Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropaya sülh gəlir?

Avropaya sülh gəlir?

30.07.2024 [10:10]

Ukrayna Çinin təkliflərini dəstəklədi 

Rusiya-Ukrayna müharibəsi ətrafında illərdir formalaşan siyasi duman get-gedə çəkilməkdədir. Situasiya yeniləndikcə siyasi ambisiyalar özünün köhnə görüntüsünü itirir. Başqa sözlə, dünənə qədər kollektiv Qərbin “gücünə” arxayın olan, maddi-hərbi dəstəyin sonsuzluğa qədər davam edəcəyi kimi fikrə düşən Ukrayna prosesi artıq soyyuqqanlı təhlil etməyə başlayıb. Ümumi gedişatın onun əleyhinə yönəldiyini və kilid nöqtədə meydanda tək qalma ehtimalını göz önünə alan Kiyevin sülh anonsu səsləndirməsi bunun əsas səbəblərindəndir. Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın NHK telekanalına müsahibəsində söyləyib ki, noyabrın sonuna qədər rəsmi Kiyev sülhə nail olmaq üçün fəaliyyət planı hazırlayacaq. Onun sözlərinə görə, Kiyev ərazi bütövlüyü məsələlərində müvafiq ölkələrlə ətraflı müzakirələrə başlayacaq. “Rusiyanın Ukrayna ərazilərini işğal altında saxladığı bir vaxtda atəşkəs çağırışlarına cavab verə bilməyəcəyik”, - deyə Zelenski vurğulayıb.

Göründüyü kimi, artıq “sülh, yoxsa müharibə” tezisi üzrə aqressiyasını bir kənara qoyan Ukrayna prosesləri dəqiq qiymətləndirməyə başlayıb. Dəstəkçi qismdə çıxış edən iki gücün - Avropa İttifaqı və ABŞ-ın hazırki daxili vəziyyəti Ukraynaya xoş gələcək vəd etmir. O baxımdan ki...

Ukrayna “vəziyyəti” dəyərləndirir... 

İlkin olaraq Aİ-nin məsələ ilə bağlı gələcək proqnozlar üzərindən hərəkət trayektoriyasını müəyyənləşdirməyə çalışsaq, göz önündə təxminən belə bir mənzərə canlanır:

- Trampın hakimiyyətə mümkün gəlişi ehtimalı üzərindən ABŞ-ın Ukrayna müharibəsinə münasibətinin dəyişməsi;

- Eynilə NATO-nun formatının dəyişmə ehtimalının önə çıxması;

- BRİKS-in açıq fərq ortaya qoyması;

- Aparıcı güclərin, hazırki situasiyada əsas iqtisadi rıçaq rolunda çıxış edən dövlətlərin birmənalı sülh çağırışlarının səslənməsi

-Nəhayət, güc balansının açıq şəkildə Ukraynanın əleyhinə çevrilməsi.

Bu şərtlər özlüyündə Kiyev üçün fərqli bir çıxış yolu qoymur. Hətta Aİ daxilində Ukraynaya yardım məsələsi ilə bağlı ortaya çıxan müəmmalar, qeyri-monolit durum özü narahatdlıqların əsas səbəblərindəndir - istisna edilmir ki, yaxın gələcəkdə Aİ-nin bir sıra ölkələrində qalib gəlmiş sağ mərkəzçi - milliyyətçi qüvvələr Ukrayna məsələsinə baxışda fərqli mövqe nümayiş etdirsin. Və ya ölkəsinin milli maraqlarını düşünən ölkələrin sayının artması ehtimalı ortaya çıxır ki, bu da gələcəkdə Macarıstanın mövqeyinin daha qətiyyətli şəkildə dəstəklənməsinə yol aça bilər. Beləliklə, Qərbin məsələyə baxışında yenilənmənin olması birmənalıdır. Ukrayna isə səslənən bəzi ən neqativ ssenarilərdən qaçmaq üçün çıxış yolunu sülh platforması yaratmaqda görür. 

İlk xeyir-duanı Tramp verdi...

Zelenskinin “Kiyev ərazi bütövlüyü məsələlərində müvafiq ölkələrlə ətraflı müzakirələrə başlayacaq” fikri əslində son ümiddir - o mənadakı, sülhlə bağlı bütün çağırışlarda hazırki situasiya qeyd-şərtsiz danışıqlar müstəvisi kimi irəli sürülür. Yəni istər Rusiya, istərsə də sülh çağırışı edən tərəflər Ukraynanın bu “şərtini” nəinki qəbul etmirlər, heç müzakirə predmetinə çevirmirlər. Məhz bu səbəbdəndir ki, Zelenski məsələnin geniş auditoriyada müzakirəsinə nail olmaq istəyir. Amma bu da “daldan atılan daşa” bənzəyir. Aylar öncə Ukraynada sülh platforması yaratmaq üzrə müzakirələr təşkil edən Qərbin heç nəyə nail olmadığı artıq bütün kriteriyalar üzrə üzə çıxır. Demək ki, Ukrayna özü də Qərbdən heç nə hasil edilməyəcəyini anlayıb - xarici işlər naziri Kulebanın Pekin səfərinin əsl mahiyyətində gizlənən şifrə də məhz budur. 

