Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İslam dünyasının nəbzi Şuşada döyünür

İslam dünyasının nəbzi Şuşada döyünür

19.07.2024 [10:10]

Azərbaycan xalqının qəlbində xüsusi yeri olan, uca dağlar qoynunda qərar tutaraq ətrafa hakim kəsilən əziz Şuşamız yenidən qonaq-qaralıdır.  Burada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfrans keçirilir. Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı “Tədbirlər Planı” çərçivəsində təşkil olunan tədbirə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, VI çağırış Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Mərakeş Krallığının həmrəylik, sosial inteqrasiya və ailə naziri xanım Aavatif Hayar, ictimaiyyət nümayəndələri, media təmsilçiləri və müxtəlif dövlət qurumlarının əməkdaşları qatılıblar. 

Bütün İslam dünyasının rəmzlərindən biri

Şuşanın təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. 1992-ci il 8 may tarixində işğal altına düşənədək Şuşa özünün bəxtəvər günlərini yaşayırdı - şəhərdə hər cəhətdən qaynar mühit var idi, burada Azərbaycan və keçmiş ittifaq miqyasında müxtəlif tədbirlər, poeziya günləri, festivallar keçirilirdi.

Qarabağ müharibəsi, işğal bütün bunlara son qoydu. İşğalın davam etdiyi üç onillik ərzində mənfur düşmən Şuşamızın sinəsinə yaralar vurub, burada ağlasığmaz vandalizm əməlləri törədib, şəhəri erməniləşdirməyə çalışıb. Lakin bütün bunlar heç bir nəticə verməyib. “İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə növbəti dəfə Şuşaya səfəri çərçivəsində keçirilən Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimində etdiyi çıxışında deyib. Şuşanın tariximizdə, milli mədəniyyətimizdə əvəzolunmaz yerini dəyərləndirən dövlətimizin başçısı vurğulayıb: “Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır”.

Azərbaycan xalqı onilliklər ərzində doğmalarının yolunu gözləyən Şuşaya qəhrəman xalq kimi qayıtdı. 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimiz 300-dən çox şəhər və kəndi bilavasitə döyüş meydanında işğaldan azad etdi. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi isə ayrıca bir qəhrəmanlıq dastanıdır. Şuşa əməliyyatı zamanı düşmən Ordumuzu başqa istiqamətdən - şəhərə əsas giriş tərəfdən gözləyirdi. Lakin doğma şəhərimizin geri qaytarılması üçün xüsusi əməliyyat hazırlanmışdı. Əsgər və zabitlərimiz erməni hərbi birləşmələrinin istehkamlar qurduğu tərəfdən deyil, qayalara, yamaclara dırmaşaraq şəhərə daxil oldular və düşməni tam məğlubiyyətə uğratdılar. Ertəsi gün Azərbaycanın Silahlı Qüvvələri daha 70-dən çox yaşayış məntəqəsini, bir sıra strateji əhəmiyyətli yüksəklikləri işğaldan azad etdi. Artıq aydın görünürdü ki, işğalçı Ermənistanın hərbi resursları tamam tükənib və müharibəni davam etdirmək iqtidarında deyil. Beləliklə, döyüş meydanında sarsıdıcı məğlubiyyətlə üzləşən düşmən noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı və Azərbaycan ərazi bütövlüyünü hərbi- siyasi yolla təmin etdi.

Şuşa Azərbaycan xalqı üçün son dərəcə əziz bir məkan olduğu kimi, bütün İslam dünyası üçün də həm mədəniyyət şəhəri, həm də qəhrəmanlıq məskəni kimi böyük rəmzi məna daşıyan bir şəhərdir. Burada tarix boyunca İslam mədəniyyətinə aid çoxsaylı abidələr yaradılıb. Bu mənada Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi təsadüfi deyil. Bu əlamətdar hadisə isə 2023-cü il 25 sentyabr tarixində Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında baş verib. Həmin konfransda ICESCO-nun İslam dünyasının mədəniyyət paytaxtı proqramına Azərbaycanın  mədəniyyət naziri Adil Kərimli Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtına namizədliyini təqdim edib. Konfrans iştirakçılarının yekdil rəyi ilə Şuşa 2024-cü il üçün İslam dünyasının paytaxtı elan olunub.

Qeyd edək ki, Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” adına namizədliyinin irəli sürülməsi məqsədilə ICESCO-nun müvafiq missiyası burada olub. Şəhərdə aparılan quruculuq işləri missiya tərəfindən yüksək qiymətləndirilib. Bundan əlavə, Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Şuşanın namizədliyinin irəli sürülməsi prosesinə yaxından dəstək göstərməsi səsvermənin ölkəmizin xeyrinə nəticələnməsində xüsusi rol oynayıb.

Zəngin Şuşa ili

Azərbaycan dövləti və cəmiyyəti İslam dünyasının bəhs olunan qərarını böyük məsuliyyət kimi qəbul edib.  Prezident İlham Əliyev 21 noyabr 2023-cü il tarixində “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” cərəncam imzalayıb. Sənəddə Nazirlər Kabinetinə Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb. 

