi multikultural mühiti
Bu gün müstəqil Azərbaycan həm də nümunəvi multikultural mühitə malik bir ölkə kimi fərqlənir. Respublikamız davamlı olaraq Qərbdən gələn İslamofobiya təzyiqlərinə baxmayaraq, multikulturalizmi cəsarətlə təşviq edir. Hazırda dünyada İlham Əliyev kimi, tolerantlıq ideyalarının qorunub saxlanılmasına və daha da zənginləşdirlməsinə səmimi şəkildə çağırışlar edən liderlərin sayı elə də çox deyil. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başladılmış, mədəniyyətlərarası dialoq sahəsində yeganə qlobal platforma olan “Bakı Prosesi” mənəvi-mədəni dəyərlərin və multikulturalizmin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Artıq qlobal hərəkata çevrilmiş “Bakı Prosesi” çərçivəsində respublikamızda müntəzəm olaraq müxtəlif tədbirlər həyata keçirilir. Məsələn, Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Bakı Beynəlxalq Humanitar Forumuna, eləcə də Dünya Dini Liderlərinin Sammitinə, Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumuna məmnuniyyətlə ev sahibliyi edir. Diqqətçəkən ən önəmli məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan “Bakı Prosesi” çərçivəsində Avropa İttifaqı (Aİ) məkanında və İslam coğrafiyasında yerləşən ölkələrin rəsmi şəxslərini və cəmiyyətlərinin təmsilçilərini bir araya toplamağa nail olur. Bir qədər bundan əvvəl Bakı sayca altıncı Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdi.
Ölkəmiz mədəniyyətlərarası dialoq platformalarına ev sahibliyini öz üzərinə götürməklə və multikulturalizmi geniş şəkildə təşviq etməklə bir tərəfdən özünün tarixi ənənələrini, digər tərəfdən isə müasir reallıqlarını ortaya qoyur. Azərbaycan tarixən çoxmədəniyyətli mühiti ilə fərqlənib. Eyni zamanda, tarixi ənənələr qorunaraq yaşadılır və daha da zənginləşdirilir. Hazırda ölkə əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Respublikamızda bütün dinlərə aid icmalar sərbəst şəkildə fəaliyyət göstərirlər. Fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanda heç vaxt etnik-dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməmiş, tarixən qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olmuşdur. Azərbaycan dövləti və cəmiyyəti tarixdən gələn multikulturalizm ənənələrinin davam etdirilməsinə böyük həssaslıqla yanaşır. Biz inanırıq ki, etnik-mədəni müxtəliflik ayırıcı xətt deyil, əksinə, xalqlar arasında ahəngdar inkişafa xidmət edən unikal sərvətdir. Prezident İlham Əliyev təbrikində ölkəmizdəki nümunəvi tolerantlıq mühitinin formalaşmasında İslam dəyərlərinin roluna diqqət çəkərək bildirib: “Ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları ölkəmizdə qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında mütərəqqi islami dəyərlərin rolu danılmazdır”.
Azərbaycanın geniş əhatə dairəsinə malik olan multikulturalizm siyasətinin həyata keçirilməsində Cənubi Qafqaz coğrafiyasının ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu da fəal iştirak edir. Qurum respublikamızda və bütün dünyada müxtəlif mədəniyyətlərə aid olan irsin qorunmasına son dərəcə həssas yanaşma sərgiləyir. Fondun bu istiqamətdə reallaşdırdığı layihələr sərhəd tanımır. İndiyədək Mehriban xanım Əliyevanın təşəbbüsləri əsasında Azərbaycanın müxtəlif bölgələrində həm İslam dininə, həm də digər dinlərə aid tarixi abidələr bərpa olunaraq inanclı insanların istifadəsinə verilib. Hazırda isə Fond tərəfindən belə layihələr işğaldan azad olunmuş ərazilərdə reallaşdırılır. Heydər Əliyev Fondu həmçinin dünyanın ayrı-ayrı ölkələrində, o cümlədən də Vatikanda, Bolqarıstanda və digər ünvanlarda bir sıra tarixi-dini abidələrin bərpasını öz üzərinə götürərək onlara ikinci həyat bəxş edib.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