O ki qaldı, ABŞ-a, Vaşinqton artıq öz mövqeyini açıq şəkildə bəyan edib. Prezidentliyə namizəd Donald Trampın və vitse-prezident kimi görmək istədiyi Ceyms Vensin Ukrayna məsələsinə hazırki iqtidardan fərqli yanaşma sərgiləyəcəyi sirr deyil. Ən azından, ayrılacaq “maddi yardımların” səviyyəsi və miqdarı əvəlki kimi olmayacaq. Beləliklə də, Ukrayna indidən özünün “hesabını” tutmalıdır ki, sonra və sonda peşman olmasın. Bu mənada, Zelenskinin sülh üçün təyin etdiyi vaxtın ABŞ-dakı prezident seçkiləri ilə üst-üstə düşməsi təsadüfi deyil...

Nəhayət əsas nüansı unutmaq olmaz: ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb - Ukrayna mediasının məlumatına görə, Trampın Zelenskiyə Rusiya-Ukrayna müharibəsi ilə bağlı söz verib: “Donald Tramp yenidən prezident seçiləcəyi təqdirdə Ukraynadakı münaqişəyə son qoyacağına söz verib. Zelenski isə onunla görüşmək istədiyini bildirib”.

Beləliklə, sülhün “ilk xeyir-duası” Ukraynanın ən yaxın müttəfiqi tərəfindən verilib.

Sülh üçün Çinə üz tutulur...

Bəli, həqiqət budur ki, Ukrayna-Rusiya qarşıdurmasında güc balansı nəticəni həll edən əsas meyar kimi ortaya çıxır. Sülhün reallaşmasının əsas dayaq nöqtəsi isə Çin amilidir. Pekin bir müddət öncə xüsusi sülh təklifi paketi ilə çıxış etmişdi - orada, həm Ukraynanın, həm də Rusiyanın iştirakçısı olacağı beynəlxalq sülh konfransının keçirilməsi təklifi belə irəli sürülmüşdü - Zelenskinin hazırki sülh platforması təklifi Çinin ortaya qoyduğu iradənin təkrarıdır. Bu müzakirə özündən əvvəlkindən fərqlənəcək və birtərəfli olmayacaq - tam əksinə, hər iki tərəfin öz arqumentlərini dialoq vasitəsilə ortaya qoymaq imkanı yaranacaq.  İsveçrədə baş tutan və uğursuzluğa düçar olan “sülh konfransı” bu təklifin birtərəfli və zəif “yamsılanması” idi. 

Çinin səsləndirdiyi “sülh yolu” bütün tərəflər üçün bərabər imkanlar yaradır - Rusiyanın məsələdəki mövqeyi də bu təklifi dəstəkləyir. Məsələn, Kremlin bu təklifə münasibəti olduqca istidir - O, Çinin Ukrayna ilə bağlı təklif etdiyi planın üstünlüklərini təhlil edir və dəyərləndirir. Təsadüfi deyildi ki, Çinin bu təklifi Moskva tərəfindən rəğbətlə qarşılanmışdı və XİN başçısı səviyyəsində bunun mümkünlüyü ortaya qoyulmuşdu. 

Ukraynanın xarici işlər naziri Kulebanın Pekinə edilən səfəri sülhün uzaqda olmadığını deməyə əsas verir. Xatırladaq ki, iyulun 23-də reallaşan səfər çərçivəsində Dmitri Kuleba Çin Xalq Respublikasının xarici əlaqələr departamentinin rəhbəri Vanq Yi ilə Rusiya ilə müharibədə “ədalətli sülhə” nail olmaq yollarına dair danışıqlar aparıb, habelə Ukrayna-Çin münasibətlərini müzakirə edib. Kulebanın səfəri Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı başlatdığı və Çinin açıq şəkildə pisləmədiyi genişmiqyaslı müharibədən sonra yüksək səviyyəli Ukrayna rəsmisinin Pekinə ilk səfəridir. 

Görüşdən sonra Rusiyanın dövlət xəbər agentliyi RİA “Novosti” Çin Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən xəbər verib ki, Kuleba Vanq Yi ilə söhbətində Ukraynanın “Rusiya tərəfi ilə danışıqlara hazır olduğunu” bəyan edib.

Göründüyü kimi, Çin öz davranışı ilə Avropa qitəsini də böyük bir qeyri-müəyyənlikdən xilas edir. Yeni dövr üçün özünün iqtisadi əsaslandırmasını təşkil və təmin etməkdə çətinliklər yaşayan Qərb üçün müharibənin bitməsi “nəfəslik” ola bilər. Çünki cəmisi iki il çəkən müharibənin iqtisadi zərbələrinə diqqət yetirdikdə itirən tərəfin yalnız Ukrayna və Rusiya olmadığı anlaşılır - tezliklə Çinin təklifi rellaşmasa bütövlükdə qitə bu müharibədən ən zəifləmiş halda çıxacaq. 

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 641 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30