İl ərzində İslam dünyasının Mədəniyyət Forumunun təşkil edilməsi  və bu çərçivədə Şuşada İslam Əməkdaşlığı Təşkilatının mədəni irsin mühafizəsinə həsr olunmuş beynəlxalq konfransının, “İslam dünyasının itirilməkdə olan qeyri-maddi mədəni irs nümunələri” mövzusunda dəyirmi masa və sərginin, digər təqdimatların keçirilməsi gözlənilir.

İslam ölkələrində “Şuşa günləri”nin keçirilməsi və tədbirdə folklor incəsənət qruplarının, Qarabağ xalçalarının, foto və rəsm əsərlərinin nümayişi, kitab təqdimatlarının keçirilməsi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) qərargahında (Mərakeşin Rabat şəhəri - red.) Şuşaya həsr edilmiş birgə elmi və mədəni tədbirlərin təşkili də nəzərdə tutulub.

İslam ölkələrinin mədəniyyət paytaxtlarının “Şuşa şəbəkəsi”nin yaradılması və ilk görüşünün keçirilməsi, İslam dünyasında turizmin inkişafı mövzusunda beynəlxalq konfransın və “İslam ölkələrinin ortaq süfrəsi” kulinariya festivalının təşkili, ICESCO-nun “A-Hub Akselerasiya Proqramı”nın (2023-cü il üzrə) böyük finalının Azərbaycanda keçirilməsi də gözlənilən tədbirlər sırasındadır.

Azərbaycana və onun Liderinə göstərilən böyük hörmət

Birinci dəfə deyil ki, Azərbaycan şəhəri İslam dünyasının mədəniyyət paytaxtı adını qazanır. 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhəri İslam dünyasının mədəniyyət paytaxtı elan edilib. Cari ildə isə əziz Şuşamız bu şərəfli adı daşıyır. Müxtəlif illərdə Azərbaycan şəhərlərinin İslam dünyasının mədəniyyət paytaxtları seçilməsi isə heç də təsadüfi deyil.  Prezident İlham Əliyevin bildirdiyi kimi, biz bunu İslam dünyasının Azərbaycana növbəti dəstəyinin, hörmətinin əlaməti kimi qəbul edirik.

Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində İslam dini xüsusi yer tutur. İslam dini Azərbaycan xalqının həyatına VII əsrdən başlayaraq daxil olub və həmin dövrdən etibarən milli-mənəvi dəyərlərimizin formalaşmasında və zənginləşməsində mühüm rol oynayıb. Ölkə ərazisində mövcud olan Əshabi-Kəhf ziyarətgahı, Qafqazın ən qədim məscidi - 743-cü ildə əsası qoyulmuş Şamaxı Cümə məscidi, Bibiheybət məscid-ziyarətgah kompleksi, Gəncə “İmamzadə” kompleksi və digər çoxsaylı abidələr Azərbaycanın İslam dini-mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfəsi kimi qiymətləndirilə bilər.

Eyni zamanda,  müstəqil Azərbaycan böyük İslam coğrafiyasında yerləşən ölkələrlə və bu ölkələrin birləşdiyi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Ölkəmizin sədrliyini uğurla yekunlaşdırdığı Qoşulmama Hərəkatının tərkibində çoxlu sayda İslam dövləti var. Respublikamız sədrliyi dönəmində qurumun funksionallığının artmasına sanballı töhfələr verdi. Azərbaycanın davamlı səyləri sayəsində beynəlxalq səviyyədə hərəkatın nüfuzu əhəmiyyətli dərəcədə yüksəldi. Ölkəmiz həmçinin dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində fəal iş aparır. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması Azərbaycanın müsəlman aləmində həmrəyliyin möhkəmlənməsinə göstərdiyi siyasi iradənin ifadəsidir. Ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarına böyük uğurla ev sahibliyi edib. Cənubi Qafqaz coğrafiyasının ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu da dünyada İslam mədəniyyətinin qorunması və təbliği istiqamətində fəal iş aparır. Fondun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2012-ci ildə Parisdəki məşhur Luvr muzeyində İslam mədəniyyəti bölməsinin açılması buna yaxşı nümunədir. Onu da vurğulamaq yerinə düşər ki, Heydər Əliyev Fondu işğal dövründə ermənilərin Qarabağda, o cümlədən də Şuşada dağıtdıqları, təhqirlərə məruz qoyduqları tarixi-dini abidələrin bərpasını öz üzərinə götürüb. Həmin abidələrin böyük əksəriyyəti İslam dininə aiddir. 

Öz növbəsində İslam dünyası da Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi ardıcıl siyasəti yüksək dəyərləndirir. Bu gün geniş İslam coğrafiyasında Azərbaycana və onun Liderinə böyük hörmət bəslənilir. Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi bunun növbəti əyani təsdiqidir.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 560 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30